Məhkəmə qərarları › İş №e-2(103)-4809/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(103)-4809/2023

21.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(103)-4809/2023 21.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X2 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X1 ibarət tərkibdə, Alıyeva Gülər Neymət qızının katibliyi ilə, iddiaçı LPO “Texnikabank" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “kredit borcunun qaytarılması” tələbinə dair mülki iş üzrə ərazi aidiyyəti ilə bağlı Bakı şəhəri Xətai rayon Məhkəməsinin mübahisələndirdiyi məsələyə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı İddiaçı ASC ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixli, 2(105)-2073/2018 saylı qətnamə ilə müəyyən edilən borcdan 23 dekabr 2022-ci il tarixinə qalan 74 620,84 manat borcun və ödənilmiş 400 manat mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bak Kommersiya Məhkəməsinə müraciət etmişdir. Bakı Komersiya Məhkəməsinin 2-2(113)-1990/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı ilə hazırkı mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) aid olmadığından mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsi 2(011)-4969/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı ilə mülki işin icraata qəbul edilməsindən imtina edilmiş; işin aidiyyəti üzrə baxılmasına dair fikir ayrılığının həll edilməsi üçün iş Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının ləğvedicisinin hüquqi ünvanın Nəsimi rayonu ola-ola, ləğv etmə prosesində olan iddiaçının hüquqi ünvanının Xətai rayonu olduğuna görə mülki işin baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilməsi ilə bağlı mövqe yanlışdır. Məhkəmə hesab etmişdir ki, hazırkı mübahisəyə cavabdehin qeydiyyatda olduğu ünvan əsas götürülməklə Abşeron Rayon Məhkəməsində baxılmalıdır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, iş Bakı şəhəri Xətai Rayon Məhkəməsinə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2 və 24.3-cü maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Həmin Məcəllənin 32.7-ci maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir. Bu Məcəllənin 45.4-cü maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. İşin faktiki halları belədir ki, Bakı kommersiya Məhkəməsi öz icraatına qəbul etdiyi işi, kommersiya xarakterli olmaması və ümumi məhkəmədə baxılmalı olması qənaətinə gələrək məhkəmə aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərmişdir. Həmin məhkəmə isə öz növbəsində hesab etmişdir ki, kommersiya məhkəməsi işi iddiaçının qeydiyyatda olduğu yerin məhkəməsinə göndərməklə ərazi aidiyyəti qaydalarının pozulmasına yol vermişdir. Halbuki Bakı şəhəri Xətai Rayon Məhkəməsi mülki işin ərazi aidiyyətini mübahisələndirmək üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə nəticəyə gələrkən, bu işin ümumi məhkəmə yox, ixtisaslaşdırılmış məhkəmə olan kommersiya məhkəməsi tərəfindən göndərildiyini nəzərə almamışdır. Belə olan halda işin ərazi aidiyyəti üzrə düzgün verilməməsi barədə nəticəyə gələn məhkəmə bu işin başqa eyni statuslu məhkəməyə gödərilməsi barədə qərardad qəbul etmək səlahiyyətlidir. Məhkəmə kollegiyası eyni statuslu məhkəmələr arasında ərazi aidiyyəti ilə bağlı fikir ayrılığı olmadığını, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin isə işi birbaşa Bakı Apellyasiya Məhkəməsinə göndərməklə mülki prosessual qanunvericiliyin müvafiq qaydalarına riayət etmədiyini nəzərə alaraq hesab edir ki, hazırki vəziyyətdə apellyasiya baxışı üçün hər hansı əsas yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 361, 366, 402, 405.0.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: LPO “Texnikabank" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iş Bakı şəhəri Xətai Rayon Məhkəməsinə qaytarılsın. Sədrlik edən hakim: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar