Azərbaycan Respublikası adından QƏTNAMƏ Şahbuz şəhəri İş № e-2(090)-45/2023 02.03.2023 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Hakim Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 06 sentyabr 2021ci il tarixli, 330726-CNS-26188 nömrəli “Nağd pul krediti müqaviləsi”nə əsasən xx.xx.2022-ci il tarixə cavabdehin banka 6.537,10 (altı min beş yüz otuz yeddi manat, on qəpik) manat əsas, 714,36 (yeddi yüz on dörd manat, otuz altı qəpik) manat faiz, 732,55 (yeddi yüz otuz iki manat, əlli beş qəpik) manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 7.984,01 (yeddi min doqquz yüz səksən dörd manat, sıfır bir qəpik) manat məbləğində pulun və məhkəməyə müraciət etmək üçün ödənilmiş 99,84 (doxsan doqquz manat, səksən dörd qəpik) manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı təşkilat iddiasını onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 06 sentyabr 2021-ci il tarixli, 330726-CNS-26188 saylı “Nağd pul krediti müqaviləsi” bağlanmış və ona illik 16,90 faiz hesablanması şərti ilə 60 (altmış) ay müddətinə 7.000 (yeddi min) manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit vəsaitindən istifadə etmiş, lakin öz üzərinə götürdüyü kredit öhdəliklərini xx.xx.2022-ci il tarixdən icra etməmiş və nəticədə cavabdehin banka xx.xx.2022-ci il tarixə 6.537,10 (altı min beş yüz otuz yeddi manat, on qəpik) manat məbləğində əsas borc, 714,36 (yeddi yüz on dörd manat, otuz altı qəpik) manat məbləğində faiz borcu, 732,55 (yeddi yüz otuz iki manat, əlli beş qəpik) manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 7.984,01 (yeddi min doqquz yüz səksən dörd manat, sıfır bir qəpik) manat məbləğində borcu qalmışdır. Borclu Cavabdeh xx.xx.2022-ci il tarixinə yaranmış borcu barədə xx.xx.2022-ci il tarixli, 5718 P saylı pretenziya məktubu göndərilmişdir. xx.xx.2022-ci il tarixli maps arayışına əsasən borclu Cavabdeh Şahbuz rayonu, Şahbuzkənd kəndində qeydiyyatdadır. İddiaçı təşkilata məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş, lakin “15” fevral 2023-cü il tarixdə daxil olmuş ərizəsində məhkəmənin icraatında Bank VTB (Azərbaycan) ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, cərimənin ödənilməsi tələbinə dair e-2(090)-45/2023 saylı mülki işin olduğunu, həmin mülki iş üzrə məhkəmə iclasının 02 mart 2023-cü il tarixə saat 12:00-a təyin edildiyini, həmin günə Bakı şəhərində məhkəmə prosesləri təyin edildiyini, bu səbəbdən də göstərilən tarixdə məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilməyəcəklərini, hazırkı işə onların iştirakı olmadan baxılaraq iddia tələblərinin tam təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişlər. Bunu nəzərə alan məhkəmə işə iddiaçı təşkilatın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə iş üzrə Cavabdeh qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada dəfələrlə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinin məzmununa görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə... məhkəmə işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı təşkilatın ərizəsini, eyni zamanda iş üzrə toplanmış materialları nəzərdən keçirib, sübutlara əlaqəli şəkildə qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində qeyd olunur ki, hər kəsin hüquq və azadıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1 və 4.2-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. İş materiallarında olan 06 sentyabr 2021-ci il tarixli, 330726-CNS-26188 nömrəli “Nağd Krediti Müqaviləsi”-dən görünür ki, həqiqətən də Cavabdeh ilə İddiaçı ASC arasında kredit müqaviləsi bağlanmış və tərəflər üzərilərinə müqavilədən irəli gələn bir sıra öhdəliklər götürmüşlər. Müqavilənin predmeti adlanan 2-ci fəslinə görə müqavilənin şərtlərinə əsasən kreditor borcalana 60 (altmış) ay müddətinə, illik 16.90% ödəmək şərtilə, 7.000 (yeddi min) manat məbləğində kredit verir. Müqavilənin 9-cu fəslinə görə bu müqavilə üzrə öz vəzifəsini icra etməyən və ya lazımınca icra etməyən tərəf digər tərəfə vurduğu zərərə görə AR qüvvədə olan qanunvericiliyi ilə müəyyən olunan qaydada məsuliyyət daşıyır və qarşı tərəfə vurduğu zərəri tam həcmdə ödəməlidir. Bu müqavilə üzrə gecikdirilmiş kreditə görə hər gecikdirilən gün üçün gecikdirilmiş borc məbləğinin hər tam və ya natamam 10 manat üçün 0.05 manat məbləğində cərimə hesablanır və kredit alan tərəfindən ödənilir. Müqavilənin 12.7-ci bəndinə görə bu müqavilə tərəflərin imzaları və möhürü olan tərəfin möhürü ilə təsdiq edildiyi andan qüvvəyə minir və kredit alan tərəfindən kredit, faizlər və digər pul tələbləri üzrə öhdəliklərin banka tam icra olunduğu andan qüvvədən düşür. İş materiallarına əlavə edilmiş kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 06 sentyabr 2021-ci il tarixli, 330726-CNS-26188 nömrəli kredit müqaviləsinə Əlavə № 1-dən müəyyən edilir ki, tərəflər kredit müqaviləsi üzrə aylıq ödənişlərin hansı qaydada və məbləğdə ödənilməsinə dair razılığa gələrək həmin qrafiki imzalamışlar. Cavabdeh banka olan əsas borcun və ona hesablanmış faiz borcunun ödənilməsi ilə bağlı 29 iyun 2022-ci il tarixdə pretenziya məktubu göndərilməsinə baxmayaraq, iş materiallarına əlavə olunmuş 01 dekabr 2022-ci il tarixli maliyyə arayışından məlum olur ki, Cavabdeh həmin tarixə banka 6.537,10 (altı min beş yüz otuz yeddi manat, on qəpik) manat məbləğində əsas, 714,36 (yeddi yüz on dörd manat, otuz altı qəpik) manat məbləğində faiz, 732,55 (yeddi yüz otuz iki manat, əlli beş qəpik) manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 7.984,01 (yeddi min doqquz yüz səksən dörd manat, sıfır bir qəpik) manat məbləğində borcu mövcuddur və müqavilə üzrə öhdəliyini xx.xx.2022-ci il tarixdən icra etmir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışa əsasən Cavabdeh Şahbuz rayonu, Şahbuzkənd kəndində qeydiyyatdadır. İşin faktiki halları yuxarıda tədqiq edilən sənədlərə əsasən müəyyən edilmiş hallardan ibarətdir. İşin hüquqi halları baxımından məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 433.1-ci maddəsinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə qeyd edilən maddi hüquq normalarını hazırki münasibətlərə tətbiq edərək hesab edir ki, tərəflər arasında kredit müqaviləsi əsasında öhdəlik münasibətləri yaranmışdır. Öhdəliyin mahiyyəti isə ondan ibarətdir ki, kredit müqaviləsində müəyyən edilmiş məbləği iddiaçı cavabdehin sərəncamına vermək öhdəliyini götürmüş, iddiaçı təşkilat müqavilə ilə götürmüş olduğu öhdəliyi lazımınca və vaxtında icra etmiş, cavabdeh isə iddiaçının müqavilə üzrə götürmüş olduğu öhdəliyə münasibətdə üzərinə götürmüş olduğu öhdəliyi lazımınca icra etməməmişdir. Belə ki, iddiaçı borcluya faizlə vermiş olduğu kredit müqaviləsi üzrə öhdəliyi lazımınca icra etməsinə və müəyyən edilmiş məbləği Cavabdeh verməklə kredit müqaviləsi üzrə öhdəliyi yerinə yetirməsinə baxmayaraq, cavabdeh kredit müqaviləsi üzrə öhdəliyi tam icra etmədiyinə görə müvafiq məsuliyyəti yaranmışdır. İddiaçı cavabdehə qarşı iddia tələbində müqavilə şərtlərinə uyğun olaraq ümumilikdə 7.984,01 (yeddi min doqquz yüz səksən dörd manat, sıfır bir qəpik) manat tələb etmişdir. İş materiallarına əlavə edilmiş 01 dekabr 2022-ci il tarixli maliyyə arayışından məlum olur ki, Cavabdeh 01 dekabr 2022-ci il tarixə 6.537,10 (altı min beş yüz otuz yeddi manat, on qəpik) manat məbləğində əsas, 714,36 (yeddi yüz on dörd manat, otuz altı qəpik) manat məbləğində faiz, 732,55 (yeddi yüz otuz iki manat, əlli beş qəpik) manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 7.984,01 (yeddi min doqquz yüz səksən dörd manat, sıfır bir qəpik) manat məbləğində kredit borcu mövcuddur Məhkəmə iddia tələbinin 06 sentyabr 2021-ci il tarixli, 330726-CNS-26188 nömrəli “Nağd Krediti Müqaviləsi” üzrə 732,55 (yeddi yüz otuz iki manat, əlli beş qəpik) manat məbləğində cərimə (dəbbə) pulun tutulması hissəsi üzrə qeyd edir ki, həmin tələb qismən təmin edilməli və cərimə məbləği azaldılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair» 09 iyul 2009-cu il tarixli qərarında göstərilir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalət tarazlığına riayət olunmalıdır. İstinad edilən maddi hüquq normalarının tələbləri baxımından məhkəmə hesab edir ki, əsas fəaliyyəti kreditlər təqdim etməklə bu kreditlərin faizləri hesabına gəlir əldə edilməsi olan kredit münasibətlərində dəbbə pulu gəlir kimi çıxış edə bilməz. Belə ki, dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təminatı vasitəsidir, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Əks halda, bu öhdəliklərin icrası üçün nəzərdə tutulan tədbirlərin mahiyyətinə zidd olardı. Ona görə də məhkəmə 06 sentyabr 2021-ci il tarixli, 330726-CNS-26188 nömrəli “Nağd Krediti Müqaviləsi” üzrə hesablanmış 732,55 (yeddi yüz otuz iki manat, əlli beş qəpik) manat məbləğində cərimənin (dəbbənin) azaldılaraq, 326 (üç yüz iyirmi altı) manat müəyyən edilməsini qanuni, əsaslı və ədalətli olmaqla, həm də iddiaçı təşkilatın əmlak mənafelərinə, həmçinin cavabdehin maddi, əmlak vəziyyətinə uyğun hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən qərarında da qeyd edilir ki, mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla, lazımınca yerinə yetirmələrindən ibarətdir. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludur. Həmin Məcəllənin 16.1-ci maddəsində isə müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Belə olduğu halda, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 06 sentyabr 2021-ci il tarixli, 330726-CNS-26188 nömrəli “Nağd Krediti Müqaviləsi” üzrə 6.537,10 (altı min beş yüz otuz yeddi manat, on qəpik) manat məbləğində əsas, 714,36 (yeddi yüz on dörd manat, otuz altı qəpik) manat məbləğində faiz və 326 (üç yüz iyirmi altı) manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 7.577,46 (yeddi min beş yüz yetmiş yeddi manat, qırx altı qəpik) manat məbləğində kredit borcu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı tərəf öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmişdir. Həmin Məcəllənin 217.3-cü mаddəsinin tələbinə görə qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq, iddia qismən təmin edildiyindən İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş 99,84 (doxsan doqquz manat, səksən dörd qəpik) manat miqdarında dövlət rüsumu iddia tələbinin təmin olmuş hissəsinə mütənasib olaraq 94,75 (doxsan dörd manat, yetmiş beş qəpik) manat miqdarında dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətedi: İddia qismən təmin edilsin. Cavabdeh 06 sentyabr 2021-ci il tarixli, 330726-CNS-26188 nömrəli “Nağd pul krediti müqaviləsi” üzrə 6.537,10 (altı min beş yüz otuz yeddi manat, on qəpik) manat məbləğində əsas, 714,36 (yeddi yüz on dörd manat, otuz altı qəpik) manat məbləğində faiz və 326 (üç yüz iyirmi altı) manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 7.577,46 (yeddi min beş yüz yetmiş yeddi manat, qırx altı qəpik) manat məbləğində kredit borcu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş 99,84 (doxsan doqquz manat, səksən dörd qəpik) manat miqdarında dövlət rüsumu iddia tələbinin təmin olmuş hissəsinə mütənasib olaraq 94,75 (doxsan dörd manat, yetmiş beş qəpik) manat miqdarında dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən o, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron qaydada) Şahbuz Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.
Məhkəmə qərarları › İş №e-2(090)-45/2023
Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(090)-45/2023
02.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver