Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-483/2023 10.10.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi, İddiaçı MMC-in Cavabdeh qarşı pul tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 370 manat əsas borc, gecikdirilmiş dəbbə pulu olan 37 manatın, ümumulikdə 407 manat məbləğində kredit borcunun və iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbinin əsası kimi Cavabdeh ilə aralarında bağlanmış xx.xx.2022-ci il il tarixli 666 kredit-satış müqaviləsinə əsasən cavabdehə “Samsung galaxy A72” markalı telefonu 7 aylıq kreditlə 1250 manat dəyərində satıldığını, hazırkı vaxtadək onun tərəfindən ilkin ödəniş də daxil olmaqla 880 manat ödənildiyini, cavabdehin müqavilənin ödəniş şərtlərinə uyğun vaxtında və tam ödəməyi öhdəsinə götürdüyünü, qalan 370 manat borcu ödəməkdən imtina etdiyini bildirərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə iştirak edən şəxsin izahatı: Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilmiş, iddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərərək məhkəmə hazırlıq və baxış iclaslarının iştirakı olmdan keçirilib iddianın təmin olunmasını xahiş etmiş, cavabdehin məhkəmə sənədini atası qəbul etmiş, lakin heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iclasında xx.xx.2023-cü il tarixdə iştirak edən Cavabdeh izahatında və verilmiş suallara cavabında iddianı qəbul etmədiyini, belə ki, o əvvəlcə özü üçün telefon götürdüyünü, onun pulunu vaxtı-vaxtında ödədiyini, sonra əmisioğluna telefon götürmək üçün telefon mağazasına getdiyini, ilkin 200 manat ödəniş etdiyini sonra telefonu aylar üzrə ödəniş olunması barədə razılaşdığını, lakin mağaza sahibi müqaviləni onun adına hazırladığını, amma onlara şəxsiyyət vəsiqəsini vermədiyini, müqaviləyə imza atmadığını, 5-6 ay keçdikdən sonra ona zəng vurduğunu, onu məhkəməyə verəcəyini bildirdiyini, bunun səbəbini soruşduqda isə ona “biz müqavilələri daimi müştərilərimizin adına işləyirik” bildirdiyini, götürmədiyi telefonun pulunu ödəməyə imkanının olmadığını, müqaviləyə imza atmadığını və müqavilədəki imza onun imzası olmadığını bildirərək iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasında xx.xx.2023-cü il tarixdə iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə izahatında və verilmiş suallara cavabında cavabdehin özünə telefon götürdüyünü, telefonun pulunu ödəniş cədvəlinə uyğun olaraq ödədiyini, sonra cavabdeh əmioğlusunu gətirərək ona telefon lazım olduğunu bildirdiyini, lakin həmin şəxsin iş yeri olmadığından müqaviləni Cavabdeh ilə bağladıqlarını, həmin şəxsin ilkin olaraq 600 manat ödədiyini, qalan məbləğin isə ödəniş cədvəlinə uyğun ödəyəcəyini, bir müddət keçdikdən sonra İlkinin dükana gələrək əmioğlusunun Türkiyəyə getdiyini, onu xeyli miqdarda borca saldığını bildirdiyini, İlkinin 80 manat gətirib borcunu ödədiyini, qalan borcu isə hər ay 50 manat ödəyəcəyini bildirdiyini, cavabdehin borcunu ödəməkdən imtina etdiyini bildirərək iddianın təmin olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Ona görə də məhkəmə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Yazılı sübutlar: İş materiallarında olan xx.xx.2022-ci il il tarixli 666 nömrəli mal satınalması müqaviləsindən görünür ki, “Samsung galaxy A72” markalı telefon Cavabdeh 1250 manata satılmış, Alıcı isə hər ay müqavilə üzrə ödənilməli olan məbləği qaytarmağı öz üzərinə götürmüşdür. İş materiallarında olan arayışdan görünür ki, Cavabdeh müqavilə üzrə 370 manat əsas borc, 37 manat dəbbə pulu olmaqla, cəmi 407 manat borcu vardır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Cavabdeh imza nümunələrinin təqdim olunması təklif olunmuşdur. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 121 nömrəli məktubundan görünür ki, cavabdehin eksperimental imza nümunələri ekspertizaya təqdim olunmadığından qərardad icra olunmadan geri qaytarılmışdır. Məhkəmənin əsaslandırması: Məhkəmə iş üzrə tərəflərin izahatını, işin hallarını və digər sübutları, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, cavabdehlə iddiaçı arasında kredit-satış müqaviləsi bağlanmış və cavabdeh müqavilədən əmələ gələn öhdəliyini icra etmədiyi üçün onun iddiaçıya 407 manat borcu yaranmışdır. İddiaçı borc tələbi ilə bağlı iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə (kredit-satış müqaviləsi, arayışı və.s) sübuta yetirmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh müqavilədəki imzanın onun imzası olmadığını bildirdiyindən məhkəməxətşünaslıq ekspertizası təyin edilmişdir. Cavabdehə imza nümunələrinin təqdim olunması təklif olunasa da, o imza nümunələrini ekspertizaya təqdim etmədiyindən ekspertizanın keçirilməsi mümkün olmamışdır. Ekspertizanın keçirilməsinin mümkünsüzlüyü cavabdehin hərəkətsizliyi (imza nümunələri təqdim etməməsi) ilə bağlı olduğundan məhkəmə MPM-in 97.5-ci maddəsinə əsasən bu qənaətə gəlir ki, müqavilə məhz cavabdehin özü tərəfindən imzalanmışdır. Tərəflər arasında bağlanan alqı-satqı müqaviləsinin 4-cü bəndinə əsasən alıcı firmaya xəbərdarlıq etmədən borcu gecikdirdiyi halda hər keçən gün üçün 10 (on) manat həcmində peniya hesablanır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. .MM-in 433.3-cü maddəsinə görə öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. Cavabdeh iddiaçıya müqavilə üzrə borcun ödənildiyini təsdiq edən sübutları (ödəniş qəbzlərini) məhkəməyə təqdim etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslıdır. Məhkəmə iddia tələbinin təmin olunması qənaətinə gəldiyindən, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 217.4-cü maddəsinə görə hakim öz qərarını yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Şərur rayonu Çərçiboğan kəndi yaşayış yeri üzrə qeydiyyatda olan Cavabdeh 370 manat əsas, 37 manat dəbbə pulu olmaqla, ümumilikdə 407 (dörd yüz yeddi) manat borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu alınaraq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev
Məhkəmə qərarları › İş №e-2(110)-483/2023
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-483/2023
10.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver