Məhkəmə qərarları › İş №e-2(110)-414/2022

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-414/2022

27.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-414/2022 27.12.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı ASC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2017-ci il tarixli 021T10170005 saylı kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixə cəmi borcu 20301,34 manat – bundan 6560,45 manat əsas, 6932,39 manat faiz, 5847,54 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 960,96 manat faiz borcu və iş üzrə ödənilmiş 150,91 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbinin əsası kimi İddiaçı ASC-in Cavabdeh2 ilə aralarında bağlanmış xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə borcluya illik 27% dərəcəsi ilə 18 ay müddətinə 10000 manat məbləğində istehlak krediti verildiyini, həmin müqavilə üzrə öhdəliyin təminatı olaraq Cavabdeh1 zamin qismində iştirak etdiyi xx.xx.2017-ci il tarixli 021T10170005ZM nömrəli zaminlik müqaviləsinin bağlandığını, cavabdehlərə rəsmi qaydada xəbərdarlıq edildiyini, lakin cavabdehlərin müqavilə üzrə üzərlərinə düşən öhdəliyi yerinə yetirmədiyini bildirmişdir. İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi olaraq xəbərdar edilmiş, iddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərərək iş həcminin çoxluğunu nəzərə alıb məhkəmə iclasını iştirakı olmadan keçirilməsini və iddianın təmin olunması barədə yekun məhkəmə aktının qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 məhkəmə bildirişini çatıbçatmaması ilə əlaqədar telefonoqram göndərildiyini, cavabdeh məhkəmə iclası barədə məlumatının olduğunu, Bakı şəhərində yaşadığını, iddianı qismən qəbul etdiyini, tələb olunan borc məbləğinin yüksək olduğunu bankla razılıq əldə edəcəyini bildirmişdir. Həmçinin qeydiyyatda olduğu ərazidə yaşamadığından məhkəmə sənədləri icra nümayəndəliyinə göndərildiyini, icra nümayəndəliyinin arayışına əsasən cavabdehin ərazidə yaxın qohumları olmadığından məhkəmə sənədlərinin çatdırılmasının mümkün olmadığını, digər cavabdehin məhkəmə sənədlərini qeydiyyatda olduğu yerə göndərildiyini, lakin həmin ünvanda yaşamadığından məhkəmə sənədlərinin geri qaytarıldığını, şəxsin doğulduğu yerin icra nümayəndəliyinə göndərildiyini, icra nümayəndəliyinin arayışına əsasən məhkəmə sənədi onun qohumuna çatdırlıdığını bildirmiş, lakin cavabdehlər heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdirlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Ona görə də məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Yazılı sübutlar İş materiallarında olan xx.xx.2017-ci il tarixli 021T10170005 kredit müqaviləsindən görünür ki, Cavabdeh2 illik 27% dərəcəsi ilə 18 ay müddətinə 10000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli 021T10170005ZM nömrəli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 kredit müqaviləsi üzrə zamin qismində çıxış edir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli 059101 nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən Cavabdeh2 10000 manat pul vəsaiti təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 kredit müqaviləsinə əsasən, 6560,45 manat əsas borc, 6932,39 manat faiz borcu, 5847,54 manat cərimə, 960,96 manat faiz gecikdirilmiş faiz borcu, ümumilikdə 20301,34 manat borcu var. Ekspert rəyləri: İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 277 №-li ekspert rəyindən görünür ki, Cavabdeh2 xx.xx.2017-ci il tarixli 021T10170005 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən əsas borcu 6545,75 manat, faiz borcu 1929,06 manat, AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz borcu 932,77 təşkil edir. İş materiallarında olan kredit müqaviləsi üzrə cərimə pulu bəndi nəzərdə tutulmuş, lakin bank tərəfindən təqdim edilmiş hesabdan çıxarış məlumatlarında cərimə hesablanmamışdır. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 328 №-li təkrar ekspertizanın rəyindən görünür ki, Cavabdeh2 xx.xx.2017-ci il tarixli 021T10170005 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən əsas borcu 6545,75 manat, faiz borcu 1929,06 manat, AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz borcu 932,77 təşkil edir. İş materiallarında olan kredit müqaviləsi üzrə cərimə pulu bəndi nəzərdə tutulmuş, lakin bank tərəfindən təqdim edilmiş hesabdan çıxarış məlumatlarında cərimə hesablanmamışdır. Məhkəmənin əsaslandırması: Məhkəmə iş üzrə işin hallarını və digər sübutları, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı ASC Cavabdeh2 arasında kredit müqaviləsi və həmin müqavilə üzrə öhdəliyin təmin edilməsi məqsədilə Cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanmışdır. İddiaçı borc tələbi ilə bağlı iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə (müqavilə, maliyyə arayışı, məxaric orderi və.s) sübuta yetirmişdir. Məhkəmə mühasibatlıq ekspertizasının rəyinə əsasən cavabdehin xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən əsas borcu 6545,75 manat, faiz borcu 1929,06 manat, AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz borcu 932,77 manat təşkil edir. Verilən ekspert rəyi ilə razı olmayan iddiaçının nümayəndəsi vəsatət verərək təkrar mühasibatlıq ekspertizasının keçirilməsini xahiş etmişdir. Təkrar mühasibatlıq ekspertizasının rəyi ilə ilkin ekspertizanın rəyi arasında heç bir fərq müəyyən olunmamışdır. Məhkəmə ekspert rəyini əsaslı hesab etdiyindən kredit müqaviləsi üzrə əsas borc və faiz borcları ekspert rəyində eyni göstərilən məbləğlərdə hesablanmalıdır. Cavabdehlər hər hansı ödəniş etməsi ilə bağlı məhkəməyə sübut təqdim etməmişdirlər. Beləliklə cavabdehlərin iddiaçıya müqavilə üzrə olan əsas borcu 6545,75 manat, faiz borcu 1929,06 manat, AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz borcu 932,77 olmaqla, cəmi 9407,58 manat təşkil edir. Kredit müqailəsinin 2.5-ci bəndinə əsasən gecikdirilən kredit ödənişinin əsas borc məbləğinə gecikdirilən hər gün üçün cərimə kimi illik 54% dəbbə pulu hesablanır və borcalan tərəfindən kreditora ödənilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 739cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən “Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür”. Həmin Məcəllənin 448-ci maddasənə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəlikləri icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 433.3-cü maddəsinə görə öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. Cavabdehlər iddiaçıya müqavilə üzrə borcun ödənilməsi ilə bağlı sübutlarını məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respubliksı Mülki Məcəlləsinin 472.2-ci maddəsinnə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Mülki Məcəllənin 467-ci maddəsində qeyd olunmuşdur ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehin müqavilədə nəzərdə tutulmuş müddətdə borcunu ödəyə bilməməsini, onun üzərində əsas borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, əlavə olaraq tətbiq edilən cərimənin isə onun vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, dəbbə pulu azaldılaraq əsas borca mütənasib olaraq müəyyən edilməlidir. Məhkəmə tərəfindən iddiaçının tələbinin qismən təmin olunması qənaətinə gəldiyindən Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq cavabdehlərə aid edilməsi qeyd edildiyindən iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş dövlət rüsumu iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 217.4-cü maddəsinə görə hakim öz qərarını yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Şərur rayon Mahmudkənd kəndində yaşayış yeri üzrə qeydiyyatda olan Cavabdeh2 və ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olan Cavabdeh1 müştərək qaydada 6545,75 manat əsas, 1929,06 manat faiz borcu, xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz borcu 932,77 manat və 650 manat cərimə olmaqla, cəmi 10057,58 manat (on min əlli yeddi manat əlli səkkiz qəpik) borc və 74,76 manat (yetmiş dörd manat yetmiş altı qəpik) dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar