Məhkəmə qərarları › İş №e-2(090)-66/2024

Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(090)-66/2024

19.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şahbuz şəhəri İş № e-2(090)-66/2024 19.03.2024 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Hakim Səfərov Daşqın Yaqub oğlu, iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyənetdi: İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 266,77 (iki yüz altmış altı manat, yetmiş yeddi qəpik) manat əsas, 40,02 (qırx manat, sıfır iki qəpik) manat cərimə və 30,93 (otuz manat, doxsan üç qəpik) manat faiz borcun, həmçinin ərizəyə görə ödənilmiş 30,4 (otuz manat, qırx qəpik) manat dövlət rüsumunun əvəzi, ümumilikdə 368,12 (üç yüz altmış səkkiz manat, on iki qəpik) manat borcun iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh 18 ay müddətinə qaytarılmaq şərtilə 753 (yeddi yüz əlli üç) manat məbləğində krеdit vеrilmiş və bununla bağlı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdаr Cəmiyyəti ilə Cavabdeh arasında 23 iyun 2022-ci il tarixli, 626-EBD-0681-22 nömrəli krеdit müqaviləsi bağlanmışdır. Krеdit Müqaviləsinin 2.1.1-ci bəndinə əsasən borcalan müqaviləyə və onun əlavələrinə uyğun olaraq ödəniş məbləğlərini ödəmədikdə və ya vaxtında ödəmədikdə borcverən kreditin vaxtından əvvəl tam ödənilməsini tələb edə bilər. Krеdit Müqaviləsinin 2.4.5-ci bəndinə əsаsən kredit məbləğinin qaytarılması müqaviləyə uyğun olaraq aparılmadıqda və ya ödənilmədikdə borcalan özünün şəхsi əmlаkı hеsаbınа bоrcun ödənilməsini təmin еtməlidir. Hal-hazırda krеdit müqaviləsinin şərtlərinə əsasən, Cavabdeh Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə xx.xx.2024-cü il tarixə əsas borcu 266,77 (iki yüz altmış altı manat, yetmiş yeddi qəpik) manat, faiz borcu 30,93 (otuz manat, doxsan üç qəpik) manat, cərimə borcu 40,02 (qırx manat, sıfır iki qəpik) manat olmaqla ümumi borcu 337,72 (üç yüz otuz yeddi manat, yetmiş iki qəpik) manat təşkil edir ki, bu borcun da cavabdeh tərəfindən ödənilməsi təmin edilməlidir. Bоrcun ödənilməsi tələbi ilə cavabdehə dəfələrlə müraciət оlunmasına, onlar tərəfindən məsələnin məhkəmədən kənar qaydada həll еdilməsi üçün mümkün оlan bütün tədbirlərin görülməsinə baхmayaraq, Cavabdeh götürdüyü bоrcun qaytarılması üçün hеç bir təşəbbüs göstərməmişdir. Cavabdehə xx.xx.2023-cü il tarixli, 4826/23 nömrəli pretenziya (xəbərdarlıq) məktubu da göndərilmişdir. Məhkəmə iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin iddia ərizəsini və ona əlavə edilmiş sənədlərini nəzərdən keçirərək belə hesab edir ki, tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılmasına kifayət edir və həmin ərizəyə kiçik iddialara dair icraat qaydasında baxılaraq qətnamə qəbul edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 23 iyun 2022-ci il tarixli, 626-EBD-0681-22 nömrəli müqavilədən görünür ki, iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmış və tərəflər üzərlərinə müqavilədən irəli gələn bir sıra öhdəliklər götürmüşlər. Müqavilənin predmeti adlanan 1-ci bəndinə əsasən bu müqavilə borcverən tərəfindən borcalana kreditin verilməsi və kreditin qaytarılması şərtləri çərçivəsində tərəflərin hüquq və öhdəliklərini tənzimləyir. Bu müqaviləyə əsasən borcverən borcalana X1 tərəfindən satışı həyata keçirilən istehlak malı/malları alması üçün 753 (yeddi yüz əlli üç) manat məbləğində istehlak krediti verməyi öhdəsinə götürür. Kreditin verilməsi “**********874732” nömrəli plastik ödəniş kartına köçürmə yolu ilə həyata keçirilir. Kreditin rəsmiləşdirilməsinə görə ümumi kredit məbləğinin 6% həcmində komissiya haqqı və borcalana təqdim edilən ödəniş kartına görə 5 (beş) manat köçürmə zamanı tutulur. (Borcalanda borcverən tərəfindən daha öncədən təqdim edilmiş aktiv ödəniş kartı mövcud olduqda və kredit öncədən təqdim edilmiş ödəniş kartı hesabına köçürüldükdə 5 (beş) manat tutulmur (tələb olunmur)). Kredit borcalana kreditdən istifadə haqqı illik 34% (annuitet qaydasında) hesablanmaqla 18 ay müddətinə qaytarılmaq şərtilə verilir. Kreditin faktiki illik faiz dərəcəsi 34,03% dir. Bu müqaviləyə əsasən alınmış məişət texnikası (sair)/kondisioner Shivaiki 40- 45 1 (bir) ədəd (bundan sonra girov predmeti) borcverənin xeyrinə girov qoyulur, girov predmeti borcalanda qalır. Borcalan kredit üzrə əsas borcun və hesablanmış faizlərin ödənilməsini bu müqavilədə və müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlində (Əlavə 1) göstərilmiş qaydada həyata keçirilir. Bu müqaviləyə və onun əlavə(lər)sinə uyğun olaraq ödəniş məbləğləri yalnız borcverənin ödəniş cədvəlində göstərilmiş bank hesablarına və ödəniş cədvəlində nəzərdə tutulmuş digər ödəmə vasitələri (ödəniş terminalları, onlayn ödənişlər) ilə ödənilir. Müqavilənin 2.1-ci bəndinə əsasən bu müqaviləyə və onun əlavə(lər)sinə uyğun olaraq ödəniş cədvəlində göstərilmiş bank hesablarına və ödəniş cədvəlində nəzərdə tutulmuş digər ödəmə vasitələrinə (ödəniş terminalları, onlayn ödənişlər) ödəniş məbləğlərini ödəmədikdə/vaxtında ödəmədikdə kreditin vaxtından əvvəl tam ödənilməsini borcalandan tələb etmək borcverənin hüququdur. Müqavilənin 3.1-ci bəndinə görə borcalan bu müqaviləyə və ya onun əlavə(lər)sinə müvafiq olaraq vaxtlı-vaxtında üzərinə götürdüyü öhdəlikləri icra etmədiyi təqdirdə əsas və faiz borcundan əlavə borcverənə ödənilməmiş məbləğin hər günü üçün 1% məbləğində cərimə ödəyir. Müqavilənin 4.1-ci bəndinə görə bu müqavilə tərəflərin onu imzaladığı və ya təsdiq etdiyi andan qüvvəyə minir və tərəflər öz öhdəliklərini tam yerinə yetirənədək qüvvədədir. İş materiallarına əlavə edilmiş 23 iyun 2022-ci il tarixli, 626-EBD-0681-22 nömrəli kredit müqaviləsinə 1 saylı Əlavənin surətindən müəyyən edilir ki, tərəflər kredit müqaviləsi üzrə aylıq ödənişlərin hansı qaydada və məbləğdə ödənilməsinə dair razılığa gələrək həmin qrafiki imzalamışlar. Cavabdeh banka olan əsas borcun, ona hesablanmış faiz borcun və cərimənin ödənilməsi ilə bağlı 03 oktyabr 2023-cü il tarixli, 4826/23 nömrəli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq o, kredit müqaviləsinin şərtlərini yerinə yetirməmişdir. İş materiallarına əlavə olunmuş 23 yanvar 2024-cü il tarixli, N MA-0034016-24 nömrəli maliyyə arayışın surətindən məlum olur ki, BOKT "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 23 iyun 2022-ci il tarixli, 626-EBD-0681-22 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh xx.xx.2024-cü il tarixə 266,77 (iki yüz altmış altı manat, yetmiş yeddi qəpik) manat əsas, 30,93 (otuz manat, doxsan üç qəpik) manat faiz və 40,02 (qırx manat, sıfır iki qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 337,72 (üç yüz otuz yeddi manat, yetmiş iki qəpik) manat məbləğində kredit borcu mövcuddur. İş materiallarına əlavə edilmiş “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində olan məlumata əsasən Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. İddiaçının ərizəsini və ona əlavə edilmiş sənədləri maddi və prosessual qanunvericiliyin tələbləri daxilində tədqiq edən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının tələbi qismən təmin edilməlidir. İlk olaraq iddiaçının tələbinə məhkəmə tələfindən kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxıldığından məhkəmə tərəflərə izah edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə görə işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmənin gəldiyi nəticə ondan ibarətdir ki, iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmişdir və Cavabdeh iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətindən aldığı əşya üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş cərimə pulunu iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilənin öhdəliklərini icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də iddiaçının tələbi əsaslıdır. Cavabdeh müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsinə dair, habelə ona qarşı irəli sürülən iddianı təkzib edən sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd edilmiş hüquq normaları baxımından da qanuni hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. İddiaçı cavabdehə qarşı iddia tələbində 23 iyun 2022-ci il tarixli, 626-EBD-0681-22 nömrəli müqavilə üzrə 266,77 (iki yüz altmış altı manat, yetmiş yeddi qəpik) manat əsas, 30,93 (otuz manat, doxsan üç qəpik) manat faiz və 40,02 (qırx manat, sıfır iki qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 337,72 (üç yüz otuz yeddi manat, yetmiş iki qəpik) manat tələb etmişdir. Məhkəmə iddia tələbinin 23 iyun 2022-ci il tarixli, 626-EBD-0681-22 nömrəli müqavilə üzrə 40,02 (qırx manat, sıfır iki qəpik) manat məbləğində cərimə (dəbbə) pulun tutulması hissəsi üzrə qeyd edir ki, həmin tələb qismən təmin edilməli və cərimə məbləği azaldılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair” 09 iyul 2009-cu il tarixli qərarında göstərilir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalət tarazlığına riayət olunmalıdır. İstinad edilən maddi hüquq normalarının tələbləri baxımından məhkəmə hesab edir ki, əsas fəaliyyəti kreditlər təqdim etməklə bu kreditlərin faizləri hesabına gəlir əldə edilməsi olan kredit münasibətlərində dəbbə pulu gəlir kimi çıxış edə bilməz. Belə ki, dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təminatı vasitəsidir, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Əks halda, bu öhdəliklərin icrası üçün nəzərdə tutulan tədbirlərin mahiyyətinə zidd olardı. Ona görə də məhkəmə 23 iyun 2022-ci il tarixli, 626- EBD-0681-22 nömrəli müqavilə üzrə 40,02 (qırx manat, sıfır iki qəpik) manat məbləğində cərimənin (dəbbənin) azaldılaraq, 14 (on dörd) manat müəyyən edilməsini qanuni, əsaslı və ədalətli olmaqla, həm də iddiaçının əmlak mənafelərinə, həmçinin cavabdehin maddi, əmlak vəziyyətinə uyğun hesab edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, məhkəmə hesab edir ki, kiçik iddia qismən təmin edilərək, Cavabdeh 23 iyun 2022-ci il tarixli, 626-EBD-0681-22 nömrəli nömrəli müqavilə üzrə 266,77 (iki yüz altmış altı manat, yetmiş yeddi qəpik) manat əsas, 30,93 (otuz manat, doxsan üç qəpik) manat faiz və 14 (on dörd) manat cərimə borcu olmaqla, ümumilikdə 311,7 (üç yüz on bir manat, yetmiş qəpik) manat məbləğində borc tutularaq iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş 30,4 (otuz manat, qırx qəpik) manat miqdarında dövlət rüsumunun iddia tələbinin təmin olmuş hissəsinə mütənasib olaraq 28 (iyirmi səkkiz) manat hissəsi Cavabdeh alınaraq iddiaçıya qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-6, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 23 iyun 2022-ci il tarixli, 626-EBD-0681-22 nömrəli nömrəli müqavilə üzrə 266,77 (iki yüz altmış altı manat, yetmiş yeddi qəpik) manat əsas, 30,93 (otuz manat, doxsan üç qəpik) manat faiz və 14 (on dörd) manat cərimə borcu olmaqla, ümumilikdə 311,7 (üç yüz on bir manat, yetmiş qəpik) manat məbləğində borc tutularaq iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş 30,4 (otuz manat, qırx qəpik) manat miqdarında dövlət rüsumunun iddia tələbinin təmin olmuş hissəsinə mütənasib olaraq 28 (iyirmi səkkiz) manat hissəsi Cavabdeh alınaraq iddiaçıya qaytarılsın. İddia tələbi qalmış hissədə təmin edilməsin. Qətnamədən, o, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron qaydada) Şahbuz Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar