Azərbaycan Respublikası adından QƏTNAMƏ Şahbuz şəhəri İş № e-2(090)-65/2025 10.09.2025 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Şahbuz Rayon Məhkəməsinin hakimi Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı vəkili və nümayəndəsi Vəkil vasitəsilə Şahbuz Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh 10.000 (on min) manat, ödənilmiş 120 manat dövlət rüsumunun, hüquqi yardıma görə ödənilən 325 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbində göstərmişdir ki, Cavabdeh ilə uzun müddətdir tanışlıqları var, bu tanışlıq artıq aralarında bir neçə dəfə işgüzar münasibətlərin yaranmasına səbəb olub, bu münasibətlərdən istifadə edən cavabdeh 2023- cü il tarixdə ondan 10.000 (on min) manat borc istəyib və həmin borcu ona bir il ərzində qaytaracağına söz verib, O isə onun bu sözlərinə inanıb ona cəmi 10.000 (on min) borc pul veribdir, borc münasibətləri aralarında notarial müqavilə ilə öz təsdiqini tapıbdır, daha sonra tərəfindən onunla əlaqə saxlayaraq pulunu geri istəsə də, o, hər dəfə müxtəlif bəhanələrlə borcun qaytarmaqdan yayınıb, bundan sonra tərəfindən rəsmi qaydada cavabdehin qeydə alındığı ünvana pretenziya məktubu göndərilib, lakin indiyədək cavabdeh borcumu qaytarmayıbdır, göstərilən səbəbdən ağır maddi vəziyyətə düşübdür. İddiaçı iddia tələbin hüquqi əsası kimi MPM və MM-in bir sıra normalarına istinad edibdir. İddiaçının vəkil-nümayəndəsi Vəkil elektron kabinet vasitəsilə məhkəməyə ünvanladığı ərizəsində hazırda icraatınızda olan mülki işlə əlaqədar iddia tələbinin həcminin artırılması zərurəti yarandığını, belə ki, Mülki Məcəllənin 460-cı maddəsinə uyğun olaraq, öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanılması, zaminlik, qarantiya, beh ilə və bu məcəllədə vəya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bildiyini (Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2023-cü il tarixli qərarı). xx.xx.2022-ci il tarixli 12 saylı Alqı-Satqı Müqaviləsində tərəflər qarşılıqlı razılaşdırılmış müddətdə öhdəliklərini yerinə yetirməyəcəyi təqdirdə təqsirli tərəf digər tərəfə hər gün üçün ödənilməli məbləğin 0.1%-i məbləğində cərimə ödənilməsi qeyd edildiyini, Cavabdeh borclu olduğu 10000 (on min) manat, 121.80 manat dövlət rüsumu, 325 manat hüquqi yardıma görə ödənilən məbləğ, borcun qaytarılmadığı hər günə 0.1 % dərəcəsi üzrə (iki ay müddət üçün)hesablanmış 600 manat dəbbə pulu alınaraq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir İddiaçının vəkil-nümayəndəsi Vəkil elektron kabinet vasitəsilə məhkəməyə ünvanladığı ərizəsində hazırda icraatınızda olan mülki işlə əlaqədar iddia tələbinin həcminin azaldılması zərurəti yarandığını, belə ki, məhkəmə araşdırması müddətində xx.xx.2025-ci il tarixdə cavabdeh iddiaçıya 4000 (dörd min) manat pul ödəniş etdiyini, Cavabdeh borclu qaldığı 6000 (altı min) manat, 121.80 manat dövlət rüsumu, 325 manat hüquqi yardıma görə ödənilən məbləğ, 10000 manat borcun qaytarılmadığı hər günə 0.1% dərəcəsi üzrə (iki ay müddət üçün) hesablanmış 600 manat dəbbə pulu alınaraq İddiaçı verilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının vəkil-nümayəndəsinin ərizəsinə əsasən mülki işə mülki işə Cavabdeh borclu qaldığı 6000 (altı min) manat, 121.80 manat dövlət rüsumu, 325 manat hüquqi yardıma görə ödənilən məbləğ, 10000 manat borcun qaytarılmadığı hər günə 0.1 % dərəcəsi üzrə (iki ay müddət üçün) hesablanmış 600 manat dəbbə pulunun alınaraq İddiaçı verilməsi tələbi çərçivəsində baxılmışdır. Məhkəmə iclaslarının vaxtı və yeri barədə iş üzrə İddiaçı qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada dəfələrlə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinin məzmununa görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə... məhkəmə işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmədə vəkili və nümayəndəsi Vəkil təmsil etmişdir. İddiaçının vəkil-nümayəndəsi Vəkil məhkəmə iclasında verdiyi izahatında cavabdehin lüzumsuz vəsatətlərlə məhkəmə süründürməçiliyinə səbəb olduğunu və məhkəməni gecikdirdiyini, 9 aydır ki məhkəmə proseslərinin davam etdiyini, borc müqaviləsinin 6-cı bəndinə əsasən borcun qaytarılmasının notarius orqanının depozit hesabına köçürülmə yolu ilə həyata keçirilməli olduğunu, cavabdehin həmin formada ödəniş etmədiyi pulu iddiaçının etiraf etdiyini, bunun da iddiaçının səmimiyyətindən irəli gəldiyini, iddia tələbini müdafiə etdiyini, iddia tələbinin təqdim edilmiş sübutlarla tam təsdiqini tapdığını, məhkəmə xərcləri ilə bağlı halları iddia ərizəsində qeyd etdiyini, dəbbə pulunun verilməsi ilə bağlı borc müqaviləsində maddə nəzərdə tutulmadığını, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin plenum qərarına əsasən borc müqaviləsində nəzərdə tutulmasa da dəbbə pulunun verilməsinin həmin plenium qərarda verilməsinin nəzərdə tutulduğunu, iddia tələbinin təmin edilməsini xahiş etdiyini bildirmişdir. Cavabdeh elektron kabinet vasitəsilə məhkəməyə ünvanladığı ərizəsində bildirmişdir ki, İddiaçı mənə qarşı Şahbuz rayon Məhkəməsinə pul tələbi ilə müraciət etmişdir. Hesab edirəm ki, iddiaçının iddiası əsassızdır, o təmin edilə bilməz. İddiaçı göstərib ki, notarial qaydada bağlanan müqavilə ilə 10000.00 (on min) manat dəyərində borc müqaviləsi bağlanılmış, lakin borc ödənilməmişdir. Qeyd etmək istəyirəm ki, 2023-cü il tarixində iddiaçı icarə ilə götürdüyü obyektin istifadəsini, eyni zamanda içərisində olan malları ilə birlikdə mənə təhvil vermişdir. İcarə ilə götürülən obyektdə təqribi 7000.00 (yeddi min) manat dəyərində vitrinlər, ofis mebelləri, noutbuklar, soyuducu avadanlıqları, kondisoneri və satış üçün təyin edilmiş alkoqollu içkilərin satışı ilə obyekti icarəçi olaraq mən götürmüşəm. İddiaçı icarə ilə götürdüyüm obyektdəki məhsulların dəyərini ödəməyim üçün müqavilə ilə rəsmiləşdirilməsini istəmiş və notariusda müqavilə bağlanılmışdır. Həmin vaxtlar da iddiaçıya həmin əşyaların dəyərinin 10000.00 (on min) manat olmadığını bildirsəm də, müqaviləni dəyərindən artıq bağlanmasına məcbur olmuşam. Müqavilənin notariusda bağlanması zamanı iddiaçı başqa şəxsdən 10000.00 (on min) manat borc almış, notariusun hesabına mədaxil etmiş, daha sonra isə sözügedən 10000.00 (on min) manat elə həmin an tərəfimdən iddiaçının özünə qaytarılmışdır. Bütün bunların subicarə müqaviləsi ilə rəsmiləşdirilməli olduğu halda bunun mümkünsüzlüyü qeyd olunmuş və nəticədə başqa əqdi pərdələmək məqsədi ilə borc müqaviləsi bağlanılmışdır. Həmin vaxt bu prosessin normal olmadığının və subicarə müqavilə ilə obyektin mənə təhvil verilməli olduğunu bilmədiyimə görə borc müqaviləsinin bağlanılmasına razı olmuşam. Müqavilənin bağlanmasından bir neçə gün sonra sıra ilə iddiaçı satış obyektinə yaxınlaşaraq ofis mebellərini, daha sonrakı günlərdə isə sırası ilə noutbukları, soyuducu avadanlıqları və kondisoneri həmin avadanlıqların 10000.00 (on min) manata daxil olmamasını əsas gətirərək götürmüşdür. Yəni iddiaçı sadəcə obyektdəki vitrinləri və təxmini dəyəri 2000 (iki min) manat olan alkoqollu içkiləri mənə 10000 (on min) manat dəyərində olduğunu qanunsuz olaraq irəli sürərək məndən tələb etmişdir. Notariusda bağlanan borc müqaviləsinin içərisində obyektlə birlikdə soyuducu avadanlıqlar, noutbuklar və kondisonerin dəyəri də təyin edilmişdi, lakin sonradan iddiaçı qanunsuz olaraq satış obyektindən həmin malları götürmüşdür. Eyni zamanda bildirmək istəyirəm ki, əvvəlcə iddiaçı ilə hər ay hissə hissə ödəniş etməyi razılaşdırmışdıq. Razılaşdırdığımız kimi iddiaçıya müqavilə ilə bağlı 2000.00 (iki min) manat ödəniş həyata keçirmişəm. Lakin iddiaçı daha sonra hissə-hissə ödəniş ilə razılaşmamış və bütövlükdə birbaşa ödəməyi tələb etmişdir. Bir daha qeyd etmək istəyirəm ki, müqavilə bağlanan vaxt nəzərdə tutulan əşyalar sonradan iddiaçı tərəfindən götürüldüyünə görə borc məbləği əslində 10000,00 manat təşkil etmir. Lakin iddiaçı bütün bu qanunsuz hərəkətlərini borc müqaviləsi bağladığına görə rahatlıqla həyata keçirmiş və bütün bu qanunsuz hərəkətlərlə bağlı hər hansı bir tədbir görməyim mümkün olmamışdır. İddiaçı yalançı əqd bağlanılmasına bilərək və istəyərək nail olmuş və bütün bunlar mənə hüquqi biliyim olmadığına görə sonradan agah olmuşdur. Eyni zamanda iddiaçı ilə məhkəməyə iddia ərizəsinin təqdim edilməsindən sonra danışıqlar aparmış və ona 4000.00 (dörd min) manat məbləğində ödəniş həyata keçirmişəm. İddiaçı bu halı məhkəməyə təqdim etdiyi ərizadə təsdiq etmişdir. Bütün bu halları bir daha qeyd etmək istəyirəm ki, müqavilə ilə bağlı hissə-hissə ödədiyim 2000.00 (iki min) manat, son ödədiyim 4000.00 (dörd min) manat və məndən qanunsuz götürdüyü soyuducu avadanlıqlar, noutbuklar və kondisonerin dəyəri ilə yaranmış borc tamamilə bağlanmış hesab edilmelidir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə iş üzrə Cavabdeh qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada dəfələrlə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinin məzmununa görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə... məhkəmə işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının vəkili və nümayəndəsininin izahatını dinləyib, iş üzrə toplanmış materialları nəzərdən keçirib, sübutlara əlaqəli şəkildə qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1 və 4.2-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi, həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən, iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. İş materiallarında olan 28 mart 2023-cü il tarixli borc müqaviləsindən aydın olur ki, həqiqətən İddiaçı ilə Cavabdeh arasında qeyd olunan borc müqaviləsi bağlanmış və tərəflər üzərlərinə müqavilədən irəli gələn bir sıra öhdəliklər götürmüşlər. Müqavilənin 1-ci maddəsinə görə "Borc verən" "Borc alana" 10000 manat 00 qəpik (on min manat sıfır qəpik) məbləğində pul borc verir. Müqavilənin 2-ci maddəsinə görə "Borc alan" borcu xx.xx.2024 tarixinədək "Borc verənə" qaytarmağı öhdəsinə götürür. Müqavilənin 3-cü maddəsinə görə tərəflər borcun faizsiz verilməsini şərtləşdirirlər. Müqavilənin 9-cu və 10-cu maddələrinə əsasən tərəflərin həmin müqavilə üzrə mübahisələri onların razılığı ilə, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həll olunur. Bu müqaviləyə dəyişikliklər və ya əlavələr olunması, yaxud onun ləğv edilməsi tərəflərin yazılı razılığı əsasında, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həyata keçirilir. İş materiallarına əlavə edilmiş “Elektron Məhkəmə” İnformasiya Sistemində olan məlumata əsasən cavabdeh İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İşin faktiki halları yuxarıda tədqiq edilən sənədlərə əsasən müəyyən edilmiş hallardan ibarətdir. İşin hüquqi halları baxımından məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.4-cü maddəsində göstərilir ki, özgə vəsaitindən istifadə üçün faizlər, əgər bu Məcəllədə və ya müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Məhkəmə qeyd edilən maddi hüquq normalarını hazırki münasibətlərə tətbiq edərək hesab edir ki, tərəflər arasında borc müqaviləsi əsasında öhdəlik münasibətləri yaranmışdır. Öhdəliyin mahiyyəti isə ondan ibarətdir ki, borc müqaviləsində müəyyən edilmiş məbləği iddiaçı cavabdehin sərəncamına vermək öhdəliyini götürmüş, iddiaçıya müqavilə ilə götürmüş olduğu öhdəliyi lazımınca və vaxtında icra etmiş, cavabdeh isə iddiaçının müqavilə üzrə götürmüş olduğu öhdəliyə münasibətdə üzərinə götürmüş olduğu öhdəliyi lazımınca icra etməmişdir. Belə ki, iddiaçı müqavilə üzrə müəyyən edilmiş məbləği Cavabdeh verməklə borc müqaviləsi üzrə öhdəliyi yerinə yetirməsinə baxmayaraq, cavabdeh borc müqaviləsi üzrə öhdəliyi lazımınca icra etməmiş və buna görə də cavabdeh borc müqaviləsi üzrə götürmüş olduğu öhdəliyi tam icra etmədiyinə görə müvafiq məsuliyyəti yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 449.1-ci maddəsinin məzmununa əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Mülki Məcəllənin 463.1 və 463.2-ci maddələrinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur. Məhkəmə iddiaçının vəkil-nümayəndəsinin dəbbə pulunun verilməsi ilə bağlı borc müqaviləsində maddə nəzərdə tutulmamaması, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin müvafiq plenum qərarında borc müqaviləsində nəzərdə tutulmasa da dəbbə pulunun verilməsinin həmin plenum qərarında verilməsinin nəzərdə tutulması ilə bağlı izahatına münasibətdə qeyd edir ki, dəbbə pulu ilə bağlı hissəsində təmin edilməsi üçün əsaslar olmadığından həmin hissədə iddia tələbi təmin edilməməlidir. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1 ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2023-cü il tarixli qərarında mülki Məcəllənin 460-cı maddəsinə uyğun olaraq, öhdəliklərin icrası, o cümlədən kredit müqaviləsi üzrə borc öhdəliyinin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilməsi nəzərdə tutmuşdur. Göründüyü kimi kredit müqaviləsi üzrə borc öhdəliyinin icrası kimi dəbbə pulu borc müqaviləsinə icranın təmin üsulu kimi nəzərdə tutula bilər. Hazırki iş üzrə təqdim edilən borc müqaviləsində isə müqavilənin icrasının təmini kimi dəbbə pulu nəzərdə tutulmayıbdır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh İddiaçı qarşı pul tələbinə dair iddia tələbi əsaslı olduğundan qismən təmin edilməli, cavabdeh İddiaçı borc müqaviləsi üzrə 6000 (altı min) manat əsas borc, 325 (üç yüz iyirmi beş) manat hüquqi yardıma görə ödənilən məbləğ olmaqla, cəmi 6325 (altı min üç yüz iyirmi beş) manat məbləğində borcu tutularaq İddiaçı xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 115.0 və 115.0.6-cı maddələrinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə vəkillərə etdikləri kömək üçün ödənilən xərclər daxildir. MPM-in 121.1-in məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İddia tələbinin 325 manat hüquqi yardıma görə ödənilən məbləğin tələb edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən vəkilə ödənilmiş məbləğ cavabdehdən alınıb iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 74.12 (yetmiş dörd manat, on iki qəpik) manat hissəsi cavabdeh İddiaçı alınaraq İddiaçı qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı 28 mart 2024-cü il tarixli borc müqaviləsi üzrə 6000 (altı min) manat əsas və 325 (üç yüz iyirmi beş) hüquqi yardıma görə, cəmi 6325 (altı min üç yüz iyirmi beş) manat məbləğində borc tutularaq İddiaçı ödənilsin. İddiaçı tərəfindən ödənilmiş 74.12 (yetmiş dörd manat, on iki qəpik) manat miqdarında dövlət rüsumu cavabdeh İddiaçı alınaraq İddiaçı qaytarılsın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən o, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron qaydada) Şahbuz Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.
Məhkəmə qərarları › İş №e-2(090)-65/2025
Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(090)-65/2025
10.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver