Məhkəmə qərarları › İş №e-2(110)-283/2022

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-283/2022

19.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-283/2022 19.05.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Səfərova Ayşən Fazil qızının katibliyi ilə, İddiaçı ASC-in Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı ASC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh X1 İddiaçı ASC-nin xeyrinə 168,5 manat əsas, 94 manat faiz, cəmi 262,5 manat pul vəsaitinin və 30 manat dövlət rüsumunun tutulması barədə müvafiq qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbinin əsası kimi İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 15.09.2017-ci il tarixli kredit müqaviləsinə əsasən, cavabdehə illik 0 faiz dərəcəsi ilə 59 ay müddətinə 200 manat məbləğində kredit verildiyini, bank üzərinə düşən öhdəliyi tam yerinə yetirsə də, cavabdehin müqavilə şərtlərini pozaraq üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirmədiyini bildirmişdir. İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi olaraq xəbərdar edilmiş, tərəflər məhkəmə iclasına gəlməmişdir. İddiaçının nümayəndəsi 27.04.2022-ci il tarixdə məhkəməyə ərizə göndərək işlərin çox olması ilə əlaqədar prosesdə iştirak edə bilməyəcəklərini nəzərə alıb məhkəmə iclaslarının iştirakı olmadan keçirilməsi və təqdim olunmuş sübutlar əsasında iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh ərazidə yaşamadığından məhkəmə bildirişi onun qeydiyyatda olduğu yerin icra nümayəndəliyinə göndərilmiş, icra nümayəndəliyinin arayışına əsasən məhkəmə bildirişi cavabdehin yaxın qohumuna çatdırılmış, lakin cavabdeh heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Ona görə də məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Yazılı sübutlar İş materiallarında olan 15.09.2017-ci il tarixli DK/80269/59/15 nömrəli Kredit Sazişindən görünür ki, Cavabdeh 10000 manat kredit limiti ayrılmışdır. İş materiallarında olan 15.09.2017-ci il tarixli 5003 nömrəli balansdankənar məxaric orderindən görünür ki, Cavabdeh 1 ədəd kart təhvil verilmişdir. İş materiallarında olan 05.01.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 15.09.2017-ci il tarixli kredit müqaviləsinə əsasən 168,5 manat əsas, 94 manat komisyon haqqı borcu vardır. Məhkəmənin əsaslandırması: Məhkəmə iş üzrə işin hallarını və digər sübutları, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı ASC ilə cavabdeh arasında kredit müqaviləsi bağlanmışdır. İddiaçı borc tələbi ilə bağlı iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə (müqavilə, maliyyə arayışı, məxaric orderi və.s) sübuta yetirmişdir. Cavabdeh iddia tələbində irəli sürülən borcun iddiaçıya ödənilməsi ilə bağlı sübutlarını məhkəməyə təqdim etməmişdir. Buna görə də məhkəmə bu qənatə gəlmişdir ki, cavabdeh müqavilə şərtlərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 739cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası MM-nin 442-ci maddəsinə əsasən “Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür”. Həmin Məcəllənin 448-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəlikləri icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 433.3-cü maddəsinə görə öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. Cavabdeh iddiaçıya müqavilə üzrə borcun ödənilməsi ilə bağlı sübutlarını məhkəməyə təqdim etməmişdir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslıdır. Məhkəmə iddiaçının tələbinin təmin olunması qənaətinə gəldiyindən Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 4.1 və 4.2-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə görə hakim öz qərarını yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Şərur rayonu Çərçiboğan kəndində yaşayış yeri üzrə qeydiyyatda olan Cavabdeh 168,5 manat əsas, 94 manat faiz olmaqla, cəmi 262,5 manat (iki yüz altmış iki manat əlli qəpik) borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu alınaraq İddiaçı ASC-nin hesabına köçürülsün. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar