Məhkəmə qərarları › İş №e-2(090)-58/2022

Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(090)-58/2022

24.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şahbuz şəhəri İş № e-2(090)-58/2022 24.06.2022 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Hakim Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı və iddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı İmanov X5 Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 16.000 (on altı min) manat borc məbləğinin, ödədiyi vəkil xərcinə görə 500 (beş yüz) manat xərcin və və 140 (bir yüz qırx) manat dövlət rüsumunun, ümumilikdə 16.640 (on altı min altı yüz qırx) manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iddiaçı qismində izahat verən İddiaçı iddia ərizəsinə uyğun verdiyi izahatında Cavabdeh ilə 2014-cü ildən yaxın dostluq münasibətləri olmuşlar, cavabdeh ilə tez-tez görüşər, birlikdə otur-dur ediblər, Cavabdeh tez-tez onlara gəlib-gedibdir, Cavabdeh onun ailə üzvlərini, o da Cavabdeh ailəsini yaxından tanıyıbdır, o, 2014-cü ildən işləyib pul yığırmış ki, özünə avtomobil alsın, onda müəyyən miqdarda pul olubdur, onun pulunun olmasını, həmçinin özünə avtomobil almaq istəyində olmağını Cavabdeh da bilirdi, bir yaxın dostu kimi bir yerdə olarkən bu barədə ona danışıbdır, 2020-ci ilin ortalarında Cavabdeh yanına gələrək ona təcili olaraq pul ehtiyac olduğunu deyib və ondan borc olaraq 3000 (üç min) manat pul verməsini xahiş edibdir, Cavabdeh ona deyibdir ki, “narahat olma bir həftəyə kimi pulunu qaytarıb özünə verəcəyəm.” Onun Cavabdeh ilə yaxın dostluğu çox yaxın olubdur, ona görədə Cavabdeh ondan pul istəyəndə cavabdehə yox deyə bilməyib və ona 3000 (üç min) manat pul borc veribdir, Cavabdeh ona verdiyi 3000 (üç min) manat pulu qısa zaman ərzində qaytarmışdır, Cavabdeh sözündə duraraq ilk dəfə aldığı pulu qaytardığından, onda Cavabdeh inam və etibar yaranmışdır, artıq onun Cavabdeh güvəni daha çox artmışdır. Bundan sonra Cavabdeh müxtəlif zamanlarda yenə ondan müxtəlif miqdarda pul borca almış və işlərini qısa zamanda bitən kimi pulunu qaytarcağını bildirmişdir, o Cavabdeh inandığından tərəddüd etmədən ümumilikdə 13.000 (on üç min) manat pulu borc vermişdir. Cavabdeh ondan pul borca alan zaman, ona təkidlə deyirmiş ki, “səndən pul borca aldığımı heç kəsə bildirmə.” Cavabdeh pul verdikdən bir müddət keçdikdən sonra o, Cavabdeh deyib ki, “Asif bilirsən də mən, avtomobil almaq niyyətindəyəm, xahiş edirəm imkan elə 13.000 (on üç min) manat pulumu özümə qaytar.” Bundan sonra Cavabdeh ona bildiribdir ki, “Kazım gəl belə bir şey edək. Mən sənə borclu olduğum 13.000 (on üç min) manatın əvəzi kimi xalaoğlum Elgünə deyim, sənə Koreyadan avtomobil gətirsin.” Onun da məqsədi elə avtomobil almaq olduğundan o, da Cavabdeh bu təklifi ilə razılaşıbdır. Bundan sonra Cavabdeh ona “Elgünlə danışmışam, xaricdən iki sonata, iki ədəd də Kia Rio markalı avtomobil gətirəcəkdir. Səndə onlardan hansını bəyənsən birini götürərsən.” Deyibdir, o da Cavabdeh “Hyundai Sonata” markalı avtomobil istədiyini bildiribdir, Cavabdeh da ona 13.000 (on üç min) manat ona borclu olduğu pulu götürəcəyi avtomobilin dəyərinə çıxacaqdır, bununla da ona olan borcu bitəcəyini bildiribdir, o da Cavabdeh bu fikri ilə razılaşmış, üstündən təxminən bir ay yarım keçməsinə baxmayaraq razılıqlarına görə Cavabdeh onun üçün xalaoğlusu Elgünə sifariş verdiyi avtomobili gətirib ona verməmişdir. Belə olan halda o və ailəsi narahat olmağa başlamış və o, Cavabdeh onun üçün maşın gətirməsini sifariş verdiyi avtomobil alqı-satqısı ilə məşğul olan xalaoğlusu Elgünlə “X7” marketin önündə görüşmüşdür. Elgündən Asifin ondan Koreyadan maşın sifariş veribvermədiyini soruşmuş, Elgün isə ona Asifin ona elə bir şey dediyini bildiribdir, o həmin vaxt Elgündən artıq başqa heç nə soruşmayıb çıxıb gedibdir. Bu müddətdə Cavabdeh dəfələrlə “ay Asif avtomobilimi niyə gətirmirsən?” soruşmuş Cavabdeh isə ona “demişəm Elgünə, gələcək, səbirli ol və darıxma” deyibdir. Hardasa 20 avqust 2020-ci il tarixində Cavabdeh ona zəng vuraraq “sənin maşının gəlib gömrükdədir, 4.000 (dörd min) manat gömrük pulu ödənilməlidir ki, maşın gömrükdən çıxsın. 4.000 (dörd min) manat pulu gətir ver, aparım pulu ödəyim maşınını gömrükdən buraxsınlar” deyibdir, o, Cavabdeh “4.000 (dörd min) manat pulu kimə ödəyəssən?” deyə soruşduqda, Cavabdeh ona “gömrük işçisi Əli müəllimə verəcəyəm ki, maşını gömrükdə rəsmiləşdirib buraxsınlar” deyibdir. O da özündə pul olmadığından bibisindən 2.000 dollar (3.400 manat) manat borc alaraq 600 manat özünün kartından terminaldan çəkib, cəmi 4000 manat pulu Cavabdeh veribdir. Üstündən bir neçə saat keçdikdən sonra Cavabdeh zəng edib demişdir ki, “mənə gələn avtomobilin gömrük pulunu ödədin ya yox?” Asif də demiş ki, “narahat olma ödəmişəm, 3-5 günə maşının özündə olacaq.” Bir neçə gündən sonra o və yaxınları çox narahat olmağa başlamışlar. O, Cavabdeh dəfələrlə avtomobili gətirməsini və yaxud da ki, pulunu özünə qaytarmasını tələb etsə də Cavabdeh nə maşını ona gətirmiş, nə də ki, ondan aldığı 17.000 (on yeddi min) manat pulu özünə geri qaytarmamışdır. Avtomobilin gəlməsi ilə maraqlanmaq məqsədi ilə o, yenə Cavabdeh sifariş verdiyi xalaoğlusu Elgünün yanına gedib, Elgün də ona “düzdü Asif mənə maşın deyibdir ki, gətirim, lakin mənə maşın almaq üçün pul verməmişdir. Bu səbəbdən də maşın gətirməmişəm” deyibdir, bundan sonra Cavabdeh onu aldatdığını anlamışdır. Bir müddət sonra yenə də Cavabdeh ona “narahat olma maşınını gətirəcəm” deyibdir. Sonralar vətən müharibəsi başlamış və o, səfərbərlikdə olduğundan Cavabdeh ilə əlaqəsi kəsilmiş və bu məsələ beləcə qalmışdır. Hərbi xidmətdən qayıtdıqdan sonra öyrənmiş ki, Cavabdeh hərbiyə işə düzəlib və maxelik kursuna başlayıb və kursdadır. Bir müddət Cavabdeh tapa bilməyibdir, sonra Cavabdeh yeni mobil nömrəsini tapıb, ona zəng edib onunla görüşüb və Cavabdeh ona “hazırda maddi vəziyyətim pisdir, məni bağışla sənə yalan danışmışam, utanıram üzünə baxmağa, amma narahat olma pulunu özünə qaytaracam” deyibdir, Cavabdeh atası Şahin oğlunun borclu olmasını bilibdir və ona “Asifi çox sıxma və narahat olma. Asifin sənə borclu olduğu 17.000 (on yeddi min) manat pulu mən özüm sənə qaytaracağam” deyibdir, sonra o mütəmadi olaraq pulun ona geri qaytarılması ilə bağlı Cavabdeh atası Şahin ilə müxtəlif zamanlarda görüşüblər, atası ilk zamanlar ona “narahat olma İqtisadiyyat Nazirliyindən pul götürüb, sənin pulunu verəcəm” desə də bir müddət keçdikdən sonra Cavabdeh atası Şahinin ona dediyinə görə pul götürmək məsələsi alınmayıbdır, sonra Asifin atası Bakıya gedib və ona “qəti narahat olmayın, Bakıda yaxşı iş var, işləyib pulunu verəcəm” deyibdir, lakin keçən bu müddət ərzində Cavabdeh atası müxtəlif bəhanələr uyduraraq bu günədək onun pulunu özünə verməsi ilə bağlı heç bir addım atmamışdır. Bütün olanlar barədə anası Vüsalə xanımın da məlumatı olubdur, anası Vüsalə xanım isə Asifin özü, atası və anası ilə bu barədə dəfələrlə danışıb borcun qaytarılmasını istəyibdir, bu danışıqlar nəticə vermədiyindən anası Vüsalə xanım və o birlikdə 2021-ci ilin oktyabr ayında Ordu komandanının tərbiyəvi işlər üzrə müavini general Cəfərov Rəhimin qəbuluna getmişlər, Rəhim müəllim həmin vaxt Cavabdeh yanına çağırmış, cavabdeh də onun yanında ona 17.000 (on yeddi min) manat borclu olduğunu etiraf etmiş və hər ay 1.000 manat olmaqla pulu geri qaytaracağı barədə söz veribdir, o, yenə də Cavabdeh inanıbdır, bundan bir neçə gün sonra Cavabdeh ilə Naxçıvan şəhərində görüşüb, borc müqaviləsi bağlamaq üçün notariusa gəlmişlər, lakin notarius borc müqaviləsini bağlanmasını təsdiq etməkdən imtina etdiyindən, o da məcbur qalıb Cavabdeh ilə hər ay 1.000 (min) manat olmaqla pulu ona qaytaracağına dair razılaşıbdır, lakin Cavabdeh sözünə əməl etməyərək yenə də pulu geri qaytarmamışdır. Yalnız 2021-ci ilin dekabr ayının 31-də Cavabdeh bir hərbiçi yoldaşı Cavabdeh borcundan 1.000 (min) manat pulu onun kartına yükləmişdir. 2022-ci ilin yanvar ayında isə Cavabdeh ona borcunun əvəzi olaraq iki ədəd üzük veribdir, hazırda həmin üzüklər ondadır, ona Cavabdeh üzüyü lazım deyil, pulunu verən kimi üzüyünü də Cavabdeh qaytaracaqdır. Bu olanlardan sonra Cavabdeh öz xətt ilə yazılı şəkildə öhdəlik götürərək ona 16.000 (on altı min) manat borclu olması barədə ərizə veribdir. Dəfələrlə Cavabdeh ona borclu qaldığı 16.000 (on altı min) manat pul borcunu geri qaytarmasını ondan tələb etsə də Cavabdeh bu günədək borcunun ona qaytarılması ilə bağlı heç bir addım atmamış və hər dəfəsində müxtəlif bəhanələrlə ona ödəməli olduğu borcunu geri verməkdən boyun qaçırmışdır. Artıq bu səbəbdən də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmədə sualları cavablandıran İddiaçı bildirdi ki, Cavabdeh ilk olaraq ondan 13.000 manat pul, daha sonra isə 4.000 manat əlavə pul alıbdır, həmin puldan 1.000 mantını qaytarıb və hal-hazırda cavabdehin 16.000 manat borcu vardır, borcu olmasını Cavabdeh qəbul edir, lakin həmin borcu hərdən bir bəhanə ilə qaytarmır, cavabdeh borcunun olması barədə ərizə də veribdir, həmin ərizəni o məhkəməyə sübut kimi təqdim edibdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil izahatında bildirdi ki, təmsil etdiyi İddiaçı işin mahiyyəti ilə bağlı öz ifadəsində ətraflı məlumat veribdir, əlavə olaraq Cavabdeh 16.000 manat borcunun olması cavabdehin öz xətti ilə yazılmış ərizəsi, onun borclu olmasını təsdiq edən “vatçap” yazışmalarını məhkəməyə sübut kimi təqdim ediblər, məhkəməyə təqdim etdikləri cavabdeh tərəfindən ərizədə, eyni zamanda “vatçap” yazışmalarından Cavabdeh İddiaçı 16.000 manat borcunun olması öz təsdiqini tapdığını, məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə iş üzrə Cavabdeh qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada dəfələrlə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinin məzmununa görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə... məhkəmə işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Şahbuz Rayon Məhkəməsinin “09” mart 2022-ci il tarixli, e-2(090)-58/2022 saylı qərardadı ilə hazırki mülki iş üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinə X2 şahid qismində ifadəsinin alınması barədə məhkəmə tapşırığı verilmiş, X3 Bakı şəhəri Xətai rayon Məhkəməsi tərəfindən məhkmə iclasında ifadə verərək bildiribdir ki, Cavabdeh İlə 2013-cil ildən yaxın dostluq münasibətləri olubdur. Sonralar təxminən bir il sonra o, İddiaçı tanıyıb və bu dostluğumuzda Asif də bizlə birlikdə idi. Yaxın dostluq münasibəti nəzdində demək olar hər gün bir yerdə olur, bir-birimizin evinə gedib-gələrdik. Asif o vaxtlar işində uğurlu və nümunəvi bir dost imici yaratmış, hamının inam etibarını qazanmağı bacarmışdır. İşlərimlə əlaqədar 2019-cu ilin mart ayı Bakı şəhərinə köçməli oldum və burada yaşamağa başladım. Təxminən 2020-ci ilin avqust ayının əvvəli Kazım mənə zəng etdi və Asifin işləri ilə əlaqəli ondan qısa zamanda qaytaracağı təqdirdə ondan ümumilikdə 13.000 borca pul istədiyini mənə dedi və sən onu məndən əvvəl tanıyırsan, nə məsləhət görürsən verim yoxsa yox deyə məndən soruşdu və mənə bildirdi ki, bundan əvvəl Asif Kazımdan 3.000 manat alıb və bir həftəyə qaytaracağam deyib, tez qaytarıb. Mən isə, Kazım Asifdən söhbət gedir, tanıyırıq, heç narahat olma problem olacağını düşünmürəm, ver getsin, məndə pul yoxdur olsa mən də verərəm dedim. Bir müddət sonra isə Kazımla danışanda pulunu aldın Asifdən deyə soruşanda, Kazım Koreyadan bibi oğlu Elgünün vasitəsi ilə maşın gətirəcəyini deyib və əlavə 4.000 manat da gömrük məsələlərinə görə Asif məndən pul aldığını demişdir. Sonralar bu məsələnin fırıldaq olduğunu, Asifin dələduzluq etdiyini Kazım mənə bildirəndə inana bilmədim və məsələni aydınlaşdırmaq üçün Asifə zəng etdim. Nömrəsi bağlı idi və işlədiyi yerdən çıxdığını, hərbiyə “MAXE” kimi sənəd verdiyini eşitdim. Asifin yeni nömrəsini tapıb ona zəng edəndə, Balaş çox utanıram Kazımın üzünə baxmağa, işlərim yolunda getmədi, amma ilk fürsətdə Kazımdan aldığım 17.000 manat pulunu qaytaracağam, atama da demişəm, o da axtarır, ilk fürsətdə tapıb Kazımın pulunu qaytaracaq deyə mənə bildirdi. X10 görüşəndə mənə zəng etdi, danışdıq, qeyd etdi ki, Asifin atası Kazıma olan, borca görə pul axtarır, hətta Naxçıvan Şəhər İqtisadi İnkişaf Nazirliyinə kənd təsərrüfatı ilə əlaqəli sənəd veriblər, pul götürəcəklər, cavab gözləyirəm dedi. Dəfələrlə Kazımla danışdım bir nəticə əldə etmədiklərini, Asifin atası Şahinin Bakıya gəldiyini, orada pul axtardığını mənə deyib qeyd etdi ki, Balaş, bunun atasıda dələduzluq edir gündə bir bəhanə uydurur, məni yola verir. Mən əlillik müddətimin vaxtı başa çatdığına görə 2021-ci il mart ayının sonu Naxçıvana komissiyadan keçmək üçün gəldim, bir ay orada oldum. Bu müddət ərzində Asif və Kazımla birlikdə görüşlərimiz oldu. Bu görüşlərin birində Naxçıvan şəhər “Bazar Gölü Kafesində” üçümüz olanda Asif dedi ki, pulu yox idi, o da axtarır, amma atası 17.000 manat borcu qaytaracaqdır. Kazım, qəti narahat olma mən də vaxtında atamın borcunu vermişəm, sadəcə xahiş edirəm bizə bir az vaxt ver, biz elə dost olmamışıq, utanıram sənin üzünə baxmağa, ona görə zənglərini aça bilmirəm deyirdi. Mən orada yoxundusa əgər, pulu hissə-hissə ver, amma qaytar Kazımın 17.000 manatını dedim və Kazımda bununla razılaşdı. Hətta mən də Asiflə üz-üzə və telefonla danışanda bizim möhkəm və səmimi dostluğumuzdan sui-istifadə etdiyini, Kazıma atdığı səhv addıma görə onu dəfələrlə qınamışam. O isə mənlə danışanda hər dəfə narahat olma, yaxşı olacaq, sadəcə bir az zaman lazımdır, mən Kazımdan aldığım 17.000 manat borcu danmıram, qaytaracağıq deyib məsələni atasının üstünə atırdı. Sonralar mən Bakı şəhərinə qayıtdım, amma Kazımla əlaqə saxlamağa davam edirdik. Kazım hər dəfə Asifin onunla maraqlanmadığını, telefonlarının bağlı olduğunu, Asifin atasının da onu başından elədiyindən deyinirdi. Bir gün Kazıma zəng edib məlum vəziyyətlə bağlı maraqlananda, Kazım mənə artıq bezmişəm, evdən də anam çox üstümə gəlir dedi və qeyd etdi ki, Asif telefonlarımı açmır, Asifin atası Şahin Kazıma telefonda “əşi vermirəm, mənə pul vermisən? İstəyirsən get oğlumun başını kəs, yoxumdur, bezdirmə məni, mənə zəng eləmə” dediyini və Kazım artıq, belə olmaz, bu günə kimi Asiflə kəsdiyimiz çörəyə görə boğulurdum, onu Milli Ordu Qərargahına da şikayət etmişəm, amma artıq bəsdir məhkəməyə müraciət edəcəyəm dedi və məndə ən düz olan qanun əli ilə həll olunması olduğunu, Asifdən belə pul ala bilməyəcəksən dedim. İş materiallarında olan Şahbuz rayon İcra Hakimiyyəti Ağbulaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilən 11 fevral 2022-ci il tarixli, 03/18 nömrəli arayışdan görünür ki, Cavabdeh Şahbuz rayonu Ağbulaq kəndində pasport qeydiyyatında dayanır. Məhkəmə iddiaçının və nümayəndəsinin izahatını dinləyib, şahidin ifadəsini, iş üzrə toplanmış sübutları və işin digər hallarını nəzərdən keçirib, onları əlaqəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Məhkəmə aşağıdakı əsaslara görə hesab edir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Cavabdeh imzası ilə təsdiq edilmiş xx.xx.2022-ci il taixli ərizə ilə müəyyən olunur ki, Cavabdeh İddiaçı 17.000 (on yeddi) manat məbləğində borc pul aldığını, həmin puldan 1.000 (bir min) manatını qaytarmış, hal-hazırda İddiaçı 16.000 (on altı min) manat borcu olduğunu, borcu olduğuna etiraz etmədiyini göstərmişdir. İddiaçı və eyni zamanda şahid X2 izahatı ilə müəyyən olunur ki, Cavabdeh İddiaçı borclu olduğu 17.000 manat borcundan 1.000 manat ödəməsi və həmin ödənişdən sonra Cavabdeh İddiaçı 16.000 manat borcunun olması işin mübahisəsiz halıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 88-ci maddəsi). Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Yuxarıda qeyd edilən şahid ifadəsini təhlil edildikdə dindirilən şahidin məhkəməyə verdiyi ifadəsində onun, əlillik müddətinin vaxtı başa çatdığına görə 2021-ci il mart ayının sonu Naxçıvan şəhərinə komissiyadan keçmək üçün gəldiyini, bir ay orada olduğunu, bu müddət ərzində Asif və Kazımla birlikdə görüşdüklərini, bu görüşlərin birində Naxçıvan şəhər “Bazar Gölü Kafesində” üçünün olan zaman cavabdehin “pulunun olmadığını, atasının 17.000 manat borcu qaytaracağını, iddiaçıya “qəti narahat olma mən də vaxtında atamın borcunu vermişəm, sadəcə xahiş edirəm bizə bir az vaxt ver, biz elə dost olmamışıq, utanıram sənin üzünə baxmağa, ona görə zənglərini aça bilmirəm” dediyini, Cavabdeh ilə danışan zaman “hər dəfə narahat olma, yaxşı olacaq, sadəcə bir az zaman lazımdır, mən Kazımdan aldığım 17.000 manat borcu danmıram” dediyini göstərmişdir. Bununla da şahid B.Əsədovun ifadəsi ilə Cavabdeh İddiaçı 17.000 manat borcunun olması öz təsdiqini tapmışdır. Şahid B.Əsədovun məhkəməyə verdiyi ifadəsində Cavabdeh İddiaçı 17.000 manat borcunun danmaması barədə ifadəsi inandırıcılıq dərəcəsinə görə qəbul ediləndir, şahid B.Əsədov Cavabdeh “mən Kazımdan aldığım 17.000 manat borcu danmıram” deməsini əminliklə bildirmişdir. Məhkəmə hesab edir ki, İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmişdir və Cavabdeh İddiaçı aldığı 17.000 manat məbləğində borcu iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh öhdəliklərini icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də iddiaçının tələbi əsaslıdır. Cavabdeh öz öhdəliklərinin yerinə yetirilməsinə dair, habelə ona qarşı irəli sürülən iddianı təkzib edən sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd edilmiş hüquq normaları baxımından da qanuni hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir; 882.2-ci maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz; 882.3-cü maddəsinə əsasən bu zaman bu Məcəllənin 881.5-ci maddəsi tətbiq olunur; 882.4-cü maddəsinə əsasən bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir; 882.5-ci maddəsinə əsasən əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalı, iş üzrə Cavabdeh 16.000 (on altı min) manat məbləğində pul alınaraq iş üzrə İddiaçı verilməlidir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 140 (bir yüz qırx) manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, İddiaçı tərəfindən ödənilmiş 140 (bir yüz qırx) manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı verilməlidir. Eyni zamanda Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materialları ilə Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının Naxçıvan şəhər Hüquq Məsləhətxanasının 11 fevral 2022-ci il tarixli, 04/65 nömrəli Hüquqi yardım üzrə xidmət müqaviləsinə əsasən İddiaçı 005104 qəbzlə vəkil haqqı olaraq 500 manat ödəniş etməsi müəyyən olunur. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən, İddiaçı tərəfindən vəkil xidməti haqqı olaraq ödədiyi 500 manat pul Cavabdeh alınaraq İddiaçı verilməlidir. Sonda məhkəmə hesab edir ki, Cavabdeh 16.000 (on altı min) manat borca görə, 140 manat dövlət rüsumu və 500 manat hüquqi yardıma görə ödənilmiş pul, cəmi 16.640 (on altı min altı yüz qırx) manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.03 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia təmin edilsin. Cavabdeh 16.000 (on altı min) manat borcun, 140 manat dövlət rüsumu və 500 manat hüquqi yardıma görə ödənilmiş pul, cəmi 16.640 (on altı min altı yüz qırx) manat məbləğində pul alınaraq İddiaçı verilsin. Qətnamədən o, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron qaydada) Şahbuz Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Daşqın Səfərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar