Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-284/2022 21.06.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Səfərova Ayşən Fazil qızının katibliyi ilə, İddiaçı ASC-in cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ASC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh2 ilə bağlanmış kredit müqaviləsinin ləğv edilməsi və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada İddiaçı ASC-nin xeyrinə 3979,55 manat məbləğində əsas, 42 manat məbləğində faiz, cəmi 4021,55 manat məbləğində borcun və 61 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbinin əsası kimi Cavabdeh2 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən, cavabdehə 60 ay müddətinə, illik 1 faiz dərəcəsi ilə 3979,55 manat məbləğində kredit verildiyini, Cavabdeh1 ilə bağlanmış zaminlik müqaviləsinə əsasən onun bank qarşısında Cavabdeh2 ilə birgə məsuliyyət daşıdığını, bank üzərinə düşən öhdəliyi tam yerinə yetirsə də, cavabdehlərin müqavilə şərtlərini pozaraq üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirmədiyini bildirmişdir. İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi olaraq xəbərdar edilmiş, tərəflər məhkəmə iclasına gəlməmişdir. İddiaçının nümayəndəsinin xx.xx.2022-ci il tarixdə məhkəməyə ərizə göndərərək işlərin çox olması ilə əlaqədar prosesdə iştirak edə bilməyəcəklərini nəzərə alıb məhkəmə iclaslarının iştirakı olmadan keçirilməsi və təqdim olunmuş sübutlar əsasında iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh2 xx.xx.2022-ci il tarixdə telefonoqram göndərilən zaman cavabdeh məhkəmə iclası barədə məlumatlı olduğunu, Bakı şəhərində yaşadığından məhkəmə iclasında iştirak edə bilməyəcəyini, iddianı qismən qəbul etdiyini, iddiaçının tələb etdiyi məbləğdə borcunun qalmadığını, kredit borcu ilə əlaqədar etdiyi ödənişlərin qəbzlərini məhkəməyə göndərəcəyini, buna görə də məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, məhkəmə iclası xx.xx.2022-ci il tarixə təxirə salınmış, lakin cavabdeh tərəfindən sübutlar təqdim edilməmişdir. Digər Cavabdeh1 qızi isə heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Ona görə də məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Yazılı sübutlar İş materiallarında olan xx.xx.2019-cu il tarixli BF/15851/73/25 nömrəli Güzəştli Kredit müqaviləsindən görünür ki, Cavabdeh2 60 ay müddətinə, illik 1 faiz dərəcəsi ilə 3979,55 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli HAV-BF-15851/73/25-OT nömrəli ödəniş tapşırıqlarından görünür ki, Cavabdeh2 hesabına 3537,51 manat və 442,08 manat pul vəsaiti köçürülmüşdür. İş materiallarında olan xx.xx.2019-cu il tarixli BF/15851/73/25 nömrəli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 xx.xx.2019-cu il tarixli BF/15851/73/25 saylı güzəştli kredit müqaviləsi üzrə zamin qismində çıxış edir. İş materiallarında olan xx.xx.2021-ci il maliyyə arayışından görünür ki, Cavabdeh2 ilə bağlanan xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən İddiaçı ASC-yə 3979,55 manat əsas, 42 manat faiz borcu vardır. Məhkəmənin əsaslandırması: Məhkəmə iş üzrə işin hallarını və digər sübutları, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında kredit müqaviləsi bağlanmış, Cavabdeh1 isə zaminlik müqaviləsi əsasında bank qarşısında borclu ilə birgə məsuliyyət götürmüşdür. İddiaçı borc tələbi ilə bağlı iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə (müqavilə, maliyyə arayışı, ödəniş tapşırığı və.s) sübuta yetirmişdir. Cavabdeh2 ilə əlaqə saxlanılan zaman iddianı qismən qəbul etdiyini bildirmiş, kredit borcu ilə əlaqədar etdiyi ödənişlərin qəbzlərini məhkəməyə göndərəcəyini, buna görə də məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, cavabdehin xahişi nəzərə alınaraq məhkəmə iclası təxirə salınmışdır. Lakin cavabdeh ödəniş qəbzlərini məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 739cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası MM-nin 442-ci maddəsinə əsasən “Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür”. Həmin Məcəllənin 448-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəlikləri icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respubliksı Mülki Məcəlləsinin 472.2-ci maddəsinnə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Mülki Məcəllənin 433.3-cü maddəsinə görə öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. Cavabdehlər iddiaçıya müqavilə üzrə borcun ödənilməsi ilə bağlı sübutlarını məhkəməyə təqdim etməmişdir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslıdır. Məhkəmə tərəfindən iddiaçının tələbinin təmin olunması qənaətinə gəldiyindən Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq ödənilmiş 61 (altmış bir) manat dövlət rüsumu cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 4.1 və 4.2-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə görə hakim öz qərarını yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Şərur rayonu Xanlıqlar kəndində yaşayış yeri üzrə qeydiyyatda olan Cavabdeh2 və Şərur rayonu Xanlıqlar kəndində yaşayış yeri üzrə qeydiyyatda olan Cavabdeh1 müştərək qaydada 3979,55 manat əsas, 42 manat məbləğində faiz olmaqla, cəmi 4021,55 manat (dörd min iyirmi bir manat əlli beş qəpik) borc və ödənilmiş 61 (altmış bir) manat dövlət rüsumu alınaraq İddiaçı ASC-nin hesabına köçürülsün. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev
Məhkəmə qərarları › İş №e-2(110)-284/2022
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-284/2022
21.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver