Məhkəmə qərarları › İş №e-2(110)-398/2023

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-398/2023

24.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-398/2023 24.05.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X5 məhkəmə iclas katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1 və cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbi barədə mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Naxçıvan MR Şərur Rayon Məhkəməsinin 2(110)-92/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin dəyişdirilməsi, Cavabdeh xx.xx.2008-ci il tarixdə doğulmuş X3, xx.xx.2010-cu il tarixdə doğulmuş X4 və xx.xx.2012-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay bir uşaq üçün 220 (iki yüz iyirmi) manat olmaqla, cəmi 660 (altı yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində, İddiaçı ilə Cavabdeh arasında olan nikahın Naxçıvan MR Şərur Rayon Məhkəməsinin 2(110)-92/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən pozulmuş xx.xx.2008-ci il tarixdə doğulmuş X3, xx.xx.2010-cu il tarixdə doğulmuş X4 və xx.xx.2012-ci il tarixdə doğulmuş X1 üçün hər ay ay bir uşaq üçün 120 manat olmaqla ümumilikdə 360 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsinin qət edildiyini, tərəflər arasında olan nikaha xitam verildikdən sonra uşaqların anası ilə birlikdə yaşamağa davam etdiyini, bu müddətdə uşaqların bütün ehtiyaclarının iddiaçı tərəfindən qarşılandığını, hazırda uşaqların üçünündə məktəbdə təhsil aldığını, müxtəlif məşğələlərə getdiklərini, qeyd olunanlarla bağlı bütün xərclərin isə iddiaçının tək başına qarşıladığını, beləliklə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra iddiaçının maddi vəziyyətində dəyişiklik olduğunu, iddiaçının hazırda məhkəmə tərəfindən müəyyən edilmiş aliment məbləği ilə uşaqları saxlamaqda əziyyət çəkdiyini, cavabdehin ümumiyyətlə uşaqların böyüdülməsi, boya-başa çatdırılması üçün ata olaraq lazımı səyləri göstərmədiyini, bundan başqa, iddiaçının xx.xx.2023-cü il tarixdə mediasiya prosesində iştirak etdiyini, cavabdehin tərəf iştirak etmədiyindən təşkilat tərəfindən müvafiq arayış verildiyini bildirmişdir. İddiaçı məhkəmə iclaslarının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, keçirilən məhkəmə iclaslarında iştirak etməmiş, lakin nümayəndə ilə təmsil olunmuşdur. Məhkəmə mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının vəkili və nümayəndəsi Vəkil məhkəmə iclaslarının yeri və vaxtı barədə dəfələrlə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, keçirilən məhkəmə iclaslarında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin göstərişlərinə əsaslanan məhkəmə mülki işə iddiaçının vəkili və nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə1 izahatında iddiaçının iddia ərizəsində qeyd etdiyi xüsusatlarla eyni məzmunlu izahat verərək məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, keçirilən məhkəmə iclaslarında iştirak etməmiş, lakin nümayəndə ilə təmsil olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin göstərişlərinə əsaslanan məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 izahatında iş üzrə tərəflərin 2007-ci ildə evləndiklərini, onların birgə nikahlarından xx.xx.2008-ci il təvəllüdlü X3, xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X2 doğulduğunu, İddiaçı ilə Cavabdeh arasında olan nikahın Naxçıvan MR Şərur Rayon Məhkəməsinin 2(110)-92/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən pozulduğunu, onların birgə nikahlarından doğulmuş uşaqlarının saxlanması üçün hər ay ay bir uşaq üçün 120 manat olmaqla ümumilikdə 360 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsinin müəyyən edildiyini, oğlunun Rusiya Federasiyasında yaşadığını, orada mühafizəçi işlədiyini, aylıq qazancı ilə özünü ancaq saxlaya bildiyini, müəyyən olunmuş alimenti öz pensiyası ilə özünün ödədiyini, iddiaçı uşaqları onlara göstərmədiyi üçün nəvələrinə əlavə qayğı göstərə bilmədiyini, heç nə ala bilmədiyini, iddiaçının yenidən məhkəməyə müraciət edərək alimentin artırılmasını tələb etdiyini, tələb etdiyi məbləğin həddindən çox olduğunu, bunu ödəməyə imkanlarının çatmayacağını qeyd edərək məhkəmədən qanuni qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin nümayəndələrinin izahatına və toplanmış sübutlarla məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Şərur Rayon Nikah Evi tərəfindən verilmiş 03 oktyabr 2022-ci il tarixli AZ-İ № 401667 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasındakı nikah Şərur rayon Məhkəməsinin qətnaməsindən çıxarışa əsasən pozulmuşdur. Nikah pozulduqdan sonra qadına “Əhmədova” soyadı verilmişdir; - Şərur Rayon VVADQ Şöbəsi tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli, AZ-ll № 164646 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, iş üzrə tərəflər xx.xx.2008-ci il tarixdə doğulmuş X3 valideyinləridir. - Şərur Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli, AZ-ll № 502092 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflər xx.xx.2010-cu il tarixdə doğulmuş X4 valideynləridir. - Şərur Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflər xx.xx.2012-ci il tarixdə doğulmuş X2 valideynləridir. - Şərur rayon Məhkəməsinin 05 iyul 2022-ci il tarixli 2(110)-92/2022 nömrəli qətnaməsindən görünür ki, iddia qismən təmin edilməklə Cavabdeh ilə İddiaçı arasında Şərur Rayon Qeydiyyat Şöbəsində bağlanmış xx.xx.2007-ci il tarixli 103 №-li nikah pozulmuş, Nikah pozulduqdan sonra xx.xx.2008-ci il tarixdə doğulmuş X7, xx.xx.2010-cu il tarixdə doğulmuş X8 və xx.xx.2012-ci il tarixdə doğulmuş X2 İddiaçı yanında qalması müəyyən edilmiş, Cavabdeh ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olan Cavabdeh xx.xx.2008-ci il tarixdə doğulmuş X7, xx.xx.2010-cu il tarixdə doğulmuş X8 və xx.xx.2012-ci il tarixdə doğulmuş X1 üçün hər ay bir uşaq üçün 120 manat olmaqla ümumilikdə 360 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olan İddiaçı ödənilməsi müəyyən edilmişdir; Məhkəmə tədqiqatı zamanı müəyyən olunmuşdur ki, Şərur rayon Məhkəməsinin 2(110)-92/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilməklə xx.xx.2008-ci il tarixdə doğulmuş X3, xx.xx.2010-cu il tarixdə doğulmuş X4 və xx.xx.2012-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay bir uşaq üçün 120 manat olmaqla ümumilikdə 360 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməsi müəyyən edilmişdir. İddiaçı yenidən məhkəməyə müraciət edərək, iddia ərizəsində hazırda uşaqların üçünündə məktəbdə təhsil aldığını, müxtəlif məşğələlərə getdiklərini, qeyd olunanlarla bağlı bütün xərclərin isə iddiaçının tək başına qarşıladığını, beləliklə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra iddiaçının maddi vəziyyətində dəyişiklik olduğunu, iddiaçının hazırda məhkəmə tərəfindən müəyyən edilmiş aliment məbləği ilə uşaqları saxlamaqda əziyyət çəkdiyini, cavabdehin ümumiyyətlə uşaqların böyüdülməsi, boya-başa çatdırılması üçün ata olaraq lazımı səyləri göstərmədiyini bildirmişdir. Məhkəmə yetkinlik yaşına çatmayan uşaqların yaş həddini, uşaqların üstün mənafeyini və digər diqqətəlayiq hallarını, uşaqların təminatının əvvəlki vəziyyətdə saxlanılmasının vacibliyini, hər iki valideynin uşaqlar üzərində bərabər hüquq və vəzifələrə malik olmaqla uşağı saxlamağa borclu olmasını, qətnamənin gələcəkdə icra oluna bilmə imkanını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin olunmalı, Şərur Rayon Məhkəməsinin 2(110)-92/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilərək hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla xx.xx.2008-ci il tarixdə doğulmuş X3, xx.xx.2010-cu il tarixdə doğulmuş X4 və xx.xx.2012-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay bir uşaq üçün 150 manat olmaqla ümumilikdə 450 manat manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməli, iddia digər hissədə rədd edilməlidir. Məhkəmə iddianı qismən təmin edərkən, valideynlərin uşaqları barəsində bərabər hüquq və vəzifələrə malik olmasını nəzərə almışdır. Məhkəmə Şərur Rayon Məhkəməsinin 2(110)-92/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən keçən müddət ərzində ölkə üzrə yaşayış minimumunun artmasını əsas gətirərək hesab edir ki, yaşayış minimumunun artması iddiaçının maddi vəziyyətindəki dəyişiklik kimi qiymətləndirilməlidir. Belə ki, qətnamə ilə müəyyən edilmiş aliment məbləği dəyişmədiyi halda ərzaq və qeyri-ərzaq mallarının, habelə digər xidmətlərin qiymətinin artması həmin aliment məbləği ilə uşaqların maddi təminatının əvvəlki səviyyədə saxlanılmasının mümkün olmaması qənaətinə gəlməyə əsas verir. Uşaqların yaşayış minimumunun artması alimentin məbləğinin artırılması üçün qanuni əsas sayıla bilər. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, azyaşlı uşaqlara təyin olunmuş alimentin artırılması üçün Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1–ci maddəsində nəzərdə tutulmuş əsaslar vardır. Eyni zamanda məhkəmə qeyd edir “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Qanuna görə yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu isə özlüyündə müəyyən meyar kimi çıxış edərək minimum təminat səviyyəsini nəzərdə tutur. Məhkəmə onuda qeyd etməyi zəruri hesab edir ki, valideynlər uşaqlar barəsində bütün məsələlərdə diqqətlərini uşaqların mənafelərinin daha yaxşı təmin edilməsinə yönəltməli, onları zəruri olan müdafiə və qayğı ilə təmin etməli, uşaqların həyat şəraitini yaxşılaşdırmalı, sağlam inkişaf etməsini maksimum mümkün olan dərəcədə təmin etməli, habelə uşaqların xüsusi diqqətə möhtac olduqlarını unutmamalıdırlar. Azərbaycan Respublikası Konstitusiyasının: - 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir; - 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: - 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər; - 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər; - 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə görə cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Həmçinin «Uşaq Hüquqları Haqqında» Azərbaycan Respublikası Qanunun: - 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür; - 13-cu maddəsinə əsasən uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; - 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə görə də, valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə məsuliyyət daşıyırlar. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, “...uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir”. X6 Məhkəməsi Plenumu qeyd etmişdir ki;

1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir;

2. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmçinin "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 nömrəli qərarının 8..2-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin Qərarın 8.14-cü bəndinə əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə həmçinin dövlət büdcəsinə ödənilməli olan dövlət rüsumu ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, "Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: - 8.1.2-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində rüsum ödənilir; - 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.6-cı maddəsinə müvafiq olaraq iddianın qiyməti ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda - ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir. Hazırkı iddianın artırılmış məbləği 90 manatdır ki, bu da il ərzində 1080 manat (90x12) təşkil etdiyindən və buna müvafiq olaraq da 30.8 (otuz manat səksən qəpik) manat (1080-1000=80/100*1=30+0.8=30.8) məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə keçirilməlidir. Çünki, həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Məhkəmə yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia qismən təmin edilsin. Şərur rayon Məhkəməsinin 2(110)-92/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilsin və hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla xx.xx.2008-ci il tarixdə doğulmuş X3, xx.xx.2010-cu il tarixdə doğulmuş X4 və xx.xx.2012-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay bir uşaq üçün 150 (bir yüz əlli) manat olmaqla ümumilikdə üç uşaq üçün 450 (dörd yüz əlli) manat sabit pul məbləğində aliment alinaraq İddiaçı ödənilsin. İddia digər hissədə rədd edilsin. İddianın təmin edilmiş hissəsinə münasib olaraq ödənilməsi müəyyən olunmuş 30.8 (otuz manat səksən qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə köçürülsün. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar