Məhkəmə qərarları › İş №e-2(105)-635/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(105)-635/2025

02.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(105)-635/2025 02.04.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının hakimləri–Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X3 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borc tələbinə dair mülki iş üzrə Cavabdeh tərəfindən Şamaxı Rayon Məhkəməsinin sədrinə verilmiş etiraza açıq məhkəmə iclasında baxılır. M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı QSC-nin xeyrinə 15550.98 manat məbləğində əsas, 2507.84 manat məbləğində faiz və 732.03 manat məbləğində cərimə olmaqla, ümumilikdə 18790,85 manat məbləğində bоrcun və ödənilmiş 146.37 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh Şamaxı Rayon Məhkəməsinin hakimi və sədrinə etiraz edərək, mülki işin baxılması üçün digər məhkəməyə göndərilməsini xahiş etmişdir. Cavabdeh etirazını onunla əsaslandırmışdır ki, bankın ona qarşı olan iddia ərizəsinin reallığa uyğun olmadığının əsaslarını Şamaxı Rayon Məhkəməsində bildirsə də hakim Fərid Yaqubov işi az da olsa araşdırmayaraq əksinə işi başından edərək sanki sifarişlə hərəkət edirmiş kimi işə önəm verməmişdir. Eyni zamanda onun digər inzibati işi ilə bağlı onun bu qanusuzluqları barədə məcbur olub Məhkəmə-Hüquq Şurasına müraciət etmişdir. Həmin müraciətindən hiddətlənən hakim şikayət etdiyi üçün ona qarşı açıq-aşkar qərəzli mövqe nümayiş etdirir. Belə olan halda onun işə ədalətli və düzgün baxması konkret açıqaşkar mümkün olmaması gün kimi aydındır. Buna grörə də 2(074)-42/2025 saylı mülki iş üzrə Şamaxı Rayon Məhkəməsinin hakimi Fərid Yaqubova olan haqlı etirazının təmin edilib bu işin Fərid Yaqubovun icraatından alınaraq başqa hakimə və ya başqa rayon məhkəməsinə verilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(074)-42/2025 nömrəli qərardadı ilə (hakim Fərid Yaqubov) mülki iş üzrə cavabdeh tərəfindən verilmiş etirazın həll edilməsi üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh etirazını müdafiə edərək, izahatında bildirmişdir ki, iş üzrə ekspertiza təyin edilsə də ekspertizanın keçirilməsində iştirakı və ödənişləri ilə bağlı sübutları təqdim edilməsi ilə bağlı ona şərait yaradılmamışdır. Hakim əvvəllər də ona qarşı qərəzli qərar çıxarmışdır. Belə ki, ona qarşı olan başqa bir işdə iddiaçıya 1340 manat borcu olduğu halda məhkəmə ondan 1370 manat pul tutmuşdur. Həmçinin, qardaşı barəsində olan inzibati xəta haqqında iş üzrə də qərəzli qərar qəbul etmişdir. Düzdür, həmin qərardan apellyasiya şikayəti versə də apellyasiya məhkəməsi şikayəti təmin etməmişdir. Lakin, X4 öz qərarını ləğv etmişdir. Buna görə də etirazınən təmin edilməsini xahiş edir. Məhkəmə kollegiaysı cavabdehin izahatını dinləyib, iş materiallarını və etirazın dəlillərini araşdırıb hesab edir ki, etiraz əsassız olduğundan təmin edilməməlidir. Belə ki, cavabdehin etirazının dəlilləri işə baxan hakimin ona qarşı qərəzli olması, obyektivliyinə və qərəzsizliyinə dair şübhələrin olması ilə bağlı olmuşdur ki, cavabdehin bu dəlilləri əsassız olmaqla, hər hansı bir sübutla da təsdiq olunmamaqdadır. Cavabdeh hakim tərəfindən işdə olan sübutları nəzərə alınmamasını, daha əvvəl ona və qardaşına qarşı qərəzli qərar qəbul etməsini əsas gətirmişdir. Hərçənd ki, sübutlar məhkəmə iclasında tədqiq olunmaqla, hakim müşavirəyə getdikdən sonra qiymətləndirlməklə yekun məhkəmə aktını qəbul edir. Hazırkı iş üzrə isə məhkəmə prosesi davam etməkdədir ki, hakimin sübutları nəzərə almaması ilə bağlı cavabdehin əvvəlcədən gəldiyi nəticə anlaşılan olmamışdır. Bundan başqa cavabdehin ödənişlərə dair sübutlarını məhkəməyə təqdim edə bilməməsi ilə bağlı dəlili də əsassız olmuşdur. Belə ki, cavabdeh “Elektron Məhkəmə İnformasiya Ssitemi”ndə qeydiyyatdan keçəməklə, elektron kabinetə sahib olmuşdur ki, məhkəməyə olan müraciətlərini və müvafiq sübutlarını həmin kabinet vasitəsi ilə də məhkəməyə təqdim etmək imkanına malik olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 19.1.7-ci maddəsinə əsasən hakimin şəxsən, bilavasitə və ya dolayı yolla işin nəticəsində maraqlı olmasına, obyektivliyinə və qərəzsizliyinə dair şübhə doğuran kifayət qədər əsas varsa onun tərəfindən işə baxılmasına yol verilmir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, işə baxan hakimin şəxsən, bilavasitə və ya dolayı yolla işin nəticəsində maraqlı olmasına, obyektivliyinə və qərəzsizliyinə dair şübhə doğuran hər hansı bir əsasın mövcudluğu istisna olunmaqla, iddiaçının etirazının dəlilləri əsassız olmuşdur. Buna görə də Şamaxı Rayon Məhkəməsinin hakimi və sədrinə cavabdeh tərəfindən verilmiş etiraz təmin edilməməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 19, 21-22 və 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şamaxı Rayon Məhkəməsinin hakimi və sədri X1 Cavabdeh tərəfindən verilmiş etiraz təmin edilməsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar