Məhkəmə qərarları › İş №e-2(103)-2764/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(103)-2764/2025

08.05.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(103)-2764/2025 08.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı yüksək gərginlikli elektrik hava xəttinin ərazidən çıxarılması tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), X4 və X3 ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı yüksək gərginlikli elektrik hava xəttinin ərazidən çıxarılması tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 mart 2025-ci il tarixli, e-2(006)-2091/2025 nömrəli qərardadına əsasən ərazi aidiyyətinin mübahisələndirilməsi məsələsinə baxaraq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan və Qəbələ rayonu, Zarağan kəndində, Qəbələ-Şəki yol ayrıcında yerləşən 1,23495 ha torpaq sahəsində yerləşən, ona məxsus qeyri-yaşayış obyektlərinin ərazisindən 10 m məsafədən yaxın keçən, 10 kv-luq elektrik xəttinin götürülərək 10 m məsafədən kənara çəkilməsi barədə cavabdeh X6 Şəbəkəsinin üzərinə öhdəlik qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Qəbələ Rayon Məhkəməsinin 23 yanvar 2025-ci il tarixli, e-2(025)-155/2025 saylı qərardadına əsasən cavabdeh “X6 şəbəkəsi” MMC cavabdeh "xxxx" ASC ilə əvəz olunmuş və İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı yüksək gərginlikli elektrik hava xəttinin ərazidən çıxarılması barədə mülki iş aidiyyət üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir.

3. Qərardadın əsaslarına görə, AR MPM-nin 35.2-ci maddəsinə görə hüquqi şəxsə iddia, hüquqi şəxsin ünvanının olduğu yerə görə verildiyindən, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı yüksək gərginlikli elektrik hava xəttinin ərazidən çıxarılması tələbi barədə iddiasına dair mülki işin materialları aidiyyət üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir.

4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 mart 2025-ci il tarixli, e-2(006)- 2091/2025 nömrəli qərardadına əsasən məhkəmələr arasında fikir ayrılığı yarandığından mülki iş ərazi aidiyyəti məsələsinin həll olunması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

5. Qərardadın əsaslarına görə, iddia ərizəsi Qəbələ Rayon Məhkəməsinə daxil olduğu zaman iddia ərizəsinin icraata qəbul edilməsinin mümkünlüyü məhkəmə tərəfindən yoxlanılaraq məhkəmənin e-2(025)-1853/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadına əsasən məhkəmənin icraatına qəbul edilmiş və qəbul edildiyi an iddaçı ərazi aidiyyəti üzrə cavabdehin qeydiyyatda olduğu ünvan üzrə düzgün qaydada müraciət etmişdir. Bundan sonra cavabdeh əsl cavabdeh ilə əvəz edildikdən sonra mülki iş baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir ki, bu halda ərazi aidiyyətinin dəyişdirilməsi mülki prosessual qanunvericilikdə nəzərdə tutulmamışdır. İddia ərizəsi ərazi aidiyyəti qaydalarına riayət edilməklə məhkəmənin icraatına qəbul edildiyindən, sonradan cavabdehin əsl cavabdehlə əvəz edilməsi mülki işin baxılması üçün ərazi aidiyyəti üzrə başqa məhkəməyə göndərilməsi üçün əsas ola bilməz.

Tətbiq edilən hüquq

6. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 35.1. Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir; Maddə 35.2. Hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Maddə 44.1. Aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir; Maddə 44.2. Məhkəmə işi aşağıdakı hallarda başqa məhkəmədə baxılmağa verir: Maddə 44.2.1. əvvəlcə yaşayış yeri məlum olmayan cavabdeh işi onun yaşadığı yerin məhkəməsinə vermək haqqında vəsatət verərsə; Maddə 44.2.2. iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa; Maddə 44.2.3. hakimlərdən birinə və ya bir neçəsinə edilmiş etiraz təmin edildikdən sonra, eləcə də digər ciddi səbəblərdən həmin məhkəmədə onları əvəz etmək və ya işə baxmaq mümkün olmazsa; Maddə 44.2.4. iddia həmin məhkəməyə qarşı qaldırılmışdırsa; Maddə 44.2.5. hər iki tərəf işə sübutların əksər hissəsinin olduğu yerin məhkəməsində baxılması barədə vəsatət vermişdirsə; Maddə 44.2.6. bu Məcəllənin 43-cü maddəsində nəzərdə tutulmuş hallarda Maddə 45.4. Bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

7. Məhkəmələr arasında yaranmış fikir ayrılığı ondan ibarətdir ki, Qəbələ Rayon Məhkəməsi mübahisəyə hüquqi şəxsə iddia, hüquqi şəxsin ünvanının olduğu yerə görə verilməsinə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi isə aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməli olduğuna istinad edir.

8. İş materiallarından görünür ki, iddia ərizəsi Qəbələ Rayon Məhkəməsinə verilərkən tələb “X6 şəbəkəsi” MMC-yə (VÖEN: **********) qarşı irəli sürülmüşdür. Həmin hüquqi şəxsin rəsmi qeydə alındığı ünvan ünvan 3xsin ünvanı Qəbələ rayonu olduğundan iddiaçı tərəfindən MPM-nin 35.2-ci maddəsinin tələbinə uyğun olaraq Qəbələ Rayon Məhkəməsinə müraciət olunmuş və iş ərazi aidiyyatı qaydalarına riayət olunmaqla düzgün olaraq həmin məhkəmənin icraatına qəbul edilmişdir.

9. Məhkəmə kollegiyası Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin mövqeyi ilə razılaşaraq bu nəticəyə gəlir ki, iddia ərizəsi ərazi aidiyyəti qaydalarına riayət edilməklə məhkəmənin icraatına qəbul edildiyindən, sonradan cavabdehin əsl cavabdehlə əvəz edilməsi mülki işin baxılması üçün ərazi aidiyyəti üzrə başqa məhkəməyə göndərilməsi üçün əsas ola bilməz.

10. Hazırda mübahisələndirilən məsələ məhz ərazi aidiyyatı ilə bağlı olduğundan məhkəmə kollegiyası yalnız bu məsələ ilə bağlı qeyd olunan nəticəyə gəlsə də, birinci instansiya məhkəməsinin nəzərinə çatdırır ki, iddiaçı X1 fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir (VÖEN: **********) və mübahisəyə baxılarkən məhkəmə aidiyyatı məsələsinə də diqqət yetirilməlidir. Yəni, həm işdə iştirak edən şəxslərin subyektiv tərkibi, həm də mübahisənin xarakteri və iddianın predmeti MPM-nin 26-cı maddəsinin və “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarının tələbləri baxımından qiymətləndirilərək müvafiq nəticəyə gəlinməlidir.

11. Göstərilənlərə əsasən və MPM-in 44, 263, 264 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:

İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı yüksək gərginlikli elektrik hava xəttinin ərazidən çıxarılması tələbinə dair mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Qəbələ Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar