Məhkəmə qərarları › İş №e-2(110)-380/2025

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-380/2025

31.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-380/2025 31.07.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ X2 Elmar oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC ərizə ilə məhkəməyə müraciət edərək İddiaçı MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 6110 (altı min yüz on) manat 14 (on dörd) qəpik, mediasiya xərci üçün ödənilmiş 60 (altmış) AZN məbləğin, həmçinin məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 32 (otuz iki) AZN məbləğin Cavabdeh tutularaq Cəmiyyətin bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə əsasən cavabdeh İddiaçı MMC-də satıcı-kassir vəzifəsinə işə qəbul olunmuş, xx.xx.2023cü il tarixdən isə administrator vəzifəsinə keçirilmiş və “X4” haqqında müqavilə imzalanmışdır. Cavabdeh xx.xx.2024-cü il tarixdə işdən azad edilmişdir. İş vaxtı ərzində cavabdeh tərəfindən əmək intizamı qaydalarının pozulması səbəbindən İddiaçı MMC-yə zərər dəymişdir. Belə ki, xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərində Cəmiyyətin “Binəqədi 12” mağazasında aparılmış inventarizasiya nəticəsində Cavabdeh müvafiq olaraq 4982 manat 84 qəpik və 3886 manat 44 qəpik məbləğində çatışmazlığa yol verdiyi müəyyən edilmişdir. İnventarizasiya yoxlamaları onun iştirakı ilə aparılmış, cavabdehdən iltizamnamə alınmış və maliyyə arayışı ilə çatışmazlıq təsdiq edilmişdir. Sonrakı hesablamalar və tətbiq edilmiş güzəştlər nəticəsində cavabdehin İddiaçı MMC-yə ümumilikdə 6110 (altı min yüz on) manat 14 (on dörd) qəpik borcu qaldığı müəyyən edilmişdir. Cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borc bu günədək ödənilməmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmi məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmişlər. Yalnız İddiaçı MMC-nin nümayəndəsi xx.xx.2025-ci il tarixdə elektron qaydada ərizə göndərək məhkəmə iclaslarının iddiaçının iştirakı olmadan keçirilməsini və iddianın tam şəkildə təmin edilməsini xahiş etmişdir. Cavabdeh isə məhkəmə iclasına gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirаkı оlmаdаn baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işə sübutetmə yükünün bölüşdürülməsi ilə bağlı mülki prosessual qanunvericiliyin tələbləri nəzərə alınmaqla yalnız iddiaçının təqdim etdiyi sübutlar əsasında baxılmışdır. Yazılı sübutlar: İş materiallarında olan xx.xx.2022-ci il tarixli 697 saylı əmrdən çıxarışdan görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdən İddiaçı MMC-nin Satış Departamentinin Satış şöbəsinə satıcı-kassir vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 19 saylı əmrdən çıxarışdan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdən Cəmiyyətin Satış Departamentinin Satış şöbəsində Administrator vəzifəsinə keçirilmişdir. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış “X4” haqqında xx.xx.2023-cü il tarixli müqavilənin surətindən görünür ki, Cavabdeh ona etibar edilmiş əmlakın, maddi sərvətlərin və görüləcək işlərin tam qayğısına qalmalı, eyni zamanda müəssisəyə heç bir səbəb üzündən ziyan vurmamalı və ziyankarlığa qarşı mübarizə aparmalı, ona etibar edilmiş maddi sərvətlərin, pul vəsaitlərinin və görüləcək işlərin dəqiq hesabatını aparmaq və s. barədə X4i öz öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 126 nömrəli və xx.xx.2024-cü il tarixli 447 nömrəli növbədənkənar invertarizasiyanın aparılması haqqında əmrlərdən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Mərkəz yerləşən OBA-BİNFQEDİ 12 mağazasında adminstrator işləyən, maddi məsul şəxs Cavabdeh öhdəsində olan maddi ehtiyatların həmin tarixlərinə olan vəziyyətinin yoxlanmasının aparılması məqsədi ilə işçi qrupu yaradılmışdır və bu barədə akt tərtib olunmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli aktdan görünür ki, yoxlama dövrünün ümumi nəticəsinə əsasən Cavabdeh 4982,84 manat kəsiri gəlmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli aktdan görünür ki, yoxlama dövrünün ümumi nəticəsinə əsasən Cavabdeh 3836,44 manat kəsiri gəlmişdir. İş materiallarında olan aktivlər üzrə invertarizasiya nəticələrinə dair yekun aktdan görünür ki, Cavabdeh İddiaçı MMC-nin OBA-BİNFQEDİ 12 mağazasında administrator vəzifəsində çalışdığı zaman aparılmış xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli inventarizasiya nəticəsində Cavabdeh mağazaya 4982,84 manat və 3836,44 manat məbləğdə zərər vurması müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 38-x saylı əmrdən çıxarışdan görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2ci maddəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) xitam verilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, MŞB/20/-2025-00057 nömrəli Mediasiya sessiyasıda iştirak edilməsi barədə arayışdan görünür ki, məhkəməyə müraciət etmək üçün İddiaçı MMC tərəfindən 50 manat məbləğində mediasiya xərci, poçt-kargüzarlığı üçün 10 manat ödənilmişdir. Məhkəmənin əsaslandırması Məhkəmə hesab edir ki, iddianın əsaslı olub-olmamasının müəyyən edilməsi üçün ilk növbədə tərəflər arasında öhdəlik münasibətlərinin yaranıb-yaranmaması, o cümlədən tərəflər arasında öhdəlik münasibətləri mövcud olduğu təqdirdə bu öhdəliklərin pozulubpozulmamasına qiymət verilməlidir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddiaçının tələbi əsaslı olduğundan təmin edilməlidir. Çünki Azərbaycan Respublikası Əmək Məcəlləsinin 199-cu maddəsinə və Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən iddiaçının cavabdehə qarşı mülki hüquq pozuntusu nəticəsində vurulmuş ziyana görə tələb hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 199-cu maddəsinin 1-ci bəndinə əsasən işçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə X4 götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; b) işçi əmlakı və digər sərvətləri birdəfəlik etibarnamə və ya digər birdəfəlik hüquqmüəyyənedici sənədlər əsasında işəgötürənə, yaxud onun nümayəndəsinə hesabat vermək şərti ilə qəbul etdikdə; c) inzibati xətalar, yaxud cinayət, habelə vergi qanunvericiliyi ilə cəza verilməsi nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyində ictimai təhlükəli əməllərin əlamətləri olduqda; ç) əmlakı və ya digər maddi sərvətləri qəsdən korladıqda, məhv etdikdə, habelə digər üsulla işəgötürənə qəsdən ziyan vurduqda; d) alkoqol, toksik (zəhərli), psixotrop maddələrdən və ya narkotik vasitələrdən sərxoş vəziyyətdə ziyan vurulduqda; e) işəgötürənin kommersiya sirrini yaydıqda; ə) işəgötürənin şəxsiyyətini ləkələyən, şərəf və ləyaqətini alçaldan, habelə həqiqətə uyğun olmayan böhtanlı və təhqirli iftiralar, yalan məlumatlar yaymaqla onun sahibkarlıq fəaliyyətinə ciddi xələl gətirmiş mənəvi ziyan vurulduqda. Əmək Məcəlləsinin 200-cü maddəsinin 1-ci bəndinə əsasən istər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların X4 daşıması barədə yazılı müqavilə bağlaya bilər. Əmək Məcəlləsinin 200-cü maddəsinin 5-ci bəndinə əsasən X4 barədə müqavilə bağlanmadıqda əməlində cinayət tərkibi olan təqsirli hərəkətləri istisna olunmaqla qalan hallarda işəgötürənə vurulan ziyana görə işçi yalnız orta əmək haqqı məbləğində maddi məsuliyyət daşıyır. Əmək Məcəlləsinin 201-ci maddəsinin 1-ci bəndinə əsasən işçi əmək funksiyasını yerinə yetirərkən təbii fəlakət-sel, daşqın, uçqun, quraqlıq, yanğın və digər qarşısıalınmaz qüvvə, normal təsərrüfat, istehsalat, texnologiya riski, işçinin təqsiri olmadan maşınmexanizmlərin, avadanlıqların, cihazların və başqa istehsal vasitələrinin və alətlərin sınması, korlanması, habelə son zərurət və ya zəruri müdafiə nəticəsində işəgötürənə vurulan ziyana görə o, maddi məsuliyyət daşımır. Bu hallar tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilməzsə, qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyyən edilir. Əmək Məcəlləsinin 205-ci maddəsinə əsasən işəgötürənə vurduğu ziyanın məbləği işçinin orta əmək haqqından çox deyildirsə, onun tutulması işəgötürənin əmri (sərəncamı, qərarı) ilə həyata keçirilir. Əgər ziyan işçi tərəfindən X4 daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. İşçi ziyanın ödənilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) ilə razı olmadıqda o, ərizə ilə işəgötürənə və müəyyən edilmiş qaydada məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Məhkəmə iş üzrə toplanmış sübutları, eyni zamanda işin digər hallarını nəzərdən keçirib, onları əlaqəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, xx.xx.2022-ci il tarixli 697 nömrəli əmrdən çıxarışa əsasən Cavabdeh İddiaçı MMC-də satıcı-kassir vəzifəsinə, xx.xx.2023-cü il tarixli 19 nömrəli əmrdən çıxarışa əsasən isə administrator vəzifəsinə təyin edilmiş, eyni tarixdə cavabdehlə “X4 haqqında müqavilə” bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən cavabdeh müəssisənin ona etibar edilmiş maddi sərvətlərinə, pul vəsaitlərinə və əmlakına X4 daşımağı öhdəsinə götürmüşdür. Bu səbəbdən də, məhkəmə hesab edir ki, cavabdeh administrator vəzifəsində işləyərkən ona etibar edilmiş maddi sərvətlərin qorunmasına cavabdeh olubdur. Ona görə də, o, mağazada aşkar edilmiş inventarizasiya çatışmazlığına görə tam həcmdə cavabdehlik daşıyır. İş materiallarında inventarizasiya nəticələri, aktlar, arayışlar və işçinin iştirakı ilə tərtib olunmuş sənədlər vardır ki, bu da Əmək Məcəlləsinin 203-cü maddəsində göstərilən araşdırma və sübutetmə tələblərinə uyğundur. Həmçinin qeyd etmək lazımdır ki, ziyanın məbləği faktiki çatışmazlıq əsasında, inventarizasiya aktları ilə təsdiqlənmiş və balans/bazar dəyərinə uyğun hesablanmışdır. Bütün bunlarla yanaşı məhkəmə hesab edir ki, Əmək Məcəlləsinin 201-ci maddəsinin tələblərinə uyğun olaraq hazırki iş üzrə cavabdehin maddi məsuliyyətini istisna edən hallar aşkar edilməmişdir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq yekunda aşağıdakı nəticəyə gəlir: -iddia tələbi əsaslı olduğundan təmin edilməli; - Cavabdeh vurulmuş maddi ziyanın əvəzi olan 6110,14 manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilməli; -tələb əsaslı sayıldığından MPM-in 119.1-ci maddəsinin tələblərinə uyğun olaraq (məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir) iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 60 manat mediyasiya xərci və 32 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 227, 358.0.3, 360 və 362-ci maddələrini rəhbər tutaraq qətеtdi: İddia təmin edilsin. Cavabdeh vurulmuş maddi ziyanın əvəzi olan 6110,14 manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. İddiaçı tərəfindən mediasiya xərci kimi ödənilmiş 60 manat və məhkəməyə dövlət rüsumu kimi ödənilmiş 32 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Abil Orucəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar