Məhkəmə qərarları › İş №e-2(110)-1097/2024

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-1097/2024

05.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-1097/2024 05.12.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlu, İddiaçı "xxxx" X1 Səhəmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə Şərur Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, Cavabdeh 932,75 AZN əsas, 156.14 AZN faiz, 0 AZN cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 1088,89 AZN borcun dövlət rüsumu olaraq ödənilmiş 30.89 AZN məbləğində vəsaitin və dövlət rüsumunun köçürülməsi üçün öənilmiş 0.40 AZN xidmət haqqının tutularaq "xxxx" KB ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsində iddiaçı "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 36 ay müddətinə illik 29 % ödəmək şərtilə 1800 manat məbləğində kredit verildiyini, tərəflər arasında bağlanmış müqavilənin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verdiyini və borcalanın isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu borcverənə qaytarmağı öhdəsinə götürdüyünü, lakin kredit alanın müqavilənin şərtlərinə əmal etməyərək öhdəliklərini pozduğunu, tərəflər arasında yaranan mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqların aparıldığını, lakin bu danışıqların (pretenziya qaydasında həll olunma) heç bir fayda vermədiyini, və kreditor “Unibank” KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək hüququndan istifadə etmək qərarına gəldiyini qeyd etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərə biləcəyinin izah edilməsinə dair bildiriş Cavabdeh ünvanına göndərilmişdir. İş materiallarında olan sübutlara qiymət verərək belə nəticəyə gəlirəm ki, iddia ərizəsi təmin edilməlidir. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli 7047nkNFTb/22 saylı Kredit Müqaviləsindən aydın olur ki, "xxxx" KB ASC ilə Cavabdeh arasında Kredit Müqaviləsi bağlanmışdır. Kredit Müqaviləsinin 1.1-ci bəndinə əsasən “Bank” “Borcalan”a 120 ay müddətinə illik faiz dərəcəsi 35%-dək olmaqla 20000 (iyirmi min) AZN məbləğədək krediti kredit presudurlarına görə 5% (minumum 20 AZN) məbləğədək, kredit müraciəti üçün 5 AZN komissiyon haqqı tutulmaqla ”Borcalan”a verə bilər. Bu müqavilə üzrə kreditin faktiki faiz dərəcəsi min. 16 % - mak. 40 % təşkil edir. Həmin Müqavilənin 1.1-ci bəndinin 3-cü abzasına əsasən... Bu müqavilə imzalandıqdan sonra ”Borcalan”a cari hesab açılır və həmin cari hesaba bağlı olan ödəniş kartı təqdim edilir. Lakin cari hesabda pul vəsaiti olmur. “Borcalan” aşağıdakı şərtlərdən biri vasitəsi ilə kredit əldə edə bilər. Həmin Müqavilənin 1.1-ci bəndinin a) yarımbəndinin 1-ci abzasına əsasən ”Borcalan”ın bankda qeydiyyatda olan mobil nömrəsindən ona təqdim olunmuş plastik kartın son 6 rəqəmini sms vasitəsilə ”Borcverənin” 8117 qısa nömrəsinə yazıb göndərir. Həmin Müqavilənin 1.1-ci bəndinin a) yarımbəndinin 2-ci abzasına əsasən “Borcverən” “Borcalan”ın mobil nömrəsinə təklif edilən kreditin dəqiq məbləği, illik faiz dərəcəsi, müddəti, aylıq ödənişin məbləği və kredit xəttinin açılması ilə əlaqədar kredit prosedurlarına və nağd pulun çıxarılmasına görə komisyon haqların məbləği, həmçinin “Borcalan”ın razılığını ifadə etməsi üçün hansı sözdən istifadə etməsi göstərilməklə təklif sms-i göndərir. Həmin Müqavilənin 1.1-ci bəndinin a) yarımbəndinin 3-cü abzasına əsasən “Borcalan”ın həmin sms-ə cavab olaraq öz mobil telefon nömrəsindən , “Borcverən”in qısa telefon nömrəsnə onun razılığını bildirən məzmunda sms yazıb göndərməsi (“Borcalan” razılığını ifadə etmək üçün məhz təklif sms-də bu məqsəd üçün müəyyən edilmiş sözü yazıb göndərməlidir) kredit məbləğinin ”Borcalan”ın cari hesabına köçürülməsi üçün onun tapşırığı kimi qəbul olunur və “Borcverən” həmin sms-i qəbul etdiyi andan 1 (bir) iş günü ərzində kredit məbləğini borcalanın cari hesabına köçürür. Həmin Müqavilənin 1.1-ci bəndinin a) yarımbəndinin 4-cü abzasına əsasən kredit məbləği “Borcalan”ın həmin məbləğdən tam və ya qismən istifadə edib-etməməsindən asılı olmayaraq cari hesabına köçürüldüyü andan verilmiş sayılır və həmin andan etibarən kreditin tam məbləğinə bu Müqavilə ilə müəyyən edilmiş faizlər hesablanmağa başlayır. Həmin Müqavilənin 2.7-ci bəndinə əsasən “Borcalan” krediti və onun faizlərinin ödənilməsi dövriliyini ən azı 2 (iki) dəfə 5 (beş) təqvim günündən çox pozduqda, “Müştəri”nin maliyyə vəziyyətində bu müqavilənin icrasına mənfi təsir göstərə biləcək hər hansı bir dəyişiklik olduqda və bazarın mövcud vəziyyəti “Müştəri”nin fəaliyyəti üçün əhəmiyyətli dərəcədə təhlükə yaratdıqda, “Müştəri”nin maliyyə vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə və bu hal “Bank”a yalnız müqavilə bağlanbdıqdan sonra məlum olduqda və.s hallarda ”Bank”bu müqaviləyə birtəfli qaydada vaxtından əvvəl xitam verə və kreditin qalıq məbləğini bu müqavilənin 1.1-ci bəndində nəzərdə tutlmuş bütün dövr üçün hesablanmış kredit faizinin qalıq məbləği ilə birlikdə qaytarılmasını “Borcalan”dan tələb edə bilər. Həmin Müqavilənin 2.9-cu maddəsinə əsasən “Borcalan” kreditin və ona hesablanmış faizlərin ödənilməsini gecikdirdikdə “Bank” borcun gecikdirildiyi hər təqvim günü üçün əsas borc məbləğinin illik 40%-i miqdarında cərimə tətbiq edilir. İş materiallarına əlavə olunmuş kredit sms-dən görünür ki, Cavabdeh bankda qeydiyyatda olan ********* moibil nömrəsinə xx.xx.2022-ci il tarixdə Bank tərəfindən xx.xx.2025-ci il tarixədək, illik 29%-lə 1800 AZN kredit təklif edilmişdir. Kreditə görə ondan 0 AZN komissiyon haqqı tutulacağı və aylıq ödənişinin 76 manat olacağı, bu şərtləri qəbul etdiyi təqdirdə 8117 nömrəsinə SMS göndərilməsi bildirilmişdir. xx.xx.2022-ci il tarixdə təkrar olaraq nömrəsinə həmin kreditin onun kartına köçürüldüyü barədə SMS vasitəsilə məlumat verilmişdir. İş materiallarına Bank tərəfindən əlavə olunmuş xx.xx.2024-cü il tarixli Maliyyə arayışından görünür ki, xx.xx.2024-cü il tarixə Cavabdeh Banka 932,75 (doqquz yüz otuz iki manat yetmiş beş qəpik) manat əsas, 156.14 (yüz əlli altı manat on dörd qəpik) manat faiz, 0 (sıfır) manat cərimə olmaqla, cəmi 1088,89 (min səksən səkkiz manat səksən doqquz qəpik) manat məbləğində kredit borcu mövcuddur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, ********** nömrəli, Mədaxil Qəbzindən görünür ki, ”Unibank” KB ASC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar dövlət büdcəsinin AZ60AİİB******************** xəzinə hesabına 30.89 (otuz manat səksən doqquz qəpik) manat rüsum, 0.40 manat xidmət haqqı ödənilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, verilmiş tələb Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə uyğun olmaqla yanaşı, tələbi təsdiq edən sənədlər təqdim olunmuşdur və ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə mövcud deyildir. Çünki qeyd olunan sənədlərdən də göründüyü kimi tərəflər arasında xx.xx.2022-ci il tarixli 7047nkNFTb/22 saylı Kredit Müqaviləsinin 1.1-ci bəndinə əsasən “Bank” “Borcalan”a 120 ay müddətinə illik 35%-dək olmaqla 20000 (iyirmi min) AZN məbləğində kredit xətti limiti ayırır, ilkin olaraq 36 ay müddətinə, illik 29% faiz dərəcəsilə 1800 manat məbləğində kreditin verilməsi təmin edilmişdir. Lakin “Borcalan” müqavilənin şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu pul məbləğini vaxtında” və lazımi qaydada icra etməmiş, nəticədə onun “Bank”a Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu pul məbləğini vaxtında”və lazımi qaydada icra etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, “Bank” belə bir tələb irəli sürməkdə haqlı olmuş və “Borcalan” öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq "xxxx" KB ASC-yə olan borcunu ödəməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: -əvvəlki redaksiyada olan 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri ( borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; - əvvəlki redaksiyada olan 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır; - 385.1-ci maddəsində deyilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; -442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; - 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; -448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə işin faktiki hallarını araşdıraraq və yuxarıda göstərilmiş qanunvericilik normalarını nəzərə alaraq hesab edir ki, cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, iddiaçı ilə aralarında bağlanmış kredit müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün cavabdeh iddiaçı qarşısında məsuliyyət daşıyır və qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçının həmin cavabdehə qarşı irəli sürdüyü müqavilə üzrə əsas borcun tutulması tələbi əsaslıdır. Ona görə ki, iddiaçı aralarında bağlanmış kredit müqaviləsi üzrə öz üzərinə düşən öhdəliyi yerinə yetirərək, müqavilədə göstərilən məbləğdə krediti borcluya vermiş, borclu isə bu kredit müqaviləsi üzrə üzərin götürdüyü öhdəliyə uyğun olaraq ödəniş etməli olduğu halda bunu lazımınca etməmişdir. Ona görə də, iddiaçı cavabdehdən müvafiq kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcu tələb etməkdə haqlı olmuşdur. Məhkəmə iddia tələbi üzrə faiz borcunun tutulması hisəsi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarında olan sənədlərlə müəyyən olunmuşdur ki, iddiaçı cavabdehdən 156.14 manat məbləğində faiz borcu tələb etsədə, hazırki tələblə bağlı məhkəməyə müraciət etməzdən əvvəl xx.xx.2024-cü il tarixli bildiriş göndərərək onun müqaviləyə əsasən Banka 932.75 manat əsas borcu, 103.66 manat kreditdən istifadəyə görə faiz borcu və 14.89 manat cərimə borcu olmaqla, cəmi 1051.30 manat borcu olduğunu, Banka olan bütün borc məbləğinin tam olaraq 3 gün müddətində ödəməklə aramızda bağlanmış kreddit müqaviləsini 3 gün müddətində ləğv etməyi təklif etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli Qərarında kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Odur ki, kredit müqaviləsi kimi icrası davamlı olan öhdəlik münasibətlərində müqavilədən imtina ləğvetmədə olduğu kimi, ancaq imtinadan sonrakı dövr üçün öhdəlikləri aradan qaldırır. Həmçinin həmin qərarda bildirmişdir ki, göstərilənlərə əsasən qeyd olunmalıdır ki, kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilmiş mövqeyinə əsaslanaraq hesab edir ki, iddiaçı cavabdehdən yalnız kredit müqaviləsindən imtina etdiyi anadək gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərini tələb edə bilər. Hazırkı işdən isə belə görünür ki, cavabdehin müqavilə ləğv edilinədək Banka olan faiz borcu 103.66 manat məbləğində olsa da, Bank müqavilədən imtina edildiyi andan sonrakı dövr üçün də əlavə faiz hesablayaraq, cavabdehdən 156.14 manat məbləğində faiz borcunun tutulmasını tələb etmişdir. Ona görə də iddia tələbi üzrə iddiaçının cavabdehdən tələb edə biləcəyi faiz borcunun məbləği kredit müqaviləsinin ləğv edildiyi anadək mövcud olan həddə, yəni 103.66 manat məbləğində təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: - 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; - 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. - 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; - 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Eyni zamanda Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən ödənilmiş 30.89 (otuz) manat dövlət rüsumunun 1.49 manatı iddiaçıya aid edilməli, qalan 29.40 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı isə cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Beləliklə də, işin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, “Borcalan” yazılı formada bağlanmış müqavilənin şərtlərinə əməl etməməklə Unibank” KB ASC qarşısında müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən "xxxx" KB ASC Borcalan”a qarşı borcu alınması ilə bağlı məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Bu səbəbdən də mülki iş materiallarinda olan sübutlara qiymət verərək məhkəmə bu qənaətə gəlir ki, Cavabdeh xx.xx.2022-ci il tarixli 7047nkNFTb/22 saylı Kredit Müqaviləsinə əsasən 932.75 (doqquz yüz otuz iki manat yetmiş beş qəpik) manat əsas borc, 103.66 (bir yüz üç manat altmış altı qəpik) manat faiz borcu, cəmi 1036.41 (bir min otuz altı manat qırx bir qəpik) manat borc, 30.89 manat dövlət rüsumunun 29.40 manatı və 0.40 manat xidmət haqqı olmaqla, ümumilikdə 1066.21 (bir min altmış altı manat iyirmi bir qəpik) manat məbləğində pul alınaraq "xxxx" KB ASC-yə ödənilməli, iddia digər hissədə rədd edilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2022-ci il tarixli 7047nkNFTb/22 saylı Kredit Müqaviləsi üzrə Cavabdeh 932.75 (doqquz yüz otuz iki manat yetmiş beş qəpik) manat əsas borc, 103.66 (bir yüz üç manat altmış altı qəpik) manat faiz borcu, cəmi 1036.41 (bir min otuz altı manat qırx bir qəpik) manat borc, 30.89 manat dövlət rüsumunun 29.40 manatı və 0.40 manat xidmət haqqı olmaqla, ümumilikdə 1066.21 (bir min altmış altı manat iyirmi bir qəpik) manat pul alınaraq "xxxx" KB ASC-yə ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar