Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2(104)-458/2025 09.01.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X1 (sədrlik edən məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Mustafayeva Qəribə İlham qızının katibliyi, İddiaçı “X3 Azərbaycan” QSC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair mülki iş üzrə Xocalı Rayon Məhkəməsinin işə baxan hakimi, eyni zamanda məhkəmənin sədri Tural Ələkbərov tərəfindən özü-özünə verilmiş etiraza açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏNETDİ: İddiaçı “X3 Azərbaycan” QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 18714,86 manat əsas borc, 1739,2 manat faiz borcu, 120,98 manat cərimə borcu, cəmi 20575,04 manat məbləğində borcun, həmçinin dövlət büdcəsinə köçürülmüş 151,72 manat məbləğində dövlət rüsumunun “X3 Azərbaycan” QSC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Xocalı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(070)-404/2024 nömrəli qərardadı ilə (hakim Tural Ələkbərov) iddiaçı “X3 Azərbaycan” QSC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə özü-özünə etiraz edilərək, etirazın baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İşə baxan hakim (məhkəmənin sədri) Tural Ələkbərov özü-özünə etiraz barədə qərardadı onunla əsaslandırmışdır ki, Cavabdeh arvadımın əmisi oğludur (əsas: Xocalı rayon İcra hakimiyyəti başçısının xx.xx.2024-cü il tarixli, 5- 51/2-641 nömrəli məktubu, doğum, ölüm və nikah haqqında şəhadətnamələrin surətləri). Bu halda iş üzrə qəbul ediləcək yekun məhkəmə aktının obyektivliyinə və qərəzsizliyinə dair şübhə olmaması baxımından özüözünə etiraz edir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb və məruzəçi hakimi dinləyərək aşağıdakılara əsasən hesab edir ki, etiraz təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 19.1-ci maddəsinə əsasən, hakimin işə baxılmasına aşağıdakı hallarda yol verilmir: O, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada hakim vəzifəsinə təyin edilməmişsə; O, Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq işin baxılması üçün nəzərdə tutulmuş hakim deyildirsə;O, əvvəllər hakim kimi, birinci instansiya məhkəməsində, apellyasiya və kassasiya instansiyalarında, həmçinin yeni açılmış hallar üzrə işin mahiyyəti üzrə baxılmasında iştirak etmişsə; O, əvvəllər tərəflərdən birinin nümayəndəsi, yaxud vəkili olmuşsa və ya işdə şahid, ekspert, mütəxəssis, tərcüməçi, məhkəmə iclasının katibi kimi iştirak etmişsə; O, məhkəmədə baxılan mübahisə üzrə əvvəllər tərəflər arasında mediasiya prosesində mediator kimi iştirak etmişdirsə; O, tərəflərdən biridirsə və ya tərəflərdən birinin və yaxud onun nümayəndəsinin və ya vəkilinin qohumudursa və ya qohumu olmuşsa; onun şəxsən, bilavasitə və ya dolayı yolla işin nəticəsində maraqlı olmasına, obyektivliyinə və qərəzsizliyinə dair şübhə doğuran kifayət qədər əsas varsa. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən, bu Məcəllənin 19 və 20-ci maddələrində göstərilən hallar olduqda hakim, ekspert, mütəxəssis, tərcüməçi, məhkəmə iclasının katibi özü-özünə etiraz etməyə borcludur. İşdə iştirak edən şəxslər də həmin əsaslar üzrə etiraz edə bilərlər. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, etiraz etmə və ya özü-özünə etiraz etmə yazılı formada əsaslandırılmalı və işə mahiyyəti üzrə baxılmağa başlanana qədər edilməlidir. Sonradan etiraz etməyə və ya özü-özünə etiraz etməyə yalnız o halda yol verilir ki, etirazın əsasları məhkəməyə və etiraz edənə işə baxılmağa başlanandan sonra məlum olsun. Həmin Məcəllənin 22.5-ci maddəsinə əsasən, əgər etiraz birinci instansiya məhkəməsində işə baxan məhkəmə sədrinə, yaxud təktərkibli məhkəmənin hakiminə edilmişsə, bu halda etiraz, baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilir. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində göstərilir ki, ədalət mühakiməsi hakimlərin müstəqilliyi təmin edilməklə, heç bir məhdudiyyət qoyulmadan, faktlara əsasən, qərəzsiz, ədalətlə və qanunlara müvafiq həyata keçirilir. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin birinci hissəsində göstərilmişdir ki, hər kəs onun hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Göründüyü kimi, Konvensiyada “qərəzsiz” məhkəmə baxışının keçirilməsi ədalətli məhkəmə araşdırması hüququnun ayrılmaz tərkib hissəsi, təməl prinsipi kimi nəzərdə tutulur. Konvensiyanın bu prinsipinin təcrübədə tətbiqi ilə bağlı Avropa Məhkəməsi bir sıra qərarlarında göstərmişdir məhkəmənin müstəqilliyi həm də zahiri əlamətlərə malik olmalıdır. Məsələn, «Fay Avstriyaya qarşı» 24 fevral 1993-cü il tarixli qərarın 28-ci bəndində məhkəmə izah etmişdir ki, 6-cı maddənin 1-ci bəndinin məqsədləri üçün qərəzsizliyin mövcudluğu subyektiv test əsasında, yəni konkret hakimin konkret iş üzrə şəxsi mövqeyi əsasında, habelə obyektiv test əsasında, yəni hakimin təqdim etdiyi təminatların onun qərəzsizliyi ilə bağlı hər hansı haqlı şübhələri istisna edib-etmədiyini müəyyənləşdirmək əsasında müəyyən edilməlidir. Subyektiv testə gəldikdə, bunun əksi sübut olunmayınca ehtimal edilməlidir ki, hakimin şəxsi qərəzliliyi yoxdur. Hazırki işdə obyektiv test tətbiq edilməlidir. Obyektiv testə əsasən, hakimin şəxsi davranışından savayı, onun qərəzsizliyinə qarşı şübhələr yarada bilən inandırıcı faktların olub-olmadığı müəyyən edilməlidir. Bu baxımdan hətta zahiri əlamətlər də müəyyən əhəmiyyət kəsb edə bilər. Burada söhbət demokratik cəmiyyətdə məhkəmələrin ictimaiyyətdə və ilk proses iqştirakçısında doğurduğu inamdan gedir. Bu o deməkdir ki, konkret halda konkret hakimin qərəzsiz olmadığından ehtiyatlanmaq üçün haqlı səbəbin mövcud olub-olmadığı barədə qərar çıxararkən proses iştirakçısının mövqeyi önəmlidir, amma həlledici deyil. Həlledici olan odur ki, bu ehtiyatlanmanın obyektiv əsasa söykəndiyi müəyyən edilməlidir. Baxılan işdə də məhkəmənin qərəzsizliyi və obyektivliyi şübhə doğurmasa da, lakin ədalət mühakiməsinin proses iştirakçılarının nəzərində inam hissinə əsaslanan şəraitdə keçirilməsi əsas məqsəddir və ona görə də işə baxan hakimin (məhkəmənin sədri) özüözünə etirazı təmin edilməlidir. Məhkəmə kollegiyası həmçinin mübahisənin xarakterini, tərəflərin yaşayış yerini və diqqətəlayiq digər halları nəzərdən keçirərək hesab edir ki, iş baxılması üçün Naftalan Şəhər Məhkəməsinə göndərilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 21-22, 263-264 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏRARAALDİ: İddiaçı “X3 Azərbaycan” QSC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair mülki iş üzrə Xocalı Rayon Məhkəməsinin işə baxan hakimi, eyni zamanda məhkəmənin sədri Tural Ələkbərov tərəfindən özü-özünə verilmiş etiraz təmin edilsin və mülki iş baxılması üçün Naftalan Şəhər Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №e-2(104)-458/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(104)-458/2025
09.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver