Məhkəmə qərarları › İş №e-2(110)-1265/2025

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-1265/2025

02.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-1265/2025 02.03.2026 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov İlkin Cəlal oğlunun sədrliyi, X5 oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbi barədə mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, borclu Cavabdeh ilə onun arasında Bakı şəhər 15 saylı notariat ofisində bağlanmış 3M-665 reyster nömrəli borc müqaviləsinə xitam verilməsi və borclu Cavabdeh 15000 manat borcun və ödənilmiş 170 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı, iddia ərizəsini onunla əsaslandırmışdır ki, onunla borclu Cavabdeh arasında bağlanmış 25 aprel 2025-ci il tarixli borc müqaviləsinə əsasən “borc verən” borcluya xx.xx.2025-ci il tarixnə qədər qaytarmaq şərti ilə 15000 manat məbləğində faizsiz borc vermişdir. Borclu bu günə kimi ona heç bir ödəniş etməmişdir. Borclu Cavabdeh dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq borcu müxtəlif bəhanələr gətirməklə ödəməkdən yayınır. Bu günə kimi ona verdiyi borcu tələb etsə də borcu qaytarmaqdan imtina edir. İddiaçı məhkəmə iclaslarının yeri və vaxtı barədə əvvəlcədən lazımi qaydada məlumat verilmişdir. İddiaçı məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə xx.xx.2026-cı il tarixində vəsatət verərək iddiasını müdafiə etdiyini, məhkəmə iclasında iştirak edə bilməyəcəyini, onun iştirakı olmadan məhkəmə iclasının keçirilib yekun məhkəmə aktı çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM 185.5-ci maddəsinə uyğun olaraq işə onun iştirakı olmadan baxılmasını mümün hesab etmişdir. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə əvvəlcədən qanunvericiliyin tələbinə uyğun qaydada məlumat verilmiş, o, məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM 185.5-ci maddəsinə uyğun olaraq işə onun iştirakı olmadan baxılmasını mümün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İddiaçı ilə Cavabdeh arasında imzalanmış xx.xx.2025-ci il tarixli borc müqaviləsindən görünür ki, «Borc verən» 15000 (on beş min) manat məbləğində pul vəsaitinə mülkiyyət hüququnu (bundan sonra «Borc» adlandırılacaq) «Borc alan»a verməyi, «Borc alan» isə borcu müqavilənin şərtlərinə uyğun olaraq «Borc verənə» geri qaytarmağı öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2-ci bəndinə əsasən «Borc alan» bогс məbləğini xx.xx.2025-ci il tarixədək tam həcmdə geri qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli, ********** nömrəli qəbzdən görünür ki, məhkəməyə müraciət etmək üçün X2 tərəfindən X3 ödəmə sistemi vasitəsilə 100 manat, xx.xx.2025-ci il tarixli, ********** nömrəli qəbzdən görünür ki, X3 ödəmə sistemi vasitəsilə 70 manat, ümumilikdə 170 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iş üzrə iddiaçının iddia ərizəsində qeyd etdiklərini iş materiallarında olan sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli şəkildə araşdırıb, iş üzrə müəyyən edilmiş faktiki hallara obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməklə Cavabdeh borc müqaviləsi üzrə 15000 (on min) manat və 170 (yüz yetmiş) manat pul alınaraq İddiaçı ödənilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli borc müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı xx.xx.2025-ci il tarixli borc müqaviləsinə əsasən 15000 (on beş min) manat məbləğində borc almış və onu xx.xx.2025-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh müqavilədə göstərilən və üzərinə götürdüyü şərtlərə əməl etməmiş, iddiaçıya heç bir ödəniş etməmişdir, bununla da müqavilə üzrə öhdəliyini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür; - 739.2-ci maddəsinə görə borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır; - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; - 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; - 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; - 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; Göründüyü kimi qeyd olunan maddi hüquq normaları tələbin qanuni əsası kimi çıxış etməklə mübahisə olunan hüquq münasibətinə tətbiqi belə nəticəyə gəlməyə əsas verir ki, bir tərəfdən İddiaçı, digər tərəfdən isə Cavabdeh olmaqla onlar arasında xx.xx.2025-ci il tarixdə borc müqaviləsi bağlanmış və bununla da tərəflər arasında onların qarşılıqlı hüquq və vəzifələrini müəyyən edən öhdəlik münasibətləri yaranmışdır. Cavabdeh isə həmin müqaviləyə əsasən müəyyən olunmuş qaydada borcun qaytarılması öhdəliyini tam yerinə yetirməmiş, öhdəliyin şərtlərini pozmuş, iddiaçıya müqavilə üzrə qaytarmalı olduğu 15000 (on beş min) manat məbləğində borcu ona qaytarmamışdır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə görə, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır - 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı, məhkəməyə müraciət etməsi məqsədi ilə ödədiyi 170 (bir yüz yetmiş manat) manat dövlət rüsumunun ödənilməsini cavabdehdən tələb etdiyindən həmin xərc cavabdehdən alınaraq idiiaçıya ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının MPM-in 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi : İddia təmin edilsin. Cavabdeh xx.xx.2025-ci il tarixli borc müqaviləsi üzrə 15000 (on beş min) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. İddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 170 (bir yüz yetmiş) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçıya ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : İlkin Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar