Məhkəmə qərarları › İş №e-2(103)-3970/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(103)-3970/2024

14.06.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(103)-3970/2024 14.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, İddiaçı Cavabdeh MMMC-yə qarşı “Binanın əvvəlki vəziyyətə qaytarılması” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 2482/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadına əsasən mübahisəli ərazi aidiyyətinin müəyyənləşdirilməsinə dair məsələyə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMMC-yə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Xətai prospekti, 38 ünvanında inşa edilmiş çoxmənzilli yaşayış binasının hər bir blokuna quraşdırılmış liftlərə kart sisteminin və mənzil mülkiyyətçilərinin birgə mülkiyyəti hesab edilən parklanma yerlərinə quraşdırılmış şlaqbaumların Cavabdeh MMMC-nin vəsaiti hesabına sökülərək, əvvəlki vəziyyətə qaytarılması, eyni zamanda, binanın D2 və C1 bloklarında liftlərin saz vəziyyətə gətirilməsi öhdəliyinin Cavabdeh MMMC-nin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh MMMC-nin vəkili və nümayəndəsi Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, mülki işin ərazi aidiyyəti üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2113/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə mülki işi baxılması üçün ərazi aidiyyətı üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2482/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh MMMC-yə qarşı “Binanın əvvəlki vəziyyətinə qaytarılması və sair” tələbinə dair mülki iş ərazi aidiyyətinin müəyyənləşdirilməsi məqsədi ilə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə istinadən ilk növbədə qeyd edir ki, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Bu normada nəzərdə tutulmuş “qanunla müəyyən edilmiş məhkəmə” müddəası işlərin aidiyyət qaydalarını, qanuni məhkəmə tərkibinin mövcudluğunu və s. subyektiv elementləri ehtiva edir. Konstitusiyanın bu maddəsinə uyğun olaraq məhkəmə aidiyyəti qanunvericiliklə dəqiq müəyyən edilməli və bu norma məhkəmə vasitəsindən istifadə edən subyektlər üçün aydın olmalıdır. Məhkəmə aidiyyətinin qanunla dəqiq müəyyən edilməsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnun səmərəli həyata keçirilməsinə zəmanət yaradır (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 iyun 2021-ci il tarixli Qərarı). Hazırki işin halları baxımından məhkəmə kollegiyası vurğulayır ki, iddiaçının iddia tələbi Bakı şəhəri, Xətai prospekti, 38 ünvanında inşa edilmiş çoxmənzilli yaşayış binasının hər bir blokuna quraşdırılmış liftlərə kart sisteminin və mənzil mülkiyyətçilərinin birgə mülkiyyəti hesab edilən parklanma yerlərinə quraşdırılmış şlaqbaumların Cavabdeh MMMC-nin vəsaiti hesabına sökülərək əvvəlki vəziyyətə qaytarılması, eyni zamanda, binanın D2 və C1 bloklarında liftlərin saz vəziyyətə gətirilməsi öhdəliyinin Cavabdeh MMMC-nin üzərinə qoyulmasından ibarətdir. Bununla belə, mənzil sahibi (mülkiyyətçisi) olan iddiaçı cavabdehin hərəkətləri nəticəsində mülkiyyətində (sahibliyində) olan mənzildən istədiyi kimi istifadə edə bilmədiyini, bu məsələdə məhdudiyyətlərlə üzləşdiyini iddia edir və bu halların, yəni hüquqlarının pozulmasının aradan qaldırılmasını tələb edir ki, onun bu tələbi müstəsna aidiyyət qaydalarına uyğun olaraq bilavasitə əmlakın yerləşdiyi yerin məhkəməsində baxılmalıdır. Həmin əmlakın Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 38 ünvanında yerləşməsi işin məhz Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxılmasını şərtləndirir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir; 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir; 45-ci maddəsinə müvafiq olaraq bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyatına dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı Cavabdeh MMMC-yə qarşı “binanın əvvəlki vəziyyətinə qaytarılması” tələbinə dair mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və MPM-in 39-cu, 45-ci, 399-cu, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Cavabdeh MMMC-yə qarşı “binanın əvvəlki vəziyyətinə qaytarılması” tələbinə dair mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar