Məhkəmə qərarları › İş №e-2(110)-52/2024

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-52/2024

09.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-52/2024 09.01.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı ASC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 birgə qaydada İddiaçı ASC-nin xeyrinə 20292,94 manat əsas, 1763,92 faiz borc olmaqla, cəmi 22056,86 manat borc və ödənilmiş 157 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbinin əsası kimi İddiaçı ASC ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit sazişi müqaviləsinə əsasən, borcluya illik 23% dərəcəsi ilə 24 ay müddətinə 25000 manat məbləğində kredit verildiyini, həmin tarixli zaminlik müqaviləsi ilə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ona zamin olduğunu, bank üzərinə düşən öhdəliyi tam yerinə yetirsə də, cavabdehlərin müqavilə şərtlərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmədiyini bildirmişdir. İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi olaraq xəbərdar edilmiş, tərəflər məhkəmə iclasına gəlməmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh4 nümayəndə-vəkili Vəkil məhkəməyə ərizə göndərərək Bakı Apellyasiya Məhkəməsində iştirak edəcəyi üçün təyin olunmuş məhkəmə iclasında iştirak edə bilməyəcəyini, məhkəmə iclasının təxirə salınmasını xahiş etdiyini, lakin cavabdehlər heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, iddiaya yazılı münasibətlərini bildirməmişdirlər. Həmçinin Cavabdeh4 nümayəndə-vəkili Vəkil ərizələri əsasında 2 dəfə məhkəmə hazırlıq iclası, 2 dəfə məhkəmə baxışı iclası təxirə salınsa da o məhkəmə iclasında iştirak etməmiş, cavabdehin vəkili elektron kabinet vasitəsilə iş materiallarının elektron variantı ilə tanış olmaq və yazılı etirazını bildirmək imkanına malik olmasına baxmayaraq iddiaya yazılı etirazını bildirməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Ona görə də məhkəmə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 və onun nümayəndə-vəkili Vəkil iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Yazılı sübutlar İş materiallarında olan xx.xx.2022-ci il tarixli, MK/88168/86/1 saylı kredit sazişi müqaviləsindən görünür ki, Cavabdeh4 illik 23% dərəcəsi ilə 24 ay müddətinə 25000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, MK/88168/86/1 saylı kredit sazişi müqaviləsindən görünür ki, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 həmin kredit müqaviləsi üzrə zamin qismində çıxış etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli kassa məxaric orderindən və qəbzdən görünür ki, Cavabdeh4 ümumilikdə 24589 manat pul vəsaiti təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli pretenziya məktubundan görünür ki, cavabdehlərə müqavilənin birtərəfli qaydada ləğv olunması və həmin tarixə olan 20292,94 manat əsas borc, 1374,82 manat faiz borcu olmaqla ümumilikdə 21667,76 manat borcu ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh4 xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 20292,94 manat əsas, 1763,92 faiz borcu olmaqla, cəmi 22056,86 manat borcu vardır. Məhkəmənin əsaslandırması: Məhkəmə iş üzrə işin hallarını və digər sübutları, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı ASC ilə Cavabdeh4 ilə arasında kredit müqaviləsi, eyni zamanda Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ilə zaminlik müqaviləsi bağlanmışdır. Cavabdehlər müqavilə üzrə öhdəliyinin icrasını pozduqlarından bank tərəfindən pretenziya qaydasında onlara xx.xx.2023-cü il tarixdə xəbərdarlıq edilmiş, müqavilə birtərəfli qaydada ləğv edilmiş və müqavilə üzrə bütün borc məbləğinin və hesablanmış faizlərin ödənilməsi tələb edilmişdir. İddiaçı borc tələbi ilə bağlı iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə (müqavilə, maliyyə arayışı, məxaric orderi və.s) sübuta yetirmişdir. Cavabdehlər müqavilə üzrə öhdəliyin icrasına dair məhkəməyə hər hansı sübut təqdim etməmişlər. Buna görə də məhkəmə bu qənatə gəlmişdir ki, cavabdehlər müqavilə şərtlərini pozaraq üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) kredit münasibətlərinin yarandığı zaman qüvvədə olmuş 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası MM-nin 442-ci maddəsinə əsasən “Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür”. Həmin Məcəllənin 448-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəlikləri icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 433.3-cü maddəsinə görə öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. Cavabdehlər iddiaçıya müqavilə üzrə borcun ödənilməsi ilə bağlı sübutlarını məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.2-ci maddəsinnə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmçinin məhkəmə iş materiallarını araşdırarkən məlum olmuşdur ki, iddiaçı tərəf 28 avqust 2023-cü il tarixdə cavabdehə pretenziya məktubu göndərərkən birtərəfli qaydada kredit müqaviləsini ləğv etməklə və bütün borc məbləğini tələb etməklə faktiki olaraq müqavilədən imtina etməsinə baxmayaraq, 06 oktyabr 2023-cü il tarixdə iddia qaldıran zaman müqavilədən imtina etdiyi 28 avqust 2023-cü ildən sonrakı dövr üçün də müqavilə üzrə faizlər hesablamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli Qərarında göstərilmişdir ki, kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Odur ki, kredit müqaviləsi kimi icrası davamlı olan öhdəlik münasibətlərində müqavilədən imtina ləğvetmədə olduğu kimi, ancaq imtinadan sonrakı dövr üçün öhdəlikləri aradan qaldırır. Həmçinin həmin qərarda bildirmişdir ki, göstərilənlərə əsasən qeyd olunmalıdır ki, kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının tələbi qismən təmin edilməli, faizin məbləği kredit müqaviləsindən imtina olunduğu anadək mövcud olan həddə, yəni 1374,82 manat məbləğində hesablanaraq cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada 20292,94 manat əsas, 1374,82 manat faiz borc olmaqla, ümumulikdə 21667,76 manat borc alınaraq İddiaçı ASC-nin hesabına köçürülməli, iddia faiz borcuna aid digər hissədə rədd edilməlidir. Məhkəmə tərəfindən iddiaçının tələbinin qismən təmin olunması qənaətinə gəldiyindən Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş 157 manat dövlət rüsumunun iddianın təmin olunmasına mütənasib olaraq 154,23 manatı cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 217.4-cü maddəsinə görə hakim öz qərarını yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Şərur rayon Çəmənli kəndində yaşayış yeri üzrə qeydiyyatda olan Cavabdeh4, Beyləqan rayonu Birinci Şahsevən kəndində yaşayış yeri üzrə qeydiyyatda olan X1, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 9-cu Badamdar küçəsi 951 N-li Hərbi hissədə qeydiyyatda olan Cavabdeh2 və ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olan Cavabdeh3 müştərək qaydada 20292,94 manat əsas, 1374,82 manat faiz borc olmaqla, ümumilikdə 21667,76 (iyirmi bir min altı yüz altmış yeddi manat yetmiş altı qəpik) manat borc və iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 154,23 (bir yüz əlli dörd manat iyirmi üç qəpik) manat dövlət rüsumu alınaraq İddiaçı ASC-nin hesabına köçürülsün. İddia digər hissədə rədd edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar