Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-422/2023 03.08.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçının vəkili-nümayəndəsi Nümayəndə və cavabdehin vəkili- nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə” dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 30.100 (otuz min yüz) manat alınaraq hal-hazırki (18000 ABŞ dollarının məzənnəsi ilə) ona ödənilməsi barədə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində Cavabdeh ilə 5 saylı Bakı Asan Xidmət mərkəzində xx.xx.2018-ci il tarixdə kredit müqaviləsi bağlanıldığını, Müqavilənin 1-ci bəndindən göründüyü kimi borc verən, yəni onun borc alana yəni Cavabdeh 18.000 (on səkkiz min) ABŞ dollar məbləğində (hal-hazırki məzənnə ilə) pul borc verdiyini, Müqavilənin 2-ci bəndinə əsasən borc alan krediti xx.xx.2019-cu il tarixədək borc verənə qaytarmağə öhdəsinə götürdüyünü, təəssüf ki, Cavabdeh bu müddət ərzində ona olan borcundan yalnız 500 manatını xx.xx.2023-cü il tarixdə ödədiyini, onun hər dəfə müxtəlif bəhanələrlə borcunu ödəməkdən yayındığını, odur ki, məhkəməyə müraciət etməli olduğunu bildirmişdir. İddiaçı məhkəmə iclaslarının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, iddiaçı məhkəmə iclaslarına gəlməmiş, lakin vəkil və nümayəndə ilə təmsil olunmuşdur. Məhkəmə mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Nümayəndə iddiaçının iddia ərizəsində qeyd etdiyi xüsusatlarla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, o, məhkəmə iclaslarına gəlməmiş, lakin vəkil-nümayəndə ilə təmsil olunmuşdur. Məhkəmə mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən cavabdehin vəkili və nümayəndəsi Vəkil2 izahatında İddiaçı Şərur Rayon Məhkəməsində Cavabdeh qarşı "pul tələbinə dair" iddia qaldıraraq iddia ərizəsində Cavabdeh ilə 5 saylı Bakı Asan Xidmət Mərkəzində xx.xx.2018-ci il tarixdə kredit müqaviləsi bağladıqlarını, həmin müqavilənin ikinci bəndinə əsasən Cavabdeh borc aldığı 18000 (on səkkiz min) ABŞ dolları krediti xx.xx.2019-cu il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürdüyünü, Cavabdeh borclu olduğu pul vəsaitini qaytarmaq öhdəliyinin icra müddətinin xx.xx.2019-cu ildə bitdiyini, həmin vaxtdan iddia müddətinin axımının başlandığını, iddiaçının isə xx.xx.2023-cü il tarixdə pozulmuş hüquqları ilə bağlı məhkəməyə müraciət etdiyini, göründüyü kimi iddiaçının Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci maddəsində göstərilmiş iddia müddətini buraxdığını, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edildiyini, izahatında qeyd etdiklərini əsas götürərək İddiaçı Cavabdeh qarşı "pul tələbinə dair" iddiası üzrə iddia müddətini tətbiq edərək iddia müddəti keçdiyinə görə iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının iddia ərizəsində qeyd etdiklərini, tərəflərin vəkil və nümayəndələrinin izahatlarını iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə qiymətləndirərək belə nəticəyə gəlir ki, iddia tələbi rədd olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş: - İddiaçı ilə Cavabdeh arasında imzalanmış və Bakı şəhəri, 5 saylı Asan xidmət mərkəzində notariat kontorunun xüsusi notariusunda təsdiqlənmiş xx.xx.2018-ci il tarixli kredit müqaviləsindən görünür ki, Borc verən” “Borc alana” 18000 (on səkkiz min) ABŞ dolları məbləğində borc pul verməyi, “Borc alan” isə krediti xx.xx.2019-cu il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür; - Cavabdeh xx.xx.2023-cü il tarixli qəbzinin məzmunundan görünür ki, o, İddiaçı olan borcundan xx.xx.2023 - cü il tarixdə 500 manat ödəmişdir; - İddiaçı vəkili və nümayəndəsi Vəkil2 Şərur rayon Məhkəməsinə ünvanladığı iddia müddətinin tətbiqinə dair ərizədə qeyd etmişdir ki, İddiaçı Şərur Rayon Məhkəməsində Cavabdeh qarşı "pul tələbinə dair" iddia qaldırmışdır. İddia ərizəsində göstərilmişdir ki, Cavabdeh ilə 5 saylı Bakı Asan Xidmət Mərkəzində xx.xx.2018-ci il tarixdə kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin ikinci bəndinə əsasən Cavabdeh borc aldığı 18000 ( on səkkiz min) ABŞ dolları krediti xx.xx.2019-cu il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Azərbaycan Respublikasə Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Azərbaycan Respublikasə Mülki Məcəllənin 371.1-ci maddəsində göstərilir: "İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır". Cavabdeh borclu olduğu pul vəsaitini qaytarmaq öhdəliyinin icra müddəti xx.xx.2019cu ildə bitmişdir və həmin vaxtdan iddia müddətinin axımı başlanmışdır. X2 xx.xx.2023-cü il tarixdə pozulmuş hüquqları ilə bağlı məhkəməyə müraciət etmişdir. Göründüyü kimi İddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində göstərilmiş iddia müddətini buraxmışdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Bütün yuxarıda göstərilənləri əsas götürərək İddiaçı Cavabdeh qarşı "pul tələbinə dair" iddiası üzrə iddia müddətini tətbiq edəsiniz və iddia müddəti keçdiyinə görə iddiadan imtina barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tədqiqatı zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında imzalanmış və Bakı şəhəri, 5 saylı Asan xidmət mərkəzində notariat kontorunun xüsusi notariusunda təsdiqlənmiş xx.xx.2018-ci il tarixli kredit müqaviləsindən görünür ki, Borc verən” “Borc alana” 18000 (on səkkiz min) ABŞ dolları məbləğində borc pul verməyi, “Borc alan” isə krediti xx.xx.2019-cu il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh kredit müqaviləsinin şərtlərinə əməl etməyərək aldığı pulu geri qaytarmadığından iddiaçı pulun cavabdehdən alınaraq ona ödənilməsini məhkəmədən xahiş etmişdir. Lakin cavabdehin vəkili və nümayəndəsi tərəfindən məhkəməyə iddia müddətinin tətbiq olunması barədə ərizə təqdim edərək, həmçinin də məhkəmə baxışı iclasında verdiyi izahatında müvafiq tələb üzrə iddia müddəti keçdiyindən, iddia müddətini tətbiq etməklə iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edilmişdir. Məhkəmə hazırki iş üzrə iddia müddəti ötürüldüyündən iddia müddətini tətbiq etməklə iddia tələbinin rədd edilməsi barədə cavabdehin vəkili və nümayəndəsinin xahişini iş materialında olan kredit müqaviləsinin şərtlərinə müvafiq araşdıraraq hesab edir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli Kredit Müqaviləsinin müddəti xx.xx.2019-cu il tarixdə bitdiyindən kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması ilə əlaqədar iş üzrə iddia müddəti ötürülmüşdür. Belə ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edildiyindən iddia müddətinin axımı 02 aprel 2019-cu tarixdən başlamış və 02 aprel 2022 tarixdə başa çatmışdır. İddiaçı isə cavabdehə qarşı iddianı 06 aprel 2023-cü il tarixdə, yəni iddia müddəti başa çatdıqdan təqribən 1 ildən artıq bir müddət keçdikdən sonra qaldırmışdır. Beləliklə də, məhkəmə belə hesab edir ki, cavabdehin vəlili və nümayəndəsinin iddia müddətinin tətbiq edilməsi barədə ərizəsi və xahişi əsaslı olduğundan, iddia müddəti tətbiq edilməli və iddia rədd edilməlidir. Eyni zamanda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdehin xx.xx.2023 –cü il tarixdə iddiaçıya olan borcundan 500 manat ödəməsi iddia müddətinin axımının dayanmasına səbəb olmamışdır. Çünki həmin pul iddia müddəti başa çatdıqdan təqribən 1 ilə yaxın bir müddət keçdikdən sonra ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; - 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır... ; - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; - 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; - 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; - 372.2-ci maddəsinə əsasən hüququpozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır; - 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.; - 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir; - 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır; - 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddətikeçir; - 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, MM-in 739.2-ci maddəsində göstərilən kredit müqaviləsinə görə, bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir. Lakin kredit müqaviləsində müəyyən edilmiş qaydada və müddətdə borc alan vicdanlılıq prinsipinə sadiq qalaraq kredit öhdəliyini ardıcıl olaraq icra etmədikdə, kreditor davamlı müddət gözləmədən məhkəməyə müraciət etmək hüququndan istifadə etməyə çalışmalıdır. Həmçinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Eyni zamanda “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03 iyun 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcburedir. Həmin qərarda qeyd edilmişdir ki, kredit müqaviləsində yalnız bu hüquq münasibətlərinə xas olan ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Buna görə, göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olduğundan, nəzərə alınmalıdır ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Beləliklə, kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. Şəxsin hüququ pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Maraqlı tərəfin tələbi üzrə məcburiyyət tədbirlərinin tətbiqi hər zaman deyil, yalnız iddia müddətləri həddində mümkündür. Bu mənada hüquqları pozulmuş şəxsin öz hüquqlarının bərpasını tələb etmək hüququnun vaxtında həyata keçirilməsinə zəmin yaradan iddia müddətinin axımının başlanğıcının müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir. Müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı iddia müddətinin axımı, kreditorun borcludan borcun icrasını tələb edə biləcəyi günün ertəsi günündən etibarən başlayır. Eyni zamanda, iddia müddətləri ilə bağlı müddəaların təhlili göstərir ki, müqavilənin qüvvədə olması faktı öz-özlüyündə kreditora borclu tərəfindən öhdəliyin məcburi qaydada icra edilməsini tələb etmək hüququ vermir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 07 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Bundan başqa “L.İ. Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsinin Plenum Qərarında göstərilmişdir ki, iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Hazırki vəziyyətdə məhkəmə hesab edir ki, iddiaçı xx.xx.2018-ci il tarixli Kredit Müqaviləsini vaxtında mübahisələndirməmiş və iddia müddətini üzrlü səbəbdən ötürməsinə dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Beləliklə də, məhkəmə cavabdehin vəkili və nümayəndəsi tərəfindən iddia müddətinin tətbiq edilməsi barədə ərizə verməsini və iddiaçı tərəfindən Kredit Müqaviləsinin mübahisələndirilməsi üçün mülki qanunvericilikdə müəyyən edilmiş 3 illik müddətin ötürüldüyünü nəzərə alaraq, belə qənaətə gəlir ki, hazırki mülki iş üzrə iddia müddəti tətbiq edilməli və İddiaçı Cavabdeh qarşı “pul tələbinə” dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tdqiq olunmuş sübutlarla əsaslandırı; - 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır... -119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. Hazırki vəziyyətdə iddia tələbi rədd edildiyindən məhkəməyə müraciət etməsi ilə əlaqədar iddiaçı tərəfindən ödənilmiş 180.30 (bir yüz səksən manat otuz qəpik) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının MPM-in 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “pul tələbinə” dair iddiası rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş 180.30 (bir yüz səksən manat otuz qəpik) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin Qətnamədən, o rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim : Seymur Qarayev
Məhkəmə qərarları › İş №e-2(110)-422/2023
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-422/2023
03.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver