Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-288/2022 26.05.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Səfərova Ayşən Fazil qızının katibliyi ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı ASC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh1 ilə bağlanmış müqavilənin ləğv edilməsi və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada İddiaçı ASC-nin xeyrinə 2499,36 manat məbləğində əsas, 1,26 manat məbləğində faiz, cəmi 2500,62 manat borcun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbinin əsası kimi borclu Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış 26.11.2019-cu il tarixli nağd pul lahiyəsi müqaviləsinə əsasən, cavabdehə 60 ay müddətinə, illik 1 faiz dərəcəsi ilə 3334,04 manat məbləğində kredit verildiyini, bank üzərinə düşən öhdəliyi tam yerinə yetirsə də, cavabdehin müqavilə şərtlərini pozaraq üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirmədiyini bildirmişdir. İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi olaraq xəbərdar edilmiş, tərəflər məhkəmə iclasına gəlməmişdir. İddiaçının nümayəndəsi 05.05.2022-ci il tarixdə məhkəməyə ərizə göndərərək işlərin çox olması ilə əlaqədar prosesdə iştirak edə bilməyəcəklərini nəzərə alıb məhkəmə iclaslarının iştirakı olmadan keçirilməsi və təqdim olunmuş sübutlar əsasında iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh2 05.05.2022-ci il tarixdə telefonoqram göndərilən zaman iddianı qəbul etdiyini, borclarını hissə-hissə ödəyəcəklərini, Bakı şəhərində yaşadığı üçün məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirib onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş etmişdir. Cavabdeh1 26.05.2022-ci il tarixdə telefonoqram göndərilən zaman iddianı qəbul etdiyini, borclarını hissə-hissə ödməyə çalışdıqlarını, Bakı şəhərində yaşadığı üçün məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirib onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Ona görə də məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Yazılı sübutlar İş materiallarında olan 26.11.2019-cu il tarixli FR/54716/72 saylı güzəştli kredit müqaviləsindən görünür ki, Cavabdeh1 60 ay müddətinə, illik 1 faiz dərəcəsi ilə 3334,04 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 26.11.2019-cu il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 26.11.2019-cu il tarixli FR/54716/72 saylı güzəştli kredit müqaviləsi üzrə zamin qismində çıxış edir. İş materiallarında olan 26.11.2019-cu il tarixli MXD-FR54716A72C-1, MXD- FR54716A72C-2 və FR54716A72C-3 ödəniş tapşırıqlarından görünür ki, Cavabdeh1 3334,04 manat pul vəsaiti təhvil verilmişdir. İş materiallarında olan 29.03.2022-ci il maliyyə arayışından görünür ki, Cavabdeh1 2499,36 manat əsas, 1,26 manat faiz borcu vardır. Məhkəmənin əsaslandırması: Məhkəmə iş üzrə işin hallarını və digər sübutları, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında güzəştli kredit müqaviləsi bağlanmışdır. Cavabdeh2 isə zaminlik müqaviləsi əsasında bank qarşısında borclu ilə birgə məsuliyyət götürmüşdür. İddiaçı borc tələbi ilə bağlı iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə (müqavilə, maliyyə arayışı, ödəniş tapşırığı və.s) sübuta yetirmişdir. Cavabdehlərlə əlaqə saxlanılan zaman iddianı qəbul etdiklərini bildirmiş, lakin iddianın etirafına dair ərizələrini məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 739cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası MM-nin 442-ci maddəsinə əsasən “Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür”. Həmin Məcəllənin 448-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəlikləri icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respubliksı Mülki Məcəlləsinin 472.2-ci maddəsinnə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Mülki Məcəllənin 433.3-cü maddəsinə görə öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. Cavabdehlər iddiaçıya müqavilə üzrə borcun ödənilməsi ilə bağlı sübutlarını məhkəməyə təqdim etməmişdir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslıdır. Məhkəmə tərəfindən iddiaçının tələbinin təmin olunması qənaətinə gəldiyindən Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq ödənilmiş 46 (qırx altı) manat dövlət rüsumu cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 4.1 və 4.2-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə görə hakim öz qərarını yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Şərur rayonu Muğancıq Mehrab kəndində yaşayış yeri üzrə qeydiyyatda olan Cavabdeh1 və ünvan 1 ünvanında yaşayan Cavabdeh2 2499,36 manat əsas, 1,26 manat faiz, cəmi 2500,62 manat (iki min beş yüz manat altmış iki qəpik) borc və 46 (qırx altı) manat dövlət rüsumu alınaraq İddiaçı ASC-nin hesabına köçürülsün. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev
Məhkəmə qərarları › İş №e-2(110)-288/2022
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-288/2022
26.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver