Məhkəmə qərarları › İş №e-2(104)-680/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(104)-680/2025

20.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2(104)-680/2025 20.02.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və X1 ibarət tərkibdə, İddiaçı “X3 Azərbaycan” QSC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair mülki işə baxan Xocalı Rayon Məhkəməsinin hakimi (məhkəmə sədri) Tural Ələkbərovun özü-özünə vermiş olduğu etiraza Gəncə Apellyasiya Məhkəməsinin binasında bахаrаq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı “X3 Azərbaycan” QSC Cavabdeh qarşı iddia ərizəsi ilə Xocalı Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 733,64 manat əsas, 66,84 manat faiz, 59,67 manat cərimə, 13,25 manat müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar, 0 manat bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri, cəmi 873,4 manat borcun, həmçinin ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq “X3 Azərbaycan” QSC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Xocalı Rayon Məhkəməsinin 04 fevral 2025-ci il tarixli 2(070)-16/2025 nömrəli qərardadı ilə iddiaçı “X3 Azərbaycan” QSC-nin Cavabdeh qarşı borc tələbinə dair mülki iş üzrə hakim Tural Ələkbərov (məhkəmə sədri) özü-özünə etiraz etmiş və baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Xocalı Rayon Məhkəməsinin hakimi (məhkəmə sədri) Tural Ələkbərovun özü-özünə etirazı onunla əsaslandırılmışdır ki, Cavabdeh arvadının əmisi oğludur (əsas: Xocalı rayon İcra Hakimiyyəti başçısının 22 oktyabr 2024-cü il tarixli, 5- 51/2-641 nömrəli məktubu, doğum, ölüm və nikah haqqında şəhadətnamələrin surətləri). Bu halda iş üzrə qəbul ediləcək yekun məhkəmə aktının obyektivliyi və qərəzsizli şübhə altına salına bilər. Məhkəmə kollegiyası etirazı iş materialları ilə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, etiraz təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 19.1.6. maddəsinə əsasən o, tərəflərdən biridirsə və ya tərəflərdən birinin və yaxud onun nümayəndəsinin və ya vəkilinin qohumudursa və ya qohumu olmuşsa hakimin işə baxılmasına yol verilmir. Həmin Məcəllənin 21.1. maddəsinə əsasən bu Məcəllənin 19 və 20-ci maddələrində göstərilən hallar olduqda hakim, ekspert, mütəxəssis, tərcüməçi, məhkəmə iclasının katibi özü-özünə etiraz etməyə borcludur. İşdə iştirak edən şəxslər də həmin əsaslar üzrə etiraz edə bilərlər. Həmin Məcəllənin 21.2. maddəsinə əsasən etiraz etmə və ya özü-özünə etiraz etmə yazılı formada əsaslandırılmalı və işə mahiyyəti üzrə baxılmağa başlanana qədər edilməlidir. Sonradan etiraz etməyə və ya özü-özünə etiraz etməyə yalnız o halda yol verilir ki, etirazın əsasları məhkəməyə və etiraz edənə işə baxılmağa başlanandan sonra məlum olsun. Həmin Məcəllənin 22.5. maddəsinə əsasən əgər etiraz birinci instansiya məhkəməsində işə baxan məhkəmə sədrinə, yaxud təktərkibli məhkəmənin hakiminə edilmişsə, bu halda etiraz, baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 99 maddəsinə əsasən hakim ədalət mühakiməsini həyata keçirərkən baxılan məsələ üzrə yekun qərar qəbul edilənədək həmin qərara dair fikir bildirməməlidir. Hakimlər məhkəmə icraatına hazırlıq dövründə və məhkəmə icraatı zamanı işlə bağlı şəxslərin qəbulunu həyata keçirmirlər. “Hakimə (məhkəmə tərkibinə) etiraz etmə barədə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 1-ci bəndinə əsasən, məhkəmələr nəzərə almalıdırlar ki, mülki və cinayət məhkəmə icraatında hakimə (məhkəmə tərkibinə) əsaslı etiraz olunması və yaxud hakimin öz-özünə etiraz etməsi nəinki obyektiv, qərəzsiz məhkəmə aktlarının qəbul edilməsinə şərait yaradır, həmçinin proses iştirakçılarının və digər şəxslərin ədalət mühakiməsinə və məhkəmə aktlarına inamını artırır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndində göstərilmişdir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Göründüyü kimi Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyinin yuxarıda sadalanan müddəaları, habelə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsi məhkəmə aktına inamı artırmaq üçün qərəzsizliyi önə çəkərək buna xüsusi əhəmiyyət vermiş, bu yolla qəbul ediləcək məhkəmə qərarının ədalətliliyinə təminatı nəzərdə tutmuşdur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Lindon, Otchakovsky-Laurens və July Fransaya qarşı iş üzrə 22 oktyabr 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, məhkəmənin qərəzsizliyi Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin mənasına görə, məhkəmədə qabaqcadan formalaşmış yanlış fikirlərin və qabaqcadan hasil olan qənaətlərin olmamasını ehtiva edir. Məhkəmənin qərəzsiz olmasının müəyyən edilməsinin iki metodu mövcuddur: 1) konkret hakimin işə dair şəxsi fikrinin və ya marağının müəyyən edilməsi cəhdi; 2) hakimin bu məsələyə dair hər hansı qanuni şübhələri istisna etməyə imkan verən zəmanətləri təmin edə bilib-bilməməsinin müəyyən edilməsi. İş materiallarına əlavə olunmuş Xocalı rayon İcra Hakimiyyəti başçısının 22 oktyabr 2024-cü il tarixli, 5-51/2-641 nömrəli məktubu, doğum, ölüm və nikah haqqında şəhadətnamələrdən müəyyən edilmişdir ki, Xocalı Rayon Məhkəməsinin hakim (məhkəmə sədri) Tural Ələkbərov ilə Cavabdeh qohumdular. Belə olan halda məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, məhkəmə prosesində hakimin qərəzsizliyi işin tam, obyektiv və hərtərəfli araşdırılmasına, ədalətli qərar qəbul olunmasına, eləcə də ədalət mühakiməsinin səmərəli həyata keçirilməsinə xidmət edir. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, ədalətli məhkəmə aktının qəbul edilməsinə nail olmaq üçün qərəzsiz məhkəmənin olması milli və beynəlxalq hüququn tələbi, eyni zamanda ədalət mühakiməsinin həyata keçirilməsinin əsas şərtidir. Ədalət mühakiməsinin bütün şübhələrdən kənar həyata keçirilməsi baxımından məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə işə baxan hakimin (məhkəmə sədri) özü-özünə etmiş ol5duğu etiraz təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin bütün hakimlərinə ayrı-ayrılıqda və ya təktərkibli məhkəmənin hakiminə edilmiş etiraz və ya özü-özünə etiraz təmin edilmişsə, bu halda iş apellyasiya instansiyası məhkəməsi tərəfindən başqa birinci instansiya məhkəməsinə verilir. Məhkəmə kollegiyası həmçinin mübahisənin xarakterini, tərəflərin yaşayış yerini və diqqətəlayiq digər halları nəzərdən keçirərək hesab edir ki, iş baxılması üçün Naftalan Şəhər Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 19, 23, 263-264-cü maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı “X3 Azərbaycan” QSC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair mülki işə baxan hakim (məhkəmə sədri) Tural Ələkbərovun özü-özünə vermiş olduğu etiraz təmin edilsin və mülki iş baxılması üçün Naftalan Şəhər Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar