Məhkəmə qərarları › İş №e-2(110)-1086/2024

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-1086/2024

05.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-1086/2024 05.12.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlu, İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsinə Şərur Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 270 manat əsas borcun, gecikdirilmiş dəbbə pulu olan 60 manat məbləğin, nəticə etibarı ilə ümumilikdə 330 (üç yüz otuz) manat pulun və bundan əlavə iddia qaldırmaq üçün ödənilən 30 manat dövlət rüsumunun alınaraq İddiaçı qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində onun hüquqi şəxs yaratmadan fiziki şəxs kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu (VÖEN: **********), fəaliyyət sahəsinin mobil telefonların və onların aksesuarlarının alqı-satqısı olduğunu, onun hazırki iddia üzrə Cavabdeh ilə 07 aprel 2024-cü il tarixində 142 nömrəli “Mal satınalması müqaviləsi” müqaviləsi bağladıqlarını, həmin müqaviləyə əsasən Cavabdeh “infinix smart 8” markalı telefonu 5 aylıq kreditlə 330 manat dəyərində aldığını, 330 manat borcun hazırkı vaxtadək onun tərəfindən müqavilə üzrə 60 manatının ödənildiyini, qalan 270 manat borcunu ödməkdən imtina etdiyini, cavabdehin yuxarıda qeyd olunan 07 aprel 2024-cü il tarixində 142 nömrəli “ Mal satınalması müqaviləsi”dən yaranan 270 manat əsas borcu olduğunu, bundan əlavə müqaviləyə qoşma Əlavə 1-ə, Müqavilənin ÖDƏNİŞ ŞƏRTLƏRİ 3.3 bəndinə və xx.xx.2024-cü il tarixli dəbbə pulunun hesablanma arayışına əsasən hər gecikdirilmiş gün üçün ödənilməli olan 2%, yəni ümumilikdə cərimə olaraq ödəməli olduğu 60 manat dəbbə pulunun, həmçinin 30 manat dövlət rüsumunun da cavabdehdən alınıb ona qaytarılmasını istədiyini bildirmişdir. Məhkəmə iddia ərizəsinə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərə biləcəyinin izah edilməsinə dair bildiriş cavabdehin ünvanına göndərilsədə, cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. Məhkəmə iş materiallarında olan sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 07 aprel 2024-cü il tarixli 142 nömrəli X2 Müqaviləsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında müqavilə bağlanmış və tərəflər üzərilərinə bir sıra öhdəliklər götürmüşlər. Həmin Müqavilənin 1.1-ci bəndinə əsasən, Satıcı Alıcıya 330 manat dəyərində “İnfinix smart 8”(İMEİ 1: **********69185 İMEİ 2: **********69193) markalı mobil telefonu satır, alıcı isə müqavilə ilə razılaşdırılmış qaydada mobil telefonun dəyərini bu müqavilənin 3-cü bəndində (ödəniş şərtləri) göstərilmiş qaydada ödəməyi öhdəsinə götürür. Həmin Müqavilələrin 3.1-ci bəndinə əsasən, telefonun dəyərinin tərəflərin razılaşdırılmış qaydada kreditlə ödənilməsi, müəyyən olunmuş müddətdə başa çatmalıdır. Alıcı malın dəyərinin ümumilikdə 330 manat olduğunu, ümumi məbləğin 60 AZN-ni müqavilənin imzalandığı tarixdə, qalan məbləğin ödənilməmiş hissəsini bu müqavilənin tərkib hissəsi olan Əlavə 1-dəki cədvələ müvafiq olaraq ödəyəcəkdir. Həmin Müqavilələrin 3.2-ci bəndinə əsasən kredit ödənişinin gecikdirilməsi halında Alıcı Satıcıya hər gecikdirilən gün üçün müqavilə üzrə aylıq ödənişin 2%-i miqdarında dəbbə pulu ödəməlidir. Tərəflər arasında bağlanmış 07 aprel 2024-cü il tarixli 142 nömrəli Müqaviləyə Əlavə 1-dən (ödəniş cədvəlindən) görünür ki, Alıcı xx.xx.2024 – xx.xx.2024 tarixlərində ayda 54 manat olmaqla, cəmi 270 manat pulu Satıcıya ödəməyi öhdəsinə götürüb. İş materiallarına əlavə olunmuş 07 aprel 2024-cü il tarixli 142 nömrəli təhvil-təslim aktından görünür ki, Cavabdeh “infinix smart 8” markalı telefonu təhvil almışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli Maliyyə arayışına əsasən, hal-hazırda cavabdehin cəmiyyətə olan borcu 270 manat əsəs borc, 60 manat dəbbə pulu, ümumilikdə 330 (üç yüz otuz) manat təşkil edir. İş materiallarında olan 797 nömrəli, xx.xx.2024-cü il tarixli Mədaxil Qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar "xxxx" ASC-nin Kəngərli filialı vasitəsilə dövlət büdcəsinin xəzinə hesabına 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, verilmiş tələb Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə uyğun olmaqla yanaşı, tələbi təsdiq edən sənədlər təqdim olunmuşdur və ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə mövcud deyildir. Çünki qeyd olunan sənədlərdən də göründüyü kimi İddiaçı ilə Cavabdeh arasında bağlanmış 07 aprel 2024-cü il tarixli 142 nömrəli X1 əsasən Alıcı alqı-satqı qiyməti 330 manat olan “İnfinix smart 8” markalı telefon üçün 60 manat ilkin ödəniş etmiş, qalan 270 manat məbləğində pulu isə xx.xx.2024 – xx.xx.2024 tarixlərində ayda 54 manat olmaqla Alıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş üzrə tərəflər arasında bağlanmış Müqaviləyə əsasən "Ödəniş cədvəli" üzrə ödənişlərdə gecikmələr aşkarlanarsa, hər gecikdirilən gün üçün müqavilə üzrə aylıq ödənişin 2%-i miqdarında dəbbə pulu ödəməlidir. Lakin Cavabdeh müqavilə üzrə götürdüyü öhdəliyi lazımı qaydada icra etməyərək heç bir ödəniş etməmişdir. İş üzrə tərəflər arasında bağlanmış Müqavilənin şərtlərinə müvafiq olaraq da, iddiaçı cavabdehə qarşı borcun alınaraq ona ödənilməsi tələbi ilə məhkəmədə iddia qaldırmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; - 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; ” - 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun; - 601.2-ci maddəsinə əsasən, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir; - 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; -442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; - 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; - 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; - 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Məhkəmə qeyd edir ki, Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və bu səbəbdən o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, müqavilə üzrə öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq əsas borcun ödənilməmiş hissəsini razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Məhkəmə iddia tələbinin müqavilə üzrə hesablanmış 60 manat cərimənin tutulmasına dair hissəsi ilə əlaqədar aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir;” - 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə ki, məhkəmə ödənilməmiş əsas borcun miqdarını, kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə alınaraq borc müqaviləsi üzrə 60 manat məbləğində hesablanmış cərimənin məbləğinin əsas borca münasibətdə tənasübsüz surətdə yüksək olması qənaətinə gələrək, cərimənin 19 manat həcmində müəyyənləşdirilməsini tərəflərin əmlak mənafeləri baxımından ədalətli hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; - 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Eyni zamanda Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin olunduğu üçün ərizə üzrə ödənilmiş 30 manat dövlət rüsumunun 3.72 manatı iddiaçıya aid edilməli, 26.28 manatı isə cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Beləliklə də, işin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, “Alıcı” yazılı formada bağlanmış müqavilənin şərtlərinə əməl etməməklə “Satıcı” qarşısında müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən “Satıcı “Alıcı”ya qarşı borcun alınması ilə bağlı məhkəməyə müraciət etməkdə tam haqlı olmuşdur. Bu səbəbdən də mülki iş materiallarinda olan sübutlara qiymət verərək məhkəmə bu qənaətə gəlir ki, cavabdeh, Cavabdeh 07 aprel 2024-cü il tarixli 142 nömrəli X1 əsasən 270 (iki yüz yetmiş) manat ödənilməmiş hissə, 19 (on doqquz) manat cərimə, cəmi 289 (iki yüz səksən doqquz) manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun 26.28 manatı olmaqla, ümumilikdə 315.28 (üç yüz on beş manat iyirmi səkkiz qəpik) manat məbləğində pul alınaraq İddiaçı ödənilməli, iddia tələbi digər hissədə rədd edilməlidir. Məhkəmə yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 07 aprel 2024-cü il tarixli 142 nömrəli X1 əsasən 270 (iki yüz yetmiş) manat ödənilməmiş hissə, 19 (on doqquz) manat cərimə, cəmi 289 (iki yüz səksən doqquz) manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun 26.28 manatı olmaqla, ümumilikdə 315.28 (üç yüz on beş manat iyirmi səkkiz qəpik) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar