Məhkəmə qərarları › İş №e-2(103)-5444/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(103)-5444/2023

29.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(103)-5444/2023 29.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı3, İddiaçı2 və İddiaçı1 cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı və Cavabdeh1 qarşı ipoteka predmetinin ipotekadan azad edilməsi, ipotekaya xitam verilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: ərazi aidiyyətinin mübahisələndirilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlu və X2 ibarət tərkibdə, İddiaçı3, İddiaçı2 və İddiaçı1 cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı və Cavabdeh1 qarşı ipoteka predmetinin ipotekadan azad edilməsi, ipotekaya xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 iyul 2023-cü il tarixli, e-2(005)-2858/2023 nömrəli qərardadına əsasən ərazi aidiyyətinin mübahisələndirilməsi məsələsinə baxaraq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlərə qarşı Gəncə Şəhər Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, "xxxx" MMC BOKT qarşısında "xxxx" MMC-nin 10 mart 2011-ci il tarixli 8 nömrəli kredit müqaviləsi, 16 mart 2011-ci il tarixli 1 nömrəli əlavə və 03 aprel 2013-cü il tarixli 2 nömrəli əlavə üzrə öhdəliklərə xitam verilməsi, 10 mart 2011-ci il tarixli 8/1 nömrəli ipoteka müqaviləsi üzrə ipotekaya xitam verilməsi, X5 məxsus Tovuz rayonu Alakol kəndində 0,30 torpaq sahəsində yerləşən 887,7 kv.m ümumi, 887,7 kv.m əsas sahədən ibarət olan əmlak kompleksinin ipotekadan azad edilməsi, 10 mart 2011-ci il tarixli 8/2 nömrəli ipoteka müqaviləsi üzrə ipotekaya xitam verilməsi, İddiaçı3 məxsus Tovuz rayonu Əlimərdanlı kəndində 0,12 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 91,9 kv.m yaşayış, 236,9 kv.m köməkçi sahədən ibarət olan fərdi yaşayış evinin ipotekadan azad edilməsi, 10 mart 2011-ci il tarixli 8/3 nömrəli ipoteka müqaviləsi üzrə ipotekaya xitam verilməsi, İddiaçı2 məxsus Tovuz rayonu, Qaraxanlı kəndində 0,08 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 57,2 kv.m yaşayış, 88 kv.m köməkçi sahədən ibarət olan yaşayış evinin ipotekadan azad edilməsi, mərhum X5 məxsus Tovuz rayonu Alakol kəndində 0,30 torpaq sahəsində yerləşən 887,7 kv.m ümumi, 887,7 kv.m əsas sahədən ibarət olan miras əmlaka İddiaçı1 vərəsəlik hüququnun tanınması və miras əmlaka payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Gəncə Şəhər Məhkəməsinin 02 may 2023-cü il tarixli qərardadı ilə iddiaçılar İddiaçı3, İddiaçı2 və X3 cavabdeh "xxxx" MMC BOKT, Cavabdeh3 MMC və üçüncü şəxslər X6 və X4 qarşı kredit müqavilələri üzrə öhdəliklərə xitam verilməsi, ipoteka predmetinin ipotekadan azad edilməsi, ipotekaya xitam verilməsi və miras əmlaka payın tanınması tələbinə dair iddia ərizəsi mərhum X5 məxsus Tovuz rayonu Alakol kəndində 0.30 torpaq sahəsində yerləşən 887.7 kv.m ümumi, 887,7 kv.m əsas sahədən ibarət olan miras əmlaka İddiaçı1 vərəsəlik hüququnun tanınması və miras əmlaka payının müəyyən edilməsi hissəsində baxılmamış saxlanılmışdır.

3. Gəncə Şəhər Məhkəməsinin 05 iyun 2023-cü il tarixli qərardadı ilə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdeh "xxxx" MMC BOKT, Cavabdeh3 MMC və üçüncü şəxslər X6 və X4 qarşı “kredit müqavilələri üzrə öhdəliklərə xitam verilməsi, ipoteka predmetinin ipotekadan azad edilməsi, ipotekaya xitam verilməsi” tələbinə dair iddia tələbinin "xxxx" MMC BOT qarşısında "xxxx" MMC-nin 10 mart 2011-ci il tarixli 8 nömrəli kredit müqaviləsi, 16 mart 2011-ci il tarixli 1 nömrəli əlavə və 03 aprel 2013-cü il tarixli 2 nömrəli əlavə üzrə öhdəliklərə xitam verilməsi hissəsində xitam verilmişdir.

4. Gəncə Şəhər Məhkəməsinin 05 iyun 2023-cü il tarixli qərardadına əsasən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdeh "xxxx" MMC BOKT və üçüncü şəxslər X6 və X4 qarşı “ipoteka predmetinin ipotekadan azad edilməsi, ipotekaya xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işin baxılması üçün Bakı şəhər Nərimanov rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

5. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 iyul 2023-cü il tarixli, e-2(005)- 2858/2023 nömrəli qərardadı ilə mülki iş ərazi aidiyyətinin həll olunması üçün məqsədi ilə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

6. Qərardadın əsaslarına görə, mülki işin materiallarından müəyyən edilir ki, Gəncə Şəhər Məhkəməsi mülki işi icraata qəbul etmiş, mülki işin məhkəmədə baxılmağa hazırlanması müddətində, 05 iyun 2023-cü il tarixli qərardad ilə icraata müəyyən hissədə iddia tələbinin "xxxx" MMC BOKT qarşısında "xxxx" MMC-nin 10 mart 2011-ci il tarixli 8 nömrəli kredit müqaviləsi, 16 mart 2011-ci il tarixli 1 nömrəli əlavə və 03 aprel 2013-cü il tarixli 2 nömrəli əlavə üzrə öhdəliklərinə xitam verilməsi hissəsində xitam verilmişdir. Eyni tarixli digər qərardadla işin Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İşdən görünür ki, AR MPM-nin 44.2-ci maddəsində nəzərdə tutulmuş işin başqa məhkəmədə baxılmağa verilməsi əsaslarından hər hansı biri yaranmamışdır. Digər tərəfdən, mülki işin materiallarında olan “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, iş üzrə cavabdeh olan "xxxx" MMC BOKT-un hüquqi ünvanı ünvan 1 işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində baxılması üçün əsas müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, mülki qanunvericiliyin tələblərinə görə iş göstərilən məhkəmənin icraatına qəbul edildiyindən, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir.

Tətbiq edilən hüquq

7. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 35.1. Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir; Maddə 44.1. Aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir; Maddə 45.4. Bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

8. İşdən müəyyən olunur ki, iddia ərizəsi aidiyyət qaydalarına uyğun olaraq Gəncə Şəhər Məhkəməsinə verilmiş, iddia ərizəsi məhkəmə tərəfindən icraata qəbul edilmişdir.

9. Gəncə Şəhər Məhkəməsinin 05 iyun 2023-cü il tarixli, e-2(125)-3445/2023 nömrəli qərardadı ilə icraata iddia tələbinin "xxxx" MMC BOKT qarşısında "xxxx" MMC-nin 10 mart 2011-ci il tarixli 8 nömrəli kredit müqaviləsi, 16 mart 2011-ci il tarixli 1 nömrəli əlavə və 03 aprel 2013-cü il tarixli 2 nömrəli əlavə üzrə öhdəliklərinə xitam verilməsi hissədə xitam verilmiş, eyni tarixli qərardadla iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir.

10. Göründüyü kimi, mülki iş ilkin olaraq Gəncə Şəhər Məhkəməsi tərəfindən icraata qəbul edilərkən aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin icraatına qəbul edilmişdir. Sonradan işə bir hissədə xitam verilməsi isə işin ərazi aidiyyətinin dəyişdirilməsi üçün əsas ola bilməz. Buna əsas verən hər hansı norma da Mülki Prosessual Məcəllədə nəzərdə tutulmuşdur.

11. MPM-in 44.1-ci maddəsində qeyd edilmişdir ki, aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir.

12. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, mülki iş ərazi aidiyyət qaydalarına riayət edilməklə Gəncə Şəhər Məhkəməsinin icraatına qəbul edildiyindən, iddiann bir hissəsi baxılmamış saxlanıldıqdan, bir hissəsi üzrə icraata xitam verildikdən sonra başqa məhkəmənin aidi olsa da, mahiyyəti üzrə işə həmin məhkəmədə baxılmalıdır

13. Göstərilənlərə əsasən və MPM-in 44, 263, 264 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:

İddiaçılar İddiaçı3, İddiaçı2 və İddiaçı1 cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı və Cavabdeh1 qarşı ipoteka predmetinin ipotekadan azad edilməsi, ipotekaya xitam verilməsi tələbinə dair mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilsin.. Qərardaddan şikayət verilə bilməz.

HAKİMLƏR Fərrux Qasımov

Xəyal Sarıyev Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar