Məhkəmə qərarları › İş №e-2(110)-1018/2025

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-1018/2025

06.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-1018/2025 06.10.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Zeynalov İlkin Cəlal oğlu İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair mülki işə tərəflərin iştirakı olmadan məhkəmənin inzibati binasında baxaraq müəyyənetdi: İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti Şərur Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 600 (altı yüz) manat əsas, 30 (otuz) manat faiz, 87 (səksən yeddi) manat komissiya və 363 (üç yüz altmış üç) manat cərimə borcu olmaqla, cəmi 1080 (bir min səksən) manat borcun və ödənilmiş 30.8 (otuz manat səksən qəpik) manat dövlət rüsumu məbləğinin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehlə aralarında bağlanmış xx.xx.2023cü il tarixli **********003 saylı “mikrokredit müqaviləsi”nə (bundan sonra “müqavilə” adlanacaq) əsasən, cavabdehin sorğusu əsasında ona 30 gün müddətinə illik 60,85 % ödəmək şərtilə 600 manat məbləğində kredit verilmişdir. Müqaviləyə əsasən cavabdeh ona verilmiş həmin mikro kredit məbləği ilə yanaşı, müqavilənin xüsusi şərtlərində qeyd edilən pul məbləğlərini (kreditdən istifadəyə görə haqq və xidmət haqqı) də qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etsə də, cavabdeh öhdəliyini vaxtında icra etməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Belə ki, cavabdehin əsas məbləğ üzrə 600 manat, faiz borcu üzrə 30 manat, xidmət haqqına (komissiya) görə isə 87 manat borcu yaranmışdır. Borcun ödənilməsi ilə əlaqədar olaraq cavabdehə dəfələrlə şifahi və yazılı qaydada xəbərdar edilsə də, o, borcunu ödəməmişdir. Məhkəmə iddia ərizəsinə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərə biləcəyinin izah edilməsinə dair bildiriş cavabdehin yaşadığı ünvana göndərilmiş və şəxsən özü tərəfindən qəbul edilsədə, cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. İş materiallarında olan sübutlara qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. - xx.xx.2023-cü il tarixli **********003 saylı Kredit Müqaviləsindən aydın olur ki, həqiqətən Cavabdeh ilə İddiaçı BOKT MMC arasında qeyd olunan kredit müqaviləsi imzalanmış və tərəflər üzərlərinə bir sıra öhdəliklər götürmüşlər. Həmin Müqaviləyə əsasən ona 30 gün müddətinə illik 60,85 faiz ödəmək şərti ilə 600 manat məbləğində istehlak krediti verilmiş. - xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, cavabdehin hesabına 600 manat kredit köçürülmüşdür - xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli **********003 saylı kredit müqaviləsi üzrə İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC-yə 600 manat əsas, 30 manat faiz, 87 manat komissiya, 363 manat cərimə olmaqla, cəmi 1080 manat borcu mövcuddur. - xx.xx.2025-ci il tarixli, **********57 nömrəli Mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı BOKT MMC tərəfindən məhkəmədə iddia qaldırması ilə əlaqədar AsanPay ödəniş sistemi vasitəsi ilə Dövlət büdcəsinin AZ60AİİB******************** saylı xəzinə hesabına 30.8 manat rüsum ödənilmişdir. - xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, iddiaçı cavabdehdən hazırki tələblə bağlı məhkəməyə müraciət etməzdən əvvəl xx.xx.2025-ci il tarixli bildiriş göndərərək onun müqaviləyə əsasən Banka 600 manat əsas borcu, 30 manat komissiya, 363 manat cərimə borcu olmaqla, cəmi 1080 AZN borcu olduğunu, Banka olan bütün borc məbləğinin tam olaraq 3 gün müddətində ödəməklə bağlanmış kredit müqaviləsini 3 gün müddətində ləğv etməyi təklif etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. - 385.1-ci maddəsində deyilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; -448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə iddia tələbi üzrə faiz borcunun tutulması hissəsi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair“xx.xx.2023-cü il tarixli Qərarında kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Odur ki, kredit müqaviləsi kimi icrası davamlı olan öhdəlik münasibətlərində müqavilədən imtina ləğvetmədə olduğu kimi, ancaq imtinadan sonrakı dövr üçün öhdəlikləri aradan qaldırır. Həmçinin həmin qərarda bildirmişdir ki, göstərilənlərə əsasən qeyd olunmalıdır ki, kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Məhkəmə iddia tələbinin müqavilə üzrə hesablanmış 363 manat cərimənin alınması hissəsi üzrə qeyd edir ki, həmin hissədə iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir...; - 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə Müqavilə üzrə əsas borcun miqdarını, iddiaçının həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq, hesablanmış 363 manat cərimənin məbləğinin əsas məbləğə münasibətdə tənasübsüz surətdə yüksək olması qənaətinə gələrək, tələb olunan cərimənin məbləğinin 16 manat həcmində müəyyənləşdirilməsini tərəflərin əmlak mənafeləri baxımından ədalətli hesab edir. Məhkəmə mülki işin materiallarinda olan sübutlara məcmu halda tam və hərtərəfli qiymət verərək bu qənaətə gəlir ki, Cavabdeh xx.xx.2023-cü il tarixli **********003 saylı Kredit Müqaviləsinə əsasən 600 manat əsas borc, 30 manat faiz borcu, 87 manat komissiya, 16 manat cərimə borcu olmaqla cəmi 733 manat məbləğində pul alınaraq İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinə ödənilməli, iddia digər hissədə rədd edilməlidir. Eyni zamanda Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən ödənilmiş 30.8 manat dövlət rüsumunun 0.69 manatı iddiaçıya aid edilməli, qalan 30.11 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli **********003 saylı Kredit Müqaviləsinə əsasən 600 (altı yüz) manat əsas borc, 30 (otuz) manat faiz borcu, 87 (səksən yeddi) manat komissiya, 16 (on altı) manat cərimə borcu olmaqla cəmi 733 (yeddi yüz otuz üç) manat borc və 30.11 (otuz manat on bir qəpik) manat dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 763.11 (yeddi yüz altmış üç manat on bir qəpik) manat məbləğində pul alınaraq İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: İlkin Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar