Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-133/2022 09.02.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlu "xxxx" MMC-nin Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə borc tələbinə dair mülki işə məhkəmənin inzibati binasında kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh iddiaçı "xxxx" MMCnin xeyrinə 347 manat məbləğində əsas borc, 35 manat məbləğində cərimə, 30 manat məbləğində dövlət rüsumu, cəmi 412 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, tələbkar "xxxx" MMC ilə borclu arasında bağlanmış R0011809 nömrəli 30.03.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən satıcı alıcıya 12 ay müddətinə 379 manat dəyərində olan İphone 7B/U 128 GB Red markalı telefon satmış, borclu aldığı əşyaya görə ilkin ödəniş etmədən borclu olduğu 379 manat məbləğində pulu müqaviləyə əlavə edilən ödəniş cədvəlinə əsasən kreditora hissə-hissə ödəməyi öhdəsinə götürsə də, alqı-satqı müqaviləsində nəzərdə tutulan öhdəliyi qismən yerinə yetirərək 32 manat ödəniş etmişdir. Borcluya dəfələrlə şifahi, 25.11.2021-ci il tarixdə yazılı xəbərdarlıq edilmiş, lakin borclu öhdəliyin icrasına dair heç bir addım atmamışdır. Yazılı sübutlar: İş materiallarında olan R0011809 nömrəli 30.03.2021-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, satıcı alqı-satqı müqaviləsi əsasında nisiyə 12 ay müddətinə 379 manat dəyərində olan İphone 7B/U 128 GB Red markalı telefon vermiş, alıcı isə ödəniş cədvəli əsasında ödənilməli olan məbləği hissə-hissə qaytarmağı öz üzərinə götürmüşdür. İş materiallarında olan 30.03.2021-ci il tarixli ödəniş cədvəlindən görünür ki, cavabdeh 30.04.2021-28.02.2021 tarixləri arasında 32 manat, 30.03.2022-ci il tarixdə isə 27 manat olmaqla, cəmi 379 manat pulu 12 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 21.10.2021-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdeh iddiaçıya 379 manat əsas borcundan 32 manat ödəniş etmiş, 347 manat əsas borc, 35 manat cərimə borcu qalmışdır. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddianın qiyməti beş min manatdan az olduğundan və təqdim edilmiş sənədlər yekun qərarın çıxarılmasına kifayət etdiyindən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən ərizəyə sadələşdirilmiş icraat qaydasında baxılmalıdır. Məhkəmə tərəflərə izah edir ki, işə sadələşdirilmiş icraat qaydasında baxıldığından Mülki-Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmənin əsaslandırması Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, cavabdehlə iddiaçı arasında alqı-satqı müqavilələri bağlanmış və cavabdeh müqavilələrdən əmələ gələn öhdəliyini tam icra etmədiyi üçün onun iddiaçıya alqı-satqı müqavilələri üzrə 347 manat məbləğində əsas borc, 35 manat məbləğində cərimə, cəmi 382 (üç yüz səksən iki) manat borcu yaranmışdır. Cavabdeh Mülki Məcəllənin 433.3-cü maddəsinə uyğun olaraq müqavilə üzrə öhdəliyin icrasına dair heç bir sənədi (qəbzi) məhkəməyə təqdim etməmişdir. Alqı-satqı müqaviləsinin 1.3-cü maddəsinə görə ödəniş 30 gündən başlayaraq gecikdirildikdə hər gün üçün gecikdirilmiş borc məbləğinin 0.3 %-i həcmində cərimə (dəbbə pulu) ödənilməsi tələb edilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 433.3-cü maddəsinə görə öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə tərəfindən iddiaçının tələbinin təmin olunması qənaətinə gəldiyindən Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 284-6.2, 284-6.3, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia təmin edilsin. Şərur rayon Cəlilkənd kəndində yaşayış yeri üzrə qeydiyyatda olan Cavabdeh 347 (üç yüz qırx yeddi) manat məbləğində əsas borc, 35 (otuz beş) manat məbləğində cərimə, cəmi 382 (üç yüz səksən iki) manat borc və dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat məbləğində vəsait tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev
Məhkəmə qərarları › İş №e-2(110)-133/2022
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-133/2022
09.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver