Azərbaycan Respublikası adından QƏTNAMƏ Şahbuz şəhəri İş № e-2(090)-64/2024 19.03.2024 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Hakim Səfərov Daşqın Yaqub oğlu, iddiaçı "xxxx" Qeyri-Bank Kredit Təşkilatı X1 cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki işə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" Qeyri-Bank Kredit Təşkilatı X3 Şahbuz Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, iddianın təmin edilməsini, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 2.744 (iki min yeddi yüz qırx dörd) manat əsas, 798 (yeddi yüz doxsan səkkiz) manat faiz və 185,2 (bir yüz səksən beş manat, iyirmi qəpik) manat cərimə borcu olmaqla, cəmi 3.727,2 (üç min yeddi yüz iyirmi yeddi manat, iyirmi qəpik) manat borcun, həmçinin ödənilmiş 57,28 (əlli yeddi manat, iyirmi səkkiz qəpik) manat dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" Qeyri-Bank Kredit Təşkilatı X1 xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" Qeyri-Bank Kredit Təşkilatı X3 iddia ərizəsini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh1 arasında bağlanmış 16 mart 2023-cü il tarixli, **********2302 nömrəli kredit müqaviləsinə əsasən borcluya ailə-kəndli təsərrüfatının yaradılması və (və ya) genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 29.00 % dərəcəsi olmaqla 24 ay müddətinə 3.000 (üç min) manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 169 manat olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Kredit məbləği kredit alana nağdsız qaydada, yəni balansında verilmiş kredit məbləği həcmində pul vəsaiti olan, üzərində “Fincard” adı qeyd edilmiş kredit kartında təqdim edilir. Həmçinin, kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq eyni tarixli, **********2***-******* nömrəli zaminlik müqaviləsi ilə Cavabdeh2 və **********2302-833381 nömrəli zaminlik müqaviləsi ilə Cavabdeh3 zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olmuşdur. Zaminlik müqaviləsinin 1.1-ci maddəsinə əsasən, zamin, kredit alan tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin, Cavabdeh1 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Beləliklə, xx.xx.2023-cü il tarixinə olan maliyyə arayışına əsasən Cavabdeh1 2.744 (iki min yeddi yüz qırx dörd) manat əsas, 798 (yeddi yüz doxsan səkkiz) manat faiz və 185,2 (bir yüz səksən beş manat, iyirmi qəpik) manat cərimə borcu olmaqla, cəmi 3.727,2 (üç min yeddi yüz iyirmi yeddi manat, iyirmi qəpik) manat borc təşkil edir. Məhkəmə iddiaçı "xxxx" Qeyri-Bank Kredit Təşkilatı X1 ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək belə hesab edir ki, tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılmasına kifayət edir və həmin ərizəyə kiçik iddialara dair icraat qaydasında baxılaraq qətnamə qəbul edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 16 mart 2023-cü il tarixli, **********2302 nömrəli kredit müqaviləsindən aydın olur ki, həqiqətən iddiaçı "xxxx" Qeyri-Bank Kredit Təşkilatı X3 ilə Cavabdeh1 arasında qeyd olunan kredit müqaviləsi bağlanmış və tərəflər üzərlərinə müqavilədən irəli gələn bir sıra öhdəliklər götürmüşlər. Həmin Müqavilənin 1.1-1.3-cü bəndlərinə görə bu müqaviləyə əsasən, kredit verən kredit alana sonuncunun ailə-kəndli təsərrüfatının yaradılması və (və ya) genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması üçün 24 ay müddətinə 3.000 (üç min) manat məbləğində pul vəsaitini (bundan sonra “kredit”) verməyi, kredit alan isə verilmiş krediti, o cümlədən kredit üzərində hesablanan faizləri və digər ödənişləri, vaxtında kredit verənə ödəməklə öz öhdəliyini tam şəkildə yerinə yetirməyi öz öhdəsinə götürür. Kredit üzərində 29.00 % illik faiz (bundan sonra “Nominal Faiz”) hesablanacaqdır. Kreditin verilməsinə görə kredit alan kredit verənə kreditin məbləğinin 3.8%-i miqdarında komissiya ödəyir. Kredit alan tərəfindən bu məbləğin nağd şəkildə ödənilməsi baş vermədikdə, kredit alan kredit verənə müqavilənin bu bəndində nəzərdə tutulmuş kredit məbləğindən komissiyanı tutmasını həvalə və etibar edir. Həmin Müqavilənin 4.1-ci bəndinə əsasən kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi dövriliyi və qaydası tərəflər arasında yazılı formada razılaşdırılmış və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəli ilə müəyyən edilir. Həmin Müqavilənin 5.1-ci bəndinə görə kredit alan kreditin ödənilməsi üzrə öhdəliyi vaxtlı-vaxtında yerinə yetirmədiyi və ödəniş cədvəlində göstərilən kreditdən istifadəyə görə faizləri və kreditin əsas məbləğini ödəmədiyi təqdirdə, kredit alan kredit verənin xeyrinə gecikdirilmiş əsas məbləğin 1%-i məbləğində dəbbə pulunu (cəriməni) təqvim üzrə hər yubanma günü üçün ödəməyə borcludur. Həmin Müqavilənin 6.1-ci bəndinə əsasən kreditin qaytarılmasında yubanmanın mövcud olması, o cümlədən, ödəniş cədvəlinə müvafiq olaraq faizlərin və cərimə sanksiyalarının ödənilməsinin 3 (üç) iş günündən çox yubanması və yaxud öhdəliklərin yerinə yetirilməməsi və ya qismən yerinə yetirilməsi və ya kreditin geri ödənişini şübhə altına qoyan digər şəraitin yaranması zamanı kredit verən tam şəkildə kreditin, faiz borcunun və digər ödənişlərin vaxtından əvvəl ödənilməsini tələb etmək hüququna malikdir. Həmin Müqavilənin 6.2-ci bəndinə görə kredit verən tərəfindən kreditin vaxtından əvvəl ödənilməsi haqqında tələbin verilməsindən sonra kredit alan 10 (on) iş günü ərzində krediti və (və yaxud) ona aid digər ödənişləri ödəmədikdə, kredit verən məhkəmə orqanlarına müraciət edəcəkdir. Lakin bu tələbin kredit alana təqdim edilməməsi kredit verənin dərhal və birbaşa məhkəməyə müraciət etmək hüququnu heç bir halda məhdudlaşdıra bilməz. Müqavilənin bu müddəası heç bir halda tərəflər arasında məhkəməyəqədər mübahisələrin həlli qaydasının razılaşdırılması kimi təfsir edilə bilməz. Həmin Müqavilənin 7.1-ci bəndinə əsasən bu müqavilə tərəflər tərəfindən imzalandığı andan qüvvəyə minərək, kredit alanın krediti, hesablanmış faizləri və digər bu müqavilə üzrə nəzərdə tutulan ödənişləri tam surətdə ödəyib qurtaranadək qüvvədə olacaqdır. Həmin Müqavilənin 8-ci bəndinə əsasən "xxxx" Qeyri-Bank Kredit Təşkilatı X3 Cavabdeh1 ödəniş cədvəli üzrə 24 ay müddətinə və illik 29.00% hesablanması şərti ilə 3.000 (üç min) manat məbləğində kredit verir və Cavabdeh1 16 mart 2023-cü il tarixdən başlamaqla "xxxx" Qeyri-Bank Kredit Təşkilatı X2 28 fevral 2025-ci il tarixədək hər ay 169 (bir yüz altmış doqquz), sonuncu ay isə yəni, 31 mart 2025-ci il tarixədək 165 (bir yüz altmış beş) manat ödəməyi öhdəsinə götürüb. İş materiallarına əlavə olunmuş 16 mart 2023-cü il tarixli “Fincard kreditvermə” qəbzinin surətindən məlum olur ki, iş üzrə Cavabdeh1 114 (bir yüz on dörd) manat komisyon haqqı tutulmaqla 2.886 (iki min səkkiz yüz səksən altı) manat məbləğində pulu iddiaçı təşkilatdan həmin tarixdə təhvil alaraq bu barədə müvafiq imza etmişdir. İş materiallarına əlavə olunmuş 16 mart 2023-cü il tarixli kredit kartının mədaxil (qəbul) aktının surətindən görünür ki, kredit alan təsdiq edir ki, kredit məbləği nağdsız qaydada yəni balansında verilmiş kredit məbləği həcmində pul vəsaiti olan, üzərində “Fincard” adı qeyd edilmiş, **********617346 saylı kredit kartında ona təqdim edilmişdir. Kredit alan təsdiq edir ki, **********617346 saylı kredit kartı açıq formada, həmin karta məxsus olan və həmin kartda olan pul vəsaitinin nağdlaşdırılması, eləcədə həmin kart vasitəsi ilə digər əməliyyatların aparılması üçün tələb edilən PİN kod isə xüsusi möhürlənmiş bağlı zərfdə ona təqdim edilmiş və onun tərəfindən təhvil alınmışdır. İş materiallarına əlavə olunmuş sənədlərdən aydın olur ki, "xxxx" Qeyri-Bank Kredit Təşkilatı X3 ilə Cavabdeh3 arasında **********2302-833381 nömrəli zaminlik müqaviləsi və Cavabdeh2 ilə **********2***-******* nömrəli zaminlik müqaviləsi imzalamışlar. Qeyd edilən Zaminlik Müqavilələrinin 1.1-ci bəndinə əsasən zamin (Cavabdeh3 və Cavabdeh2) 16 mart 2023-cü il tarixli, **********2302 nömrəli kredit müqaviləsinə əsasən (“kredit müqaviləsi”), həmin müqavilə üzrə kredit alan olan Cavabdeh1 (“kredit alan”) tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda, əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Kredit Müqaviləsinə əsasən kredit alan 24 ay müddətində 3.000 (üç min) manat məbləğində pul vəsaitini illik 29.00 faiz dərəcəsi ilə kredit verənə qaytarmağı öz öhdəsinə götürmüşdür; - zaminlik müqavilələrinin 1.2-ci bəndinə əsasən zamin bu müqavilənin 1.1-ci bəndində nəzərdə tutulan öhdəliyini kredit alanın kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi barədə kredit verən tərəfindən göndərilən və ya təqdim edilən xəbərdarlığı aldıqdan 3 (üç) gün sonra icra etməyə borcludur; - zaminlik müqavilələrinin 1.5-ci bəndinə əsasən zamin bu müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyi və ya tam şəkildə yerinə yetirdiyi təqdirdə, kredit verənə öz tələblərini zaminin əmlakına yönəldə bilər; - zaminlik müqavilələrinin 1.6-cı bəndinə əsasən zamin bu müqavilə üzrə üzərinə düşən bütün öhdəlikləri tam şəkildə yerinə yetirdikdən sonra, ödədiyi bütöv məbləği öhdəlik kreditoru kimi kredit alandan tələb etmək hüququnu qazanır. Lakin bu hüquq heç bir halda zaminin kredit verən qarşısında olan öhdəliklərinin icrasına təsir etməməlidir; - zaminlik müqavilələrinin 2.1-cı bəndinə əsasən tərəflər razılaşırlar ki, kredit alan öz öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin və kredit alan, kredit verən qarşısında birgə məsuliyyət daşıyırlar. Kredit verənin hüququ var ki, öhdəlik üzrə hər bir borclunu, həm kredit alan, həm zamini ayrıca olaraq öhdəliyə görə tam məsuliyyət daşımağa məcbur etsin. Kredit verənin seçimi heç bir halda mübahisə predmeti ola bilməz; - zaminlik müqavilələrinin 2.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə və nümayəndəlik xərclərinin və kredit alanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kredit verənə dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kredit verən qarşısında kredit alan ilə eyni həcmdə məsuliyyət daşıyır; - zaminlik müqavilələrinin 3.1-ci bəndinə əsasən bu müqavilə kredit verənin tələblərinin tam şəkildə ödənildiyi vaxta qədər qüvvədə olacaq; - zaminlik müqavilələrinin 3.6-cı bəndinə əsasən bu müqavilə tərəflər arasında zaminlik münasibətlərini tam şəkildə əhatə edir və tərəflərin qarşılıqlı hüquq və vəzifələri yalnız bu müqavilə və qanunvericiliyin müvafiq müddəaları ilə tənzimlənir. Bu müqaviləyə daxil edilməyən hər hansı yazılı və ya şifahi razılaşmanın heç bir hüquqi əhəmiyyəti yoxdur. Bu müqaviləyə əlavə və dəyişiklər yalnız hər iki tərəf tərəfindən imzalandıqdan sonra qüvvəyə minir. İş materiallarına əlavə olunmuş 13 dekabr 2023-cü il tarixli maliyyə arayışından məlum olur ki, Cavabdeh1 banka 2.744 (iki min yeddi yüz qırx dörd) manat əsas, 798 (yeddi yüz doxsan səkkiz) manat faiz və 185,2 (bir yüz səksən beş manat, iyirmi qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 3.727,2 (üç min yeddi yüz iyirmi yeddi manat, iyirmi qəpik) manat məbləğində borcu mövcuddur. İş materiallarına əlavə edilmiş “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində olan məlumata əsasən Cavabdeh1 ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində olan məlumata əsasən, Cavabdeh3 Şahbuz rayonu, Kiçikoba kəndində qeydiyyatdadır. İddiaçının ərizəsini və ona əlavə edilmiş sənədləri maddi və prosessual qanunvericiliyin tələbləri daxilində tədqiq edən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının tələbi qismən təmin edilməlidir. İlk olaraq iddiaçının tələbinə məhkəmə tələfindən kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxıldığından məhkəmə tərəflərə izah edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.3cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə görə işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmənin gəldiyi nəticə ondan ibarətdir ki, iddiaçı "xxxx" Qeyri-Bank Kredit Təşkilatı X3 öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmişdir və Cavabdeh1 iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən aldığı əşya üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş cərimə pulunu iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilənin öhdəliklərini icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də iddiaçının tələbi əsaslıdır. Cavabdeh1 müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsinə dair, habelə ona qarşı irəli sürülən iddianı təkzib edən sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd edilmiş hüquq normaları baxımından da qanuni hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur; 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 449.1-ci maddəsinin məzmununa əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir; 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər; 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür; 470.2-ci maddəsinə əsasən zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər; 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır; 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. İddiaçı cavabdehə qarşı iddia tələbində 16 mart 2023-cü il tarixli, **********2302 nömrəli müqavilə üzrə 2.744 (iki min yeddi yüz qırx dörd) manat əsas, 798 (yeddi yüz doxsan səkkiz) manat faiz və 185,2 (bir yüz səksən beş manat, iyirmi qəpik) manat cərimə borcu olmaqla, cəmi 3.727,2 (üç min yeddi yüz iyirmi yeddi manat, iyirmi qəpik) manat tələb etmişdir. Məhkəmə iddia tələbinin 16 mart 2023-cü il tarixli, **********2302 nömrəli müqavilə üzrə 185,2 (bir yüz səksən beş manat, iyirmi qəpik) manat məbləğində cərimə (dəbbə) pulun tutulması hissəsi üzrə qeyd edir ki, həmin tələb qismən təmin edilməli və cərimə məbləği azaldılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair” 09 iyul 2009cu il tarixli qərarında göstərilir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalət tarazlığına riayət olunmalıdır. İstinad edilən maddi hüquq normalarının tələbləri baxımından məhkəmə hesab edir ki, əsas fəaliyyəti kreditlər təqdim etməklə bu kreditlərin faizləri hesabına gəlir əldə edilməsi olan kredit münasibətlərində dəbbə pulu gəlir kimi çıxış edə bilməz. Belə ki, dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təminatı vasitəsidir, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Əks halda, bu öhdəliklərin icrası üçün nəzərdə tutulan tədbirlərin mahiyyətinə zidd olardı. Ona görə də məhkəmə 16 mart 2023-cü il tarixli, **********2302 nömrəli müqavilə üzrə 185,2 (bir yüz səksən beş manat, iyirmi qəpik) manat məbləğində cərimənin (dəbbənin) azaldılaraq, 137,2 (bir yüz otuz yeddi manat, iyirmi qəpik) manat müəyyən edilməsini qanuni, əsaslı və ədalətli olmaqla, həm də iddiaçının əmlak mənafelərinə, həmçinin cavabdehin maddi, əmlak vəziyyətinə uyğun hesab edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, məhkəmə hesab edir ki, kiçik iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 2.744 (iki min yeddi yüz qırx dörd) manat əsas, 798 (yeddi yüz doxsan səkkiz) manat faiz və 137,2 (bir yüz otuz yeddi manat, iyirmi qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 3.679,2 (üç min altı yüz yetmiş doqquz manat, iyirmi qəpik) manat məbləğində kredit borcu tutularaq iddiaçı "xxxx" Qeyri-Bank Kredit Təşkilatı X1 xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, iddiaçı "xxxx" Qeyri-Bank Kredit Təşkilatı X3 tərəfindən ödənilmiş 57,28 (əlli yeddi manat, iyirmi səkkiz qəpik) manat miqdarında dövlət rüsumunun iddia tələbinin təmin olmuş hissəsinə mütənasib olaraq 56,7 (əlli altı manat, yetmiş qəpik) manat hissəsi cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada alınaraq iddiaçıya qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 216-220, 284-6, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 2.744 (iki min yeddi yüz qırx dörd) manat əsas, 798 (yeddi yüz doxsan səkkiz) manat faiz və 137,2 (bir yüz otuz yeddi manat, iyirmi qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 3.679,2 (üç min altı yüz yetmiş doqquz manat, iyirmi qəpik) manat məbləğində kredit borcu tutularaq iddiaçı "xxxx" Qeyri-Bank Kredit Təşkilatı X1 xeyrinə ödənilsin. İddiaçı "xxxx" Qeyri-Bank Kredit Təşkilatı X3 tərəfindən ödənilmiş 57,28 (əlli yeddi manat, iyirmi səkkiz qəpik) manat miqdarında dövlət rüsumunun iddia tələbinin təmin olmuş hissəsinə mütənasib olaraq 56,7 (əlli altı manat, yetmiş qəpik) manat hissəsi cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada alınaraq iddiaçıya qaytarılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, o, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron qaydada) Şahbuz Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Daşqın Səfərov.
Məhkəmə qərarları › İş №e-2(090)-64/2024
Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(090)-64/2024
19.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver