Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(094)-26/2024 22.10.2024 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X4 Adil oğlunun sədrliyi, Əbilov Ülvi Adişirin oğlunun katibliyi ilə, İddiaçı Yalçın Selcuk Nacıoğlunun Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Yalçın Selcuk Nacıoğlu Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Faxruz oğlundan 28500,0 manat əsas borc, 2565,0 manat, cəmi 31065,0 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh 2018-ci ilin əvvəlindən tanıyır. Bir müddət sonra cavabdeh ondan şəxsi problemlərinin həlledilməsi üçün birinci dəfə 09 noyabr 2022-ci il tarixdə hər ay 700,0 manat ödənilməsi şərti ilə 8500,0 manat və ikinci dəfə 14 dekabr 2022-ci il tarixdə hər ay 1660,0 manat ödənilməsi şərti ilə 20000,0 manat, cəmi 28500,0 manat məbləğində borc pul almışdır. Tərəflər arasında bağlanmış razılaşmaya əsasən cavabdeh almış olduğu pulu götürdüyü tarixdən etibarən yuxarıda göstərilmiş ödənişləri etməklə 12 ay müddətində qaytarmalı idi. Lakin, razılaşmaya əməl etməyən cavabdeh, hər ay qaytarmalı olduğu məbləğləri ödəməməklə razılaşmanın şərtlərini pozmuşdur. Göstərilən səbəbdən iddiaçı ağır maddi vəziyyətə düşmüşdür. Sonradan iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin azaldılması barədə ərizə göndərərək, Cavabdeh 28500,0 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(094)-26/2024 saylı qiyabi qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(094)-26/2024 saylı qiyabi qətnaməsinin ləğv edilməsini və həmin işin təzələnərək mahiyyəti üzrə baxılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(094)-26/2024 saylı qərardadı ilə ərizə təmin edilərək qiyabi qətnamə ləğv edilmiş və iş üzrə icraat təzələnmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə işə iddiaçının və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli razılaşmadan görünür ki, Cavabdeh X1 8500,0 manat pulu xx.xx.2022-ci il tarixindən etibarən hər ay 700,0 manat olmaqla 12 ay ərzində qaytarmaq şərti ilə borc olaraq almışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli razılaşmadan görünür ki, Cavabdeh X1 20000,0 manat pulu xx.xx.2022-ci il tarixindən etibarən hər ay 1660,0 manat olmaqla 12 ay ərzində qaytarmaq şərti ilə borc olaraq almışdır. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edildi ki, iddiaçı cavabdehə xx.xx.2022-ci il tarixdə 8500,0 manat, xx.xx.2022-ci il tarixdə 20000,0 manat olmaqla, cəmi 28500,0 manat borc vermiş, cavabdeh isə həmin pulu xx.xx.2022-ci il tarixindən 12 ay ərzində qaytaracağını bildirmiş və bu barədə razılaşma bağlamışdırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsaəsn əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Məhkəmə hesab edir ki, iş üzrə borcun verilməsinə dair tərəflərin razılaşdırılmış iradə ifadəsi olduğundan, tərəflər arasında şifahi qaydada bağlanmış borc kimi pulun verilməsinə dair əqd etibarlıdır və iddiaçı həmin əqd əsasında verilmiş pulun qaytarılmasını tələb etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən,öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən,əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh müqavilə əsasında iddiaçıdan borc almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında borcun iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh iddiaçıdan pul vəsaitini almasına dair hüququndan istifadə etmiş, borcun qaytarılmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı borcun ödənilməsini tələb etməkdə haqlıdır. Buna görə də iddia təmin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 28500,0 manat pul vəsaiti alınaraq iddiaçı X2 ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 28500,0 (iyirmi səkkiz min beş yüz) manat pul vəsaiti alınaraq iddiaçı X2 ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsi ilə (elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Faiq Qasımov
Məhkəmə qərarları › İş №e-2(094)-26/2024
Pirallahı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(094)-26/2024
22.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver