Məhkəmə qərarları › İş №e-2(090)-93/2021

Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(090)-93/2021

16.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şahbuz şəhəri İş № e-2(090)-93/2021 16.06.2021 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Şahbuz Rayon Məhkəməsinin hakimi Səfərov Daşqın Yaqub oğlunun sədrliyi ilə, iddiaçı təşkilat İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair mülki işə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı təşkilat İddiaçı Açıq Səhmdar Cəmiyyəti “16” may 2021-ci il tarixdə ərizə ilə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 350 (üç yüz əlli) manat əsas, 111,06 (bir yüz on bir manat, altı qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 461,06 (dörd yüz altmış bir manat, altı qəpik) manat məbləğində borcun, həmçinin 20 (iyirmi) manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı təşkilat İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış “16” mart 2020-ci il tarixli, GTZK1846515A500 nömrəli kredit müqaviləsinə əsasən ona 30 ay müddətinə illik 28 faiz dərəcəsi ilə 350 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin “04” may 2021-ci il tarixə İddiaçı ASC-nə 350 (üç yüz əlli) manat əsas, 350 (üç yüz əlli) manat faiz borcu olmaqla, ümumilikdə 461,06 (dörd yüz altmış bir manat, altı qəpik) borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) borcun qaytarılması təmin edilməmişdir. Məhkəmə iddiaçı təşkilat İddiaçı Açıq Səhmdar Cəmiyyətinin iddia ərizəsini və ona əlavə edilmiş sənədlərini nəzərdən keçirərək belə hesab edir ki, tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılmasına kifayət edir və həmin ərizəyə kiçik iddialara dair icraat qaydasında baxılaraq qətnamə qəbul edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş “16” mart 2020-ci il tarixli, GTZK1846515A500 nömrəli Kredit müqaviləsindən görünür ki, iddiaçı təşkilat İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında qeyd olunan kredit müqaviləsi bağlanmış və tərəflər üzərilərinə müqavilədən irəli gələn bir sıra öhdəliklər götürmüşlər. Müqavilənin predmeti adlanan 1-ci bəndinə görə borc verənin borc alana istehlak məqsədi üçün 30 (otuz) ay müddətində 350 (üç yüz əlli) manat məbləğində, kreditdən istifadəyə görə illik 28 (iyirmi səkkiz) faiz ödəmək şərti ilə kredit verməyi, borc alan isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri borc verənə ödəməyi öhdəsinə götürür. Müqavilənin 3.2.3-cü maddəsinə əsasən bu müqavilə üzrə müəyyən edilmiş müddətlərdə kredit üzrə ödənişləri borcverənə ödənilməlidir. Borc alan bu Müqavilə üzrə borcların ödənilməsini gecikdirdiyi halda hər gecikdirilən gün üçün gecikdirilmiş borc məbləğinin 0,6%-i miqdarında dəbbə pulu ödəyir (və ya dəbbə pulu borc verənin bankda olan hesab(lar)ından silinir). İş materiallarına əlavə edilmiş “16” mart 2020-ci il tarixli, GTZK1846515A500 nömrəli kredit müqaviləsinə əlavə olunmuş ödəniş qrafikindən müəyyən edilir ki, tərəflər kredit müqaviləsi üzrə aylıq ödənişlərin hansı qaydada və məbləğdə ödənilməsinə dair razılığa gələrək həmin qrafiki imzalamışlar. İş materiallarına əlavə olunmuş “16” mart 2020-ci il tarixli kassa məxaric orderinin surətindən məlum olur ki, iş üzrə Cavabdeh 350 (üç yüz əlli) manat məbləğində pulu iddiaçı təşkilatdan həmin tarixdə təhvil alaraq bu barədə müvafiq imza etmişdir. Cavabdeh Banka olan əsas borcun və ona hesablanmış faiz borcunun ödənilməsi ilə bağlı “30” iyul 2020-ci il tarixdə xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq, iş materiallarına əlavə olunmuş maliyyə arayışından məlum olur ki, Cavabdeh həmin tarixə Banka kredit kartı müqaviləsinə əsasən 350 manat əsas, 111,06 manat faiz borcu olmaqla, cəmi 461,06 manat məbləğində borcu mövcuddur. İş materiallarına əlavə edilmiş “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində olan məlumata əsasən Cavabdeh Şahbuz rayonu, Sələsüz kəndində qeydiyyatdadır. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara qiymət verərək belə hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarından görünür ki, iddiaçı təşkilat İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında “16” mart 2020-ci il tarixli, GTZK1846515A500 nömrəli kredit müqaviləsi bağlanmış, müqavilənin şərtlərinə görə Cavabdeh kredit verilmiş və tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq ödənişlər Cavabdeh tərəfindən edilməmiş, o, yaranmış pul borcunu qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş, nəticədə onun iddiaçı təşkilat İddiaçı Açıq Səhmdar Cəmiyyəti qarşısında 350 (üç yüz əlli) manat əsas, 111,06 (bir yüz on bir manat, altı qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 461,06 (dörd yüz altmış bir manat, altı qəpik) manat məbləğində borcu yaranmışdır. İddiaçının iddia ərizəsini və ona əlavə edilmiş sənədləri maddi və prosessual qanunvericiliyin tələbləri daxilində tədqiq edən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının tələbi əsaslı olduğundan təmin edilməlidir. İddiaçının tələbinə məhkəmə tələfindən kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxıldığından məhkəmə tərəflərə izah edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmənin gəldiyi nəticə ondan ibarətdir ki, iddiaçı təşkilat İddiaçı Açıq Səhmdar Cəmiyyəti öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmişdir və Cavabdeh istifadə etdiyi kredit üzrə kreditin qalıq məbləğinin, hesablanmış faizlərin, cərimə və komisyon haqlarının iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə öhdəliklərini icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də iddiaçının tələbi əsaslıdır. Cavabdeh müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsinə dair, habelə ona qarşı irəli sürülən iddianı təkzib edən sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd edilmiş hüquq normaları baxımından da qanuni hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verilməli, iş görülməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 449.4-cü maddəsində göstərilir ki, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, məhkəmə hesab edir ki, kiçik iddia təmin edilərək Cavabdeh 350 (üç yüz əlli) manat əsas, 111,06 (bir yüz on bir manat, altı qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 461,06 (dörd yüz altmış bir manat, altı qəpik) manat məbləğində borc tutularaq iddiaçı təşkilat İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, İddiaçı ASC tərəfindən X2 vasitəsilə “08” may 2021-ci il tarixli, ********* nömrəli mədaxil qəbz ilə ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu və 0.40 (qırx) qəpik bank xidmət haqqı, cəmi 20,40 (iyirmi manat, 40 qəpik) manat məhkəmə xərcləri Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-6.2, 284-6.3, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 350 (üç yüz əlli) manat əsas, 111,06 (bir yüz on bir manat, altı qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 461,06 (dörd yüz altmış bir manat, altı qəpik) manat məbləğində borc tutularaq iddiaçı təşkilat İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddiaçı ASC tərəfindən X2 vasitəsilə “08” may 2021-ci il tarixli, ********* nömrəli mədaxil qəbz ilə ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu və 0.40 (qırx) qəpik bank xidmət haqqı, cəmi 20,40 (iyirmi manat, 40 qəpik) manat məhkəmə xərcləri Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılsın. Qətnamədən o, tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şahbuz Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Daşqın Səfərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar