Məhkəmə qərarları › İş №e-2(110)-1308/2024

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №e-2(110)-1308/2024

23.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № e-2(110)-1308/2024 23.12.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlu, İddiaçı “Azər-Türk Bank" ASC-nin Cavabdeh qarşı “borcun alınması” tələbi barədə mülki iş üzrə iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq müəyyən etdi: İddiaçı “Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh “Azər-Türk Bank”ASC-nin xeyrinə 10162.55 (on min yüz altmış iki manat əlli beş qəpik) manat əsas, 0.88 (səksən səkkiz qəpik) manat faiz, cəmi 10163.43 (on min yüz altmış üç manat qırx üç qəpik) manat borcun həmçinin ərizəyə görə ödənilmiş 120.89 (yüz iyirmi manat səksən doqquz qəpik) manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul xahiş etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 151-ci maddəsinin tələbinə əsasən iddia ərizəsinin mümkünlüyü yoxlanılmalıdır. Məhkəmə iş üzrə təqdim edilmiş sənədləri nəzərdən keçirib müəyyən etdi ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin tələblərinə əməl olunmadan verildiyindən geri qaytarılmalıdır. Belə ki, iddiaçı “Azər-Türk Bank" ASC-nin Cavabdeh qarşı “borcun alınması” tələbi ilə bağlı məhkəməyə müraciət etsə də, işin hallarından görünür ki, kredit müqaviləsi üzrə əsas borclu X3 öldüyündən, iddiaçı hazırki tələbini əsas borclunun vərəsələrinə qarşı deyil, bilavasitə zaminə qarşı yönəltmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 04 iyun 2018-ci il tarixli Qərarında qeyd edir ki, borclunun ölümü halında onun öhdəliklərinə görə məsuliyyətin zamin və ya vərəsələr tərəfindən icra edilməli olması məsələsi ilə bağlı göstərilməlidir ki, zaminlik müqaviləsi aksessor xarakterli olmaqla əsas öhdəliyə təminat üsulu kimi çıxış edir. Bu səbəbdən də zaminin zaminlik müqaviləsi üzrə öhdəliyi “əlavə öhdəlik” mahiyyəti daşıyır. Yəni kreditorun zamindən öhdəliyin icrasını tələb edə bilməsi üçün, ilk öncə, borclunun, eləcə də onun vərəsələrinin öz vəzifələrini icra etməməsi və ya lazımınca icra etməməsi tələb olunur. Yalnız bundan sonra zaminə qarşı zaminlik müqaviləsindən irəli gələn öhdəliyin icrası barədə tələb irəli sürülə bilər. Konstitusiya Məhkəməsinin Plenumu borclunun ölümü halında mirası qəbul etmiş vərəsələrin miras qoyanın öhdəlikləri üzrə borcluya çevrildiyini nəzərə alaraq hesab edir ki, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras qoyanın kreditoru qarşısında məsuliyyət daşımalıdırlar. Vərəsələr əsas öhdəliyi icra etməkdən yayındıqları və ya lazımınca icra etmədikləri təqdirdə, eləcə də miras əmlakın həcmi vərəsələrə əsas öhdəliyi icra etməyə və ya lazımınca icra etməyə imkan vermədikdə, pozulmuş mənafeyinin təmin edilməsi üçün kreditorun zaminə qarşı tələb irəli sürmək hüququ yaranır. Göründüyü kimi borclunun ölümü halında mirası qəbul etmiş vərəsələr ilk növbədə miras qoyanın kreditoru qarşısında məsuliyyət daşıdığından kreditorun zamindən öhdəliyin icrasını tələb edə bilməsi üçün, ilk öncə mirası qəbul etmiş vərəsələrdən öz vəzifələrini icra etməsi tələb olunur. Həmçinin qeyd olunmalıdır ki, iş materialında olan sənədlərdən görünür ki, iddiçı təşkilat borclu X2 ölümündən sonra onun vərəsələrinin vərəsəlik hüququ haqqında şəhadətnamə alıb-almamaları barədə Şərur rayon 1 saylı və 2 saylı notariat ofislərinə müraciət etmiş, hər iki notariat ofisi tərəfindən verilmiş arayışlardan görünür ki, X2 ölümündən sonra onun vərəsələrinə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir. Beləliklədə, məhkəmə qeyd edir ki, iddiaçı mübahisənin məhkəməyə qədər nizama salınmasına riayət edərək zamindən öhdəliyin icrasını tələb edə bilməsi üçün, ilk öncə borclu X1 yaşadığı yer üzrə inzibati ərazi dairəsi üzrə nümayəndəliyə müraciət edərək onun ölümündən sonra miras qalmış əmlakı faktiki qəbul etmiş vərəsələri barəsində məlumat əldə etməklə, onlara qarşı hazırki tələblə məhkəmədə iddia qaldıra, borclunun vərəsəsi (vərəsələri) öz vəzifələrini icra etmədikdə və ya lazımınca icra etmədikdə bundan sonra zaminə qarşı zaminlik müqaviləsindən irəli gələn öhdəliyin icrası barədə tələb irəli sürülə bilər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: - 152.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; - 152.2-ci maddəsində göstərilir ki, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır; - 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə uyğun olaraq iddia ərizəsi geri qaytarıldığından iddiaçı “Azər-Türk Bank" ASC tərəfindən Elektron hökümət ödəniş portalı vasitəsilə xx.xx.2024-cü il tarixdə ********** №li qəbzlə dövlət büdcəsinə ödənilmiş 120.09 (bir yüz iyirmi manat doqquz qəpik) manat dövlət rüsumu geri qaytarılmalıdır. Yuxarıda qeyd olunanları və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152, 263- 264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı “Azər-Türk Bank" ASC-nin Cavabdeh qarşı “borcun alınması tələbi” barədə mülki iş üzrə iddia ərizəsi geri qaytarılsın. İddiaçı “Azər-Türk Bank" ASC tərəfindən Elektron hökümət ödəniş portalı vasitəsilə xx.xx.2024-cü il tarixdə ********** №li qəbzlə dövlət büdcəsinə ödənilmiş 120.09 (bir yüz iyirmi manat doqquz qəpik) manat dövlət rüsumu geri qaytarılsın. İddiaçı “Azər-Türk Bank" ASC-yə izah olunsun ki, ərizənin qaytarılması üçün əsas olmuş nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edə bilər. Qərardaddan, o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şərur Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar