Məhkəmə qərarları › İş №e-2(094)-176/2023

Pirallahı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(094)-176/2023

20.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(094)-176/2023 20.06.2023 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X14 Adil oğlunun sədrliyi, Əliyev Orxan İsmayıl oğlunun katibliyi, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Pirallahı rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Pirallahı Rayon Məhkəməsinin 2(094)-471/2019 nömrəli 03 dekabr 2019-cu il tarixli qətnaməsi ilə Səfiyeva (Ağayeva) Fəridə Namiq qızı ilə X8 arasında 17 aprel 2013-cü il tarixdə bağlanmış və Pirallahı rayon Qeydiyyat şöbəsində 360 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuş və 06 yanvar 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 29 oktyabr 2019-cu il tarixdə başlayaraq ondan hər ay 160,0 manat miqdarda aliment tutularaq, Səfiyeva (Ağayeva) Fəridə Namiq qızına verilməsi qərara alınmışdır. Övladının saxlanması üçün ödənilən 160,0 manat artıq kifayət etmir. Belə ki, dörd ilə əvvəl təyin edilərkən uşağın 2 yaşı, hazırda isə 6 yaşı var və uşaq məktəbə qədər hazırlıq mərhələsindədir. Onun xərcləri demək olar ki, üç dəfə artıqdır. Cavabdehə aliment məbləğinin artırılması ilə bağlı müraciət etsə də, bundan imtina etmişdir. Odur ki, məsələnin məhkəmə yolu ilə həlli zərurəti yaranmışdır. Azərbaycan Respublikasının prezidenti cənab X5 əsasən uşaqlar üçün yaşayış minimumu 2023-ci il üçün 220,0 manat müəyyən edilmişdir Ona görə də Cavabdeh X3 06 yanvar 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay tutulan 160,0 manat sabit pul məbləğində alimentin 220,0 manatadək artırılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəməyə etiraz ərizəsi göndərərək bildirmişdir ki, iddia ərizəsini qəbul etmir. Belə ki, Bakı şəhər Pirallahi rayon Məhkəməsinin 2(094)-471/2019 nömrəli 03 dekabr 2019-cu il tarixli qətnaməsi ilə 06 yanvar 2017-ci il təvəllüdlü qızımız X1 üçün hər ay məndən 160 manat miqdarında aliment tutularaq uşağın saxlanılması üçün Səfıyeva (Ağayeva) Fəridə Namiq qızma verilməsi qərara alınmışdır. O da həmin pulu vaxtlı-vaxtında iddiaçıya ödəyir. İndi isə iddiaçı uşağa görə ondan 220,0 manat aliment tələb edir. Doğrudur, bu uşaqlar üçün dövlət tərəfindən təyin edilmiş minimum dolanışıq xərcidir, amma orda yazılmayıb ki, uşağın bütün dolanışıq xərcini ata tək çəkməlidir. Maddi cəhətdən imkanı olsa idi, bu, başqa məsələ. Uşaqlarının anası Pirallahi cənaye parkında “Diamed GO” şpris istehsalı zavodunda işləyir. O, 01 noyabr 2020-ci il tarixdən hal-hazıra kimi "xxxx" MMC-də mühafizəçi peşəsində işləyir. Əmək haqqı 416,0 manatdır. Ailənin tək qazanc gətirənidir. X13 1961-ci il təvəllüdlü, anası X6 isə 1958-ci il təvəllüdlüdür. Hər ikisi yaşlı adamlardır Şəkər və təziq xəstəliyindən əziyyət çəkirlər. Üstəlik də atası pensiya yaşına çatmayıbdır. Yaşları ilə əlaqədar da onları heç yerdə işə götürmürlər. Ailənin bütün xərci tək onun əmək haqqı ilə həll olunur. Aldığı 416,0 manat əmək haqqının 160 manatını uşağının saxlanılması üçün iddiaçıya, yerdə qalan 256,0 manatı ilə isə həm evin kommunal xərclərini, həm valideynlərini, həm də özünü dolandırmalı olur. Eyni zamanda, imkan olan kimi uşağı ilə da ünsiyyətdə olur. Ünsiyyətdə olanda da hökmən uşağa nəsə almalı olur. Nə qədər az xərcləsə belə 10 manat çıxır. Göründüyü kimi o, əmək haqqından atasına, anasına, özünə, evin kommunal xərclərinə, həm də hər ay 160,0 manat iddiaçıya aliment ödəyir. Ona görə də uşağın dolanışıq xərcinin hamısının ondan tələb edilməsi qanuna uyğun deyil. AR Ailə Məcəlləsinin 75-ci maddəsinə görə “Valideynlər uşaqlarını saxlamağa borcludurlar". Göründüyü kimi, onlar hər ikisi də uşaqlarının xərcini birlikdə ödəməlidir. Ona görə də iddiaçı tərəfindən ona qarşı alimentin artırılması tələbinə dair" iddia ərizəsinə etiraz edir, Göstərdiklərimi nəzərə alıb sözügedən iddia ərizəsinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 etiraz ərizəsindəki xüsusatları qeyd edərək iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə cavabdehin nümayəndə və vəkilinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(094)-471/2019 saylı qətnaməsinin surətindən görünür ki, Səfiyeva (Ağayeva) Fəridə Namiq qızı ilə Cavabdeh arasında 17 aprel 2013-cü il tarixdə bağlanmış və Pirallahı rayon Qeydiyyat şöbəsində 360 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, 06 yanvar 2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün 29 oktyabr 2019-cu il tarixdən başlayaraq Cavabdeh hər ay 160 (yüz altmış) manat miqdarda aliment tutularaq Səfiyeva (Ağayeva) Fəridə Namiq qızına verilməsi qət edilmişdir. İşdə olan Elektron Məhkəmə portalından çıxarışdan görünür ki, İddiaçıın əmək haqqı 613,0 manatdır. İşdə olan xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh "xxxx" MMC-də işləyir və əmək haqqı 416,0 manatdır. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər 17 aprel 2013-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahlarından xx.xx.2017-ci il təvəllüdlü X7 doğulmuşdur. İddiaçı və cavabdeh arasındakı nikah pozulmuş və hazırda uşaq iddiaçının himayəsindədir. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(094)-471/2019 saylı qətnaməsinə əsasən 06 yanvar 2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 160 manat miqdarda aliment tutulması qət edilmişdir. İddiaçı hazırda məhkəməyə müraciət edərək, məhkəmə qətnaməsi ilə tutulan alimentin uşağın saxlanmasına kifayət etmədiyini bildirərək aliment miqdarının artırılmasını xahiş edir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, tərəflərin birgə nikahlarından anadan olmuş uşağın saxlanması üçün cavabdehdən alimentin tutularaq iddiaçıya verilməsi müəyyən edilsə də, hazırda həmin məbləğ azlıq təşkil etdiyindən, iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Uşaq hüquqları haqqında qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaq hüquqlarının təmin edilməsinin əsas istiqamətlərindən biri də valideynlərin onların saxlanmasında iştirakının təmin edilməsidir. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Alimentin tutulması tələbi uşaqların qayğısına qalmaq və onları tərbiyə etmənin valideynlərin borcu olması konstitusion müddəasından irəli gəldiyi üçün qanunvericilikdə alimentlə bağlı məsələlər dəqiq şəkildə müəyyən edilmiş, eləcə də alimentin valideynlərdən birinin aylıq qazancına nisbətdə və ya sabit pul məbləğində tutulması əsasları öz əksini tapmışdır. Bu baxımdan, alimentin məbləği və tutulması qaydası ilə bağlı məsələlər həll edilərkən uşaqların mənafeyi nəzərə alınmaqla yanaşı, uşaq(lar)ın yardıma ehtiyacı və valideynin ona nə dərəcədə yardım etmək iqtidarında olması meyarları da əsas götürülməlidir. Belə ki, tərəflərin ailə və maddi vəziyyəti alimentin miqdarının müəyyən edilməsi üçün mühüm əhəmiyyət kəsb edir. Qanunverici,uşaqların saxlanması üçün alimentin valideynlərdən birinin aylıq qazancına nisbətdə və ya sabit pul məbləğində tutulması əsaslarını müəyyən etməklə yanaşı, Ailə Məcəlləsinin 112-ci maddəsinə uyğun olaraq, məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azad edilmə qaydasını nəzərdə tutmuşdur. Həmin məcəllənin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Qanunvericiliyin bu müddəasından görünür ki, alimentin müəyyən olunmuş miqdarının dəyişilməsi tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olması ilə əlaqələndirilmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8-2 nömrəli, 28 mart 2016-cı il tarixli qərarının 8.2-ci bəndində qeyd edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Həmin qərarın 8.13-cü bəndinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Mübahisə üzrə iddiaçı müəyyən olunmuş alimentin miqdarının artırılmasını əvvəllər müəyyən olunmuş aliment məbləğinin uşaqların saxlanılmasının təminatı üçün kifayət etmədiyinə əsaslanmaqla tələb edir. Məhkəmə hesab edir ki, alimentin məbləğinin müəyyən olunduğu tarixdən bugünədək artmış həyat standartları və istehlak qiymətləri, eləcə dəuşağın böyüdüyü nəzərə alındıqda iddiaçının aldığı aliment məbləği onun maddi vəziyyətində yaranmış dəyişiklik kimi qəbul edilməlidir. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220,0 manat məbləğində müəyyən edilmişdir. İddiaçı cavabdehdən uşağın saxlanılması üçün 220,0 manat sabit pul məbləğində alimentin tutulmasını tələb etsə də, cavabdehin həmin məbləği ödəyə bilməsi üçün kifayət qədər gəlirinin olmasını sübuta yetirə bilmədi. Belə ki, işin araşdırılan hallarından görünür ki, iddiaçı 613,0 manat, cavabdeh isə 416,0 manat əmək haqqı alır. Eyni zamanda, ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu uşağın saxlanması üçün tutulmalı olan alimentin məbləğini müəyyən etmir. Məhkəmə qeyd edir ki, uşağın saxlanması hər iki valideynin vəzifəsidir. Məhkəmə uşağın mənafeyini, uşağın təminatının mümkün qədər maksimal saxlanması və cavabdehin maddi imkanlarını nəzərə alaraq hesab edir ki, Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(094)-471/2019 saylı qətnaməsi ilə tutulmuş aliment məbləği dəyişdirilməli, 06 yanvar 2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 200,0 manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı verilməlidir. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq, hesab edir ki, alimentin tutulma müddəti iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. Belə ki, Azərbaycan Respublikası AM-nin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Qeyd edilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, cavabdehdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında aliment tutulduğundan, alimentin tutulma müddəti Azərbaycan Respublikasının AM-nin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən, yəni mövcud iddia tələbi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi : İddia qismən təmin edilsin. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(094)-471/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin və qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla Cavabdeh İddiaçı xeyrinə 06 yanvar 2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 200,0 manat sabit pul məbləğində aliment tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Faiq Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar