Azərbaycan Respublikası adından QƏTNAMƏ Şahbuz şəhəri İş № e-2(090)-79/2024 16.05.2024 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Hakim Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X3 iclas katibliyi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, iddiaçı "xxxx" Qeyri-Bank Kredit Təşkilatı X2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki işə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" Qeyri-Bank Kredit Təşkilatı X5 iddia ərizəsi ilə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək, iddianın təmin edilməsini, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 5.660 (beş min altı yüz altmış) manat, faiz borcuna görə 1.453,75 (bir min dörd yüz əlli üç manat, yetmiş beş qəpik) manat, cərimə borcuna görə 404,78 (dörd yüz dörd manat, yetmiş səkkiz qəpik) manat, cəmi 7.518,53 (yeddi min beş yüz on səkkiz manat, əlli üç qəpik) manat məbləğində borcun və 95,19 (doxsan beş manat, on doqquz qəpik) manat məbləğində dövlət rüsumunun "xxxx" Qeyri- Bank Kredit Təşkilatı X2 xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" Qeyri-Bank Kredit Təşkilatı X5 iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" MMM QBKT ilə Cavabdeh1 arasında bağlanmış 08 iyun 2023-cü il tarixli, **********1458 saylı kredit müqaviləsinə əsasən borcluya ailə-kəndli təsərrüfatının yaradılması və (və ya) genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 29.00% faiz dərəcəsi olmaqla 24 ay müddətinə 6.500 (altı min beş yüz) manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 362 manat olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Kredit məbləği kredit alana nağdsız qaydada, yəni balansında verilmiş kredit məbləği həcmində pul vəsaiti olan, üzərində “Fincard” adı qeyd edilmiş, kredit kartında təqdim edilir. Həmçinin, kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq eyni tarixli, **********1***-******* saylı zaminlik müqaviləsi ilə Cavabdeh2 zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olmuşdur. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin, cavabdeh, Cavabdeh1 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Beləliklə, xx.xx.2024-cü il tarixinə olan maliyyə arayışına əsasən Cavabdeh1 əsas borc üzrə 5.660 (beş min altı yüz altmış) manat, faiz borcuna görə 1.453,75 (bir min dörd yüz əlli üç manat, yetmiş beş qəpik) manat, cərimə borcuna görə 404,78 (dörd yüz dörd manat, yetmiş səkkiz qəpik) manat, cəmi 7.518,53 (yeddi min beş yüz on səkkiz manat, əlli üç qəpik) manat təşkil edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında iddianı qəbul etdiyini, həqiqətəndə onunla "xxxx" Qeyri-Bank Kredit Təşkilatı X5 arasında 08 iyun 2023-cü il tarixdə kredit müqaviləsinin bağlandığını, müqaviləyə əsasən ona 24 ay müddətinə 6.500 (altı min beş yüz) manat məbləğində illik 29.00% faiz dərəcəsi ilə kredit verildiyini, həmin krediti ödəyə bilmədiyini bildirərək, məhkəmədən ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında iddianı qəbul etdiyini, Cavabdeh1 "xxxx" Qeyri-Bank Kredit Təşkilatı X1 24 ay müddətinə 6.500 (altı min beş yüz) manat məbləğində illik 29.00% faiz dərəcəsi ilə kredit götürdüyünü, həmin kreditin təminatı kimi onunla "xxxx" Qeyri-Bank Kredit Təşkilatı X5 arasında xx.xx.2023-cü il tarixli zaminlik müqaviləsinin bağlandığını, məhkəmədən ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçı təşkilatın ərizəsini, cavabdehlərin izahatlarını dinləyib, eyni zamanda iş üzrə toplanmış materialları nəzərdən keçirib, sübutlara əlaqəli şəkildə qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində qeyd olunur ki, hər kəsin hüquq və azadıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1 və 4.2-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 08 iyun 2023-cü il tarixli, **********1458 nömrəli kredit müqaviləsindən aydın olur ki, həqiqətən iddiaçı "xxxx" Qeyri-Bank Kredit Təşkilatı X5 ilə Cavabdeh1 arasında qeyd olunan kredit müqaviləsi bağlanmış və tərəflər üzərlərinə müqavilədən irəli gələn bir sıra öhdəliklər götürmüşlər. Həmin Müqavilənin 1.1-1.3-cü bəndlərinə görə bu müqaviləyə əsasən, kredit verən kredit alana sonuncunun ailə-kəndli təsərrüfatının yaradılması və (və ya) genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması üçün 24 ay müddətinə 6.500 (altı min beş yüz) manat məbləğində pul vəsaitini (bundan sonra “kredit”) verməyi, kredit alan isə verilmiş krediti, o cümlədən kredit üzərində hesablanan faizləri və digər ödənişləri, vaxtında kredit verənə ödəməklə öz öhdəliyini tam şəkildə yerinə yetirməyi öz öhdəsinə götürür. Kredit üzərində 29.00 % illik faiz (bundan sonra “Nominal Faiz”) hesablanacaqdır. Kreditin verilməsinə görə kredit alan kredit verənə kreditin məbləğinin 3.3 %-i miqdarında komissiya ödəyir. Kredit alan tərəfindən bu məbləğin nağd şəkildə ödənilməsi baş vermədikdə, kredit alan kredit verənə müqavilənin bu bəndində nəzərdə tutulmuş kredit məbləğindən komissiyanı tutmasını həvalə və etibar edir. Həmin Müqavilənin 4.1-ci bəndinə əsasən kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi dövriliyi və qaydası tərəflər arasında yazılı formada razılaşdırılmış və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəli ilə müəyyən edilir. Həmin Müqavilənin 5.1-ci bəndinə görə kredit alan kreditin ödənilməsi üzrə öhdəliyi vaxtlı-vaxtında yerinə yetirmədiyi və ödəniş cədvəlində göstərilən kreditdən istifadəyə görə faizləri və kreditin əsas məbləğini ödəmədiyi təqdirdə, kredit alan kredit verənin xeyrinə gecikdirilmiş əsas məbləğin 1%-i məbləğində dəbbə pulunu (cəriməni) təqvim üzrə hər yubanma günü üçün ödəməyə borcludur. Həmin Müqavilənin 6.1-ci bəndinə əsasən kreditin qaytarılmasında yubanmanın mövcud olması, o cümlədən, ödəniş cədvəlinə müvafiq olaraq faizlərin və cərimə sanksiyalarının ödənilməsinin 3 (üç) iş günündən çox yubanması və yaxud öhdəliklərin yerinə yetirilməməsi və ya qismən yerinə yetirilməsi və ya kreditin geri ödənişini şübhə altına qoyan digər şəraitin yaranması zamanı kredit verən tam şəkildə kreditin, faiz borcunun və digər ödənişlərin vaxtından əvvəl ödənilməsini tələb etmək hüququna malikdir. Həmin Müqavilənin 6.2-ci bəndinə görə kredit verən tərəfindən kreditin vaxtından əvvəl ödənilməsi haqqında tələbin verilməsindən sonra kredit alan 10 (on) iş günü ərzində krediti və (və yaxud) ona aid digər ödənişləri ödəmədikdə, kredit verən məhkəmə orqanlarına müraciət edəcəkdir. Lakin bu tələbin kredit alana təqdim edilməməsi kredit verənin dərhal və birbaşa məhkəməyə müraciət etmək hüququnu heç bir halda məhdudlaşdıra bilməz. Müqavilənin bu müddəası heç bir halda tərəflər arasında məhkəməyəqədər mübahisələrin həlli qaydasının razılaşdırılması kimi təfsir edilə bilməz. Həmin Müqavilənin 7.1-ci bəndinə əsasən bu müqavilə tərəflər tərəfindən imzalandığı andan qüvvəyə minərək, kredit alanın krediti, hesablanmış faizləri və digər bu müqavilə üzrə nəzərdə tutulan ödənişləri tam surətdə ödəyib qurtaranadək qüvvədə olacaqdır. Həmin Müqavilənin 8-ci bəndinə əsasən "xxxx" Qeyri-Bank Kredit Təşkilatı X5 Cavabdeh1 ödəniş cədvəli üzrə 24 ay müddətinə və illik 29.00% hesablanması şərti ilə 214,5 (iki yüz on dörd manat, əlli qəpik) manat komissiya xərci tutulmaqla, 6.285,5 (altı min iki yüz səksən beş manat, əlli qəpik) manat məbləğində kredit verir və Cavabdeh1 08 iyul 2023-cü il tarixdən başlamaqla "xxxx" Qeyri-Bank Kredit Təşkilatı X4 08 may 2025-ci il tarixədək hər ay 362 (üç yüz altmış iki) manat və sonuncu ay isə, yəni 2025-ci ilin iyun ayının 08-dək 352 (üç yüz əlli iki) manat ödəməyi öhdəsinə götürüb. İş materiallarına əlavə olunmuş 08 iyun 2023-cü il tarixli, **********402921 nömrəli “Fincard kreditvermə” qəbzinin surətindən məlum olur ki, iş üzrə Cavabdeh1 214,5 (iki yüz on dörd manat, əlli qəpik) manat komisyon haqqı tutulmaqla, 6.285,5 (altı min iki yüz səksən beş manat, əlli qəpik) manat məbləğində pulu iddiaçı təşkilatdan həmin tarixdə təhvil alaraq bu barədə müvafiq imza etmişdir. İş materiallarına əlavə olunmuş 08 iyun 2023-cü il tarixli kredit kartının mədaxil (qəbul) aktının surətindən görünür ki, kredit alan təsdiq edir ki, kredit məbləği nağdsız qaydada yəni balansında verilmiş kredit məbləği həcmində pul vəsaiti olan, üzərində “Fincard” adı qeyd edilmiş, **********402921 saylı kredit kartında ona təqdim edilmişdir. Kredit alan təsdiq edir ki, **********402921 saylı kredit kartı açıq formada, həmin karta məxsus olan və həmin kartda olan pul vəsaitinin nağdlaşdırılması, eləcədə həmin kart vasitəsi ilə digər əməliyyatların aparılması üçün tələb edilən PİN kod isə xüsusi möhürlənmiş bağlı zərfdə ona təqdim edilmiş və onun tərəfindən təhvil alınmışdır. İş materiallarına əlavə olunmuş sənədlərdən aydın olur ki, "xxxx" Qeyri-Bank Kredit Təşkilatı X5 ilə Cavabdeh2 arasında **********1***-******* nömrəli zaminlik müqaviləsi imzalamışlar. Qeyd edilən Zaminlik Müqaviləsinin 1.1-ci bəndinə əsasən zamin (Cavabdeh2) 08 iyun 2023-cü il tarixli, **********1458 nömrəli kredit müqaviləsinə əsasən (“kredit müqaviləsi”), həmin müqavilə üzrə kredit alan olan Cavabdeh1 (“kredit alan”) tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda, əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Kredit Müqaviləsinə əsasən kredit alan 24 ay müddətində 6.500 (altı min beş yüz) manat məbləğində pul vəsaitini illik 29.00 faiz dərəcəsi ilə kredit verənə qaytarmağı öz öhdəsinə götürmüşdür; - zaminlik müqaviləsinin 1.2-ci bəndinə əsasən zamin bu müqavilənin 1.1-ci bəndində nəzərdə tutulan öhdəliyini kredit alanın kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi barədə kredit verən tərəfindən göndərilən və ya təqdim edilən xəbərdarlığı aldıqdan 3 (üç) gün sonra icra etməyə borcludur; - zaminlik müqaviləsinin 1.5-ci bəndinə əsasən zamin bu müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyi və ya tam şəkildə yerinə yetirdiyi təqdirdə, kredit verənə öz tələblərini zaminin əmlakına yönəldə bilər; - zaminlik müqaviləsinin 1.6-cı bəndinə əsasən zamin bu müqavilə üzrə üzərinə düşən bütün öhdəlikləri tam şəkildə yerinə yetirdikdən sonra, ödədiyi bütöv məbləği öhdəlik kreditoru kimi kredit alandan tələb etmək hüququnu qazanır. Lakin bu hüquq heç bir halda zaminin kredit verən qarşısında olan öhdəliklərinin icrasına təsir etməməlidir; - zaminlik müqaviləsinin 2.1-cı bəndinə əsasən tərəflər razılaşırlar ki, kredit alan öz öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin və kredit alan, kredit verən qarşısında birgə məsuliyyət daşıyırlar. Kredit verənin hüququ var ki, öhdəlik üzrə hər bir borclunu, həm kredit alan, həm zamini ayrıca olaraq öhdəliyə görə tam məsuliyyət daşımağa məcbur etsin. Kredit verənin seçimi heç bir halda mübahisə predmeti ola bilməz; - zaminlik müqaviləsinin 2.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə və nümayəndəlik xərclərinin və kredit alanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kredit verənə dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kredit verən qarşısında kredit alan ilə eyni həcmdə məsuliyyət daşıyır; - zaminlik müqaviləsinin 3.1-cı bəndinə əsasən bu müqavilə kredit verənin tələblərinin tam şəkildə ödənildiyi vaxta qədər qüvvədə olacaq; - zaminlik müqaviləsinin 3.6-cı bəndinə əsasən bu müqavilə tərəflər arasında zaminlik münasibətlərini tam şəkildə əhatə edir və tərəflərin qarşılıqlı hüquq və vəzifələri yalnız bu müqavilə və qanunvericiliyin müvafiq müddəaları ilə tənzimlənir. Bu müqaviləyə daxil edilməyən hər hansı yazılı və ya şifahi razılaşmanın heç bir hüquqi əhəmiyyəti yoxdur. Bu müqaviləyə əlavə və dəyişiklər yalnız hər iki tərəf tərəfindən imzalandıqdan sonra qüvvəyə minir. İş materiallarına əlavə olunmuş 15 fevral 2024-cü il tarixli maliyyə arayışından məlum olur ki, Cavabdeh1 banka 5.660 (beş min altı yüz altmış) manat əsas, 1.453,75 (bir min dörd yüz əlli üç manat, yetmiş beş qəpik) manat faiz və 404,78 (dörd yüz dörd manat, yetmiş səkkiz qəpik) manat cərimə borcu olmaqla, cəmi 7.518,53 (yeddi min beş yüz on səkkiz manat, əlli üç qəpik) manat məbləğində borcu mövcuddur. İş materiallarına əlavə edilmiş “Elektron Məhkəmə” İnformasiya Sistemində olan məlumata əsasən, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Şahbuz rayonu, Badamlı qəsəbəsində qeydiyyatdadırlar. İşin faktiki halları yuxarıda tədqiq edilən sənədlərə əsasən müəyyən edilmiş hallardan ibarətdir. İşin hüquqi halları baxımından məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır; 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 449.4-cü maddəsində göstərilir ki, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Məhkəmə qeyd edilən maddi hüquq normalarını hazırki münasibətlərə tətbiq edərək hesab edir ki, tərəflər arasında kredit müqaviləsi əsasında öhdəlik münasibətləri yaranmışdır. Öhdəliyin mahiyyəti isə ondan ibarətdir ki, kredit müqaviləsində müəyyən edilmiş məbləği iddiaçı cavabdehlərin sərəncamına vermək öhdəliyini götürmüş, iddiaçı təşkilat müqavilə ilə götürmüş olduğu öhdəliyi lazımınca və vaxtında icra etmiş, cavabdehlər isə iddiaçının müqavilə üzrə götürmüş olduğu öhdəliyə münasibətdə üzərilərinə götürmüş olduqları öhdəliyi lazımınca icra etməməmişlər. Belə ki, iddiaçı əsas borcluya faizlə vermiş olduğu kredit müqaviləsi üzrə öhdəliyi lazımınca icra etməsinə və müəyyən edilmiş məbləği Cavabdeh1 verməklə kredit müqaviləsi üzrə öhdəliyi yerinə yetirməsinə baxmayaraq, cavabdehlər kredit və zaminlik müqavilələri üzrə öhdəliyi lazımınca icra etməmiş və buna görə də cavabdehlər kredit və zaminlik müqavilələri üzrə götürmüş olduqları öhdəliyi tam icra etmədiklərinə görə müvafiq məsuliyyətləri yaranmışdır. İddiaçı cavabdehlərə qarşı iddia tələbində müqavilə şərtlərinə uyğun olaraq 5.660 (beş min altı yüz altmış) manat əsas, 1.453,75 (bir min dörd yüz əlli üç manat, yetmiş beş qəpik) manat faiz və 404,78 (dörd yüz dörd manat, yetmiş səkkiz qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 7.518,53 (yeddi min beş yüz on səkkiz manat, əlli üç qəpik) manat tələb etmişdir. Məhkəmə iddia tələbinin 08 iyun 2023-cü il tarixli, **********1458 nömrəli kredit müqaviləsi üzrə 404,78 (dörd yüz dörd manat, yetmiş səkkiz qəpik) manat məbləğində cərimə (dəbbə) pulun tutulması hissəsi üzrə qeyd edir ki, həmin tələb qismən təmin edilməli və cərimə məbləği azaldılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair” 09 iyul 2009-cu il tarixli qərarında göstərilir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalət tarazlığına riayət olunmalıdır. İstinad edilən maddi hüquq normalarının tələbləri baxımından məhkəmə hesab edir ki, əsas fəaliyyəti kreditlər təqdim etməklə bu kreditlərin faizləri hesabına gəlir əldə edilməsi olan kredit münasibətlərində dəbbə pulu gəlir kimi çıxış edə bilməz. Belə ki, dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təminatı vasitəsidir, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Əks halda, bu öhdəliklərin icrası üçün nəzərdə tutulan tədbirlərin mahiyyətinə zidd olardı. Ona görə də məhkəmə 08 iyun 2023-cü il tarixli, **********1458 nömrəli kredit müqaviləsi üzrə 404,78 (dörd yüz dörd manat, yetmiş səkkiz qəpik) manat məbləğində cərimənin (dəbbənin) azaldılaraq, 283 (iki yüz səksən üç) manat müəyyən edilməsini qanuni, əsaslı və ədalətli olmaqla, həm də iddiaçının əmlak mənafelərinə, həmçinin cavabdehin maddi, əmlak vəziyyətinə uyğun hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 470.2-ci maddəsinə əsasən zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 5.660 (beş min altı yüz altmış) manat əsas, 1.453,75 (bir min dörd yüz əlli üç manat, yetmiş beş qəpik) manat faiz və 283 (iki yüz səksən üç) manat cərimə borcu olmaqla, ümumilikdə 7.396,75 (yeddi min üç yüz doxsan altı manat, yetmiş beş qəpik) manat məbləğində kredit borcu tutularaq iddiaçı "xxxx" Qeyri- Bank Kredit Təşkilatı X2 xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı tərəf öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmişdir. Həmin Məcəllənin 217.3-cü mаddəsinin tələbinə görə qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq, iddiaçı "xxxx" Qeyri-Bank Kredit Təşkilatı X5 tərəfindən ödənilmiş 95,19 (doxsan beş manat, on doqquz qəpik) manat miqdarında dövlət rüsumunun iddia tələbinin təmin olmuş hissəsinə mütənasib olaraq 93,6 (doxsan üç manat, altmış qəpik) manat hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq iddiaçı təşkilata qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 5.660 (beş min altı yüz altmış) manat əsas, 1.453,75 (bir min dörd yüz əlli üç manat, yetmiş beş qəpik) manat faiz və 283 (iki yüz səksən üç) manat cərimə borcu olmaqla, ümumilikdə 7.396,75 (yeddi min üç yüz doxsan altı manat, yetmiş beş qəpik) manat məbləğində kredit borcu tutularaq iddiaçı "xxxx" Qeyri-Bank Kredit Təşkilatı X2 xeyrinə ödənilsin. İddiaçı "xxxx" Qeyri-Bank Kredit Təşkilatı X5 tərəfindən ödənilmiş 95,19 (doxsan beş manat, on doqquz qəpik) manat miqdarında dövlət rüsumunun iddia tələbinin təmin olmuş hissəsinə mütənasib olaraq 93,6 (doxsan üç manat, altmış qəpik) manat hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq iddiaçı təşkilata qaytarılsın. İddia tələbi qalmış hissədə təmin edilməsin. Qətnamədən o, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron qaydada) Şahbuz Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.
Məhkəmə qərarları › İş №e-2(090)-79/2024
Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(090)-79/2024
16.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver