Məhkəmə qərarları › İş №e-2(110)-248/2025

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-248/2025

25.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-248/2025 25.02.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlu, İddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə Şərur Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 996.8 AZN əsas, 167.51 AZN, 200.91 manat cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 1365.22 AZN borc və dövlət rüsumu olaraq ödənilmiş 33.66 AZN məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsində iddiaçı "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 35 ay müddətinə illik 29% olmaqla 1000 manat məbləğində kredit xətti açıldığını, tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə kredit borcalana kredit xətti ayırır və ssuda hesabı açdığını, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürdüyünü, lakin cavabdehin müqavilənin bu şərtini pozaraq dövri оlaraq ödəməli оlduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtmədiyini, nəticədə cavabdehin kredit müqaviləsi üzrə 7 yanvar 2025, çərşənbə axşamı tarixinə "xxxx" KB ASC-yə 996.8 AZN əsas, 167.51 AZN, 200.91 manat cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 1365.22 AZN borcu yarandığını, tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparıldığını, lakin bu danışıqların (pretenziya qaydasında həll olunma) heç bir fayda vermədiyini və kreditor "xxxx" KB ASC-nin öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəldiyini bildirmişdir. Məhkəmə iddia ərizəsinə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərə biləcəyinin izah edilməsinə dair bildiriş cavabdehin yaşadığı ünvana göndərilmiş və məhkəmə sənədləri şəxsən özü tərəfindən qəbul göndərilsədə, cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. İş materiallarında olan sübutlara qiymət verərək belə nəticəyə gəlirəm ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli 5232sMDK/21 saylı Kredit müqaviləsindən aydın olur ki, həqiqətən Cavabdeh ilə iddiaçı "xxxx" KB ASC arasında qeyd olunan kredit müqaviləsi imzalanmış və tərəflər üzərlərinə bir sıra öhdəliklər götürmüşlər. Kredit Müqaviləsinin 1.1-ci bəndinə əsasən bu müqaviləyə əsasən “Bank” “Borcalan”a illik 29 (iyirmi doquz) % olmaq şərtilə xx.xx.2024-cü il tarixədək kredit ayırır. Kreditin ilkin limiti 1000.00 (üç yüz) AZN təyin edilir. Borcalan bank hesabı (cari, kredit) açır və ödəniş kartı təqdim edir. “Borcalan” isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə “Bank”a qaytarmağı öhdəsinə götürür. Ödəniş kartın istifadə müddəti 60 aydır. Həmin Müqavilənin 1.1-ci bəndinin 3-cü cümləsinə əsasən, kredit xəddindən istifadəyə görə maksimum 1.5%, komissiya haqqı hesablanır və nəvbəti ödəniş zamanı müştəri tərəfindən əlavə olaraq ödənilir. Həmin Müqavilənin 1.3-cü bəndinə əsasən kreditin məqsədli təyinatı istehlakdır. Həmin Müqavilənin 1.4-cü bəndinə əsasən müqavilə üzrə kreditin faktiki illik faiz dərəcəsi minumum 30%, maksimum 40% təşkil edir. İş materiallarına əlavə olunmuş xx.xx.2021 - xx.xx.2025-ci illəri əhatə edən hesabdan çıxarışdan görünür ki, Cavabdeh hesabına Bank tərəfindən pulun köçürülməsi təmin edilmiş və o ayrı-ayrı vaxtlarda kartdan istifadə edərək müxtəlif əməliyyatlar aparmışdır. İş materiallarına Bank tərəfindən əlavə olunmuş xx.xx.2025-ci il tarixli Maliyyə arayışından görünür ki, xx.xx.2025-ci il tarixə Cavabdeh Banka 996.8 manat əsas borc, 167.51 manat məbləğində faiz, 200.91 manat cərimə borcu olmaqla olmaqla, cəmi 1365.22 manat məbləğində kredit borcu mövcuddur. İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli, ********** nömrəli Mədaxil qəbzinin surətindən görünür ki, “Unibank“ KB ASC tərəfindən məhkəmədə iddia qaldırması ilə əlaqədar X1 vasitəsi ilə Dövlət büdcəsinin AZ60AİİB**********360201133 saylı xəzinə hesabına 33.66 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, verilmiş tələb Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə uyğun olmaqla yanaşı, tələbi təsdiq edən sənədlər təqdim olunmuşdur və ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə mövcud deyildir. Çünki, qeyd olunan sənədlərdən də göründüyü kimi iddiaçı Bankla “Borcalan”arasında bağlanmış xx.xx.2021-ci il tarixli 5232sMDK/21 saylı kredit müqaviləsinə əsasən Bank” “Borcalan” 35 ay müddətinə illik 29% olmaqla 1000 (bir min) AZN məbləğində kredit xətti limiti ayırır, ona bank hesabı açır və ödəniş kartı təqdim edir. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən “Borcalan” həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə kredit məbləği üzrə ödənişi “Banka” qaytarmağı öhdəsinə götürmüşdür. Lakin “Borcalan” kreditin və ona hesablanmış faizlərin ödənilməsi üzrə müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş, “Bank”in bununla bağlı xəbərdarlığını yerinə yetirməmiş və “Bank” qarşısında məsuliyyət daşıyararaq nəticədə borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - əvvəlki redaksiyada olan 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; - əvvəlki redaksiyada olan 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır; - 385.1-ci maddəsində deyilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; - 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; -448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə işin faktiki hallarını araşdıraraq və yuxarıda göstərilmiş qanunvericilik normalarını nəzərə alaraq hesab edir ki, cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, iddiaçı ilə aralarında bağlanmış kredit müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün cavabdeh iddiaçı qarşısında məsuliyyət daşıyır və qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçının həmin cavabdehə qarşı irəli sürdüyü müqavilə üzrə əsas borcun tutulması tələbi əsaslıdır. Ona görə ki, iddiaçı aralarında bağlanmış kredit müqaviləsi üzrə öz üzərinə düşən öhdəliyi yerinə yetirərək, müqavilədə göstərilən məbləğdə krediti borcluya vermiş, borclu isə bu kredit müqaviləsi üzrə üzərin götürdüyü öhdəliyə uyğun olaraq ödəniş etməli olduğu halda bunu lazımınca etməmişdir. Ona görə də, iddiaçı cavabdehdən müvafiq kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcu tələb etməkdə haqlı olmuşdur. Məhkəmə iddia tələbi üzrə faiz borcunun tutulması hisəsi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarında olan sənədlərlə müəyyən olunmuşdur ki, iddiaçı cavabdehdən hazırki tələblə bağlı məhkəməyə müraciət etməzdən əvvəl xx.xx.2024-cü il tarixli bildiriş göndərərək onun müqaviləyə əsasən Banka 996.8 manat əsas borcu, 104.33 AZN faiz borcu və 114.33 AZN cərimə borcu olmaqla, cəmi 1215.46 AZN borcu olduğunu, Banka olan bütün borc məbləğinin tam olaraq 3 gün müddətində ödəməklə aramızda bağlanmış kreddit müqaviləsini 3 gün müddətində ləğv etməyi təklif etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair“ xx.xx.2023-cü il tarixli Qərarında kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Odur ki, kredit müqaviləsi kimi icrası davamlı olan öhdəlik münasibətlərində müqavilədən imtina ləğvetmədə olduğu kimi, ancaq imtinadan sonrakı dövr üçün öhdəlikləri aradan qaldırır. Həmçinin həmin qərarda bildirmişdir ki, göstərilənlərə əsasən qeyd olunmalıdır ki, kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilmiş mövqeyinə əsaslanaraq hesab edir ki, iddiaçı cavabdehdən yalnız kredit müqaviləsindən imtina etdiyi anadək gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərini tələb edə bilər. Hazırkı işdən isə belə görünür ki, cavabdehin müqavilə ləğv edilinədək Banka olan faiz borcu 104.33 manat məbləğində olsa da, Bank müqavilədən imtina edildiyi andan sonrakı dövr üçün də əlavə faiz hesablayaraq, cavabdehdən 167.51 manat məbləğində faiz borcunun tutulmasını tələb etmişdir. Ona görə də iddia tələbi üzrə iddiaçının cavabdehdən tələb edə biləcəyi faiz borcunun məbləği kredit müqaviləsinin ləğv edildiyi anadək mövcud olan həddə, yəni 104.33 manat məbləğində təmin edilməlidir. Məhkəmə iddia tələbinin müqavilə üzrə hesablanmış 200.91 manat cərimənin alınması hissəsi üzrə qeyd edir ki, həmin hissədə iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir...; - 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə Müqavilə üzrə əsas borcun miqdarını, iddiaçının həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq, hesablanmış 200.91 manat cərimənin məbləğinin əsas məbləğə münasibətdə tənasübsüz surətdə yüksək olması qənaətinə gələrək, tələb olunan cərimənin məbləğinin 70.0 manat həcmində müəyyənləşdirilməsini tərəflərin əmlak mənafeləri baxımından ədalətli hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; - 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Eyni zamanda Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin etdiyindən iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 33.66 manat dövlət rüsumunun 4.66 manatı iddiaçıya aid edilməli, qalan 29.0 manatı isə cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Beləliklə də, işin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, “Borcalan” yazılı formada bağlanmış müqavilənin şərtlərinə əməl etməməklə “Bank” qarşısında müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən “Bank” Borcalan”a “Zamin”ə qarşı qarşı borcun alınması ilə bağlı məhkəməyə müraciət müraciət etməkdə tam haqlı olmuşdur. Bu səbəbdən də mülki iş materiallarinda olan sübutlara qiymət verərək məhkəmə bu qənaətə gəlir ki, iddiaçının tələbi haqlıdır və buna görə də təmin edilməli, Cavabdeh xx.xx.2021-ci il tarixli 5232sMDK/21 saylı Kredit müqaviləsinə əsasən 996.8 manat əsas borc, 104.33 manat məbləğində faiz borcu, 70.0 manat cərimə, cəmi 1171.13 manat borc və 33.66 manat dövlət rüsumun 29.0 manatı olmaqla, ümumilikdə 1200.13 manat məbləğində pul alınaraq "xxxx" KB ASC-yə ödənilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli 5232sMDK/21 saylı Kredit müqaviləsi üzrə 996.8 (doqquz yüz doxsan altı manat səksən qəpik) manat əsas borc, 104.33 (yüz dörd manat otuz üç qəpik) manat faiz borcu, 70.0 (yetmiş) manat cərimə, cəmi 1171.13 (bir min bir yüz yetmiş bir manat on üç qəpik) manat borc, 33.66 manat rüsumun 29.0 manatı olmaqla, ümumilikdə 1200.13 (bir min iki yüz manat on üç qəpik) manat məbləğində pul alınaraq "xxxx" KB ASC-yə ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar