Məhkəmə qərarları › İş №e-2(110)-538/2025

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-538/2025

30.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-538/2025 30.05.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi X2 iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki işə tərəflərin iştirakı olmadan məhkəmənin inzibati binasında baxaraq müəyyənetdi: İddiaçı “Meqa Sığorta“ Açıq Səhmdar Cəmiyyəti Şərur Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, Cavabdeh 1445 (bir min dörd yüz qırx beş) manat yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləğini, 34,85 manat (otuz dörd manat səksən beş qəpik) dövlət rüsumu, ümumilikdə 1479,85 manat (bir min yetmiş doqquz səksən beş) tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, “X8” markalı, ** CA *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2023-cü il tarixində PME********** saylı müqavilə ilə "xxxx" ASC-də avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmışdır. xx.xx.2023-cü il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi “X8” markalı, ** CA *** qeydiyyat nişanlı avtomobil Abşeron rayonu ərazisində hərəkət edən zaman yol nəqliyyat hadisəsi baş vermiş, nəticədə "xxxx" ASC-də avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanan “Toyota Corolla” markalı, ** CB *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Yuxarıda qeyd olunan hadisə ilə bağlı Abşeron DYP tərəfindən tərtib olunan qərara əsasən “X8” markalı, ** CA *** dövlət qeydiyyat nişanlı avtobumobilin sürücüsü Cavabdeh inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Cavabdeh yol-nəqliyyat hadisəsi zamanı avtomobili etibarnamə olmadan idarə etmişdir. Beləliklə, qeyd edilən yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkənə 1445 manat məbləğində maddi zərər dəymişdir. 29 iyun 2022-ci il tarixli Azərbaycan Respublikası Mərkəzi X6 tərəfindən “Yol-nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı sığortaçılar arasında qarşılıqlı ödəmələrin tənzimlənməsinə dair Qayda”nın təsdiq edilməsi barədə Qərar qəbul edilmişdir. Bu Qaydalara əsasən hesablaşma zərərçəkənin sığortaçısı ilə zərərvuranın sığortaçısının arasında həyata keçirilir. Bu hesablaşmaların həyata keçirilməsi məqsədilə İcbari Sığorta Bürosu tərəfindən hesablaşma bankında açılan və iştirakçılar tərəfindən vəsaitlərin ödənildiyi bank hesabı - xüsusi hesab mövcuddur. Beləliklə, "xxxx" ASC qeyd edilən yol nəqliyyatı hadisəsində zərərvuran tərəfin sığortaçısı olduğu üçün zərərçəkən tərəfin sığortaçısı olan "xxxx" ASC-nin hesabına 1445 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Yazılı sübutlar: İş materiallarında olan xx.xx.2023-cü il tarixində PME********** nömrəli icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, sığortaçı "xxxx" ASC ilə sığortalı X3 arasında bağlanmış icbari sığorta müqaviləsinə əsasən “X8” markalı, 68 CA 41 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 5000 (beş min) manat məbləğində sığortalanmış, 250 manat məbləğində sığorta haqqı ödənilmişdir. İş materiallarında olan Abşeron DYP tərəfindən tərtib olunan xx.xx.2023-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1 və 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta əməlini törətməsi və onun barəsində 40 (bir yüz) manat məbləğində cərimə tətbiq edilib. İş materiallarında olan xx.xx.2023-cü il tarixli yekun aktdan görünür ki, “Toyota Corolla” markalı, ** CB *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin ümumi məbləği 1445 manatdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli kredit köçürməsindən görünür ki, "xxxx" ASC tərəfindən X1 hesabına "xxxx"ASC vasitəsilə 1445 manat məbləğində sığorta ödənişi köçürülmüşdür. İş materiallarında olan ödəniş aktından görünür ki, X1 idarə etdiyi “Toyota Corolla” markalı, ** CB *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyana görə "xxxx" ASC tərəfindən 1445 manat sığorta ödənişi edilmişdir. İddia ərizəsinə əlavə olunmuş xx.xx.2024-cü il tarixli, 938-07/24H nömrəli sonuncu pretenziya məktubundan görünür ki, sığorta ödənişinin geri qaytarılması üçün “Meqa Sığorta“ Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehə xəbərdarlıq göndərilmişdir. Məhkəmə ilk olaraq iş üzrə tərəflərin nəzərinə çatdırır ki, iddianın qiymətinin beş min manatdan aşağı olması və iddiaya sadələşdirilmiş icraat qaydasında baxılması ilə bağlı iddiaçının xahişi nəzərə alınmaqla mülki işə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin XXİİİ-İ fəslində nəzərdə tutulmuş sadələşdirilmiş icraat qaydasında ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Cavabdeh hazırki mülki iş üzrə məhkəmə sənədləri məhkəməyə məlum olancavabdehin rəsmi qeydiyyatda olduğu ünvan üzrə göndərilmişdir. Rəsmi qaydada təqdim olunmuş məhkəmə bildirişlərində iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazı olduğu halda 10 (iş) günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olması izah olunsa da, cavabdeh tərəfindən iddiaya qarşı etiraz, etirazının dəlilləri və onları təsdiq edən sənədlər məhkəməyə təqdim olunmamışdır. Məhkəmə tərəfindən işə sübutetmə yükünün bölüşdürülməsi ilə bağlı mülki prosessual qanunvericiliyin tələbləri və sadələşdirilmiş icraat qaydaları nəzərə alınmaqla yalnız iddiaçının təqdim etdiyi sübutlar əsasında baxılmışdır. Məhkəmənin əsaslandırması Məhkəmə hesab edir ki, iddianın əsaslı olub-olmamasının müəyyən edilməsi üçün ilk növbədə tərəflər arasında öhdəlik münasibətlərinin yaranıb-yaranmaması, o cümlədən tərəflər arasında öhdəlik münasibətləri mövcud olduğu təqdirdə bu öhdəliklərin pozulubpozulmamasına qiymət verilməlidir. Məhkəmə ərizə və ona əlavə edilmiş sənədləri, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddiaçının tələbi əsaslıdır. Çünki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.2-ci maddəsinə əsasən iddiaçının cavabdehə qarşı dəymiş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələb hüququ vardır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, "xxxx" ASC tərəfindən sığortalanan cavabdehin idarə etdiyi “X8” markalı, ** CA *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-də avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanan “Toyota Corolla” markalı, ** CB *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, sonuncuya 1445 manat maddi ziyan dəymişdir. İddiaçı tərəfindən zərərçəkənə 1445 manat sığorta ödənişi edilmişdir. Cavabdeh yol-nəqliyyat hadisəsi zamanı icbari sığorta şəhadətnaməsində göstərilən əmlakı, yəni “X8” markalı, ** CA *** dövlət qeydiyyat nişanlı avtomobili istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmadan (etibarnamə olmadan) idarə etmiş, sığorta hadisəsi hesab edilən yol nəqliyyat hadisəsi cavabdehin təqsiri üzündən baş vermiş, beləliklə də, iddiaçının ona qarşı zərərçəkənə ödənilmiş pul ilə bağlı subraqasiya qaydasında tələb hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Həmin Məcəllənin 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 13.4-cü maddəsinə əsasən, sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, fərdi qəza və ya mülki məsuliyyət üzrə sığorta təminatı, müvafiq icbari sığorta şəhadətnaməsində göstərilmiş əmlakı qanuni əsaslarla təyinatına uyğun istismar edən istənilən şəxsin hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş vermiş müvafiq hadisələrə və hallara şamil olunur. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Həmin Qanunun 25.2-ci maddəsinə əsasən Bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. Qeyd edilən maddənin tələbindən də göründüyü kimi subroqasiya hüququ şəxsə qarşı o halda yaranır ki, icbari sığorta şəhadətnaməsində göstərilən əmlak onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilmiş olsun. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh İXM-nin 332.1 və 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 40 (qırx) manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə qırx manat məbləğində cərimə edilir. Beləliklə də, məhəkəmə iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək yekunda aşağıdakı nəticəyə gəlir: -iddia təmin olunmalı; - 1445 manat məbləğində pul Şərur rayonunun Danyeri kəndində yaşayış yeri üzrə qeydiyyatda olan Cavabdeh tutularaq "xxxx" ASC-yə ödənilməli; -tələb əsaslı sayıldığından Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə uyğun olaraq (məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir) iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 34,85 (otuz dörd manat, səksən beş) manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 284-6.1, 284-6.2, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia təmin edilsin. 1445 (bir min dörd yüz qırx beş) manat məbləğində pul Şərur rayonunun Danyeri kəndində yaşayış yeri üzrə qeydiyyatda olan Cavabdeh tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə verilsin. İddia təmin edilməli olduğundan iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 34,85 manat (otuz dörd manat səksən beş qəpik) dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" ASC-yə ödənilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Abil Orucəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar