Məhkəmə qərarları › İş №e-2(1-8)-1687/2026

Ali Məhkəmə Qərar — İş №e-2(1-8)-1687/2026

11.06.2026 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № e-2(1-8)-1687/2026 11.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və Inzibati kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin iddiaçı İddiaçı cavabdehlər cavabdeh1, “X1” Mənzil-Tikinti Kooperativinə və “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: məhkəmə aidiyyəti Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyanın hakimi Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Kommersiya kollegiyasının hakimi Qurbanov Raqib Əliddin oğlu və Inzibati kollegiyanın hakimi Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət qarışıq tərkibdə, iddiaçı İddiaçı cavabdehlər cavabdeh1, “X1” Mənzil-Tikinti Kooperativinə və “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “qeyri-yaşayış sahəsindən çıxarılma, qeyri-yaşayış sahəsinin boşaldılaraq təhvil verilməsi və qeyri-yaşayış sahəsindən istifadəyə maneələrin aradan qaldırılması” tələbinə dair iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-*(*-**)- ****/**** nömrəli, ## ### 2026-cı il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə ## #### 2026-cı il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Iş üzrə qəbul edilmiş məhkəmə aktları 1.

2. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-*(*-**)-****/**** nömrəli, ## ### 2026-cı il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır (hakim Vüqar Nağıyev).

3. Məhkəmə qeyd etmişdir ki, kommersiya qurumlarının dövlət reyestrindən görünür ki, “X1” Mənzil-Tikinti Kooperativi (VÖEN: **********) və “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) kommersiya hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmışdır. “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatlardan görünür ki, İddiaçı (VÖEN: **********) ##.##.2007-ci il tarixdən Azərbaycan Respublikası Vergilər Nazirliyində vergi ödəyicisi kimi qeydiyyata alınmışdır.

4. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdehlər “X1” MTK və “xxxx” MMC kommersiya hüquqi şəxsidir. Mülki qanunvericiliyə müvafiq olaraq kommersiya hüquqi şəxsləri göstərdikləri fəaliyyətdən gəlir əldə etmək məqsədilə yaradılırlar. Iddiaçı İddiaçı isə vergi ödəyicisinin eyniləşdirmə nömrəsinə malik olan, dövlət qeydiyyatından keçmiş fərdi sahibkardır. Hazırkı mübahisənin subyektiv tərkibinin, yəni ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin subyektləri olması işin mübahisəsiz halını təşkil edir.

5. Tərəflər arasında olan münasibətlərin xarakterinə və mübahisənin predmetinə münasibətdə isə məhkəmə qeyd etmişdir ki, iddiaçı İddiaçı müqavilə əsasında əladə edilmiş qeyri-yaşayış sahələrinin cavabdehlər tərəfindən ona təhvil verilməsini tələb edir.

6. Məhkəmə hesab etmişdir ki, tərəflər qeyri-yaşayış sahəsinin alqı-satqısını həyata keçirməklə ayrı-ayrılıqda kommersiya münasibətləri yaratmışlar. Nəzərə alınsa ki, iddiaçının tələblərinin yönəldiyi cavabdehlərdən ikisi kommersiya qurumu olduğundan, habelə iddianın predmetini qeyri-yaşayış sahəsinin təhvil verilməsi təşkil etdiyindən, mübahisə kommersiya xarakterli hesab olunur.

7. Belə olan halda, məhkəmə hesab etmişdir ki, mülki prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq hazırki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsində baxıla bilməz.

8. Hazırkı mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar yaranmış kommersiya mübahisəsi olduğundan ona ümumi məhkəmədə deyil, kommersiya məhkəməsində baxılmalıdır.

9. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, məhkəmə aidiyyəti normalarına dair tələblərə riayət edilmədiyindən iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır.

10. Iddiaçı həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir.

11. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyində vergi ödəyicisi kimi qeydiyyata alınması hazırkı mübahisənin sahibkarlıq fəaliyyəti ilə bağlı olması anlamına gəlmir. Belə ki, İddiaçı (VÖEN:**********) ##.##.2007-ci il tarixdə vergi ödəyicisi kimi qeydiyyata alınmasına baxmayaraq, həmin VÖEN üzrə hər hansı bir fəaliyyəti olmamış və fəaliyyət göstərmədiyindən həmin VÖEN üzrə fəaliyyəti dayandırılmışdır. Qeyd olunan məlumatdan göründüyü kimi, İddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyində vergi ödəyicisi kimi ##.##.2007-ci il tarixdə qeydiyyata alınmışdır. Hazırkı iddia tələbi üzrə İddiaçı tələb hüququnun əsasını təşkil edən “X1” MTK ilə İddiaçı arasında qeyriyaşayış sahəsinə dair bağlanmış ** saylı müqavilə isə ##.##.2007-ci il tarixdə bağlanmışdır. Həmin müqavilədə İddiaçı sözügedən müqaviləni sahibkarlıq fəaliyyəti ilə bağlı imzalaması ilə bağlı hər hansı bir qeyd yoxdur. Həmin müqavilə “X1” MTK ilə, yəni Kooperativlə payçı arasında bağlanmış pay haqqının ödənilərək əmlak əldə edilməsi ilə bağlı müqavilədir. Iddia ərizəsinə əlavə edilmiş məhkəmə aktlarından görünür ki, mübahisə predmetini təşkil edən qeyriyaşayış sahəsi ilə bağlı iddiaçı İddiaçı və cavabdeh “X1” MTK arasında mövcud olmuş və kassasiya instansiyasına qədər davam etmiş məhkəmə mübahisələri ixtisaslaşmış məhkəmələrin (kommersiya, həmin dövrə uyğun iqtisad və ya inzibati-iqtisad) deyil, ümumi məhkəmələrin icraatında olmuşdur. Birinci instnasiya məhkəməsi, iddia ərizəsinin geri qaytarılması barədə qərardadını “Işlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2020- ci il tarixli, ** nömrəli Qərarının 13-cü bəndi ilə əsaslandırmışdır. Həmin qərarın 13-cü bəndinə əsasən, əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. Iş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Sözügedən qeyri-yaşayış sahəsi üzrə mübahisə, İddiaçı, eyni zamanda iş üzrə cavabdehlərin sahibkarlıq fəaliyyətindən irəli gələn mübahisə deyildir. Bundan əlavə iddia tələbinin mahiyyətindən də görünür ki, tələbin sahibkarlıq fəaliyyətinə heç bir aidiyyatı yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2020-ci il tarixli, ** nömrəli Qərarının 14-cü bəndinə əsasən, əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibkarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır. Bundan əlavə, məhkəmə geri qaytarma barədə qərardadını MPM-nin 30-cu maddəsi ilə əsaslandırmışdır. MPM-in 30-cu maddəsinə əsasən, bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsində baxılmalıdır. Halbuki, hazırkı iş üzrə iddia tələbinin hər hansı bir hissəsi sahibkarlıq fəaliyyəti ilə bağlı olmadığından, kommersiya məhkəməsinə aid tələb də mövcud deyildir. Göstərilənlərə əsasən müəyyən olunur ki, iddiaçı İddiaçı cavabdehlər cavabdeh1, “X1” Mənzil-Tikinti Kooperativinə və “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “qeyri-yaşayış sahəsindən çıxarılma, qeyri-yaşayış sahəsinin boşaldılaraq təhvil verilməsi və qeyri-yaşayış sahəsindən istifadəyə maneələrin aradan qaldırılması” tələbinə kommersiya məhkəməsində deyil, ümumi məhkəmədə, yəni Bakı şəhəri Xətai Rayon Məhkəməsində baxılmalıdır.

12. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-*(*-**)-****/**** saylı, ## ### 2026-cı il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, şikayətin baxılması üçün mülki işlə birlikdə Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

13. Maddə 3.1. Məhkəmə icraatı işə baxılan, ayrı-ayrı prosessual hərəkətlər həyata keçirilən və yaxud məhkəmə aktı icra edilən zaman qüvvədə olan mülki prosessual qanuna əsasən aparılır.

14. Maddə 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.

15. Maddə 25. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Ümumi məhkəmələr bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bu Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar.

16. Maddə 26.2. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40- 2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar.

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Işlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il ## ######## tarixli ** nömrəli Qərarının:

17. Bənd 11. Mülki Prosessual Məcəllənin 1-ci maddəsinin “Qeyd” hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən, onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır.

18. Bənd 12. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olubolmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır.

19. Bənd 13. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. Iş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir.

Kassasiya instansiya məhkəməsinin mövqeyi

20. Hakimlərin qarışıq tərkibi şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmamışdır.

21. Belə ki, birinci instansiya məhkəməsi hesab etmişdir ki, hazırkı mübahisə tərəflər arasındakı sahibkarlıq fəaliyyətindən irəli gəlmişdir.

22. Məhkəmə hesab etmişdir ki, tərəflər qeyri-yaşayış sahəsinin alqı-satqısını həyata keçirməklə ayrı-ayrılıqda kommersiya münasibətləri yaratmışlar. Nəzərə alınsa ki, iddiaçının tələblərinin yönəldiyi cavabdehlərdən ikisi kommersiya qurumu olduğundan, habelə iddianın predmetini qeyri-yaşayış sahəsinin təhvil verilməsi təşkil etdiyindən, mübahisə kommersiya xarakterli hesab olunur.

23. Məhkəmə iddia ərizəsini geri qaytararkən belə nəticəyə gəlmişdir ki, hazırkı mübahisənin subyektiv tərkibinə görə, həmçinin tərəflər arasında olan münasibətlərin xarakterinə və mübahisənin predmetinə münasibətdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar yaranmış kommersiya mübahisəsi olduğundan ona ümumi məhkəmədə deyil, kommersiya məhkəməsində baxılmalıdır.

24. Qarışıq məhkəmə tərkibi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, “Işlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il ## ######## tarixli ** nömrəli Qərarının 11-ci bəndində göstərilir ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir.

25. Qərarın 12-ci bəndinə görə məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olubolmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır.

26. Baxılan işdə tərəflərin sahibkarlıq subyektləri olması aşkardır. Lakin bu qərarın 22-ci bəndində göstərildiyi kimi tərəflərin sahibkarlıq subyekti olması işin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün yetərli deyil. Çünki mübahisənin predmeti və xarakterinin sahibkarlıq fəaliyyəti ilə bağlı olması eyni zamanda mövcud olmalıdır.

27. Iddia tələbindən görünür ki, iddiaçı cavabdehin qeyri-yaşayış sahəsindən çıxarılma, qeyri-yaşayış sahəsinin boşaldılaraq təhvil verilməsi və qeyri-yaşayış sahəsindən istifadəyə maneələrin aradan qaldırılmasına dair tələb irəli sürmüşdür. Şikayətdən isə görünür ki, eyni tərəflər arasında digər qeyri-yaşayış sahələri ilə bağlı olan işlərə məhz sahibkarlıq fəliyyətindən kənarda baş vermiş mübahisə olaraq qiymətləndirilərək işlərə mülki məhkəmə icraatında mahiyyəti üzrə baxılmışdır.

28. Digər tərəfdən müqavilə predmetinin qeyri-yaşayış sahəsi olması bütün hallarda işin kommersiya məhkəməsinə aidiyyətinin müəyyən olunması üçün yetərli deyil. Çünki iddianın mahiyyətindən aydın olur ki, qarşı tərəflərin birgə həyata keçirdikləri sahibkarlıq fəaliyyəti mövcud deyil, iddiaçının tələbi mülkiyyətçisi olduğunu iddia etdiyi əmlaklara sahibliyinin əldə edilməsinə yönəlmişdir. Belə olan halda iddiaçının qeyri-yaşayış sahəsini hansı məqsədlə (biznes və ya şəxs investisiya məqsədi) əldə etməsinin müəyyən edilməsi əhəmiyyətlidir.

29. Qeyd edilməlidir ki, əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. Kommersiya mübahisələrinin subyektlərinin, habelə baxış predmetinin mümkün dairəsi də məhz mübahisə üzrə hüquq münasibətinin xarakterinin sahibkarlıq fəaliyyəti ilə bağlı olmasına dair bu Qərarın 13-cü bəndində əks olunmuş yanaşma baxımından müəyyənləşdirilməlidir.

30. Beləliklə, qarışıq məhkəmə tərkibi hesab edir ki, iş məhkəmə aidiyyətinin yenidən müəyyən olunması üçün, iddia ərizəsinin verildiyi məhkəməyə gönrədərilməlidir.

31. Göstərilənlərə əsasən və MPM-in 403-1.8-ci maddəsini rəhbər tutaraq, hakimlərin qarışıq tərkibi

QƏRARA ALDI:

Şikayət təmin olunsun. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-*(*-**)-****/**** nömrəli, ## ### 2026-cı il tarixli qərardadı ləğv edilsin, məhkəmə aidiyyətinin yenidən müəyyən edilməsi üçün iş iddia ərizəsinin verildiyi birinci instansiya məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar