Məhkəmə qərarları › İş №e-2(110)-267/2024

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-267/2024

16.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-267/2024 16.04.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızın katibliyi ilə iddiaçı "xxxx" X7 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 4791,4 manat əsas, 28,4 manat faiz, cəmi 4819,8 manat borc, 68,2 manat dövlət rüsumu və dövlət rüsumunun köçürülməsi üçün ödənilmiş 0,4 manat xidmət haqqının tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" KB ASC ilə X6 arasında bağlanmış xx.xx.2020-ci il tarixli 14798sSUM/20 saylı kredit müqaviləsinə əsasən ona istehlak məqsədləri üçün 120 ay müddətinə illik 35% ödəmək şərtilə 20000 manat məbləğində kredit limiti ayrılmışdır. Şəxs xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Şərur Rayon 1 saylı Notarius Ofisinin məlumatına əsasən cavabdehin vərəsəsi olduğu müəyyən edilmişdir. Buna görə də iddiaçı məhkəməyə müraciət etmişdir. İddiaçı kredit məbləğinin dəyərinin 5000 manatdan az olduğu üçün işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını xahiş etmişdir. Məhkəmə iş üzrə əlavə araşdırmaya ehtiyac olduğundan işə iddia icraatı qaydasında baxılması haqqında əsaslandırılmış qərardad çıxarmış və işə iddia icraatı qaydasında baxılmışdır. İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi olaraq xəbərdar edilmiş, tərəflər məhkəmə iclasına gəlməmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərərək məhkəmə iclaslarının iştirakı olmadan keçirilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh isə sonuncu məhkəmə iclasına heç bir üzrlü səbəb göstərmədən gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Ona görə də məhkəmə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən cavabdeh iddianı qismən qəbul etdiyini, yoldaşının vəfatından sonra onun vərəsəsi olaraq tanındığını, yoldaşının Rabitə bankda 2276 manat maaşı qaldığını, həmin vəsaiti də yas mərasimində xərclədiklərini, ondan başqa miras əmlak qalmadığını bildirmişdir. Yazılı sübutlar İş materiallarında olan xx.xx.2020-ci il tarixli 14798sSUM/20 saylı kredit müqaviləsindən görünür ki, X5 illik 35% dərəcəsi ilə 120 ay müddətinə 5000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli hesabdan çıxarışdan görünür ki, X1 hesabına 5000 manat pul vəsaiti köçürülmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, X2 4791,40 manat əsas, 28,40 manat faiz borcu olmaqla, ümumilikdə 4819,80 manat borcu vardır. İş materiallarında olan Sumqayıt Şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il taixli, Az-İİ№ 147522 nömrəli ölüm haqqında şəhadətnamənin sürətindən görünür ki, X6 xx.xx.2021-ci il tarixdə ölmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, X4 vərəsəsi Cavabdehdır, o miras əmlakdan tam hissədə pay almalıdır və miras əmlak X3 "xxxx" ASC-in Nərimanov filialında kart qalığında olan 2276,96 manat əmanətdən (puldan) ibarətdir. Məhkəmənin əsaslandırması: Məhkəmə iş üzrə işin hallarını və digər sübutları, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, "xxxx" Kommersiya Bankı ASC ilə X6 arasında kredit müqaviləsi bağlanmışdır. X6 xx.xx.2021-ci il tarixdə ölmüşdür və onun vərəsəsi Cavabdeh tanınmışdır. Ondan 2276,96 manat pul vəsaiti miras olaraq qalmışdır. İddiaçı borc tələbi ilə bağlı iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə (müqavilə, maliyyə arayışı, və.s) sübuta yetirmişdir. Məhkəmə miras qalmış əmlakın (pulun) həcmini nəzərə alaraq iddianın qismən təmin olunması qənaətinə gəlmişdir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı hüquq normaları ilə izah edir: Kredit münasibətlərinin yarandığı vaxt qüvvədə olmuş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən “Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür”. Həmin Məcəllənin 448-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəlikləri icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 433.3-cü maddəsinə görə öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. Cavabdeh iddiaçıya müqavilə üzrə borcun ödənilməsi ilə bağlı sübutları məhkəməyə təqdim etməmişdir. Mülki Məcəllənin 558.1-ci maddəsinə görə əgər borclunun şəxsi iştirakı olmadan icra mümkün deyilsə, onun ölümü öhdəliyin xitamına səbəb olur. İş üzrə kredit müqaviləsi üzrə pul ödənilməsi öhdəliyinin icrası əmlak xarakterli olduğundan və borclunun şəxsi iştirakını tələb etmədiyindən öhdəliyin icrasına xitam verilmir. Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 19 aprel 2023-cü il tarixli qərarında qeyd olunur ki, vərəsələrin məsuliyyətinin həddi ilə bağlı miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti mirasın həcmi ilə məhdudlaşır. Eyni hüquqi mövqe həmçinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 iyun 2018-ci il tarixli qərarında da öz əksini tapmışdır. Beləliklə məhkəmə hesab edir ki, kredit müqaviləsi üzrə borclu X6 öldüyündən, ondan 2276,96 manat pul vəsaiti miras qaldığından, cavabdehin həmin mirasdan tam pay olaraq həmin vəsaitə vərəsəlik hüququ tanındığından iddiaçının tələbi həmin miras əmlkın həcminə uyğun olaraq qismən təmin edilməlidir. Məhkəmə tərəfindən iddiaçının tələbinin qismən təmin olunması qənaətinə gəldiyindən Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq ödənilmiş 32,22 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 217.4-cü maddəsinə görə hakim öz qərarını yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Şərur rayon Xanlıqlar kəndində yaşayış yeri üzrə qeydiyyatda olan Cavabdeh 2276,96 manat (iki min iki yüz yetmiş altı manat doxsan altı qəpik) borc və iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 32,22 manat (otuz iki manat iyirmi iki qəpik) dövlət rüsumu alınaraq "xxxx" Kommersiya Bankı ASC-nin hesabına köçürülsün. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar