Məhkəmə qərarları › İş №e-2(090)-88/2024

Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(090)-88/2024

22.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şahbuz şəhəri İş № e-2(090)-88/2024 22.08.2024 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Hakim Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki işə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh İddiaçı ASC-nin xeyrinə 24 avqust 2022-ci il tarixli kredit müqaviləsi üzrə 1925.65 manat əsas borc, 57.62 manat faiz borcu və 3.45 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 1986.72 manat borcun və 39.87 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iddia ərizəsində göstərmişdir ki, Cavabdeh 24 avqust 2022-cü il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən illik 17 faizlə 36 ay müddətinə 3000 manat kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 01 mart 2024-dək Cavabdeh banka 24 avqust 2022-cü il tarixli kredit müqaviləsi üzrə 1925.65 manat əsas borc, 57.62 manat faiz borcu və 6.89 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 1990.16 manat borcu vardır. Cavabdeh 24 avqust 2022 il tarixli kredit müqaviləsi üzrə banka olan cərimə borcu 6.89 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50%-ı miqdarında olmaqla, yəni 3.445 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. İddiaçı təşkilata məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş, lakin İddiaçı ASC-nin nümayəndəsi «Elektron Məhkəmə» sistemi vasitəsi ilə 21 avqust 2024-cü il tarixdə ərizə ilə müraciət edərək İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə məhkəmə baxış iclası 22 avqust 2024-cü il tarixə saat 11:00-a təyin edildiyini, iş həcminin çoxluğunu nəzərə alaraq məhkəmə baxış iclasının iştirakları olmadan keçirilərək, iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Bunu nəzərə alan məhkəmə işə iddiaçı təşkilatın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə iş üzrə Cavabdeh qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada dəfələrlə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinin məzmununa görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə... məhkəmə işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh elektron kabinet vasitəsilə məhkəməyə etiraz ünvanlayaraq bildirmişdir ki, İddiaçı ASC tərəfindən mənə qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə Şahbuz rayon məhkəməsinə müraciət edərək tərəflər arasında bağlanmış 24 avqust 2022-ci il tarixli kredit müqaviləsi üzrə 1925,65 manat məbləğində əsas borcun, 57,62 manat faiz borcunun və 3,45 manat məbləğində cərimə borcunun, ümumilikdə 1986,72 manat məbləğində borcun və 39,87 manat dövlət rüsumunun ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddiaçı ASC-nin tələbi əsassız olduğundan, iş üzrə sadələşdirilmiş icraat qaydasında olan ərizənin geri qaytarılması, tələbin sadələşdirilmiş qaydada baxıldığı halda, iddia icraatına keçirilməsi və baxılmasını xahiş edirəm. Məhkəmənin nəzərinə çatdırmaq istəyirəm ki, İddiaçı ASC ilə bağlanmış kredit müqaviləsinə əsasən bankdan götürülmüş 3000,00 manat məbləğində kreditin 36 ay müddətindən faizlə, ayda 106,00 manat olmaqla ödənilməsi barədə razılaşma əldə edilmiş və razılaşmanın şərtlərinə əsasən ödənişlər həyata keçirilmişdir. Ödənişlər tərəfimdən elektron qaydada ödənilməklə bir çox hallarda ödəmələrin hesaba mədaxil olunmasında çətinliklər yaranmışdır. Üzürlü səbəblərə görə ödəmələrdə qısa müddətli gecikdirmə olsa da, bu hallar tərəflər arasında bağlanmış müqavilə üzrə öhdəliyə xitam verilməsi üçün əsaslı səbəb hesab edilə bilməz. Bildirmək istəyirəm ki, hazırki dövrə kimi aylıq borc məbləği tərəfimdən ödənilsə də, bank həmin ödəməni nəzərə almır və borcun bütünlüklə ödənilməsini tələb edir. Bu hal isə müqavilə öhdəliyi üzrə tərəflərdən birinin digər tərəfə münasibətdə ağır vəziyyətə düşməsinə səbəb olur. Məhkəmənin diqqətinə çatdırmaq istəyirəm ki, İddiaçı ASC məhkəməyə müraciət edərkən, mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına dair riayət edilməsinə dair müraciət etməmiş, ümumiyyətlə bank tərəfindən pretenziya məktubu mənə təqdim edilməmişdir. Bu barədə yalnız məhkəmə tərəfindən sadələşdirilmiş icraat qaydasında mübahisə ilə bağlı mənə bildiriş göndərildikdən sonra məlumatım olmuşdur. Həmçinin bildirmək istəyirəm ki, məhkəməyə daxil olmuş sənədlərdə xəbərdarlıq məktubunun göndərilməsinə dair sənəd əlavə edilsə də, həmin məktubun alınmasına dair hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üzrə qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına dair sənəd təqdim etmədikdə məhkəmə tərəfindən iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə qərardad qəbul edilməsini nəzərdə tutur. İddiaçı ASC-nin nümayəndəsinin məhkəməyə təqdim edilmiş ərizəsində cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehin borcu ödəməkdən imtina etməsi, boyun qaçırdığı qənaətinə gəlmişdir. Ümumiyyətlə bank tərəfindən mənə ödəmə ilə bağlı hər hansı danışıqlar aparılmamış, xəbərdarlıq məktubu göndərilməmiş, məhkəmədən mənə bildiriş göndərildikdən sonra bankla əlaqə saxlayaraq məsələni aydınlaşdırmağa cəhd etsəm də, bankın hüquqşünası tərəfindən artıq işin məhkəməyə göndərildiyini və məsələnin məhkəmə qaydasında baxılmalı olduğunu bildirmişdir. Həmçinin məhkəmənin diqqətinə çatdırmaq istəyirəm ki, iddiaçı tərəfin məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli razılaşmada borcun gecikdirildiyi halda müqaviləyə xitam verilməsi və yaxud borcun tam olaraq ödənilməsi nəzərdə tutulmamışdır. Məhkəməyə təqdim edilən qəbzlərlə müəyyən edilir ki, 2022-2023-cü il tarixlərdə banka ödənişlər edilsə də, bank tərəfindən tam olaraq nəzərə alınmamış, sonrakı ödəmələrin isə bank tərəfindən hesabım blok edilməsi ilə bağlı mümkün olmamışdır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmədən xahiş edirəm: İddiaçı ASC tərəfindən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizənin geri qaytarılması barədə qərardad qəbul edilməsini, məhkəmə tərəfindən mübahisənin sadələşdirilmiş qaydada həll edilməsi qərara alındığı halda, iddia icraatına keçirilməsi barədə qərardad qəbul edilməklə araşdırılmanın aparılması təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə cavabdehin iddiaya etiraz ərizəsində göstərilənlər ilə əlaqədar araşdırılması və tərəflərin izahatlarının alınması zərurəti yarandığından Şahbuz Rayon Məhkəməsinin 27 mart 2024-cü il tarixli, e-2(090)-88/2024 nömrəli qərardada əsasən mülki iş sadələşdirilmiş icraatdan iddia icraatına keçirilmişdir. Mülki iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilərək Cavabdeh ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2022-ci il tarixli, Bank Xidmətlərinin Göstərilməsi üzrə Standart şərtlərə Əlavə №1 kredit müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixinə borc mövcuddurmu? Cavabdeh ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2022-ci il tarixli, Bank Xidmətlərinin Göstərilməsi üzrə Standart şərtlərə Əlavə №1 kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə borc mövcud olduğu halda, həmin borcun məbləği (əsas borc, faiz və cərimə ayrı-ayrılıqda göstərilməklə) nə qədərdir? Sualları qoyulmuşdur. Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 02 avqust 2024-cü il tarixli, 746 nömrəli ekspert rəyi və ona əlavə edilmiş sənədlər 07 avqust 2024-cü il tarixdə məhkəməyə daxil olmuş, Şahbuz Rayon Məhkəməsinin 07 avqust 2024-cü il tarixli, e-2(090)-88/2024 nömrəli qərardadı ilə mülki iş üzrə icraat təzələnmişdir. Sözügedən ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, təqdim olunmuş maliyyə arayışı, hesabdan çıxarış məlumatları və xx.xx.2022-ci il tarixli. Bank Xidmətlərinin Göstərilməsi üzrə Standart şərtlərə Əlavə № 1 nömrəli kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh, İddiaçı ASC-nə xx.xx.2024-ci il tarixlə (maliyyə arayışında göstərilən tarixə) əsas borc 1182.87 (bir min yüz səksən iki manat, səksən yeddi qəpik) manat, faiz borcu 8,83 (səkkiz manat, səksən üç qəpik) manat təşkil edir. İş materiallarında olan Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, Bank Xidmətlərinin Göstərilməsi üzrə Standart şərtlərə Əlavə №1 nömrəli müqaviləyə əsasən kredit müqaviləsi üzrə cərimə pulu bəndi nəzərdə tutulmuş və cərimə üzrə silinmələr aparılmışdır, lakin kredit üzrə ödəniş cədvəli olmadığından və göstərilən cərimə məbləğlərinin hansı qaydada hesablanması göstərilmədiyindən hazırkı tədqiqatla Cavabdeh oğluna cərimə hesablanmır. Məhkəmə ekspertin rəyini iş materialları ilə birlikdə hərtərəfli tədqiq edərək hərtərəfli araşdırmanın nəticəsi hesab edir və borcun miqdarına münasibətdə sübut kimi nəzərə alır. Məhkəmə iş üzrə toplanmış materialları nəzərdən keçirib, sübutlara əlaqəli şəkildə qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1 və 4.2-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi, həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən, iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. İş materiallarında olan 24 avqust 2022-ci il tarixli razılaşmaya əsasən tərəflər aşağıdakı şərtlər üzrə müqaviləni bağlamışlar: - Cavabdeh - Cavabdeh bu razılaşmanı imzalamaqla "xxxx" ASC-nin (Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 25 fevral 1994-cü İİ tarixdə, 203 saylı lisenziyaların mərəzi reyestrinə daxil edilmiş, Azərbaycan Respublikasının qanunvericiliyi və öz Nizamnaməsi əsasında fəaliyyət göstərən) İdarə Heyətinin qərarı ilə təsdiqlənmiş və Bankın internet Səhifəsini (https://www.yelo.az/) yerləşdirilmiş Bank Xidmətlərinin Göstərilməsi üzrə Standart Şərtləri oxuduğunu, sənədin bütün müddəaları və tələbi ilə razı olduğunu və bu Razılaşmanın imzalanması nəticəsində həmin Standart Şərtlərin gələcəkdə özü ilə Bank arasında yaranacaq münasibətlərə şamil edilməsinə etiraz etmədiyini təsdiq etmişdir. - özünün gələcəkdə Bankın hər-hansı bir xidmətindən istifadə etməzdən öncə yuxarıda 1-ci bənddə qeyd edilmiş X4 mövcud olan Standart Şərtlərlə ilə təxirə salınmadan tanış olmaqla öz mülahizəsinə uyğun olaraq Bankın yerli struktur bölməsinə fiziki olaraq yaxınlaşmaqla və ya müstəqil peşəkar hüquqi yardım almaqla xidmətlərdən istifadə edəcəyəni bildirmişdir; - Bankda açılmış hesablardan və ya Bankın təklif etdiyi məhsulları və xidmətlərdən istifadə etdiyi halda, bu, onun tərəfindən Standart Şərtlərin (ona edilmiş əlavə və dəyişikliklərlə birlikdə) tələb və müddəalarının qəbul edilməsi (razılaşması) faktı kimi qəbul edilməli olduğunu bəyan və təsdiq edir; - Bank hesabının açılmasına dair Razılaşma (Əlavə №2) №808-Y-1-1-1411- 22 əsasən cari növlü, AZN valyutalı, AZ07NİCB**********0001A41010 nömrəli hesabın açıldığı müəyyən edilir; - Nağd kredit verilməsinə dair Razılaşma (Əlavə №5) №808-Y-1-1-1411-22 əsasən istehlak məqsədilə 36 ay müddətinə, illik 17 % dərəcəsi ilə (FİFD 17.723%), cərimə miqdarı illik 180%, annuitet, aylıq ödəniş məbləği hər ayın 24-ü 106.96 AZN olmaqla 3000 (üç min) manat məbləğində kredit verilmişdir; - Ödəniş kartının emissiyası və verilməsinə dair Razılaşma (Əlavə №6) №808-Y-l-l-1411-22 VİSA CLASSİC CREDİT YELO ONLİNE növlü, 36 ay müddətli, AZN valyutalı kart verilmişdir. Cavabdeh banka olan əsas borcun və ona hesablanmış faiz borcunun ödənilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli, KBD924 nömrəli xəbərdarlıq məktubunda göndərilmişdir ki, Yelo Bank ASC ilə Cavabdeh (sonradan kredit müqaviləsinə uyğun Borcalan) arasında bağlanan xx.xx.2022-cü il tarixli, 808-Y-1- 1-1411-22 saylı kredit müqaviləsinə əsasən Borc alana 3000 AZN manatı məbləğində illik 17% olmaqla 36 ay müddətinə kredit pul vəsaiti verilmişdir. Müqaviləyə əsasən borcalan Bankdan kredit üzrə aldığı vəsaiti tərtib edilmiş ödəniş cədvəlinə əsasən ödəməlidir. Borcalan müqavilənin şərtlərini pozaraq Yelo Bank ASC-yə olan əsas və faiz borcunun ödənilməsinin təmin etməmiş, ödəmə müddətlərini müxtəlif vaxtlarda pozmuşdur. Kredit müqaviləsinin şərtlərinə əsasən bu müqavilənin müddəaları Borcalan tərəfindən yerinə yetirilmədikdə Kreditor kredit müqaviləsinə vaxtından əvvəl xitam verə bilər və verdiyi kredit məbləğini bu müddətə qədər hesablanmış faizlərlə birlikdə qaytarılmasını Borcalandan tələb edə bilər. Sizdən borcunuzu xəbərdarlıq məktubunu aldığınız vaxtdan etibarən 5 gün müddətində X8 tam ödəməyiniz tələb olunur. Borc məbləği könüllü şəkildə ödənilmədiyi təqdirdə tərəfimizdən borc məbləğinin borcludan məhkəmə qaydasında tutulması üçün tədbirlər görülərək Sizin digər daşınar və daşınmaz əmlaklarınıza yönəldilərək həmin əmlaklar satılacaq. Notariusun icra qeydi qaydasında notariat kontoruna və ya məhkəməyə müraciət olunduğu zaman qeyd olunan məbləğlərlə yanaşı müqavilə öhdəliyinizin vaxtında icra olunmaması ilə bağlı kredit müqaviləsinə əsasən, kredit üzrə hesablanmış faizlərin, dəbbə pulunun və kredit müqaviləsinin bitdiyi tarixdən bu günədək gecikdiriimiş vaxt üçün illik 5 %lə hesablanmış əldən çıxmış faydanın ödənilməsi də tələb olunacaqdır. İş materiallarına əlavə edilmiş «Elektron Məhkəmə» İnformasiya Sistemində olan məlumata əsasən cavabdeh Əliyev X3 rayonu, Şahbuz şəhəri, Bakı küçəsi, ev 12 ünvanında qeydiyyatdadır. İşin faktiki halları yuxarıda tədqiq edilən sənədlərə əsasən müəyyən edilmiş hallardan ibarətdir. İşin hüquqi halları baxımından məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.4-cü maddəsində göstərilir ki, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə qeyd edilən maddi hüquq normalarını hazırki münasibətlərə tətbiq edərək hesab edir ki, tərəflər arasında kredit müqaviləsi əsasında öhdəlik münasibətləri yaranmışdır. Öhdəliyin mahiyyəti isə ondan ibarətdir ki, kredit müqaviləsində müəyyən edilmiş məbləği iddiaçı cavabdehin sərəncamına vermək öhdəliyini götürmüş, iddiaçı təşkilat müqavilə ilə götürmüş olduğu öhdəliyi lazımınca və vaxtında icra etmiş, cavabdeh isə iddiaçının müqavilə üzrə götürmüş olduğu öhdəliyə münasibətdə üzərinə götürmüş olduğu öhdəliyi lazımınca icra etməmişdir. Belə ki, iddiaçı müqavilə üzrə müəyyən edilmiş məbləği Cavabdeh verməklə kredit müqaviləsi üzrə öhdəliyi yerinə yetirməsinə baxmayaraq, cavabdeh kredit müqaviləsi üzrə öhdəliyi lazımınca icra etməmiş və buna görə də cavabdeh kredit müqaviləsi üzrə götürmüş olduğu öhdəliyi tam icra etmədiyinə görə müvafiq məsuliyyəti yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 449.1-ci maddəsinin məzmununa əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq belə nəticəyə gəlir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia tələbi əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh kredit müqaviləsi üzrə 1182.87 (bir min bir yüz səksən iki manat, səksən yeddi qəpik) manat əsas və 8.83 (səkkiz manat, səksən üç qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 1191.7 (bir min bir yüz doxsan bir manat, yetmiş qəpik) manat məbləğində kredit borcu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş 23.92 (iyirmi üç manat, doxsan iki qəpik) manat miqdarında dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılmalıdır. Həmin məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 115.0 və 115.0.1-ci maddələrinə görə işə baxılması ilə əlaqədar məsrəflərə ekspertlərə verilməli olan məbləğlər də daxildir. 119.1-ci maddəyə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin olunduğundan ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat miqdarında məhkəmə xərci cavabdehdən 35.98 (otuz beş manat, doxsan səkkiz qəpik) manat miqdarında, iddiaçıdan isə 24.02 (iyirmi dörd manat, iki qəpik) manat miqdarında alınaraq X7 Muxtar Respublikası İdarəsinin AZ88NABZ******************** nömrəli hesabına ödənilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh kredit müqaviləsi üzrə 1182.87 (bir min bir yüz səksən iki manat, səksən yeddi qəpik) manat əsas və 8.83 (səkkiz manat, səksən üç qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 1191.7 (bir min bir yüz doxsan bir manat, yetmiş qəpik) manat məbləğində kredit borcu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş 23.92 (iyirmi üç manat, doxsan iki qəpik) manat miqdarında dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılsın. Ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat miqdarında məhkəmə xərci Cavabdeh 35.98 (otuz beş manat, doxsan səkkiz qəpik) manat miqdarında, İddiaçı Açıq Səhmdar Cəmiyyətindən isə 24.02 (iyirmi dörd manat, iki qəpik) manat miqdarında alınaraq X7 Muxtar Respublikası İdarəsinin AZ88NABZ******************** nömrəli hesabına ödənilsin. Qətnamədən o, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron qaydada) Şahbuz Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar