Məhkəmə qərarları › İş №e-2(110)-111/2025

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-111/2025

27.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-111/2025 27.02.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" ASC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək Nəcəfov Çingiz İsrafil oğlunun vərəsəsi Cavabdeh "xxxx" ASC-nin xeyrinə ödənilməmiş 1692,24 manat əsas borc, vəfat etdiyi tarixə ödənilməmiş 53,51 manat faiz borc, ödənilməmiş 0,03 manat cərimə borcu olmaqla, cəmi 1745,78 manat məbləğində vəsaitin və ödənilmiş 37,46 manat dövlət rüsumunun və 0,4 manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbinin əsası kimi "xxxx" ASC ilə Nəcəfov Çingiz İsrafil oğlu arasında xx.xx.2019-cu il tarixli BPM**********14 nömrəli kredit müqaviləsinin bağlandığını, həmin müqaviləyə əsasən Nəcəfov Çingiz İsrafil oğluna illik faiz dərəcəsi 20% olmaqla 48 ay müddətinə 7400 manat kredit verildiyini, 370868 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən, Nəcəfov Çingiz İsrafil oğlunun xx.xx.2023-cü il tarixdə vəfat etdiyini, Şahbuz rayon 1 saylı Notariat Ofisi tərəfindən verilmiş 62 nömrəli məktubdan Nəcəfov Çingiz İsrafil oğlunun mirası qəbul etmiş vərəsəsi Cavabdeh Şahbuz rayon 1 saylı Notariat Ofisinə müraciət edərək xx.xx.2024-cü il tarixdə 42 nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin” aldığının göründüyünü, bankın Binəqədi filialı tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən, Nəcəfov Çingiz İsrafil oğlunun xx.xx.2024-cü ilədək ödənilməmiş 1692,24 manat əsas borc, vəfat etdiyi tarixə ödənilməmiş 53,51 manat faiz borc, ödənilməmiş 0,03 manat cərimə borcunun qaldığını, mərhum Nəcəfov Çingiz İsrafil oğlundan qalmış mirası qəbul etmələrinə baxmayaraq ona çatan miras payı həcmndə miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyi icra etmədiyini, mübahisənin məhkəmədən kənar həll edilməsi üçün cavabdehə xx.xx.2024-cü tarixdə 6-2-22/2-40117/2023 nömrəli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdehin öz öhdəliyini yerinə yetirməkdən boyun qaçırdığını bildirmişdir. İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi olaraq xəbərdar edilmiş, lakin məhkəmə iclasında iştirak etməmişdirlər. İddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərərək iddia tələbini müdafiə etdiklərini, məhkəmə iclasının iştirakı olmadan keçirilib qətnamə qəbul edilməsini xahiş etmiş, cavabdeh isə heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Ona görə də məhkəmə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Yazılı sübutlar İş materiallarında olan xx.xx.2019-cu il tarixli BPM**********14 saylı kredit müqaviləsindən görünür ki, Nəcəfov Çingiz İsrafil oğluna aylıq faiz dərəcəsi 20% olmaqla 48 ay müddətinə 7400 manat məbləğində kredit limiti ayrılmışdır. İş materiallarında olan hesabdan çıxarışdan görünür ki, Nəcəfov Çingiz İsrafil oğlunun hesabına 7400 manat kredit köçürülmüşdür. İş materiallarında olan xx.xx.2024-ci il tarixli maliyyə arayışından görünür ki, Nəcəfov Çingiz İsrafil oğlunun kredit müqaviləsinə əsasən ödənilməmiş 1692,24 manat əsas borc, vəfat etdiyi tarixə ödənilməmiş 53,51 manat faiz borc, ödənilməmiş 0,03 manat cərimə borcu olmaqla, cəmi 1745,78 manat borcu var. İş materiallarında olan Abşeron Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il taixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Nəcəfov Çingiz İsrafil oğlu xx.xx.2023-cü il tarixdə ölmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrdən görünür ki, Nəcəfov Çingiz İsrafil oğlunun vərəsəsi Cavabdehdur, miras əmlak Nəcəfov Çingiz İsrafil oğlundan qalan "xxxx" ASC-nin Nəqliyyat və Xüsusi Texnika İdarəsinin xx.xx.2024-cü il tarixli 13-16-13/2-01-2/101/2024 nömrəli məktubuna əsasən məhrumun DSMF tərəfindən 4 ədəd xəstəlik vərəqələrinə görə cəmi 990,28 manat, "xxxx" ASC-nin 27.3.224-cü il tarixli 2024/111/7687 nömrəli məktubuna əsasən ******************** nömrəli kart hesabından olan 1003,45 manat və "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli 6-2-31/2-758/223 nömrəli məktubuna əsasən Xırdalan filialında 202MYNL192980001 saylı kredit hesabında olan 1745,78 manatdan ibarətdir. Məhkəmə tərəfindən işin müəyyən edilmiş halları: Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, "xxxx" ASC ilə mərhum Nəcəfov Çingiz İsrafil oğlu arasında xx.xx.2019-cu il tarixdə kredit müqaviləsi bağlanmışdır. Nəcəfov Çingiz İsrafil oğlu xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Müqvilə üzrə cəmi 1745,78 manat borc qalmışdır. Ondan qalan miras əmlakı oğlu Cavabdeh qəbul etmiş və ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İş materiallarında olan yazılı sübutlardan miras kütləsinin miras qoyanın borclarından çox olduğu müəyyən edilmişdir. Cavabdeh iddia tələbində irəli sürülən borcun iddiaçıya ödənilməsi ilə bağlı sübutlarını məhkəməyə təqdim etməmişdir. Məhkəmənin əsaslandırması: Məhkəmə iş üzrə işin hallarını və digər sübutları, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 1306.1-ci maddəsinə görə vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Mülki Məcəllənin 1307-ci maddəsinə görə mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Kredit münasibətlərinin yarandığı vaxt qüvvədə olmuş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən “Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür”. Həmin Məcəllənin 448-ci maddasinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəlikləri icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 558.1-ci maddəsinə görə əgər borclunun şəxsi iştirakı olmadan icra mümkün deyilsə, onun ölümü öhdəliyin xitamına səbəb olur. Mülki Məcəllənin 433.3-cü maddəsinə görə öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. Cavabdeh iddiaçıya müqavilə üzrə borcun ödənilməsi ilə bağlı sübutlarını məhkəməyə təqdim etməmişdir. Məhkəmə tərəfindən iddiaçının tələbinin təmin olunması qənaətinə gəldiyindən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq cavabdehə aid edilməsi qeyd edildiyindən iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 4.1 və 4.2-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə görə hakim öz qərarını yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Şərur rayonu Muğancıq Müslüm kəndində yaşayış yeri üzrə qeydiyyatda olan Cavabdeh kredit müqaviləsi üzrə ödənilməmiş 1692,24 manat əsas borc, ödənilməmiş 53,51 manat faiz borc, ödənilməmiş 0,03 manat cərimə borcu olmaqla, cəmi 1745,78 manat (min yeddi yüz qırx beş manat yetmiş səkkiz qəpik) və 37,46 manat (otuz yeddi manat qırx altı qəpik) dövlət rüsumu və 0,40 manat (qırx qəpik) bank xidmət haqqı tutularaq "xxxx" ASC-yə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar