Məhkəmə qərarları › İş №e-2(094)-17/2025

Pirallahı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(094)-17/2025

18.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(094)-17/2025 18.02.2025 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X10 Adil oğlunun sədrliyi, Əbilov Ülvi Adişirin oğlunun katibliyi ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 Cavabdeh iştirakı ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra - "xxxx" ASC) Cavabdeh qarşı borcun mirası qəbul etmiş vərəsələrdən tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə kredit borcu üzrə Banka ödənilməmiş borcu – 3654.47 manat əsas borc, 1628.07 manat faiz borcu, 130.73 manat cərimə olmaqla, cəmi 5413.27 manat məbləğində kredit borcunun və ödənilmiş 74.14 manat dövlət rüsumunun, habelə 0.40 manat bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə cavabdeh Musayev Cavad Məmməd oğlu arasında bağlanmış xx.xx.2019-cu il tarixli, BPM**********72 nömrəli kredit müqaviləsinə əsasən Bank tərəfindən borcluya 42 ay müddətinə, illik 20 faiz dərəcəsi ilə hesablanmaqla 6000 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən borcalan Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. X9 Məmməd oğlu xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Bakı şəhəri 33 saylı Notariat ofisi tərəfindən verilən məlumata əsasən mərhum Musayev Cavad Məmməd oğlunun xx.xx.2021-ci il tarixdə vəfat etməsi ilə əlaqədar vərəsələrin dairəsinin müəyyənləşdirilməsi üçün vərəsəlik işi açılmışdır. Maliyyə arayışına əsasən, Musayev Cavad Məmməd oğlunun kredit borcu üzrə Banka ödənilməmiş - 3654.47 manat əsas borc, 1628.07 manat faiz borcu, 130.73 manat cərimə olmaqla, cəmi 5413.27 manat borcu qalmışdır. Cavabdeh Musayev Cavad Məmməd oğlunun vərəsəsi kimi müəyyən olunmasına baxmayaraq "xxxx" ASC qarşısında olan öhdəliyi icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Cavabdeh borcun qaytarılması haqqında tərəfimizdən xx.xx.2024-cü il tarixli bildiriş göndərilərək, xəbərdarlıq edilsə də, vəsait Banka geri qaytarılmamışdır. Bundan başqa, hazırki mübahisə üzrə iddia qiyməti 5413.27 manat olduğundan, tərəfimizdən 74.14 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqı ödənilmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X5 iddia tələbinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək göstərmişdir ki, Cavad Musayev onun atasıdır. C.Musayev 27 may 2021-ci il tarixdə, nənəsi Ə.Musayeva isə 2012-ci ildə vəfat etmişlər. Sözügedən mənzil 1965-ci ildə nənəsinə verilmişdir. Həmin ev atasının adına olmamış, baxış üçün atasına kirayə müqaviləsi verilmişdir. O, 1988-ci ildən etibarən həmin ünvanda qeydiyyatda olmuş, 2021-ci ildə qeydiyyatdan çıxmışdır. Belə ki, 2021-ci ildə o, evi satmışdır. Həmin ev ona atasından keçməmişdir. O, sözügedən mənzili özəlləşdirmiş və oktyabr ayında 36.500 manata satmışdır. Qeyd olunanları nəzərə alaraq iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli, BPM**********72 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" ASC ilə Musayev Cavad Məmməd oğlu arasında kredit müqaviləsi bağlanmışdır. Bu müqaviləyə görə “Bank” tərəfindən kredit alana 42 ay müddətinə illik 20 % hesablanmaqla 6000 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş ödəniş cədvəlindən və maliyyə arayışından görünür ki, Musayev Cavad Məmməd oğlunun ödənilməmiş əsas borcu 3654.47 manat, ödənilməmiş faiz borcu 1628.07 manat, ödənilməmiş cərimə borcu 130.73 manat təşkil edir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri 33 saylı dövlət notariat ofisinin xx.xx.2024cü il tarixli 4 saylı məlumatından görünür ki, Musayev Cavad Məmməd oğlunun adına Cavabdeh tərəfindən vərəsəlik işi açılmışdır, lakin şəhadətnamə alınmamışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Musayev Cavad Məmməd oğlu xx.xx.2021-ci il tarixdə ölmüşdür. İş materiallarına əlavə edilmiş "xxxx" ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, “Bank” tərəfi borc barədə xəbərdar etmiş və ödənilməsini tələb etmişdir. İş materiallarına əlavə edilmiş 1 saylı Bakı Ərazi Dairəsinin xx.xx.2024-cü il tarixli məktubunun surətindən görünür ki, Musayev Cavad Məmməd oğlunun adına qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Musayev Cavad Məmməd oğlu ilə X3 xx.xx.1979-cu il tarixdə nikah bağlamışlar. Nikah bağladıqdan sonra arvada Musayeva soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.1998-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.1997-ci il tarixdə ölmüşdür. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh xx.xx.1988-ci ildə Bakı şəhərində doğulmuş, onun atası Musayev Cavad Məmməd oğlu, anası X2r. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı "xxxx" ASC ilə Musayev Cavad Məmməd oğlu arasında kredit müqaviləsi bağlanmaqla Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi krediti tələb etməkdə haqlıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə Musayev Cavad Məmməd oğlu arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, Musayev Cavad Məmməd oğlu xx.xx.2021 il tarixdə vəfat etdiyindən öhdəliyi yerinə yetirə bilməmişdir və nəticədə iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivı) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. 1243-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Konstitusiya Məhkəməsi Plenumunun 19 aprel 2023-cü il tarixli qərarına əsasən Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 4 iyun tarixli Qərarında qeyd edilmişdir ki, borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri şəxsə bağlı olmayan və şəxsən İcranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Beləliklə, göstərilən normaların məzmunundan çıxış edərək Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən miras qoyanın əmlak xarakterli öhdəlikləri üzrə borcluya çevrildiyindən, onlar miras qoyanın kreditorları qarşısında öhdəliyin icrasına görə birgə məsuliyyət daşıyırlar. Vərəsələrin məsuliyyətinin həddi ilə bağlı qeyd edir ki, miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti mirasın həcmi ilə məhdudlaşır. Belə ki, Mülki Məcəllənin 1306-cı maddəsinə uyğun olaraq vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdeh qanun üzrə kreditorun birinci növbə vərəsəsidir. Kreditor Musayev Cavad Məmməd oğlu öldükdən sonra Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, 29-cu məhəllə, ev 13, 12 saylı mənzil miras qalmışdır. İddiaçı ilə Musayev Cavad Məmməd oğlu arasında bağlanmış kredit müqaviləsinə dair üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün cavabdeh iddiaçı qarşısında qəbul etdiyi miras payına mütənasib surətdə məsuliyyət daşıyır, ona görə də o, iddia tələbini həmin məbləğdə ödəməlidir. Belə ki, Cavabdeh xx.xx.2021-ci il tarixli notariat qaydasında təsdiq edilmiş ərizəsindən görünür ki, o, mərhumun mirasını qəbul etmişdir. Beləliklə göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 3654.47 manat əsas borc, 1628.07 manat faiz borcu, 130.73 manat cərimə borcu olmaqla, cəmi 5413.27 manat məbləğində borc tulularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 74,14 manat dövlət rüsumunun və 0.40 manat xidmət haqqı da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh Musayev Cavad Məmməd oğlunun vərəsəsi Cavabdeh 3654.47 manat əsas borc, 1628.07 manat faiz borcu, 130.73 manat cərimə olmaqla, cəmi 5413.27 manat məbləğində borc, ödənilmiş 74,14 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Faiq Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar