Məhkəmə qərarları › İş №e-2(110)-202/2023

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-202/2023

04.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-202/2023 04.04.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakı ilə iddiaçı "xxxx" ASC-in cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 xx.xx.2020-ci il tarixli İK ******* kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixə müştərək qaydada əsas borc üzrə 9305,3 manat, faiz borcuna görə 562,61 manat olmaqla, cəmi 9867,91 məbləğində borcun və 118,68 manat məbləğində ödənilmiş dövlət rüsumunun "xxxx" ASC-in xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsində iddia tələbinin əsası kimi iddiaçı "xxxx" ASCin ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli İK ******* saylı kredit müqaviləsinə əsasən, borcluya illik 17% dərəcəsi ilə 36 ay müddətinə 13000 manat məbləğində kredit verildiyini, həmin tarixli ZM0312/10 saylı zaminlik müqaviləsi ilə Cavabdeh1 ona zamin olduğunu, bank üzərinə düşən öhdəliyi tam yerinə yetirsə də, cavabdehlərin müqavilə şərtlərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmədiyini bildirmişdir. İddiaçının nümayəndəsi xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə göndərərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və müvafiq qərarın çıxarılmasını xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatı: Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatnda iddianı qəbul etdiyini, başqa kredit müqaviləsi üzrə zamin qismində iştirak etdiyini, əsas borclu Nağıyev Hüseyn borcunu ödəmədiyindən bankın məhkəmədə iddia qaldırdığını, məhkəmənin qərarı ilə borcun müştərək qaydada tutulması qət olunduğunu, əsas borclu işdən azad olduğundan pulun ödənilməsi onun əmək haqqısına yönəldiyini, buna görə də özünün götürdüyü krediti ödəyə bilmədiyini, torpaq sahəsini satıb borcunu tezliklə ödəyəcəyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatnda iddianı qəbul etdiyini, müqavilə üzrə zamin qismində çıxış etdiyini bildirmişdir. Yazılı sübutlar İş materiallarında olan xx.xx.2020-ci il tarixli İK ******* nömrəli kredit müqaviləsindən görünür ki, Cavabdeh2 illik 17% dərəcəsi ilə 36 ay müddətinə 13000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, ZM0312/10 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 xx.xx.2020-ci il tarixli İK ******* saylı kredit müqaviləsi üzrə zamin qismində çıxış etmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli məxaric orderindən görünür ki, Cavabdeh2 12884 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 25 nömrəli maliyyə arayışından görünür ki Cavabdeh2 xx.xx.2023-cü il tarixə əsas borc üzrə 9305,3 manat, faiz borcuna görə 562,61 manat olmaqla, cəmi 9867,91 manat kredit borcu vardır. Məhkəmənin əsaslandırması: Məhkəmə iş üzrə işin hallarını, cavabdehlərin izahatını, digər sübutları və həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, "xxxx" ASC ilə Cavabdeh2 arasında kredit müqaviləsi, eyni zamanda Cavabdeh1 ilə zaminlik müqavilələri bağlanmışdır. İddiaçı borc tələbi ilə bağlı iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə (müqavilə, maliyyə arayışı, məxaric orderi və.s) sübuta yetirmişdir. Cavabdehlər iddia tələbində irəli sürülən borcun iddiaçıya ödənilməsi ilə bağlı sübutlarını məhkəməyə təqdim etməmişdir. Cavabdehlər izahatında iddianı qəbul etdiklərini bildirib borcunu etiraf etmişdirlər. Buna görə də məhkəmə bu qənatə gəlmişdir ki, cavabdehlər müqavilə şərtlərini pozaraq üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 739cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası MM-nin 442-ci maddəsinə əsasən “Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür”. Həmin Məcəllənin 448-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəlikləri icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 433.3-cü maddəsinə görə öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. Cavabdehlər iddia tələbində irəli sürülən borcun iddiaçıya ödənilməsi ilə bağlı sübutlarını məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respubliksı Mülki Məcəlləsinin 472.2-ci maddəsinnə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslıdır. Məhkəmə tərəfindən iddiaçının tələbinin təmin olunması qənaətinə gəldiyindən Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq 118,68 manat dövlət rüsumu cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 217.4-cü maddəsinə görə hakim öz qərarını yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Şərur rayonu Düdəngə kəndində yaşayış yeri üzrə qeydiyyatda olan Cavabdeh2 və Şərur rayonu Mahmudkənd kəndində yaşayış yeri üzrə qeydiyyatda olan Cavabdeh1 müştərək qaydada əsas borc üzrə 9305,3 manat, faiz borcuna görə 562,61 manat olmaqla, cəmi 9867,91 manat (doqquz min səkkiz yüz altmış yeddi manat doxsan bir qəpik) borc və ödənilmiş 118,68 manat (bir yüz on səkkiz manat altmış səkkiz qəpik) dövlət rüsumu alınaraq "xxxx" ASC-nin hesabına köçürülsün. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar