Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-1062/2023 18.12.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit üzrə borcun qaytarılması” tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" ASC-nin nümayəndəsi iddia ərizəsi ilə məhkəməyə ilə müraciət edərək, cavabdehlər – Cavabdeh2 və Cavabdeh1 12 yanvar 2021-ci il tarixli, İK1001708 saylı kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixə 3235.91 (üç min iki yüz otuz beş manat 91 qəpik) manat əsas borc və 77.88 (yetmiş yeddi manat 88 qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 3313.79 (üç min üç yüz on üç manat 79 qəpik) manat kredit borcunun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 53.14 (əlli üç manat 14 qəpik) manat dövlət rüsumunun birgə qaydada tutularaq, "xxxx" ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsində "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Kəngərli filialı tərəfindən Cavabdeh2 tərəflər arasında bağlanmış 12 yanvar 2021-ci il tarixli, İK1001708 saylı kredit müqaviləsinə əsasən illik 17 % dərəcəsi ilə 36 ay müddətinə 13500 (on üç min beş yüz) manat məbləğində kredit verildiyini, verilmiş kredit üzrə öhdəliyin icrasının təminatı olaraq Cavabdeh1 zamin qismində iştirak etdiyi üçtərəfli 12 yanvar 2021-ci il tarixli, 1001708/20865 saylı zaminlik müqaviləsi bağlandığını, borcalan Bank tərəfindən verilmiş kreditin müqavilə şərtləri ilə - müəyyən edilmiş müddətdə və məbləğdə qaytarılmasını və ondan istifadəyə görə faizlərin ödənilməsini müqavilənin 1.1 bəndinə əsasən öhdəsinə götürməsinə baxmayaraq, bu öhdəliyi lazımınca icra etməyərək müqavilənin şərtlərini pozduğunu, bu səbəbdən borcalanla, dəfələrlə telefon əlaqəsi saxlanıldığını və borcalan və zaminə xəbərdarlıq məktublarının ünvanlandığını, borc məbləği dəqiq göstərilməklə borcun icrasının tələb olunduğunu qeyd etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, lakin xx.xx.2023-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış şəxsi kabinet vasitəsilə məhkəməyə ərizə göndərərək, ərizəsində "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması” tələbinə dair 2(110)-1062/2023 saylı mülki işə məhkəmə tərəfindən baxıldığını, iş üzrə məhkəmə baxışı iclasının xx.xx.2023-cü il tarixə saat 14:30-a təyin edildiyini, iddia tələblərini müdafiə etdiklərini, işlərinin çoxluğunu nəzərə alaraq xx.xx.2023-cü il tarixə saat 14:30-a təyin edilmiş məhkəmə baxışı iclasının iştirakları olmadan keçirilməsini və müvafiq qərarın çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclaslarının yeri və vaxtı barədə əvvəlcədən dəfələrlə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə baxışı iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin iddia ərizəsində qeyd etdiklərinə, eyni zamanda iş materiallarında olan sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, iş materillarına əlavə olunmuş 12 yanvar 2021-ci il tarixli, İK1001708 saylı Kredit müaviləsinin təsdiqlənmiş surətindən aydın olur ki, "xxxx" ASC ilə borcalan Cavabdeh2 oğlu arasında müqavilə bağlanmış, tərəflər üzərlərinə müqavilədən irəli gələn bir sıra öhəliklər götürmüşlər. Həmin Müqavilənin 1.1-ci bəndinə əsasən Bank Borcalana istehlak məqsədilə illik 17 % dərəcəsi ilə 36 ay müddətinə 13500 (on üç min beş yüz) manat məbləğində kredit verilməsini, Borcalan isə Bank tərəfindən verilmiş kreditin bu müqavilənin şərtləri ilə müəyyən edilmiş müddətdə və məbləğdə qaytarılması və ondan istifadəyə görə faizlərin ödənilməsini öz öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 1.2-ci bəndinə əsasən Öhdəliyin icrasının Borcalanın aylıq gəlirləri hesabına həyata keçiriləcəkdir. Öhdəliyin icrası təminatı Zamin, Borcalan və Bank arasında bağlanan Zaminlik müqaviləsi olacaqdır. Həmin Müqavilənin 2.4-cü bəndinə əsasən müqavilə üzrə verilmiş kredit və ona hesablanmış faizlər müqaviləyə əlavə edilmiş ödəniş qrafikinə uyğun olaraq Borcalan tərəfindən Banka nağd, ödəniş terminalları vasitəsilə və ya köçürmə yolu ilə kredit müddətində tamamən qaytarılır... Həmin Müqavilənin 3.1-ci bəndinə əsasən Borcalan tərəfindən bank hesabının açılması üzrə xidmət haqqı olaraq 5 manat, kreditin nağdılaşdırılması üzrə xidmət haqqı olaraq kreditin 1 % həcmində ödəniş etməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli Məxaric Orderindən görünür ki, xidmət haqqılar tutulduqdan sonra Cavabdeh2 13379 manat kreditin verilməsi təmin edilmişdir. İş materiallarına əlavə olunmuş 12 yanvar 2021-ci il tarixli, 1001708/20865 saylı Zaminlik müqaviləsinin surətindən məlum olur ki, həqiqətən qeyd olunan tarixdə "xxxx" ASC ilə Cavabdeh1 arasında qeyd olunan Zaminlik müqaviləsi bağlanmışdır. Müqavilənin 1-ci bəndinin şərtinə əsasən Zamin 12 yanvar 2021-ci il tarixli, İK1001708 saylı kredit müqaviləsi üzrə Borcalanın Bank qarşısında götürdüyü öhdəlikləri yerinə yetirənədək Zamin Borcalan ilə birlikdə Bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürür. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli Maliyyə arayışdan məlum olur ki, 12 yanvar 2021-ci il tarixli, İK1001708 saylı kredit müqaviləsi üzrə Cavabdeh2 oğlunun həmin tarixə Banka 3235.91 (üç min iki yüz otuz beş manat 91 qəpik) manat əsas borc və 77.88 (yetmiş yeddi manat 88 qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 3313.79 (üç min üç yüz on üç manat 79 qəpik) manat kredit borcu mövcuddur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ********** nömrəli, Mədaxil Qəbzindən görünür ki, "xxxx" ASC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar dövlət büdcəsinin AZ60AİİB******************** xəzinə hesabına 53.14 (əlli üç manat 14 qəpik) manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tədqiqatı zamanı müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış 12 yanvar 2021ci il tarixli, İK1001708 saylı Kredit Müqaviləsinin 1.1-ci bəndinə əsasən “Bank” “Borcalan”a istehlak məqsədilə illik 17 % dərəcəsi ilə 36 ay müddətinə 13500 (on üç min beş yüz) manat məbləğində krediti “Borcalanın” mülkiyyətinə verir, “Borcalan” isə aldığı krediti faizləri ilə birlikdə "xxxx" ASC-yə ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin Cavabdeh1 "xxxx" ASC ilə Zaminlik müqaviləsi bağlayaraq “Borcalan”ın kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün “Borcalan” ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyacağı barədə öhdəlik götürmüşdür. Lakin “Borcalan” kreditin və ona hesablanmış faizlərin ödənilməsi üzrə müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş, Bankın bununla bağlı xəbərdarlığını yerinə yetirməmiş və “Bank” qarşısında məsuliyyət daşıyaraq nəticədə borcu yaranmışdır. “Borcalan” öhdəliyini vaxtında icra etmədiyi üçün iddiaçı "xxxx" ASC “Borcalan” və Zaminə qarşı birgə borclular kimi məhkəmədə iddia qaldırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - əvvəlki redaksiyada olan 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; - əvvəlki redaksiyada olan 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır; - 385.1-ci maddəsində deyilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; - 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; -448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, işin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, Cavabdeh2 yazılı formada bağlanmış kredit müqaviləsinin şərtlərinə əməl etməməklə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən iddiaçı borcun tutulması ilə bağlı məhkəməyə müraciət etməkdə tam haqlı olmuşdur. Həmçinin Kredit müqaviləsinin təminatı kimi Zamin Cavabdeh1 “Borcalan” Cavabdeh2 oğlunun Bank qarşısında öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüş və onunla birgə məsuliyyət daşımasını yazılı şəkildə tərtib edilmiş Zaminlik müqaviləsini imzalamaqla təsdiq etmişdir. Lakin Cavabdeh2 oğlu müqavilədən irəli gələn öhdəlikləri vaxtında və lazımi qaydada icra etmədiyinə görə zamin Cavabdeh1 da onunla birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür; - 470.2-ci maddəsinə əsasən zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər; - 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Beləliklə də, işin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, “Borcalan” yazılı formada bağlanmış müqavilənin şərtlərinə əməl etməməklə “Kreditor” qarşısında müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən “Kreditor” “Borcalan” və “Zamin”ə qarşı borcu alınması ilə bağlı məhkəməyə müraciət etməkdə tam haqlı olmuşdur. Bu səbəbdən də mülki iş materiallarinda olan sübutlara qiymət verərək məhkəmə bu qənaətə gəlir ki, iddiaçının tələbi haqlıdır və buna görə də təmin edilməli, 12 yanvar 2021-ci il tarixli, İK1001708 saylı Kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh2 oğlundan və Cavabdeh1 müştərək qaydada 3235.91 (üç min iki yüz otuz beş manat doxsan bir qəpik) manat əsas borc və 77.88 (yetmiş yeddi manat səksən səkkiz qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 3313.79 (üç min üç yüz on üç manat yetmiş doqquz qəpik) manat məbləğində pulun alınaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin olunduğu üçün iddiaçının tələb etdiyi 53.14 (əlli üç manat 14 qəpik) manat dövlət rüsumunun əvəzi də cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırı; - 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır... Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216- 220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. 12 yanvar 2021-ci il tarixli, İK1001708 saylı Kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh2 oğlundan və Cavabdeh1 müştərək qaydada 3235.91 (üç min iki yüz otuz beş manat doxsan bir qəpik) manat əsas borc və 77.88 (yetmiş yeddi manat səksən səkkiz qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 3313.79 (üç min üç yüz on üç manat yetmiş doqquz qəpik) manat borc və 53.14 (əlli üç manat on dörd qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 3366.93 (üç min üç yüz altmış altı manat doxsan üç qəpik) manat məbləğində pul alınaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №e-2(110)-1062/2023
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-1062/2023
18.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver