Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2(102)-2567/2024 04.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibi İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: ümumi məhkəməyə aidiyyəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimi Həsənov Vüqar Təvəkgül oğlunun (məruzəçi), İnzibati kollegiyanın hakimi Bədəlov Kəmaləddin Nurəddin oğlundan Kommersiya kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlundan ibarət qarşıq tərkibdə, İddiaçı Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmeti olan mənzilə yönəldilməsi, mənzilin açıq hərracdan satılması, borcun satışdan əldə edilmiş vəsait hesabına ödənilməsi, əldə edilən vəsait yetməzsə qalan məbləğin cavabdehdən tutulması” tələbinə dair iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14 may 2024-cü il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə 4 iyul 2024-cü il tarixdə yazılı icraat qaydasında baxaraq İşin halları və iş üzrə qəbul olunmuş məhkəmə aktları
1. İddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbinin təmin edilməsi, İddiaçı ilə Cavabdeh arasında bağlanılmış 15 dekabr 2022-ci il tarixli 3M/100 saylı Kredit müqaviləsindən irəli gələn 60.000 manat məbləğində əsas borcun, ödənilmiş 272 manat məbləğində dövlət rüsumunun və vəkil xidmətləri üçün ödənilmiş 320 manat məbləğində pulun cavabdeh İddiaçı İddiaçı xeyrinə tutulması, tutmanın iddiaçı ilə cavabdeh arasında bağlanılmış 15 dekabr 2022-ci il tarixli 3M/100 saylı kredit müqaviləsinin təminatı qismində cavabdeh tərəfindən ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 50-də yerləşən 53 saylı mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərrac vasitəsi ilə satılması, həmin ipoteka ilə təmin edilmiş kredit borcunun ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi, ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Cavabdehin etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 ərizə ilə məhkəməyə müraciət edərək işin Bakı Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(113)- 2630/2024 saylı işə birləşdirilməsi üçün iş materiallarının məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
3. Ərizə onunla əsaslandırılmışdır ki, 3M/100 saylı kredit müqaviləsindən irəli gələn 60.000 manat məbləğində əsas borcun cavabdehdən tutulması, tutmanın iddiaçı ilə cavabdeh arasında bağlanılmış 15 dekabr 2022-ci il tarixli ipoteka müqaviləsı əsasında ipoteka ilə yüklü edilmiş mənzilə yönəldilməsi və s. tələbi ilə əlaqəli olan bağlanmış 15 dekabr 2022-ci il tarixli kredit müqaviləsinin və eyni tarixli ipoteka müqaviləsinin etibarsızlığının müəyyən edilməsinə dair iddia ərizəsi İddiaçı Bakı şəhəri Xətai Rayon Məhkəməsinə iddia ərizəsi təqdim etməsindən daha əvvəl Bakı Kommersiya Məhkəməsinə təqdim edilmişdır. Belə olan halda ədalət mühakiməsinin düzgün həyata keçirilməsi və məhkəmə aidiyyəti qaydalarına əməl edilməsi üçün “əqdə əsaslanan tələblər”lə “əqdin etibarsızlığının müəyyən edilməsi”nə dair tələbin eyni icraatda birləşdirilməsinə zərurət yaranmışdır. Cavabdeh tərəfindən Bakı Kommersiya Məhkəməsinə daha əvvəl müraciət edildiyi üçün və göstərilən tələb kommersiya mübahisəsinə əsaslandığı üçün işin Bakı Kommersiya Məhkəməsinə göndərilməsinə zərurət yaranmışdır Belə ki, MPM-in 30-cu maddəsinə əsasən bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsində baxılmalıdır.
4. Məhkəmə iclasında iddiaçının vəkili vəsatətin təmin edilməməsini xahiş etmişdir. O, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2630/2024 saylı 2 may 2024-cü il tarixli qərardadını təqdim edərək Cavabdeh İddiaçı qarşı “müqavilələrin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsinin baxılmamış saxlanıldığını bildirmişdir.
5. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-3984/2024 saylı 14 may 2024-cü il tarixli qərardadı ilə (hakim-Aygün Həsənova) İddiaçı Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmeti olan mənzilə yönəldilməsi, mənzilin açıq hərracdan satılması, borcun satışdan əldə edilmiş vəsait hesabına ödənilməsi, əldə edilən vəsait yetməzsə qalan məbləğin cavabdehdən tutulması” tələbinə dair mülki iş üzrə cavabdehin etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 mülki işin məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsi barədə vəsatətinin rədd edilməsi qərara alınmışdır
6. Cavabdehin etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14 may 2024-cü il tarixli e-2(011)-3984/2024 saylı qərardadından şikayət verərək şikayətin təmin olunması, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-3984/2024 saylı qərardadının ləğv edilərək, iş materiallarının birləşdirilməsi üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. Şikayət onunla əsaslandırılmışdır ki, hazırkı iş baxımından həm İddiaçı (VÖEN:**********), həm də Cavabdeh (VÖEN: **********) vergi ödəyicisi kimi qeydiyyata alınmaqla sahibkarlıq fəaliyyətini həyata keçirir. Cavabdeh tərəfindən Bakı Kommersiya Məhkəməsinə verilmiş və həmin məhkəmə tərəfindən xx.xx.2024-cü il tarixində icra ata qəbul edilmiş iddia ərizəsinin əsasını tərəflərin kommersiya fəaliyyəti təşkil edir. Belə ki, həmin iddia ərizəsinə əsasən, cavabdeh müştərək qaydada biznes qurmaq və hüquqi şəxs yaratmadan birgə sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq birgə gəlir əldə etmək məqsədilə razılıq əldə olunduğunu və tərəflər arasında şifahi qaydada “adi ortaqlıq” müqaviləsi bağlandığını bildirir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 nömrəli qərarına əsasən iddia icraatı qaydasında baxılan işlərdə mübahisə tərəflərinin subyekt tərkibindən asılı olmayaraq tələb (və ya birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq f əaliyyətindən, yaxud tərəflərin onların bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəldikdə işə kommersiya məhkəmələri baxır. Məhkəmənin münasibətin kommersiya xarakterli olmasına dair sübutların təqdim olunmadığına görə vəsatəti əsassız hesab etməsinə münasibətdə qeyd edir ki, MPM-in məhkəmə aidiyyətini tənzimləyən müvafiq normaları mübahisəyə kommersiya məhkəməsində baxılmasının əsası kimi subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterini, tələblərdən birinin kommersiya məhkəməsinə aid olmasını müəyyən etsə də buna dair sübutların təqdim edilməli olduğunu müəyyən etməmişdir. Cavabdeh tələbi kommersiya xarakterli olduğundan haqlı olaraq Bakı Kommersiya Məhkəməsi tərəfindən icraata qəbul edilmişdir və MPM-in aid iyyət normaları bu cür tələblərə baxmaq, eyni zamanda sübutları araşdırmaq səlahiyyətini Kommersiya Məhkəmələrinə aid etdiyindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin sübutlara qiymət verməsini (iş üzrə sübut axtarmasını) səlahiyyətində olmayan işə dair mahiyyəti üzrə baxılmalı hesab edir. Eyni zamanda məhkəmənin gəldiyi qənaətə əsasən o, sübutların növlərini məhdudlaşdırmış, sübut yükü məsələsini (sübutun Cavabdeh tərəfindən irəli sürülməli olduğunu) “həll etmiş”, şəxslərin izahatlarının, şahid ifadələrinin, işin faktiki hallarının və sairənin sübutların növlərindən olduğunu nəzərə almamışdır. Digər tərəfdən Cavabdeh sahibkarlıq fəaliyyətindən irəli gələn tələbinə baxmağa səlahiyyətli məhkəmə Bakı Kommersiya Məhkəməsi olduğundan iş üzrə bütün sübutlar həmin məhkəməyə təqdim edilə bilər. Ba kı şəhəri Xətai Rayon Məhkəməsinə verilmiş vəsatət işin mahiyyətinə deyil, məhkəmə aidiyyətinə aid olduğundan Cavabdeh Xətai Rayon Məhkəməsinə işin mahiyyəti üzrə sübut təqdim etməyə borclu deyildir.
8. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 may 2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və iş şikayətlə birlikdə yenidən baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Kassasiya instansiya məhkəməsinin mövqeyi
9. Qarışıq məhkəmə tərkibi şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanmalıdır.
10. Belə ki, MPM-in 24.2-ci maddəsinin tələbinə görə, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin pre dmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.
11. Həmin Məcəllənin 25.1 və 26.1-ci maddələrinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 12. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarına müvafiq ola raq MPM-in 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. (bənd 11). Bu baxımdan, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yal nız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır (bənd 12).
13. Məhkəmələrə izah edilir ki, qeyri-kommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların kommersiya mübahisəsinin subyekti olması imkanı mübahisənin onların qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi hallarda mümkün olacaqdır. Onların sahibkarlıq fəaliyyətindən irəli gəlməyən mülki mübahisələrinin kommersiya məhkəmələrinin baxış predmetini təşkil etməsinə isə, yalnız MPM-in 30-cu maddəsinə əsasən digər kommersiya mübahi səsi ilə birgə baxıldığı halda yol verilməlidir (bənd 22).
14. Baxılan işdən görünür ki, hər iki tərəf fiziki şəxs olmaqla fərdi sahibkar kimi qeydiyyatdan keçmişlər. Hazırda cavabdeh tərəf onlar arasında bağlanmış notarial qaydada təsdiqlənmiş kredit müqaviləsinə istinad edərək, cavabdehdən həmin müqavilə üzrə ödənilməmiş borcun tutulmasını tələb edir. Eyni zamanda göstərir ki, onlar arasında işlərin görülməsi ilə bağlı şifahi razılıq olmuş və Kommersiya məhkməsində bağlanmış kredit müqaviləsinin etibarsız hesab edilməsinə dair mülki iş vardır və hazırkı iş həmin işə birləşdirilməklə birgə baxılmalıdır.
15. Məhkəmə tərkibi aşağıdakılara əsasən hesab edir ki, birinci instansiya məhkəməsinin işin aidiyyəti üzrə kommersiya məhkmsəinə göndərilməsindən imtina edilmsəinə dair mövqeyi düzgün olm uşdur.
16. Belə ki, hazırkı işdə tərəflər arasında kredit müqaviləsi bağlanmış, iddiaçı cavabdehə borc verdiyini bildirərək, ümumi məhkəməyə müraciət etmişdir. İş üzrə əsas sübutlardan biri olan, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş, tərəflər arasında notariat qaydada bağlanmış müqavilədə tərəflərin sahibkar statusları barədə, habelə borc məbləğinin sahibkarlıq məqsədilə verildiyi barədə heç bir qeyd edilməmiş, müqavilə standart borc müqaviləsi kimi tərtib olunmuşdur. Bu baxımdan yalnız müqavilə tərəflərinin faktiki olaraq fərdi sahibkar qismində vergi ödəyicisi kimi dövlət qeydiyyatından keçməsi mübahisənin kommersiya məhkəməsinə aid olması qənaətinə gəlməyə əsas vermir.
17. Beləliklə, mövcud vəziyyətdə hazırkı mübahisənin kommersiya mübahisəsi olduğu barədə qənaətə gəlmək mümkün deyildir.
18. Göstərilənləri nəzərə alaraq məhkəmə tərkibi hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır.
19. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətlərə mülki, kommersiya və inzibati kollegiyalara daxil olan hakimlərin qarışıq tərkibində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan 10 gün müddətində baxılır (403-1.6). Kasasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (4031.7).
20. Qarışıq məhkəmə tərkibi qeyd edilənləri nəzərə alaraq və MPM-in 403-1.6 və 403-1.8.2ci ma ddələrini rəhbər tutaraq Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-3984/2024 nömrəli, 14 may 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.