Məhkəmə qərarları › İş №e-2(090)-61/2024

Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(090)-61/2024

15.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şahbuz şəhəri İş № e-2(090)-61/2024 15.03.2024 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Hakim Səfərov Daşqın Yaqub oğlu, iddiaçı "xxxx" Qeyri-Bank Kredit Təşkilatı X1 Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki işə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" Qeyri-Bank Kredit Təşkilatı X3 Şahbuz Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, iddianın təmin edilməsini, Cavabdeh 1.271 (bir min iki yüz yetmiş bir) manat əsas, 177,16 (bir yüz yetmiş yeddi manat, on altı qəpik) manat faiz və 215,24 (iki yüz on beş manat, iyirmi dörd qəpik) manat cərimə borcu olmaqla, cəmi 1.663,4 (bir min altı yüz altmış üç manat, qırx qəpik) manat borcun, həmçinin ödənilmiş 36,64 (otuz altı manat, altmış dörd qəpik) manat dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" Qeyri-Bank Kredit Təşkilatı X1 xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" Qeyri-Bank Kredit Təşkilatı X3 iddia ərizəsini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh arasında bağlanmış 31 mart 2023-cü il tarixli, **********3843 nömrəli kredit müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün illik 29.00 % dərəcəsi olmaqla 12 ay müddətinə 1.500 (bir min beş yüz) manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 146 manat olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Kredit məbləği kredit alana nağdsız qaydada, yəni balansında verilmiş kredit məbləği həcmində pul vəsaiti olan, üzərində “Fincard” adı qeyd edilmiş kredit kartında təqdim edilir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin, Cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Beləliklə, xx.xx.2023-cü il tarixinə olan maliyyə arayışına əsasən Cavabdeh 1.271 (bir min iki yüz yetmiş bir) manat əsas, 177,16 (bir yüz yetmiş yeddi manat, on altı qəpik) manat faiz və 215,24 (iki yüz on beş manat, iyirmi dörd qəpik) manat cərimə borcu olmaqla, cəmi 1.663,4 (bir min altı yüz altmış üç manat, qırx qəpik) manat təşkil edir. Məhkəmə iddiaçı "xxxx" Qeyri-Bank Kredit Təşkilatı X1 ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək belə hesab edir ki, tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılmasına kifayət edir və həmin ərizəyə kiçik iddialara dair icraat qaydasında baxılaraq qətnamə qəbul edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 31 mart 2023-cü il tarixli, **********3843 nömrəli kredit müqaviləsindən aydın olur ki, həqiqətən iddiaçı "xxxx" Qeyri-Bank Kredit Təşkilatı X3 ilə Cavabdeh arasında qeyd olunan kredit müqaviləsi bağlanmış və tərəflər üzərlərinə müqavilədən irəli gələn bir sıra öhdəliklər götürmüşlər. Həmin Müqavilənin 1.1-1.3-cü bəndlərinə görə bu müqaviləyə əsasən, kredit verən kredit alana sonuncunun biznes məqsədləri, ailə-kəndli təsərrüfatının yaradılması və (və ya) genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması üçün 12 ay müddətinə 1.500 (bir min beş yüz) manat məbləğində pul vəsaitini (bundan sonra “kredit”) verməyi, kredit alan isə verilmiş krediti, o cümlədən kredit üzərində hesablanan faizləri və digər ödənişləri, vaxtında kredit verənə ödəməklə öz öhdəliyini tam şəkildə yerinə yetirməyi öz öhdəsinə götürür. Kredit üzərində 29.00 % illik faiz (bundan sonra “Nominal Faiz”) hesablanacaqdır. Kreditin verilməsinə görə kredit alan kredit verənə kreditin məbləğinin 3.8%-i miqdarında komissiya ödəyir. Kredit alan tərəfindən bu məbləğin nağd şəkildə ödənilməsi baş vermədikdə, kredit alan kredit verənə müqavilənin bu bəndində nəzərdə tutulmuş kredit məbləğindən komissiyanı tutmasını həvalə və etibar edir. Həmin Müqavilənin 4.1-ci bəndinə əsasən kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi dövriliyi və qaydası tərəflər arasında yazılı formada razılaşdırılmış və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəli ilə müəyyən edilir. Həmin Müqavilənin 5.1-ci bəndinə görə kredit alan kreditin ödənilməsi üzrə öhdəliyi vaxtlı-vaxtında yerinə yetirmədiyi və ödəniş cədvəlində göstərilən kreditdən istifadəyə görə faizləri və kreditin əsas məbləğini ödəmədiyi təqdirdə, kredit alan kredit verənin xeyrinə gecikdirilmiş əsas məbləğin 1%-i məbləğində dəbbə pulunu (cəriməni) təqvim üzrə hər yubanma günü üçün ödəməyə borcludur. Həmin Müqavilənin 6.1-ci bəndinə əsasən kreditin qaytarılmasında yubanmanın mövcud olması, o cümlədən, ödəniş cədvəlinə müvafiq olaraq faizlərin və cərimə sanksiyalarının ödənilməsinin 3 (üç) iş günündən çox yubanması və yaxud öhdəliklərin yerinə yetirilməməsi və ya qismən yerinə yetirilməsi və ya kreditin geri ödənişini şübhə altına qoyan digər şəraitin yaranması zamanı kredit verən tam şəkildə kreditin, faiz borcunun və digər ödənişlərin vaxtından əvvəl ödənilməsini tələb etmək hüququna malikdir. Həmin Müqavilənin 6.2-ci bəndinə görə kredit verən tərəfindən kreditin vaxtından əvvəl ödənilməsi haqqında tələbin verilməsindən sonra kredit alan 10 (on) iş günü ərzində krediti və (və yaxud) ona aid digər ödənişləri ödəmədikdə, kredit verən məhkəmə orqanlarına müraciət edəcəkdir. Lakin bu tələbin kredit alana təqdim edilməməsi kredit verənin dərhal və birbaşa məhkəməyə müraciət etmək hüququnu heç bir halda məhdudlaşdıra bilməz. Müqavilənin bu müddəası heç bir halda tərəflər arasında məhkəməyəqədər mübahisələrin həlli qaydasının razılaşdırılması kimi təfsir edilə bilməz. Həmin Müqavilənin 7.1-ci bəndinə əsasən bu müqavilə tərəflər tərəfindən imzalandığı andan qüvvəyə minərək, kredit alanın krediti, hesablanmış faizləri və digər bu müqavilə üzrə nəzərdə tutulan ödənişləri tam surətdə ödəyib qurtaranadək qüvvədə olacaqdır. Həmin Müqavilənin 8-ci bəndinə əsasən "xxxx" Qeyri-Bank Kredit Təşkilatı X3 Cavabdeh ödəniş cədvəli üzrə 12 ay müddətinə və illik 29.00% hesablanması şərti ilə 57 (əlli yeddi) manat komissiya xərci olmaqla, 1.500 (bir min beş yüz) manat məbləğində kredit verir və Cavabdeh 31 mart 2023-cü il tarixdən başlamaqla "xxxx" Qeyri-Bank Kredit Təşkilatı X2 25 fevral 2024-cü il tarixədək hər ay 146 (bir yüz qırx altı) manat, sonuncu ay isə yəni, 25 mart 2024-cü il tarixədək 135 (bir yüz otuz beş) manat ödəməyi öhdəsinə götürüb. İş materiallarına əlavə olunmuş 31 mart 2023-cü il tarixli, **********833687 nömrəli “Fincard kreditvermə” qəbzinin surətindən məlum olur ki, iş üzrə Cavabdeh 57 (əlli yeddi) manat komisyon haqqı tutulmaqla, 1.443 (bir min dörd yüz qırx üç) manat məbləğində pulu iddiaçı təşkilatdan həmin tarixdə təhvil alaraq bu barədə müvafiq imza etmişdir. İş materiallarına əlavə olunmuş 31 mart 2023-cü il tarixli kredit kartının mədaxil (qəbul) aktının surətindən görünür ki, kredit alan təsdiq edir ki, kredit məbləği nağdsız qaydada yəni balansında verilmiş kredit məbləği həcmində pul vəsaiti olan, üzərində “Fincard” adı qeyd edilmiş, **********833687 saylı kredit kartında ona təqdim edilmişdir. Kredit alan təsdiq edir ki, **********833687 saylı kredit kartı açıq formada, həmin karta məxsus olan və həmin kartda olan pul vəsaitinin nağdlaşdırılması, eləcədə həmin kart vasitəsi ilə digər əməliyyatların aparılması üçün tələb edilən PİN kod isə xüsusi möhürlənmiş bağlı zərfdə ona təqdim edilmiş və onun tərəfindən təhvil alınmışdır. İş materiallarına əlavə olunmuş 13 dekabr 2023-cü il tarixli maliyyə arayışından məlum olur ki, Cavabdeh banka 1.271 (bir min iki yüz yetmiş bir) manat əsas 177,16 (bir yüz yetmiş yeddi manat, on altı qəpik) manat faiz və 215,24 (iki yüz on beş manat, iyirmi dörd qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 1.663,4 (bir min altı yüz altmış üç manat, qırx qəpik) manat məbləğində borcu mövcuddur. İş materiallarına əlavə edilmiş “Elektron Məhkəmə” İnformasiya Sistemində olan məlumata əsasən, Cavabdeh Şahbuz rayonu, Aşağı Qışlaq kəndində qeydiyyatdadır. İddiaçının ərizəsini və ona əlavə edilmiş sənədləri maddi və prosessual qanunvericiliyin tələbləri daxilində tədqiq edən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının tələbi qismən təmin edilməlidir. İlk olaraq iddiaçının tələbinə məhkəmə tələfindən kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxıldığından məhkəmə tərəflərə izah edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.3cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə görə işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmənin gəldiyi nəticə ondan ibarətdir ki, iddiaçı "xxxx" Qeyri-Bank Kredit Təşkilatı X3 öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmişdir və Cavabdeh iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən aldığı əşya üzrə əsas borc, faiz borcu və müqavilə ilə müəyyən edilmiş cərimə pulunu iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilənin öhdəliklərini icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də iddiaçının tələbi əsaslıdır. Cavabdeh müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsinə dair, habelə ona qarşı irəli sürülən iddianı təkzib edən sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd edilmiş hüquq normaları baxımından da qanuni hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. İddiaçı cavabdehə qarşı iddia tələbində 31 mart 2023-cü il tarixli, **********3843 nömrəli müqavilə üzrə 1.271 (bir min iki yüz yetmiş bir) manat əsas, 177,16 (bir yüz yetmiş yeddi manat, on altı qəpik) manat faiz və 215,24 (iki yüz on beş manat, iyirmi dörd qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 1.663,4 (bir min altı yüz altmış üç manat, qırx qəpik) manat tələb etmişdir. Məhkəmə iddia tələbinin 31 mart 2023-cü il tarixli, **********3843 nömrəli müqavilə üzrə 215,24 (iki yüz on beş manat, iyirmi dörd qəpik) manat məbləğində cərimə (dəbbə) pulun tutulması hissəsi üzrə qeyd edir ki, həmin tələb qismən təmin edilməli və cərimə məbləği azaldılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair” 09 iyul 2009cu il tarixli qərarında göstərilir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalət tarazlığına riayət olunmalıdır. İstinad edilən maddi hüquq normalarının tələbləri baxımından məhkəmə hesab edir ki, əsas fəaliyyəti kreditlər təqdim etməklə bu kreditlərin faizləri hesabına gəlir əldə edilməsi olan kredit münasibətlərində dəbbə pulu gəlir kimi çıxış edə bilməz. Belə ki, dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təminatı vasitəsidir, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Əks halda, bu öhdəliklərin icrası üçün nəzərdə tutulan tədbirlərin mahiyyətinə zidd olardı. Ona görə də məhkəmə 31 mart 2023-cü il tarixli, **********3843 nömrəli müqavilə üzrə 215,24 (iki yüz on beş manat, iyirmi dörd qəpik) manat məbləğində cərimənin (dəbbənin) azaldılaraq, 63,5 (altmış üç manat, əlli qəpik) manat müəyyən edilməsini qanuni, əsaslı və ədalətli olmaqla, həm də iddiaçının əmlak mənafelərinə, həmçinin cavabdehin maddi, əmlak vəziyyətinə uyğun hesab edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, məhkəmə hesab edir ki, kiçik iddia qismən təmin edilərək, Cavabdeh 31 mart 2023-cü il tarixli, **********3843 nömrəli nömrəli müqavilə üzrə 1.271 (bir min iki yüz yetmiş bir) manat əsas, 177,16 (bir yüz yetmiş yeddi manat, on altı qəpik) manat faiz və 63,5 (altmış üç manat, əlli qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 1.511,66 (bir min beş yüz on bir manat, altmış altı qəpik) manat məbləğində borc tutularaq iddiaçı "xxxx" Qeyri-Bank Kredit Təşkilatı X1 xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, iddiaçı "xxxx" Qeyri-Bank Kredit Təşkilatı X3 tərəfindən ödənilmiş 36,64 (otuz altı manat, altmış dörd qəpik) manat miqdarında dövlət rüsumunun iddia tələbinin təmin olmuş hissəsinə mütənasib olaraq 33,5 (otuz üç manat, əlli qəpik) manat hissəsi Cavabdeh alınaraq iddiaçıya qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 216-220, 284-6, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 31 mart 2023-cü il tarixli, **********3843 nömrəli nömrəli müqavilə üzrə 1.271 (bir min iki yüz yetmiş bir) manat əsas, 177,16 (bir yüz yetmiş yeddi manat, on altı qəpik) manat faiz və 63,5 (altmış üç manat, əlli qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 1.511,66 (bir min beş yüz on bir manat, altmış altı qəpik) manat məbləğində borc tutularaq iddiaçı "xxxx" Qeyri-Bank Kredit Təşkilatı X1 xeyrinə ödənilsin. İddiaçı "xxxx" Qeyri-Bank Kredit Təşkilatı X3 tərəfindən ödənilmiş 36,64 (otuz altı manat, altmış dörd qəpik) manat miqdarında dövlət rüsumunun iddia tələbinin təmin olmuş hissəsinə mütənasib olaraq 33,5 (otuz üç manat, əlli qəpik) manat hissəsi Cavabdeh alınaraq iddiaçıya qaytarılsın. İddia tələbi qalmış hissədə təmin edilməsin. Qətnamədən, o, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron qaydada) Şahbuz Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Daşqın Səfərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar