Məhkəmə qərarları › İş №e-2(110)-102/2024

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-102/2024

26.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-102/2024 26.02.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “müqavilədən əmələ glən öhdəliklərin yerinə yetirilməsi” tələbi barədə mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı “Oba Market“ MMC-nin nümayəndəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli 3M-673 reystr nömrəli İcarə müqaviləsinə əsasən İcarə sahəsinin İddiaçı MMC-nin istifadəsinə verilməsi, Cavabdeh əldən çıxmış fayda, hər ay üçün 2200 olmaqla, cəmi 22000 manat (10 ay) pulun, ödənilməmiş itki məbləğinin (mağazanın sökülməsi və yenidən qurulması üçün çəkilən xərclərin) yəni 14742 manat pulun və dövlət rüsumu üçün ödənilmiş 201 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC iddia ərizəsində Cavabdeh (bundan sonra icarəyə verən) ilə İddiaçı MMC ilə arasında Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 15 kv/m olan qeyri-yaşayış binasının (bundan sonra İcarə sahəsi) 10 il müddətə aylıq icarə haqqı 1645 manat olmaqla icarəyə verilməsi ilə bağlı xx.xx.2021-ci il tarixli 3M-673 reystr nömrəli İcarə müqaviləsi bağlandığını, həmin tarixdən etibarən İddiaçı MMC-nin mağazası açılaraq fəaliyyət göstərməyə başladığını, daha sonra icarəyə verənin icarə sahəsində yaxşılaşdırma işləri aparmaq qərarına gəldiyini, İddiaçı MMC-dən mağazanın fəaliyyətini 3 ay dayandırmasını tələb etdiyini, şirkət əməkdaşlarının həmin mağazadan çıxmağın xərclərinin çox olacağını, qazancının və müştərilərini itirəcəyini bildirərək etiraz etdiklərini, lakin icarəyə verənin həmin xərcləri ödəyəcəyini bildirərək, obyektin yaxşılaşdırılması üçün təkidlə əməkdaşlarımızdan bununla bağlı Saziş bağlanmasını xahiş etdiyini, beləliklə, tərəflər arasında xx.xx.2023-cü il tarixində icarə müqaviləsinə əlavələr edilməsi barədə Saziş bağlandığını, belə ki, icarəyə verən bildirmişdir ki, “3 ay ərzində təmir-tikinti işlərini yekunlaşdırıb obyekti yenidən İddiaçı MMC-nin istifadəsinə verəcək” deyə icarəyə verənin bildirdiyini, bu müddət ərzində mağaza hər ay 2200 manat gəlir əldə etdiyindən 3 ay ərzində mağaza fəaliyyət göstərmədiyindən əldən çıxmış faydanı yəni 6600 manatı da ödəyəcəyini həmçinin obyekt üçün çəkilmiş 14742 manat xərci (mağazanın sökülməsi və yenidən qurulması üçün çəkilən xərcləri) ödəyəcəyini və obyekti yenidən İddiaçı MMC-nin istifadəsinə verəcəyini öhdəsinə götürdüyünü, lakin hazırda obyektin təmiri yekunlaşsa da icarəyə verənin obyekti İddiaçı MMC-yə təhvil vermədiyini, obyekt üçün çəkilmiş 14742 manat xərci də bu günə kimi ödəmədiyini, həmçinin, əldən çıxmış faydanın 10 aya münasibətdə hazırda 22000 manat təşkil etdiyini, bununla bağlı cavabdehlə dəfələrlərə əlaqə saxlanıldığını və müqavilə üzrə öhdəliklərini yerinə yetirərək, müəyyənləşdirilmiş pul məbləğinin ödənilməsi və obyektin “icarəçi”yə təhvil verilməsinin tələb edildiyini, lakin hər dəfə ayrı-ayrı bəhanələr gətirərək, müqavilə öhdəliyini yerinə yetirməkdən yayındığını bildirmişdir. 29 yanvar 2024-cü il tarixdə keçirilən məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsində qeyd etdikləri xüsusatlarla eyni məzmunlu izahat verərək, məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 16 fevral 2024-cü il tarixdə iddiaçının nümayəndəsi X3 məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə göndərərək ərizəsində xx.xx.2023-cü il tarixdə “müqavilədən əmələ glən öhdəliklərin yerinə yetirilməsi barədə” iddia ərizəsi ilə Şərur Rayon Məhkəməsinə müraciət edərək xx.xx.2021-ci il tarixli 3M-673 reystr nömrəli İcarə müqaviləsinə əsasən İcarə sahəsinin İddiaçı MMC-nin istifadəsinə verilməsi, Cavabdeh əldən çıxmış fayda, hər ay üçün 2200 olmaqla, cəmi 22000 manat (10 ay) pulun, ödənilməmiş itki məbləğinin (mağazanın sökülməsi və yenidən qurulması üçün çəkilən xərclərin) yəni 14742 manat pulun və dövlət rüsumu üçün ödənilmiş 201 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etdiyini, aidiyyatı mülki işi məhkəməyə göndərdiyi vaxtda (xx.xx.2023-cü il) “Oba Market” MMC-nin əldən çıxmış faydasının hər ay üçün 2200 manat olmaqla cəmi 22000 manat (10 ay) olduğunu, hazırda isə əldən çıxmış faydanın 28600 manat (13 ay) təşkil etdiyini, xx.xx.2021-ci il tarixli 3M-673 reystr nömrəli İcarə müqaviləsinə əsasən İcarə sahəsinin İddiaçı MMC-nin istifadəsinə verilməsi, Cavabdeh əldən çıxmış fayda, hər ay üçün 2200 olmaqla, cəmi 28600 manat (13 ay) pulun, ödənilməmiş itki məbləğinin (mağazanın sökülməsi və yenidən qurulması üçün çəkilən xərclərin) yəni 14742 manat pulun və dövlət rüsumu üçün ödənilmiş 221 manat olmaqla, ümumilikdə 45563 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmşdir. Məhkəmə 2(110)-102/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadla mülki işə artırılmış iddia tələbi çərçivəsində baxılması qənaətinə gəlmişdir. İddiaçı MMC-yə məhkəmə iclaslarının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, iddiaçı məhkəmə baxışı gəlməmiş, lakin iddiaçının nümayəndəsi xx.xx.2024-cü il tarixdə məhkəmənin elektron poçtuna ərizə göndərərək ərizəsində xx.xx.2024-cü il tarixə olan 2(110)- 102/2024 saylı işlə bağlı məhkəmə baxışı iclası təyin edildiyini, səhhətilə bağlı prosesdə iştirak edə bilməyəcəyini, iş üzrə əlavə sənəd və digər sübutunun olmadığını, iddianı müdafiə etdiyini və onun iştirakı olmadan baxıb qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-in 185.6-cı maddəsinin tələblərinə müvafiq olaraq məhkəmə mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada dəfələrlə məlumat verilmiş, o, məhkəmə iclaslarına gəlməmiş və gələ bilməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının MPM-in 185.5-ci maddəsinin tələblərinə müvafiq olaraq məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nüməyəndəsinin əvvəlki məhkəmə iclasında verdiyi izahatını iddia ərizəsində və iddia tələbinin artırılması barədə qeyd etdiklərini iş materiallarında olan sübutlarla əlaqəli şəkildə araşdırıb, iş üzrə müəyyən edilmiş faktiki hallara uyğun qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının Daşınmaz Əmlak və X4 Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışından görünür ki, ünvan 1 ünvanında yerləşən 0.002 ha torpaq sahəsi və üzərindəki 15.1 kv.metr ölçüdə olan əmlak tam pay hüququ ilə Cavabdeh adına qeydiyyata alınmışdır; İş materiallarına əlavə olunmuş Cavabdeh ilə İddiaçı MMC arasında imzalanmış Bakı şəhər 19 saylı Notariat Ofisində imzalanmış xx.xx.2021-ci il tarixli 3M-673 reyestr nömrəli icarə müqaviləsinin 1.1-ci bəndinə, əsasən, İcarəyə verən, ƏMDK-nin yanında DƏDRX-nin Abşeron Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş **********25-06301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi, 20 Yanvar küç, 8A ünvanda yerləşən ümumi sahəsi 15 kv/m olan qeyri-yaşayış binasını İcarəçiyə verməyi, İcarəçi isə Obyekti qəbul etməyi və Müqavilə ilə müəyyən edilmiş icarə haqqını tam şəkildə və vaxtında ödəməyi öhdəsinə götürür. Obyekt İcarəçinin mülahizəsinə uyğun olaraq istifadə ediləcək. Həmin müqavilənin 2.1-ci bəndinə , əsasən, müqavilə imzalandığı tarixdən qüvvəyə minir və 10 il ərzində qüvvədə olacaq. Həmin müqavilənin 3.1-ci bəndinə , əsasən, İcarəçi İcarəyə verənə hər ay 1645 (bir min altı yüz qırx beş) məbləğdə (Ö. M. V daxil) icarə haqqı ödəyir. Həmin müqavilənin 3.2-ci bəndinə, əsasən, İcarə haqqı xx.xx.2021-ci il tarixdən hesablanacaq. İş materiallarına əlavə olunmuş Cavabdeh ilə İddiaçı MMC arasında imzalanmış xx.xx.2023-cü il tarixli icarə müqaviləsinə əlavə və dəyişikliklər edilməsi barədə sazişin 1-ci bəndinə əsasən Bakı şəhəri 19 saylı Notariat Ofisində bağlanmış xx.xx.2021-ci il tarixli 3M-673 reyestr nömrəli icarə müqaviləsinə aşağıdakı bəndlər əlavə olunur. Tərəflər razılığa gəlirlər ki, Cavabdeh Bakı şəhəri, Abşeron rayonu, Mehdiabad qəsəbəsi ünvanında yerləşən obyektdə 3 ay müddətində tikinti və inşaat işlərinin görülməsi üçün İddiaçı MMC-yə əldən çıxmış fayda və itki məbləğini ödəməyi öz öhdəsinə götürür. Belə ki, əldən çıxmış fayda 6600 AZN, itki məbləğinin isə 14742 AZN olduğu razılığı əldə edilmişdir. Cavabdeh tərəfindən razılaşdırılmış məbləğin 5000 AZN-i xx.xx.2023-cü il tarixində, 16342 AZN-i isə xx.xx.2023-cü il tarixinədək İddiaçı MMC-yə ödəməyi öz öhdəsinə götürür. Təmir-tikinti işləri 3 ay müddətindən artıq davam edərsə, eyni formada əldən çıxmış faydanı qarşılamalıdır. Cavabdeh xx.xx.2023-cü il tarixinədək inşa ediləcək tikilinin layihə və yerləşim planını İddiaçı MMC-yə təqdim etməlidir. İddiaçı MMC Cavabdeh tikinti və inşa işlərinin aparılması üçün şərait yaratmalıdır. Təmir və inşa müddəti ərzində İddiaçı MMC tərəfindən icarə haqqı ödənilməyəcəkdir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli, ********** nömrəli və xx.xx.2024-cü il tarixli, ********** nömrəli qəbzlərdən görünür ki, məhkəməyə müraciət etmək üçün İddiaçı MMC tərəfindən Azərbaycan Respublikası Mərkəzi X1 vasitəsilə ümumilikdə 221 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tədqiqatı zamanı iş materialında olan sənədlərlə müəyyən edilmişdir ki, iş üzrə Cavabdeh (icarəyə verən) ilə İddiaçı MMC (icarəçi) arasında Bakı şəhər 19 saylı Notariat Ofisində imzalanmış xx.xx.2021-ci il tarixli 3M-673 reyestr nömrəli icarə müqaviləsinə əsasən İcarəyə verən mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi, 20 Yanvar küç, 8A ünvanda yerləşən ümumi sahəsi 15 kv/m olan qeyri-yaşayış binasını 10 il müddətinə İcarəçiyə verməyi, İcarəçi isə obyekti qəbul etməyi və xx.xx.2021-ci il tarixdən hesablanmaqla aylıq 1645 manat icarə haqqını tam şəkildə və vaxtında ödəməyi öhdəsinə götürmüşdür. İcarəçi bir müddət fəaliyyət göstərdikdən sonra İcarəyə verən icarə sahəsində yaxşılaşdırma işləri aparmaq qərarına gəldiyi üçün İcarəçidən 3 ay müddətinə fəaliyyətini dayandırmağı tələb etmiş, İcarəçi isə qazancının və müştərilərini itirəcəyini bildirərək etiraz etdiyindən İcarə verən İcarəçiyə həmin xərcləri ödəyəcəyini bildirmiş, buna görə də tərəflər arasında xx.xx.2023-cü il tarixində İcarə müqaviləsinə əlavə və dəyişiklər edilməsi barədə Saziş bağlamışlar. Həmin Sazişə əsasən də İcarəyə verən əldən çıxmış fayda qismində hər ay 2200 manat olmaqla həmin 3 ay ərində 6600 manat və itki məbləği olaraq 14742 manat pulu İcarəçiyə ödəyəcəyi barədə öhdəlik götürmüşdür. Həmçinin İcarəyə verən Sazişə əsasən razılaşdırılmış məbləğin 5000 manatını xx.xx.2023-cü il tarixində, 16342 manatını isə xx.xx.2023-cü il tarixinədək İcarəçiyə ödəməyi öz öhdəsinə götürmüşdür. Eyni zamanda Sazişə görə İcarəyə verən təmir-tikinti işləri 3 ay müddətindən artıq davam edərsə, eyni formada əldən çıxmış fayda qismində hər ay 2200 manat məbləğində pulu İcarəçiyə ödəməyidə öhdəsinə götürmüşdür. Lakin obyektin təmiri yekunlaşsada İcarəyə verən obyekti İcarəçiyə təhvil verməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsinin əsasıdır; - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; - 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; -448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; - 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür; - 684.1-ci maddəsinə əsasən əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissə-hissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir; - 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur; - 700.2-ci maddəsinə əsasən, icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər; - 700.3-cü maddəsinə əsasən, əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun: - 7-ci maddəsinin 1-ci bəndinə əsasən icarəyəverənin icarəçi ilə münasibətlərini tənzimləyən əsas sənəd icarə müqaviləsidir; - 7-ci maddəsini 5-ci bəndinə əsasən İcarə müqaviləsi üzrə vəzifələri icra etməmək və ya lazımınca icra etməmək, o cümlədən müqaviləni birtərəfli qaydada dəyişdirmək və pozmaq üstündə tərəflər Azərbaycan Respublikasının qanunvericiliyi və müqavilə ilə müəyyən edilən məsuliyyət daşıyırlar. Göründüyü kimi qeyd olunan maddi hüquq normaları tələbin qanuni əsası kimi çıxış etməklə mübahisə olunan hüquq münasibətinə tətbiqi belə nəticəyə gəlməyə əsas verir ki, bir tərəfdən İddiaçı MMC, digər tərəfdən isə Cavabdeh olmaqla onlar arasında xx.xx.2021-ci il tarixli 3M-673 reyestr nömrəli icarə müqaviləsi və xx.xx.2023-cü il tarixli İcarə müqaviləsinə əlavə və dəyişiklər edilməsi barədə Saziş bağlanmış bununla da tərəflər arasında onların qarşılıqlı hüquq və vəzifələrini müəyyən edən öhdəlik münasibətləri yaranmışdır. Lakin Cavabdeh həm İcarə müqaviləsi, həm də İcarə müqaviləsinə əlavə və dəyişiklər edilməsi barədə Sazişlə müəyyən olunmuş öhdəliklərini yerinə yetirməmiş, öhdəliyin şərtlərini pozmuşdur. Ona görə də məhkəmə hesab edir ki, İddiaçı MMC belə bir tələb irəli sürməkdə haqlı olmuş və Cavabdeh risk dairəsinə daxil olan öhdəlikləri icra etmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq İcarə müqaviləsi və İcarə müqaviləsinə əlavə və dəyişiklər edilməsi barədə Sazişlə üzərinə götürdüyü öhdəlikləri icra etməlidir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tələb etdiyindən İddia tələbi üzrə 221 (iki yüz iyirmi bir) manat ödənilmiş dövlət rüsumunun əvəzi də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Beləliklə də məhkəmə qeyd edir ki, iş materialları ilə cavabdehin İcarə müqaviləsi və İcarə müqaviləsinə əlavə və dəyişiklər edilməsi barədə Sazişlə götürdüyü öhdəlikləri yerinə yetirməməsi sübuta yetirildiyindən iddia tələbi təmin olunmalı, xx.xx.2021-ci il tarixli 3M-673 reystr nömrəli İcarə müqaviləsinə əsasən İcarə sahəsi İddiaçı MMC-nin istifadəsinə verilməli, xx.xx.2023-cü il tarixli İcarə müqaviləsinə əlavə və dəyişiklər edilməsi barədə Sazişə əsasən isə Cavabdeh əldən çıxmış fayda qismində hər ay üçün 2200 manat olmaqla, 13 ay üçün 28600 manat, 14742 manat ödənilməmiş itki məbləği (mağazanın sökülməsi və yenidən qurulması üçün çəkilən xərclərin) və dövlət rüsumu üçün ödənilmiş 221 manat olmaqla, ümumilikdə 43563 manat pul alınaraq İddiaçı MMC-yə ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının MPM-in 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi : İddia təmin edilsin. xx.xx.2021-ci il tarixli 3M-673 reystr nömrəli İcarə müqaviləsinə əsasən İcarə sahəsi İddiaçı MMC-nin istifadəsinə verilsin. Cavabdeh əldən çıxmış fayda qismində hər ay üçün 2200 manat olmaqla, 13 ay üçün 28600 (iyirmi səkkiz min altı yüz) manat, 14742 (on dörd min yeddi yüz qırx iki) manat ödənilməmiş itki məbləği (mağazanın sökülməsi və yenidən qurulması üçün çəkilən xərclərin) və dövlət rüsumu üçün ödənilmiş 221 (iki yüz iyirmi bir) manat olmaqla, ümumilikdə 43563 (qırx üç min beş yüz altmış üç) manat pul alınaraq İddiaçı MMC - yə ödənilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar