Məhkəmə qərarları › İş №e-2(110)-542/2024

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-542/2024

06.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-542/2024 06.06.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakim Qarayev Seymur Əlfəddin oğlu İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borc tələbinə dair” mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı ASC-nin nümayəndəsi iddia ərizəsi ilə məhkəməyə ilə müraciət edərək, cəmi 4143.79 (dörd min bir yüz qırx üç manat yetmiş doqquz qəpik) manat təşkil etdiyini, bundan 4124.88 (dörd min bir yüz iyirmi dörd manat səksən səkkiz qəpik) manat əsas, 18.91 (on səkkiz manat doxsan bir qəpik) manat faiz borcunun və iş üzrə ödənilmiş 61.83 (altmış bir manat səksən üç qəpik) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə iddia ərizəsində İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 100.LN.1676.250619.00001 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 60 (altmış) ay müddətinə illik 1 (bir) faiz dərəcəsi ilə 4575.07 (dörd min beş yüz yetmiş beş manat yeddi qəpik) manat məbləğində kredit verildiyini, Cavabdeh2 kredit verilərkən Cavabdeh1 ilə Bank arasında xx.xx.2019-cu il tarixli, 100.CL.250619.00001/a nömrəli Zaminlik müqaviləsi bağlandığını, bu müqavilələrə əsasən zamin durmuş şəxslər kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıdıqlarını, kredit müqaviləsinin 4.2-ci bəndinə əsasən Cavabdeh2 müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, onun, bu öhdəliyi yerinə yetirmədiyini, xx.xx.2023-cü il tarixinə Cavabdeh2 kredit üzrə cəmi borcu 4143,79 (dörd min bir yüz qırx üç manat yetmiş doqquz qəpik) manat təşkil etdiyini, bundan 4124.88 (dörd min bir yüz iyirmi dörd manat səksən səkkiz qəpik) manat əsas, 18,91 (on səkkiz manat doxsan bir qəpik) manat faiz borcu təşkil etdiyini, Kredit müqaviləsinin 8.1.5-ci bəndinə əsasən borcalanın bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə, kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ olduğunu, Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar Bank tərəfindən cavabdehlərə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və **********822 saylı, xx.xx.2021-ci il tarixli xəbərdarlıq məktubu və **********686 saylı, xx.xx.2023-cü il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdehlərin Banka heç bir cavab vermədiyini və kredit borcunun Banka qaytarılmasını təmin etmədiyini, Bankın tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də cavabdehlər Cavabdeh2 və Cavabdeh1 həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyini, borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi Cavabdeh2 tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf etdiyini, halbuki, cavabdehin ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bankın öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə biləcəyini bildirmişdir. Məhkəmə iddia ərizəsinə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərə biləcəyinin izah edilməsinə dair bildiriş onun yaşadığı ünvana göndərilsədə, cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazlarını məhkəməyə göndərməmişdir. Belə ki, iş materiallarına iddiaçı tərəfindən əlavə olunmuş Kredit Müqaviləsindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında elektron qaydada xx.xx.2019-cu il tarixli, 100.LN.1676.250619.00001 saylı Kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin 1.1-ci və 1.2 bəndinə əsasən, “Kreditor” “Borcalan”a illik 4575.07 (dörd min beş yüz yetmiş beş manat yeddi qəpik) manat kredit ayırır. Borcalan kreditdən yalnız Kredit və k/x ödənilməsi məqsədləri üçün istifadə edəcəkdir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən Borcalan istifadə etdiyi kreditə görə Kreditora illik 1 (bir) faiz ödəyir. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən 60 ay müddətinə verilir. İş materiallarına əlavə olunmuş və tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 100.LN.1676.250619.00001 saylı kredit müqaviləsinə əlavədən görünür ki, “Kreditor” tərəfindən “Borcalan”a 60 ay müddətinə illik 1 faiz dərəcəsi ilə 4575.07 (dörd min beş yüz yetmiş beş manat yeddi qəpik) manat məbləğində kredit verilmiş, “Borcalan” isə həmin məbləği müxtəlif aylarda müxtəlif məbləğlərdə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli 100.CL.250619.00001/a saylı Zaminlik müqaviləsindən məlum olur ki, həqiqətən qeyd olunan tarixdə Cavabdeh1 ilə İddiaçı ASC arasında qeyd olunan Zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə, əsasən, Zamin bu müqaviləyə əsasən Bank qarşısında 25 iyun 2019-cu il tarixli 100.LN.1676.250619.00001 saylı Kredit Müqaviləsi və ona ediləcək bütün əlavələrdən irəli gələn öhdəliklərin, o cümlədən, Borcalanın 4575.07 (dörd min beş yüz yetmiş beş manat yeddi qəpik) manat məbləğində alınmış kreditin və ona hesablanmış faizlərin ödənilməsi öhdəliyinin tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. İş materiallarına Bank tərəfindən əlavə olunmuş xx.xx.2023-cü il tarixli Maliyyə arayışından görünür ki, Cavabdeh2 xx.xx.2019-cu il tarixli, 100.LN.1676.250619.00001 saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə Banka 4124.88 (dörd min yüz iyirmi dörd manat səksən səkkiz qəpik) manat əsas borc, 18.91 (on səkkiz manat doxsan bir qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 4143.79 (dörd min yüz qırx üç manat yetmiş doqquz qəpik) manat məbləğində kredit borcu mövcuddur. İş materiallarında olan 58433903 nömrəli, xx.xx.2024-cü il tarixli Mədaxil Qəbzindən görünür ki, “AGBank“ASC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar PAYSİS MMC elektron ödəmə sistemi vasitəsilə dövlət büdcəsinin xəzinə hesabına 61.43 (altmış bir manat qırx üç qəpik) manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 100.LN.1676.250619.00001 saylı Kredit Müqaviləsi əsasında öhdəlik münasibətləri yaranmışdır. Müqaviləyə müvafiq olaraq Cavabdeh2 "AG Bank” ASC-dən 60 (altmış) ay müddətinə illik 1 (bir) faiz dərəcəsi ilə 4575.07 (dörd min beş yüz yetmiş beş manat yeddi qəpik) manat məbləğində kredit almış, aldığı krediti faizləri ilə birlikdə "AG Bank” ASC-yə ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin Cavabdeh1 da "AG Bank” ASC ilə “Zaminlik“ müqaviləsi bağlayaraq “Borcalan”ın kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün “Borcalan” ilə birlikdə “Kreditor” qarşısında birgə məsuliyyət daşıyacağı barədə öhdəlik götürmüşdür. Lakin “Borcalan” kreditin və ona hesablanmış faizlərin ödənilməsi üzrə üzərinə düşən öhdəliklərə əməl etməmiş və “Kreditor” qarşısında məsuliyyət daşıyaraq nəticədə borcu yaranmışdır. İş üzrə tərəflər arasında bağlanmış Müqavilənin şərtlərinə müvafiq olaraq da, “Kreditor” “Borcalan”dan və “Zamin”dən ümumilikdə borcun ödənilməsini tələb etmək hüququ yaranmışdır Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - əvvəlki redaksiyada olan 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; - əvvəlki redaksiyada olan 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır; - 385.1-ci maddəsində deyilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; - 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; -448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmçinin verilmiş kreditin təminatı kimi zamin Cavabdeh1 “Borcalan”nın götürdüyü krediti tamamilə və vaxtında icra etməsi üçün məsuliyyəti üzərinə götürmüş və onunla birgə məsuliyyət daşımasını yazılı şəkildə tərtib edilmiş Zaminlik müqaviləsini imzalamaqla təsdiq etmişdir. Lakin Cavabdeh2 müqavilədən irəli gələn öhdəlikləri vaxtında və lazımi qaydada icra etmədiyinə görə, “Zamin” Cavabdeh1 da onunla birlikdə “Kreditor” qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür; - 470.2-ci maddəsinə əsasən zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər; - 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; - 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmçinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qüyd edir ki, iş materialında olan Mədaxil Qəbzindən görünür AG Bank” ASC – tərəfindən məhkəməyə 61.43 (altmış bir manat qırx üç qəpik) manat dövlət rüsumu ödəsədə, iddia tələbində 61.83 manat dövlət rüsumunun cavaddehlərdən tutulmasını xahiş etmişdir. Məhkəm iddiaçının bu tələbini texniki səhvlik kimi qiymətləndirir. İddia tələbi üzrə iddiaçı tərəfindən ödənilmiş 61.43 (altmış bir manat qırx üç qəpik) manat dövlət rüsumunun əvəzidə cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməlidir Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, xx.xx.2019-cu il tarixli, 100.LN.1676.250619.00001 saylı Kredit Müqaviləsi üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 4124.88 (dörd min bir yüz iyirmi dörd manat səksən səkkiz qəpik) manat əsas, 18.91 (on səkkiz manat doxsan bir qəpik) manat faiz borcu, cəmi 4143.79 (dörd min bir yüz qırx üç manat yetmiş doqquz qəpik) manat borc və 61.43 (altmış bir manat qırx üç qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 4205.22 (dörd min iki yüz beş manat iyirmi iki qəpik) manat məbləğində pul alınaraq iddiaçı "AG Bank” ASC -yə ödənilməlidir. Yuxarıda qeyd edilənləri və Azerbaijan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada xx.xx.2019-cu il tarixli, 100.LN.1676.250619.00001 saylı kredit müqaviləsi üzrə 4124.88 (dörd min bir yüz iyirmi dörd manat səksən səkkiz qəpik) manat əsas, 18.91 (on səkkiz manat doxsan bir qəpik) manat faiz borcu, cəmi 4143.79 (dörd min bir yüz qırx üç manat yetmiş doqquz qəpik) manat borc və 61.43 (altmış bir manat qırx üç qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 4205.22 (dörd min iki yüz beş manat iyirmi iki qəpik) manat məbləğində pul alınaraq İddiaçı ASCyə ödənilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar