Məhkəmə qərarları › İş №e-2(110)-1475/2025

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-1475/2025

26.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-1475/2025 26.01.2026 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Zeynalov İlkin Cəlal oğlu iddiaçı “X3” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair mülki işə tərəflərin iştirakı olmadan məhkəmənin inzibati binasında baxaraq müəyyənetdi: İddiaçı “X3“ Açıq Səhmdar Cəmiyyəti Şərur Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, Cavabdeh xx.xx.2022-ci il tarixli kredit xətti müqaviləsini imzalamaqla “Ümumi Oferta“ ilə tanış olduğunu və onun bütün şərtləri ilə razı olduğunu təsdiq (aksept) etmiş, bununla da həmin şərtlərlə müqavilə bağlanmış hesab edilmişdir. Müqavilənin 1.1-ci bəndinə uyğun olaraq cavabdehə 35 ay müddətinə, illik 29% olmaqla 300 manat məbləğində kredit xətti açılmışdır. Ümumi Ofertanın 16.1 və 19.1-ci bəndlərinə əsasən kredit və ya kredit xəttinin məqsədli təyinatı istehlakdır.Tərəflər arasında bağlanmış Ümumi Ofertaya əsasən borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə borcalana kredit xətti ayırır və ssuda hesabı açır, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür, lakin cavabdeh мüqavilə şərtlərini pozaraq dövri оlaraq ödəməli оlduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 9 dekabr 2025, çərşənbə axşamı tarixinə "xxxx" KB ASC-yə 193,94 AZN əsas, 32,2 AZN faiz, 8 AZN cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 234,14 AZN borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor “Unibank“ KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Məhkəmə iddia ərizəsinə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərə biləcəyinin izah edilməsinə dair bildiriş cavabdehin yaşadığı ünvana göndərilmiş və şəxsən özü tərəfindən qəbul edilsədə, cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. İş materiallarında olan sübutlara qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2022-ci tarixli kredit xətti müqaviləsinə uyğun olaraq cavabdehə xx.xx.2025-ci il tarixədək illik 29% olmaqla 300 manat kredit xətti açılmışdır. X1 19.1-ci bəndinə əsasən, “Borcverən” SMS və ya mobil əlavə vasitəsilə kreditin razılaşdırılmış verilmə müddəti, faktiki illik faiz dərəcəsi və məbləğdə “Müştəri”yə kredit verir. kreditin faktiki illik faiz dərəcəsi minimum 16 % – maksimum 40% faiz təşkil edir. Müqavilə müddətinin sonunadək Müqavilədə nəzərdə tutulmuş şərt və qaydalarla “Müştəri”yə kredit rəsmiləşdirə bilər. Bu halda “Müştəri” hər ay kredit üzrə ödənilməli olan məbləği Banka qaytarmasını öz öhdəsinə götürür. Kredit məbləği “Müştəri”nin həmin məbləğdən tam və ya qismən istifadə edib-etməməsindən asılı olmayaraq cari hesabına köçürüldüyü andan verilmiş sayılır və həmin andan etibarən kreditin tam məbləğinə bu Müqavilə ilə müəyyən edilmiş faizlər hesablanmağa başlayır. X1 20.9-cu bəndinə əsasən Müştəri kreditin və ona hesablanmış faizlərin ödənilməsini gecikdirdikdə “Bank” borcun gecikdirildiyi hər təqvim günü üçün əsas borc məbləğinin illik 40%-i miqdarında cərimə tətbiq edilir. İş materiallarında olan xx.xx.2022-ci tarixli kredit xətti müqaviləsindən görünür ki, iş üzrə Cavabdeh tərəfindən iddiaçı tərəfindən edilmiş ofertaya razılıq verilmişdir, yəni aksept edilmişdir. İş materiallarına Bank tərəfindən əlavə olunmuş xx.xx.2025-ci il tarixli Maliyyə arayışından görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə Banka 193.94 manat əsas borcu, 32.2 manat məbləğində faiz, 8 manat cərimə borcu, 0 AZN komisyon haqqı olmaqla, cəmi 234.14 manat məbləğində kredit borcu mövcuddur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, ********** nömrəli, Mədaxil Qəbzindən görünür ki, “Unibank“KB ASC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar dövlət büdcəsinin xəzinə hesabına 30 manat rüsum ödənilmişdir. Məhkəmə tədqiqatı zamanı iş materialında olan sənədlərlə müəyyən edilmişdir ki, Bank tərəfindən kreditin verilməsi ilə bağlı göndərilmiş oferta şərtlərinə uyğun qaydada borcalan tərəfindən verilmiş razılıq əsasında onlar arasında kredit limitinin ayrılmasına dair müqavilə bağlanmış illik 29%-lə 300 manat kredit təklif edilmişdir. Lakin “Borcalan” müqavilənin şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu pul məbləğini vaxtında“ və lazımi qaydada icra etməmiş, nəticədə onun “Bank”a borcu yaranmışdır. Ona görə də məhkəmə hesab edir ki, "xxxx" KB ASC belə bir tələb irəli sürməkdə haqlı olmuş və “Borcalan” Cavabdeh öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq "xxxx" KB ASC-yə olan borcunu ödəməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. - 408.1 və 408.2-ci maddələrinə əsasən müqavilə bağlanması haqqında təklif (oferta) o zaman verilmiş sayılır ki, bir və ya bir neçə şəxsə ünvanlanmış bu təklifdə onu vermiş şəxsin (oferentin) razılıq (aksept) olduqda, öz təklifinin icrasına hazır olduğu ifadə edilsin. Ofertada müqavilənin mühüm şərtləri əks olunmalıdır. Şəxslərin qeyri-müəyyən dairəsinə ünvanlanmış təklifdə (o cümlədən reklamda) bilavasitə ayrı qayda göstərilməyibsə, bu təklif ofertaya dəvət sayılır. - 409.1-ci maddəsinə əsasən ofertanın ünvanlandığı şəxsin ofertanı qəbul etməsi haqqında cavabı aksept sayılır. Aksept tam və qeyd-şərtsiz olmalıdır. - 385.1-ci maddəsində deyilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; -448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə iddia tələbi üzrə faiz borcunun tutulması hisəsi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarında olan sənədlərlə müəyyən olunmuşdur ki, iddiaçı cavabdehdən hazırki tələblə bağlı məhkəməyə müraciət etməzdən əvvəl xx.xx.2025-ci il tarixli bildiriş göndərərək onun müqaviləyə əsasən Banka 193.94 manat əsas borcu, 22.31 manat faiz borcu və 4.03 manat cərimə borcu olmaqla, cəmi 220.28 manat borcu olduğunu, Banka olan bütün borc məbləğinin tam olaraq 3 gün müddətində ödəməklə aralarında bağlanmış kreddit müqaviləsini 3 gün müddətində ləğv etməyi təklif etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair“xx.xx.2023-cü il tarixli Qərarında kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Odur ki, kredit müqaviləsi kimi icrası davamlı olan öhdəlik münasibətlərində müqavilədən imtina ləğvetmədə olduğu kimi, ancaq imtinadan sonrakı dövr üçün öhdəlikləri aradan qaldırır. Həmçinin həmin qərarda bildirmişdir ki, göstərilənlərə əsasən qeyd olunmalıdır ki, kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilmiş mövqeyinə əsaslanaraq hesab edir ki, iddiaçı cavabdehdən yalnız kredit müqaviləsindən imtina etdiyi anadək gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərini tələb edə bilər. Hazırkı işdən isə belə görünür ki, cavabdehin müqavilə ləğv edilinədək Banka olan faiz borcu 22.31 manat məbləğində olsa da, Bank müqavilədən imtina edildiyi andan sonrakı dövr üçün də əlavə faiz hesablayaraq, cavabdehdən 32.2 manat məbləğində faiz borcunun tutulmasını tələb etmişdir. Ona görə də iddia tələbi üzrə iddiaçının cavabdehdən tələb edə biləcəyi faiz borcunun məbləği kredit müqaviləsinin ləğv edildiyi anadək mövcud olan həddə, yəni 22.31 manat məbləğində təmin edilməlidir. Məhkəmə iddia tələbinin müqavilə üzrə hesablanmış 4.03 manat cərimənin alınması hissəsi üzrə qeyd edir ki, həmin hissədə iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir...; - 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə Müqavilə üzrə əsas borcun miqdarını, iddiaçının həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq, hesablanmış 4.03 manat cərimənin məbləğinin əsas məbləğə münasibətdə tənasübsüz surətdə yüksək olması qənaətinə gələrək, tələb olunan cərimənin məbləğinin 1 manat həcmində müəyyənləşdirilməsini tərəflərin əmlak mənafeləri baxımından ədalətli hesab edir. Məhkəmə işin faktiki hallarını araşdıraraq və yuxarıda göstərilmiş qanunvericilik normalarını nəzərə alaraq hesab edir ki, cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, iddiaçı ilə aralarında bağlanmış kredit müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün cavabdeh iddiaçı qarşısında məsuliyyət daşıyır və qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçının həmin cavabdehə qarşı irəli sürdüyü müqavilə üzrə əsas borcun tutulması tələbi əsaslıdır. Ona görə ki, iddiaçı aralarında bağlanmış kredit müqaviləsi üzrə öz üzərinə düşən öhdəliyi yerinə yetirərək, müqavilədə göstərilən məbləğdə krediti borcluya vermiş, borclu isə bu kredit müqaviləsi üzrə üzərin götürdüyü öhdəliyə uyğun olaraq ödəniş etməli olduğu halda bunu lazımınca etməmişdir. Ona görə də, iddiaçı cavabdehdən müvafiq kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcu tələb etməkdə haqlı olmuşdur. Eyni zamanda Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, ödənilmiş 30 (otuz) manat dövlət rüsumu da cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli X2 əsasən 193.94 (bir yüz doxsan üç manat doxsan dörd qəpik) manat əsas borc, 22.31 (iyirmi iki manat otuz bir qəpik) manat faiz borcu, 1 (bir) manat cərimə, cəmi 217.25 (iki yüz on yeddi manat iyirmi beş qəpik) manat borc və 30 (otuz) manat dövlət rüsumunun əvəzi alınaraq “X3” Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: İlkin Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar