Məhkəmə qərarları › İş №e-2(094)-333/2024

Pirallahı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(094)-333/2024

29.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(094)-333/2024 29.10.2024 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X1 Adil oğlunun sədrliyi, Əbilov Ülvi Adişirin oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kreditin, ona hesablanmış faiz və cərimə məbləğinin qaytarılması barədə” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı QSC Cavabdeh qarşı ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 19082,41 manat əsas borc, 1250,81 manat faiz borcu, 285,84 manat cərimə olmaqla, cəmi 20619,06 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 151,86 manat məbləğində pul vəsaitinin İddiaçı QSC-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı QSC iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehlə arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 021A********** saylı kredit müqaviləsinə əsasən Cavabdeh istehlak məqsədləri üçün 48 ay müddətinə, illik 18 faiz ödəmək şərti ilə 22500,0 manat məbləğində kredit verilmişdir. O, kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit bоrcundan 3417.59 manat ödəniş etmiş və оnun iddiaçıya 19082.41 manat məbləğində kredit bоrcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1 bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirik ki, o, kredit bоrcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 107 gün üçün hesablanmış faiz borcu 1250.81 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun оlaraq bоrclu ödəniş planı üzrə krediti və оna hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5 % məbləğində cərimə ödəməlidir. xx.xx.2024-cü il tarixə 107 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 285.84 manat təşkil edir. Kredit müqaviləsinin 4.1.2-ci bəndinə əsasən kredit alan müvafiq оlaraq krediti və faizi qaytarma planına uyğun оlaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş İddiaçı QSC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, işə iştirakları olmadan baxılması və iddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirmişdir ki, krediti götürdüyü vaxt işləmiş, cədvəl üzrə borcu vaxtı-vaxtında qaytarmış, lakin sonradan səhhətində problem yarandığından borcun qalan məbləğini qaytara bilməmişdir. Məhkəmə, iddia ərizəsini, işə əlavə edilmiş sənədləri nəzərdən keçirib və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarından görünür ki, İddiaçı QSC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli, 021A********** saylı kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən, İddiaçı QSC tərəfindən Cavabdeh illik 18 faiz ödəmək şərti ilə 48 ay müddətinə 22500,0 manat məbləğində kredit verilmişdir. Məhkəmə hesab edir ki, İddiaçı QSC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli, 021A********** saylı kredit müqaviləsi bağlanarkən qanunun tələblərinə tam əməl edilmişdir. Qeyd edilən sazişə əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, Cavabdeh ona verilmiş krediti və kreditdən istifadəyə görə faizləri sonuncunun hesabında qalıq yarandığı gündən bir ay sonra – xx.xx.2023-cü il tarixdən başlayaraq, hər ay banka 664,0 (sonuncu ay 696,94) manat ödəməklə qaytarmalıdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh banka xx.xx.2023-cü il tarixli, 021A********** saylı müqaviləyə əsasən 19082.41 manat əsas borc, 1250.81 manat faiz borcu, 285,84 manat cərimə olmaqla, cəmi 20619.06 manat borcu yaranmışdır. xx.xx.2024-cü il tarixdə iddiaçının nümayəndəsi ərizə ilə müraciət edərək bildirmişdir ki, məhkəməyə müraciət edildikdən sonra cavabdeh tərəfindən 200 manat ödəniş həyata keçirilmiş, həmin ödəniş kredit razılaşması üzrə əsas borcdan silinmişdir. İş materiallarında olan İddiaçı QSC tərəfindən ünvanlanmış xx.xx.2024-cü il tarixli xəbərdarlığın surətindən görünür ki, Cavabdeh Banka olan borcunun ödənilməsi tələb olunmuş, əks təqdirdə borc məbləğinin borcludan tutulması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1.-ci maddəsində göstərilir ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3. maddəsində göstərilir ki, öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 741 və 742.1. maddələrinin mənasından görünür ki, əgər tərəflər arasındakı müqavilədə borcun qaytarılmasına dair müddət nəzərdə tutulmuşdursa, borclu aldığı kredit məbləğini faizləri ilə birlikdə həmin müddət bitənədək qaytarmalıdır. Həmin Məcəllənin 449.4-cü maddəsinin tələbinə görə, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Beləliklə, işin müəyyən edilən hallarına əsasən cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 428.4. və 743-cü maddələrinin tələbindən görünür ki, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. İş materiallarından görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 151,86 manat məbləğində dövlət rüsumu ödənilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 10.000,0 manatdan 100.000,0 manatadək olduqda 120,0 manat + 10.000,0 manatdan yuxarı olan iddia qiymətinin 0.3 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbindən görünür ki, dövlət rüsumu olaraq ödənilmiş 151,86 manatın cavabdehdən tutulması xahiş olunmuşdur. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 151,86 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirib məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə Cavabdeh 18882,41 manat əsas borc, 1250,81 manat faiz borcu, 285,84 manat cərimə olmaqla, cəmi 20419,06 manat borc və dövlət rüsumu olaraq ödənilmiş 151,86 manat tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə Cavabdeh 18882,41 manat əsas borc, 1250,81 manat faiz borcu, 285,84 manat cərimə olmaqla, cəmi 20419,06 (iyirmi min dörd yüz on doqquz (,06)) manat məbləğində pul vəsaiti və dövlət rüsumu olaraq ödənilmiş 151,86 manat məbləğ tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsi ilə (elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Faiq Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar