Məhkəmə qərarları › İş №e-2(110)-256/2023

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-256/2023

12.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-256/2023 12.04.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, Cavabdeh “Kapital Bank“ ASCnin xeyrinə xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən 4860 AZN əsas, 706.32 AZN faiz, cəmi 5566.32 AZN borcun və 75.66 AZN dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsində İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli Kredit müqaviləsinə əsasən ona illik 19 faiz dərəcəsi ilə 35 ay müddətinə 4860 AZN kredit verildiyini, kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyini, cavabdehin xx.xx.2023-cü il tarixə xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən 4860 AZN əsas, 706.32 AZN faiz, cəmi 5566.32 AZN borcu yarandığını, Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq, (pretenziya qaydasında həll olunma) cavabdeh tərəfindən borcun qaytarılmasının təmin edilmədiyini qeyd etmişdir. İddiaçı təşkilat İddiaçı ASC-yə məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, iddiaçı təşkilatın nümayənəsi məhkəmə baxışı iclasına gəlməmiş, lakin xx.xx.2023-cü il tarixdə “Elektron Məhkəmə“sistemi vasitəsi ilə məhkəməyə ərizə ünvanlayaraq ərizəsində İddiaçı ASCnin cavabdehə qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etdiklərini, mülki işin məhkəmə baxışı iclasının xx.xx.2023-cü il tarixə təyin edildiyini, iddiaçı tərəf kimi məhkəməyə iddia ilə müraciət olunan zaman iddia ilə bağlı bütün zəruri hesab edilən sənədləri məhkəməyə təqdim etdiklərini, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən mülki işə trəflərin iştirakı olmadan baxılmasının mümkün olduğunu, iddia ərizələrinin tam əsaslı və qanuni olduğunu, yuxarıda göstərdiklərini və iddia ərizəsində qeyd etdiklərini nəzərə alaraq məhkəmədən mülki işə iddiaçı tərəfin bütün məhkəmə iclaslarında iştirakı olmadan baxılmasını, iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən məhkəmə baxışı iclasının iddiaçı təşkilatın nümayəndəsinin iştirakı olmadan keçiriiməsini mümkün hesab etmişdir Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, lakin o, məhkəmə baxışı iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli GTZK5265782A218 saylı Kredit müqaviləsindən aydın olur ki, həqiqətən Cavabdeh ilə "xxxx" ASC-in Bravo 3 filialı arasında kredit müqaviləsi imzalanmış və tərəflər üzərlərinə bir sıra öhdəliklər götürmüşlər. Həmin Müqavilənin 1.1.1, 1.1.2, 1.1.3 və 1.1.4-cü maddələrinə əsasən “Bank” “Müştəriyə“ gündəlik tələbat məqsədilə 35 ay müddətinə illik 19 faiz dərəcəsi ilə 4860 manat məbləğində kredit vermişdir; Həmin Müqavilənin 1.1.5-ci bəndinə əsasən kreditdən qaytarılması bu müqavilənin ayrılmaz hissəsi olan ödəniş qrafiki əsasında ödənilir; Həmin Müqavilənin 1.1.6-cı bəndinə əsasən 48.6 manat xidmət (komisyon) haqqı tutulmuşdur; Həmin Müqavilənin 2.3-cü bəndinə əsasən kredit üzrə faizlər ildə 360, ayda 30 təqvim günü götürülməklə kreditin verildiyi (cari hesaba köçürüldüyü) gündən qaytarıldığı günədək, istifadə edilmiş günlərin faktiki sayına görə əsas borcun qalıq məbləğinə hesablannır. Kredit üzrə əsas və faiz borcu kreditin verildiyi valyutada ödənilir. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli GTZK5265782A218 saylı kredit müqaviləsinə 1 saylı Əlavəyə (ödəniş cədvəlinə) əsasən, "xxxx" ASC tərəfindən Cavabdeh 35 ay müddətinə illik 19 faiz dərəcəsi ilə 4860 manat məbləğində kredit verilmiş, Cavabdeh isə aldığı krediti faizləri ilə birlikdə xx.xx.2022 – xx.xx.2025 tarixləri ərzində ayda 181.94 manat, xx.xx.2025 tarixində isə 183.52 manat olmaqla, cəmi 6369.48 manat pulu “Kapital Bank" ASC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli Kassa məxaric orderinin surətindən görünür ki, Cavabdeh imza etməklə Bankdan 4860 manat məbləğində kreditin verilməsi təmin edilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli Maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixə İddiaçı ASC-yə xx.xx.2022-ci il tarixli GTZK5265782A218 saylı Kredit müqaviləsinə əsasən 4860 manat əsas, 706.32 manat faiz, cəmi 5566.32 manat borcu mövcuddur. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli ********** nömrəli Mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı ASC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar dövlət büdcəsinin AZ21NABZ******************** saylı xəzinə hesabına 75.66 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh ünvanladığı xx.xx.2022-ci il tarixli bildirişdən müəyyən olur ki, öhdəliklərinin dərhal yerinə yetirilməsi tələb olunmuş, əks təqdirdə "xxxx" ASC borcun, ona hesablanmış faizlərin, cərimələrin və çəkiləcək digər xərclərin 5 gün ərzində tam ödənilməsini təmin etməsi tələb edilmiş, əks təqdirdə kredit müqaviləsinin şərtlərinə və Azərbaycan Respublikası qanunlarının tələblərinə uyğun olaraq onun barəsində müvafiq tədbirlər görüləcəyi barədə xəbərdarlıq edilmiş, lakin cavabdeh bu xəbərdarlıqla iddiaçı bank qarşısında olan öhdəliyinin icrası istiqamətində heç bir addım atmamışdır. Məhkəmə iclasında tədqiq edilmiş yuxarıda qeyd edilən sənədlərlə müəyyən edildi ki, "xxxx" ASC Bravo 3 filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli GTZK5265782A218 saylı Kredit müqaviləsinə əsasən “Bank” “Borcalan”a 35 ay müddətinə illik 19 faiz dərəcəsi ilə 4860 manat məbləğində kredit verilmiş, Cavabdeh isə aldığı krediti faizləri ilə birlikdə xx.xx.2022 – xx.xx.2025 tarixləri ərzində ayda 181.94 manat, xx.xx.2025 tarixində isə 183.52 manat olmaqla, cəmi 6369.48 manat pulu “Kapital Bank" ASC-yə ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh kreditlərin və onlara hesablanmış faizlərin ödənilməsi üzrə müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş, iddiaçının bununla bağlı xəbərdarlığını yerinə yetirməmişdir. “Borcalan” öhdəliyini vaxtında icra etmədiyi üçün “Kreditor” ona qarşı məhkəmədə iddia qaldırmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; - 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır; - 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir; - 385.1-ci maddəsində deyilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; - 386.1-ci maddəsində göstərilir ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; - 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; - 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; - 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; -448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, işin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, Cavabdeh yazılı formada bağlanmış müqavilələrin şərtlərinə əməl etməməklə iddiaçı qarşısında müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən iddiaçı borcun tutulması ilə bağlı məhkəməyə müraciət etməkdə tam haqlı olmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, xx.xx.2022-ci il tarixli GTZK5265782A218 saylı Kredit müqaviləsinə əsasən Cavabdehdan 4860 manat əsas borc, 706.32 manat faiz borcu olmaqla, cəmi 5566.32 manat məbləğində pul alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir; - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin etdiyindən iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 75.66 manat dövlət rüsumunun əvəzi də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırı; - 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır... Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. xx.xx.2022-ci il tarixli GTZK5265782A218 saylı Kredit müqaviləsinə əsasən Cavabdeh 4860 (dörd min səkkiz yüz altmış) manat əsas borc, 706.32 (yeddi yüz altı manat otuz iki qəpik) manat faiz borcu, cəmi 5566.32 (beş min beş yüz altmış altı manat otuz iki qəpik) manat məbləğində borc və 75.66 (yetmiş beş manat altmış altı qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 5641.98 (beş min altı yüz qırx bir manat doxsan səkkiz qəpik) manat məbləğində pul alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, o, tərəfə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar