Məhkəmə qərarları › İş №e-2(110)-328/2022

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №e-2(110)-328/2022

26.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № e-2(110)-328/2022 26.04.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlu, "xxxx" Qeyri-Bank Kredit Təşkilatı X2 tərəfindən verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə Şərur Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçi "xxxx" MMM QBKT iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddianın təmin edilməsi cavabdeh X1 əsas borc üzrə 1225.00 AZN faiz borcuna görə 162.00 AZN cərimə borcuna görə 36.56 AZN cəmi 1423.56 AZN (bir min dörd yüz iyirmi üç manat əlli altı qəpik AZN məbləğində borcun və 34.23 manat məbləğində ödənilmiş dövlət rüsumunun “Finca Azərbaycan” MMM QBKT-nın xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151-ci maddəsinin tələbinə görə, iddia ərizəsinin mümkünlüyü yoxlanılmalıdır. İş üzrə təqdim edilmiş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-3-cü maddəsinin tələblərinə riayət edilmədən verildiyindən onun məhkəmə icraatı mümkün deyil. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 284-3.2 və 284-3.2.2-ci maddələrinə əsasən ərizədə iddiaçının, onun nümayəndəsinin (əgər ərizəni nümayəndə verirsə), cavabdehin soyadı, adı, atasının adı, yaşayış yeri (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, həmin şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir; - 284-3.5-ci maddəsinə əsasən ərizənin bu Məcəllənin 284-3.1-ci və 284-3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2- 152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda qeyd edilən prosessual qanunvericiliyin tələbinə əsasən, müəyyən edilmişdir ki, iddiaçı “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə müraciət edərək cavabdeh X1 əsas borc üzrə 1225.00 AZN faiz borcuna görə 162.00 AZN cərimə borcuna görə 36.56 AZN cəmi 1423.56 AZN (bir min dörd yüz iyirmi üç manat əlli altı qəpik AZN məbləğində borcun və 34.23 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulmasını xahiş etsədə, iddia ərizəsinin forma və məzmununa riayət etməyərək iddia ərizəsində cavabdeh və onun barəsində heç bir məlumat qeyd etməmişdir. Buna görə də göstərilən səbəbdən bu nəticəyə gəlirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və iddiaçıya qərardadda qeyd edilən nöqsanı aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə uyğun olaraq iddia ərizəsi geri qaytarıldığından, "xxxx" MMM QBKT tərəfindən Hökümət ödəniş portalı vasitəsilə 21.04.2022-ci il tarixdə ********* nömrəli qəbzlə dövlət büdcəsinə ödənilmiş 34.23 (otuz dörd manat iyirmi üç qəpik) manat dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Yuxarıda qeyd olunanları və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263- 3.5, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq qərara aldı: "xxxx" MMM QBKT tərəfindən verilmiş iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. "xxxx" MMM QBKT-na izah olunsun ki, ərizənin qaytarılması üçün əsas olmuş nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edə bilər. "xxxx" MMM QBKT tərəfindən Hökümət ödəniş portalı vasitəsilə 21.04.2022-ci il tarixdə ********* nömrəli qəbzlə dövlət büdcəsinə ödənilmiş 34.23 (otuz dörd manat iyirmi üç qəpik) manat dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan, o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şərur Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim : Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar