Məhkəmə qərarları › İş №e-2(110)-419/2022

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-419/2022

14.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-419/2022 14.07.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi, Cavabdeh2 iştirakı ilə, iddiaçı "Finca Azərbaycan” Qeyri-Bank Kredit Təşkilatı X1 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada əsas borc üzrə 6816 manat, faiz borcuna görə 1831,91 manat, cərimə borcuna görə 21,42 manat, cəmi 8669,33 manat məbləğində borcun və 106,7 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı MMQBKT-nın xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsində iddia tələbinin əsası kimi İddiaçı QBKT MMM ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli **********2694 saylı kredit müqaviləsinə əsasən, borcluya istehlak məqsədləri üçün illik 26% dərəcəsi ilə 24 ay müddətinə 7000 manat məbləğində kredit verildiyini, kredit müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 381 manat ödəniş etməsinin razılaşdırıldığını, həmin tarixli **********2***-******* saylı zaminlik müqaviləsi ilə Cavabdeh2, **********2***-******* saylı zaminlik müqaviləsi ilə Cavabdeh3 ona zamin olduğunu, bank üzərinə düşən öhdəliyi tam yerinə yetirsə də, cavabdehlərin müqavilə şərtlərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmədiyini bildirmişdir. İddiaçının nümayəndəsi xx.xx.2022-ci il tarixdə məhkəməyə teleqram göndərərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh3 xx.xx.2022-ci il tarixdə məhkəməyə ərizə göndərərək səhhəti ilə bağlı problemlər səbəbilə uzaq məsafəli yol gedə bilmədiyindən məhkəmə iclaslarında iştirakının mümkün olmayacağını, Cavabdeh1 (qardaşı) hal-hazırda Türkiyə Respublikasının İstanbul şəhərində yaşadığını, əmək fəaliyyəti ilə məşğul olduğunu, ona qarşı qaldırılan iddiadan məlumatlı olduğunu bildirmişdir. Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş, lakin cavabdeh heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Ona görə də məhkəmə Cavabdeh1 iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə baxışı iclaslarında iştirak edən digər Cavabdeh2 izahatında və verilən suallara cavabında iddianı qəbul etdiyini, özünün zamin olduğunu, əsas borclu Cavabdeh1 əvvəl gömrükdə işlədiyini, lakin işindən azad olunduğunu, sonradan işləmək məqsədilə ailəlikcə Türkiyə Respublikasına getdiyini, onunla əlaqə saxladığı zaman onun borcunu hər ay 150 manat olmaqla özünün hissə-hissə ödəyəcəyini bildirdiyini bildirərək iddianın təmin olunmasına etirazı olmadığını bildirmişdir. Yazılı sübutlar İş materiallarında olan xx.xx.2021-ci il tarixli **********2694 nömrəli kredit müqaviləsindən görünür ki, Cavabdeh1 illik 26% dərəcəsi ilə 24 ay müddətinə 7000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, **********2***-******* saylı və **********2***-******* saylı zaminlik müqavilələrindən görünür ki, Cavabdeh2 və Cavabdeh3 xx.xx.2021-ci il tarixli **********2694 saylı kredit müqaviləsi üzrə zamin qismində çıxış etmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh1 7000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 əsas borc üzrə 6816 manat, faiz borcuna görə 1831,91 manat, cərimə borcuna görə 21,42 manat, cəmi 8669,33 manat kredit borcu vardır. Məhkəmənin əsaslandırması: Məhkəmə iş üzrə işin hallarını və digər sübutları, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı QBKT MMM ilə Cavabdeh1 arasında kredit müqaviləsi, eyni zamanda Cavabdeh2 və Cavabdeh3 ilə zaminlik müqavilələri bağlanmışdır. İddiaçı borc tələbi ilə bağlı iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə (müqavilə, maliyyə arayışı, qəbz və.s) sübuta yetirmişdir. Cavabdehlər iddia tələbində irəli sürülən borcun iddiaçıya ödənilməsi ilə bağlı sübutlarını məhkəməyə təqdim etməmişdir. Cavabdeh2 izahatında iddianı qəbul etdiyini bildirib borcunu etiraf etmişdir. Buna görə də məhkəmə bu qənatə gəlmişdir ki, cavabdehlər müqavilə şərtlərini pozaraq üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 739cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası MM-nin 442-ci maddəsinə əsasən “Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür”. Həmin Məcəllənin 448-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəlikləri icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 433.3-cü maddəsinə görə öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. Cavabdehlər iddia tələbində irəli sürülən borcun iddiaçıya ödənilməsi ilə bağlı sübutlarını məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respubliksı Mülki Məcəlləsinin 472.2-ci maddəsinnə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslıdır. Məhkəmə tərəfindən iddiaçının tələbinin təmin olunması qənaətinə gəldiyindən Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq 106,7 manat dövlət rüsumu cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 4.1 və 4.2-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə görə hakim öz qərarını yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Şərur rayonu Kürkənd kəndində yaşayış yeri üzrə qeydiyyatda olan cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada əsas borc üzrə 6816 manat, faiz borcuna görə 1831,91 manat, cərimə borcuna görə 21,42 manat olmaqla, cəmi 8669,33 manat (səkkiz min altı yüz altmış doqquz manat otuz üç qəpik) borc və ödənilmiş 106,7 manat (bir yüz altı manat yetmiş qəpik) dövlət rüsumu alınaraq İddiaçı QBKT MMMnin hesabına köçürülsün. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar