Məhkəmə qərarları › İş №e-2(090)-35/2022

Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(090)-35/2022

10.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şahbuz şəhəri İş № e-2(090)-35/2022 10.02.2022 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Şahbuz Rayon Məhkəməsinin hakimi Səfərov Daşqın Yaqub oğlu, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti “10” yanvar 2022-ci il tarixdə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək 19 mart 2021-ci il tarixli, ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 04 oktyabr 2021-ci il tarixə 607,2 (altı yüz yeddi manat, iyirmi qəpik) manat əsas borc, 91 (doxsan bir) manat cərimə borcu olmaqla, ümumilikdə 698,2 (altı yüz doxsan səkkiz manat, iyirmi qəpik) manat məbləğində borcunun, həmçinin 30 (otuz) manat məbləğində dövlət rüsumunun Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tələbini əsaslandıraraq bildirmişdir ki, onunla cavabdeh arasında bağlanmış 19.03.2021-ci il tarixli, ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu aldığı “Samsung A025” markalı mobil telefon və s. aksessuarlara görə 12 ay ödəniş cədvəli üzrə hər ay 51 manat olmaqla, cəmi 607.2 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilələrin şərtlərini pozaraq, ümumiyyətlə heç bir ödəniş etməmiş və qalıq qalmış 607.2 manat borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh borcu ödəməkdən boyun qaçırır. Nisyə alqı-satqı müqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1 (bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Cavabdehin gecikdirdiyi günlərin faktiki cərimə borcu 910 manat təşkil edir. Cavabdehin müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı 910 manat təşkil etdiyi halda, humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90%-i tərəfimizdən güzəşt edilmişdir və cavabdeh tərəfindən cərimə məbləğinin 10%-i, yəni 91 manat "xxxx" MMC-yə ödənilməlidir. Beləliklə, Cavabdeh 04.10.2021-ci il tarixə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə olan əsas borcu 607.2 manat, cərimə borcu 91 manat olmaqla, cəmi 698.2 manat təşkil etmişdir. Məhkəmə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək belə hesab edir ki, tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılmasına kifayət edir və həmin ərizəyə kiçik iddialara dair icraat qaydasında baxılaraq qətnamə qəbul edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən aydın olur ki, həqiqətən də Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən İMEİ kodu **********49232/**********49231 olan “Samsung A025 Black” markalı telefon, XM X2 GC514/40(İRK35490) markalı şaquli buxarlandırıcı və X4 X5 REDMİWT02 BHR4704RU Black(30104/A1NC47070) markalı ağıllı saat almış, müqavilənin şərtlərinə görə həmin müqavilə üzrə istifadə etdiyi əşyanın pulunu müqavilə ilə müəyyən edilmiş şərtlərlə, ödəniş cədvəlinə uyğun olaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilə üzrə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti üzərinə götürdüyü öhdəlikləri tam icra etmiş, lakin Cavabdeh müqavilənin şərtlərini pozaraq, ödəniləcək əsas məbləği və ona hesablanmış qalıq məbləğin hər növbəti təqvim gününə faizlərin ödənilməsini gecikdirmiş və iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə olan borcunu ödəməmişdir. Borcalana bu barədə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliklərini icra etməmiş, borcunu ödəməmişdir. İş materiallarına əlavə edilmiş 19 mart 2021-ci il tarixli, ********* nömrəli müddətli alqı satqı müqaviləsindən görünür ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh arasında İMEİ kodu **********49232 / **********49231 olan “Samsung A025 Black” markalı telefon, XM X2 GC514/40(İRK35490) markalı şaquli buxarlandırıcı və X4 X5 REDMİWT02 BHR4704RU Black(30104/A1NC47070) markalı ağıllı saat olan əşyaların nisyə alqı-satqısına dair müqavilə imzalanmışdır. Müqavilənin 1-ci bəndinə görə satıcının 1 saylı Əlavədə göstərilmiş məhsulu, əmlakı (məhsulları, əmlakları) alıcıya müəyyən müddətə nisyə satılaraq verməsi, alıcının isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmlakın qəbul etməsi, habelə borcunu satıcıya ödənilməsinə dair pul öhdəliyi müqavilənin predmetidir. Müqavilənin 3.1, 3.1.2, 3.2 və 3.2.5-ci bəndlərinə əsasən satıcı alıcıya nisyə satılan malı yoxlayıb təhvil verməyi, alıcı isə nisyə alınan malı yoxlayıb qəbul etməyi öz öhdəsinə götürür; Müqavilənin 3.3.1-ci maddəsinə görə satıcının alıcı bu müqavilənin şərtlərinin pozulmasına yol verdiyi halda müqavilənin vaxtından əvvəl ləğv edilməsinin və alıcının müqavilə üzrə satıcıya olan borcunun vaxtından əvvəl ödənilməsini tələb etmək hüququ vardır. Qeyd edilən müqavilənin 4.3 və 4.4-cü bəndləri ilə müəyyən edilir ki, həmin müqavilənin icrası ilə əlaqədar tərəflər arasında yaranmış mübahisələr qarşılıqlı razılıqla həll edilir. Qarşılıqlı razılıqla həll edilməyən mübahisələr Azərbaycan Respublikasının aidiyyəti məhkəmələri tərəfindən həll olunur. Alıcı borc məbləğinin geri qaytarılması ilə əlaqədar yarana biləcək bütün məhkəmə və digər xərcləri ödəməlidir. Müqavilənin 5.2-ci bəndinə görə isə müqavilə tərəflərin imzalandığı gündən qüvvəyə minir və tərəflərin müqavilə üzrə öhdəliklərini tam yerinə yetirənədək qüvvədə qalır. İddia ərizəsinə əlavə edilmiş 19 mart 2021-ci il tarixli, ********* nömrəli müqaviləyə 1 nömrəli Əlavədən aydın olur ki, iddiaçı müqavilədən irəli gələn əsas öhdəliyini icra edərək müqavilələrdə qeyd edilən əşyaları cavabdehə vermişdir. İş materiallarına əlavə edilmiş iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdeh göndərilmiş xəbərdarlıq məktubundan cavabdehin müqavilədən irəli gələn öhdəliyi icra etməməsi müəyyən olunur. Qeyd edilənlərdən cavabdehin müqavilədən irəli gələn öhdəliyini icra etməməsi öz təsdiqini tapır. Həmçinin müqaviləyə əlavə edilmiş ödəniş cədvəlindən müəyyən edilir ki, Cavabdeh 19 aprel 2021-ci ildən başlamaqla iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 19 fevral 2022-ci il tarixədək hər ay 51 (əlli bir) manat və sonuncu ay isə, yəni 2022-ci ilin mart ayının 19-dək 46,2 (qırx altı manat, iyirmi qəpik) manat ödəməyi öhdəsinə götürüb. İş materiallarına əlavə olunmuş 04 oktyabr 2021-ci il tarixli maliyyə arayışından məlum olur ki, Cavabdeh həmin tarixə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 607,2 (altı yüz yeddi manat, iyirmi qəpik) manat əsas və 910 (doqquz yüz on) manat cərimə borcu mövcuddur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS Şöbəsinin 01 noyabr 2021-ci il tarixli arayışından məlum olur ki, Cavabdeh Şahbuz rayonu, Külüs kəndində qeydiyyatdadır. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara qiymət verərək belə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iddiaçı təşkilatın ərizəsini və ona əlavə edilmiş sənədləri maddi və prosessual qanunvericiliyin tələbləri daxilində tədqiq edən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. İddiaçının tələbinə məhkəmə tələfindən kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxıldığından məhkəmə tərəflərə izah edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə görə işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmənin gəldiyi nəticə ondan ibarətdir ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmişdir və Cavabdeh iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən aldığı əşyalar üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş cərimə borcunu iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə öhdəliklərini icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də iddiaçının tələbi əsaslıdır. Cavabdeh müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsinə dair, habelə ona qarşı irəli sürülən iddianı təkzib edən sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd edilmiş hüquq normaları baxımından da qanuni hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.5-ci maddəsinə görə, alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. İş materiallarından da göründüyü kimi Cavabdeh müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 607,2 (altı yüz yeddi manat, iyirmi qəpik) manat məbləğində İMEİ kodu **********49232 / **********49231 olan “Samsung A025 Black” markalı telefon, XM X2 GC514/40(İRK35490) markalı şaquli buxarlandırıcı və X4 X5 REDMİWT02 BHR4704RU Black(30104/A1NC47070) markalı ağıllı saat olan telefon almış və imzaladığı müqaviləyə əsasən həmin məbləği və hesablanmış faiz məbləğini iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qaytarmağı öhdəsinə götürmüşdür. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Məhkəmə iddia tələbinin 19 mart 2021-ci il tarixli, ********* nömrəli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, İMEİ kodu **********49232 / **********49231 olan “Samsung A025 Black” markalı telefon, XM X2 GC514/40(İRK35490) markalı şaquli buxarlandırıcı və X4 X5 REDMİWT02 BHR4704RU Black(30104/A1NC47070) markalı ağıllı saat üçün 91 (doxsan bir) manat məbləğində cərimə (dəbbə) pulun tutulması hissəsi üzrə qeyd edir ki, həmin tələb qismən təmin edilməli və cərimə məbləği azaldılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair» 09 iyul 2009-cu il tarixli qərarında göstərilir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalət tarazlığına riayət olunmalıdır. İstinad edilən maddi hüquq normalarının tələbləri baxımından məhkəmə hesab edir ki, əsas fəaliyyəti kreditlər təqdim etməklə bu kreditlərin faizləri hesabına gəlir əldə edilməsi olan kredit münasibətlərində dəbbə pulu gəlir kimi çıxış edə bilməz. Belə ki, dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təminatı vasitəsidir, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Əks halda, bu öhdəliklərin icrası üçün nəzərdə tutulan tədbirlərin mahiyyətinə zidd olardı. Ona görə də məhkəmə 19 mart 2021-ci il tarixli, ********* nömrəli müddətli (nisyə) alqısatqı müqaviləsinə əsasən, İMEİ kodu **********49232 / **********49231 olan “Samsung A025 Black” markalı telefon, XM X2 GC514/40(İRK35490) markalı şaquli buxarlandırıcı və X4 X5 REDMİWT02 BHR4704RU Black(30104/A1NC47070) markalı ağıllı saat üçün 607,2 (altı yüz yeddi manat, iyirmi qəpik) manat qalıq borc üzrə hesablanmış 91 (doxsan bir) manat məbləğində cərimənin (dəbbənin) azaldılaraq, 60 (altmış) manat müəyyən edilməsini qanuni, əsaslı və ədalətli olmaqla, həm də iddiaçı təşkilatın əmlak mənafelərinə, həmçinin cavabdehin maddi, əmlak vəziyyətinə uyğun hesab edir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, məhkəmə hesab edir ki, kiçik iddia qismən təmin edilərək, Cavabdeh 19 mart 2021-ci il tarixli, ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, İMEİ kodu **********49232/ **********49231 olan “Samsung A025 Black” markalı telefon, XM X2 GC514/40(İRK35490) markalı şaquli buxarlandırıcı və X4 X5 REDMİWT02 BHR4704RU Black(30104/A1NC47070) markalı ağıllı saat üçün 607,2 (altı yüz yeddi manat, iyirmi qəpik) manat əsas və 60 (altmış) manat cərimə borcu olmaqla, ümumilikdə 667,2 (altı yüz altmış yeddi manat, iyirmi qəpik) manat məbləğində borc tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən X3 vasitəsilə 02 dekabr 2021-ci il tarixli, ********* nömrəli mədaxil qəbz ilə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 28,66 (iyirmi səkkiz manat, altmış altı qəpik) manat hissəsi Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 216-220, 284- 6, 358.0.3 və 360-cı maddələrini maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 19 mart 2021-ci il tarixli, ********* nömrəli müddətli (nisyə) alqısatqı müqaviləsinə əsasən, İMEİ kodu **********49232/ **********49231 olan “Samsung A025 Black” markalı telefon, XM X2 GC514/40(İRK35490) markalı şaquli buxarlandırıcı və X4 X5 REDMİWT02 BHR4704RU Black(30104/A1NC47070) markalı ağıllı saat üçün 607,2 (altı yüz yeddi manat, iyirmi qəpik) manat əsas və 60 (altmış) manat cərimə borcu olmaqla, ümumilikdə 667,2 (altı yüz altmış yeddi manat, iyirmi qəpik) manat məbləğində borc tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən X3 vasitəsilə 02 dekabr 2021-ci il tarixli, ********* nömrəli mədaxil qəbz ilə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 28,66 (iyirmi səkkiz manat, altmış altı qəpik) manat hissəsi Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılsın. Qətnamədən, o, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şahbuz Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Daşqın Səfərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar